Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-173/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir uşağı olan, məhkumluğu olmayan, fərdi qaydada işləyən, Gəncə şəhəri Z.Məmmədov küçəsi, 2-dölmə, ev 18-də qeydiyyatda olan, Gəncə şəhəri Sevinc qəsəbəsi, 30-cu küçədə nömrəsiz fərdi evdə yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 19 dekabr 2024-cü il tarixdə saat 07 radələrində ictimai yer olan Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 55 ünvanının qarşısında idarə etdiyi “VAZ 2107” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs tərəfindən yolun kənarında saxlanılmış “Kia Soul” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi avtomobil ilə vurduqdan sonra sonuncunun ona haqiı iradını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fovqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarsı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla, zor tətbiq edərək bir dəfə yumruqla sonuncunun üz nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağ alın-təpə nahiyyəsinin hemotoması və sağ gözaltı nahiyyəsinin, qismən sağ almacıq nahiyyəsini əhatə edən və sıyrıqla müşayiət olunan xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokolda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 221.1-ci maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. O, 19 dekabr 2024-cü il tarixdə saat 07 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu “Vaz 2107” markalı avtomobillə Nizami rayonu Babək prospekti ilə üzü “maşın bazarı” istiqamətində hərəkət edərkən “Kia” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısına çıxmış, arxadan həmin avtomobilə dəymişdir. Öz avtomobilindən aşağıya düşəndə “Kia” markalı avtomobilin sürücüsü, sonradan adını bildiyi Paşa da aşağıya düşmüş və yüksək səslə “nə edirsən” deyərək ünvanına nalayiq ifadələr işlətmiş, “var-yox” söyüşü söymüşdür. Buna görə əsəbləşib Paşanın üz nahiyyəsindən yumruqla vurmuşdur. Lakin hesab edir ki, o, ictimai qaydanı pozmamış, xuliqanlıq etməmişdir. Zərərçəkmiş şəxslə də barışmışdır. Zərərçəkmiş şəxsə yüngül xəsarət yetirdiyini, qardaşının Vətən müharibəsində şəhid olmasını, ata-anasının 1ci dərəcəli əlil olmalarını, boşansa da himayəsində azyaşlı uşağı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 19 dekabr 2024-cü il tarixdə saat 07 radələrində özünə məxsus “Kia Soul” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayonu Babək prospektində üzü “maşın bazarı” istiqamətində yolun sağ tərəfində saxlayaq mobil telefonla danışdığı zaman həmin yerdə, “Cəliloğlu” ehtiyyat hissələrinin satışı mağazası ilə üzbəüz yerdə arxa tərəfdən bir avtomobil onun avtomobilinə dəyərək toqquşmuş və dayanmışdır. Zərbə zamanı baş nahiyyəsi avtomobilinin sol dirək hissəsinə dəymiş və başından xəsarət almışdır. Yerə düşdükdə onun avtomobilini arxadan “VAZ 2107” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğunu görmüşdür. Həmin avtomobilin içkili vəziyyətdə olan sürücüsü, sonradan tanıdığı Təqsirləndirilən şəxs “nə edirsən” ifadəsini işlədəndə, həmin şəxs anidən yumruqla onun üz nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra ətrafda olan tanımadığı şəxslər onları aralaşdırıb həmin şəxsi kənara çəkmişlər. O, baş verən hadisə ilə bağlı şikayət etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı avtobus dayanmış və sərnişinlər düşmüşlər. Hadisə zamanı o, söyüş söyməmişdir, o tərbiyədə deyil ki, söyüş söysün. Təqsirləndirilən şəxs şəhid ailəsi olduğunu bilməmişdir. Ona dəymiş maddi ziyanı sığorta şirkəti ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması barədə ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır. (i.v. 4) - 19 dekabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 23-cü polis bölməsinin təhqiqatçısı tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, xuliqanlıq hadisəsinin Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 55 ünvanının qarşısında baş verməsi müəyyən edilmişdir. (i.v. 10-15) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 22 dekabr 2024-cü il tarixli 1158 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ alın-təpə nahiyyəsinin hemotoması və sağ gözaltı nahiyyəsində, qismən sağ almacıq nahiyyəsini əhatə edən və sıyrıqla müşayiət olunan hemotoması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə, yəni sağ alın-təpə nahiyyəsində olan xəsarətin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması, sağ gözaltı nahiyyəsindəki xəsarət isə kənar şəxs tərəfindən yetirilməsinin mümkünlüyü inkar olunmur. Lakin, bu xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və ya öz boyun hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. (i.v. 47-49) - 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən məhkəməyədək sadələşdirilmiş icraat materialının Nizami rayon prokurorluğu vasitəsilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (i.v. 82-86) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona qarşı irəli sürülmüş yekun protokolda özünü təqsirli bilməsə də, işə baxıldığı müddətdə Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və son sözlə çıxışında zərərçəkmiş şəxslə bu barışığı və ailə vəziyyəti ilə bağlı müvafiq halları nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin və müdafiəçisinin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi üçün müvafiq əlamətlər mövcuddur, yəni onun hərəkətləri ilə ictimai qayda kobud surətdə pozulmuş, belə pozuntu cəmiyyətə qarşı açıqcasına hörmətsizlik ifadə etmiş, həmçinin zərərçəkmiş şəxs üzərində zor tətbiq olunmuşdur. Hadisənin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma kimi qəbul edilməsi üçün qanuni əsaslar da müəyyən edilməmişdir, hadisə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun ünvanına nalayiq ifadələr işlədərək fiziki zor tətbiq edib əvvəlcə qəsdən zərərçəkmiş şəxsi vurması ilə başlanmış və ittihamda qeyd olunan ardıcıllıqla davam edərək başa çatmışdır. Eyni zamanda cinayət qanunvericiliyinin mənasına görə, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan əməldir. Deməli, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qaydadır. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulduğu kimi, xuliqanlıq vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunur. Ona görə də, xuliqanlığın əlavə obyektini insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xuliqanlıqla müşayiət olunan hazırkı cinayət əməli ictimai yer sayılan Bakı şəhəri Nizami rayonu Babək prospektində, insanların, ictimai və şəxsi nəqliyyat vasitələrinin müntəzəm hərəkətdə olduğu yolda, sərnişinlərin olduğu avtobus dayanacağının yaxınlığında baş vermişdir, Təqsirləndirilən şəxs xuliqanlıq cinayətinin bilavasitə obyekti olan ictimai qaydanı kobud surətdə pozan əmələ yol verdikdən sonra Zərərçəkmiş şəxs zor tətbiq etməklə xuliqanlığın əlavə obyekti olan hərəkətə yol vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, xuliqanlıq cinayətinin bilavasitə obyekti ictimai qayda, ictimai münasibətlər olduğundan və cinayət əməli nəticəsində ictimai qayda kobud surətdə pozulduğundan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışması əsası ilə cinayət işi üzrə icraata xitam verilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 15 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62ci maddəsinə əsasən 160 saat ictimai işlər cəzasına məhkum edilmiş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair işin icraatına xitam verilmiş; Gəncə Hərbi Məhkəməsinin 22 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinib, 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 17 mart 2016cı il tarixli qərarı ilə cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilərək azad olunmuş; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 26 iyul 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 36-43) -Elektron sistemdən çıxarışdan görünür ki, X3 15 aprel 2017-ci il tarixdə doğulmuşdur. -Vəsiqələrin, ölüm haqqında şəhadətnamənin və digər sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X1 müharibəsi zamanı, 27 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur, valideynləri birinci dərəcəli əlildirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.13–346.1.22-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müvafiq məsələlər müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Məhkəmə həmin məsələləri müzakirə edərək, qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olmadığından cəzaçəkmə müəssisəsinin növü müəyyən edilmir; onun təqsirləndirildiyi maddədə əlavə cəza nəzərdə tutulmamışdır; barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsaslar yoxdur; zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; iş üzrə maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir; təhqiqat orqanı tərəfindən məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə qətimkan tədbiri seçilməmişdir, hazırda da buna əsaslar və zərurət yoxdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-173/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-173/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver