Məhkəmə qərarları › İş №1(007)-174/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-174/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-174/2021 14.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, K.Əfkari küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşamış, 17 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2020-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan gizləndiyindən barəsində elan edilmiş axtarış və tutma qərarına əsasən 17 fevral 2021-ci il tarixdə tutulmuş, 18 fevral 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən və olduğu yer məlum olmadığından haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, 04 iyun 2021-ci il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 16 noyabr 2020-ci il tarixdə saat 12 radələriadə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanda yerləşən evin qapısını itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan 660 manat nağd pulu, 1 ədəd 200 manat dəyərində “Stels” markalı velosipedi, üzərində nömrə olmayan 1 ədəd 200 manat dəyərində “iPhone” markalı mobil telefonu, 1 ədəd 400 manat dəyərində 8 qram çəkidə kişi üçün qızıl nazik burma formalı boyunbağı və 1 ədəd 10 manat dəyərində “Calvin Klein” markalı kişi qol saatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs 1470 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaxınlığında yaşayan Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Lakin sonuncudan 60 manat borc alıb qaytara bilmədiyi üçün münasibətləri pozulmuşdur. 16 noyabr 2020-ci il tarixdə saat təxminən 12 radələrində küçədə rastlaşdıqda Elburus onunla mübahisə etmiş və ona olan borcunu vermədiyi üçün üzərində nömrə olmayan 20 manat dəyərində qırmızı rəngli “Katel” markalı mobil telefonunu əlindən almış və çıxıb getmişdir. O, Elburusun hərəkətlərindən əsəbləşmiş və söz vermişdir ki, Elburusdan qisas alacaqdır. Elburusun evə yox, başqa yerə getməsini görüb evlərinin qarşısına getmiş, qapılarını itələyib həyətlərinə girmişdir. Evdən bir ədəd kişi qol saatı, bir ədəd “iPhone” markalı mobil telefon, bir ədəd velosiped, 660 manat pul və bir ədəd qızıl boyunbağı götürüb getmişdir. Həmin gün evdə olan zaman polislər gəlib onu 23-cü polis bölməsinə aparmışlar. Orada telefonu və saatı polislərə təqdim etmişdir. Sonradan zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın qalan hissəsini də ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 2 ünvandan çıxmış, həmin gün saat 14 radələrində evə gələn zaman qapının açıq olduğunu görmüşdür. Evi yoxladıqda görmüşdür ki, 660 manat nağd pulu, bir ədəd 200 manat dəyərində “Stels” markalı velosipedi, üzərində nömrə olmayan bir ədəd 200 manat dəyərində “iPhone 6” markalı mobil telefonu, bir ədəd 400 manat dəyərində kişi üçün 8 qram çəkidə qızıl nazik burma formalı boyunbağı və bir ədəd 10 manat dəyərində “Calvin Klein” markalı kişi qol saatı yerində yoxdur, oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1470 manat məbləğində ziyan dəymişdir. O, dərhal DİN-nin “102” xidmət mərkəzinə zəng vurmuş, polislər gəlib hadisə yerinə baxış keçirmişlər və sonradan araşdırma zamanı məlum olmuşur ki, həmin cinayəti qonşu küçədə yaşayan Təqsirləndirilən şəxs törətmişdir. O, Təqsirləndirilən şəxs borca pul verməmiş və bunun müqabilində ondan mobil telefon almamışdır. İstintaq zamanı mobil telefonu və qol saatı Təqsirləndirilən şəxs götürülərək ona təqdim edilmişdir, sonradan isə qalan maddi ziyanın əvəzi də ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 16 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs, ekspert-kriminalistin və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 3-10) - 17 noyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib, oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 14-18) - 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim edilmiş bir ədəd boz rəngli “iPhone 6” markalı mobil telefon aparatı və bir ədəd üzərində “Calvin Klein” yazısı olan qara rəngli kəmərli qol saatı götürülmüşdür.(i.v. 26) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 yanvar 2021-ci il tarixli 9/5717 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş “İpone” markalı, “A1586” (6) model mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla olan orta bazar qiyməti təxminən 150,00 manat, 1 ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli, süni dəri kəmərli qol saatının orta bazar qiyməti təxminən 3,00 manat müəyyən edilir. (i.v. 86-89) - 18 fevral 2021-ci il tarixli protokollardan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş telefonlar və qol saatları arasından bir ədəd “iPhone 6” markalı mobil telefon aparatını və bir ədəd “Calvin Klein” markalı kişi qol saatını tanıyaraq həmin telefon aparatının və saatın ona məxsus olduğunu, 16 noyabr 2020-ci il tarixdə evindən oğurlandığını bildirmişdir. (i.v. 110-111) - 01 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, bir ədəd “iPhone” markalı “A1586” (A) modelli mobil telefon aparatı və bir ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli, süni dəri kəmərli qol saatı maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs guya Zərərçəkmiş şəxs olan borcuna görə sonuncunun onun əlindən mobil telefon aparatını əlindən alması səbəbindən sonuncudan qisas almaq məqsədilə Zərərçəkmiş şəxs yaşadığı mənzilə girərək əmlakını ələ keçirməsi kimi göstərmiş olduğu xüsusat üzrə Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 131-133) -Zərərçəkmiş şəxs qəbzindən görünür ki, bir ədəd “iPhone 6” markalı mobil telefon aparatını və bir ədəd “Calvin Klein” markalı kişi qol saatını təhvil almışdır. (i.v. 138) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 37) - 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmişdir. (i.v. 72-73) - 19 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 74) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 yanvar 2021-ci il və 23 aprel 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 13 mart 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.3cü maddəsi ilə təqslirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67-ci maddəsinə əsasən 05 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 dekabr 2013-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qərarına əsasən 01 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (i.v. 82-84, 165) - 12 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə müstəntiq tərəfindən onun barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. (i.v 96) - 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. (i.v. 102) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 125-126) - 21 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzürlü səbəblər olmadan məhkəmə hazırlıq iclaslarına gəlməyərək gizləndiyindən, olduğu yer məlum olmadığından və məcburi gətirilməsi barədə qərarın icrası mümkün olmadığından Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. - 3 saylı istintaq təcridxanasının 07 iyun 2021-ci il tarixli 17/40-2217 nömrəli və Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin 08 iyun 2021-ci il tarixli 088-7813-1221 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə 23-cü PB-nin əməkdaşları tərəfindən tutularaq 07 iyun 2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.4 və 83.6-cı maddələrinin tələblərinə uyğun olaraq hesab edir ki, 16 noyabr 2020-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törədərkən istinad edilən hökmə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olmuşdur, ona görə cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət nəticəsində dəymiş maddi ziyanın ödənilərək zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 17 noyabr 2020-ci il tarixdən 19 noyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 17 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 01 gün, cəmi 03 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu 04 iyun 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənildiyindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd “iPhone” markalı “A1586” (A) modelli mobil telefon aparatının və bir ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli, süni dəri kəmərli qol saatının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 100 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 17 noyabr 2020-ci il tarixdən 19 noyabr 2020ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 17 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 01 gün, cəmi 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd “iPhone” markalı “A1586” (A) modelli mobil telefon aparatının və bir ədəd üzərində “Calvin Klein” yazıları olan qara rəngli, süni dəri kəmərli qol saatının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 100 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 600 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar