Məhkəmə qərarları › İş №1(007)-175/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-175/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-175/2021 04.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Çovdar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Çaxır Zavod” adlanan ərazidə ünvansız evdə kirayədə yaşayan, 15 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 28 dekabr 2020-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsi pozitiv olmaqla, “Covid-19” virus inleksiyasına yoluxub hava-damcı yolu ilə keçən həmin infeksiyanın daşıyıcısı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubikasinın ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin tələblərinə əsasən digər şəxsləri xəstəliyə yoluxdura biləcəyinə görə 14 gün müddətinə karantin qaydalarına uyğun müşahidəyə götürülərək hüquq və vəzifələri, göstəriləcək xidmətlərin dairəsi və təcridolunma müddəti barədə ona məlumat verilməklə yaşadığı mənzili (evi) tərk etməməsi və bu tələblərin pozulmasına görə qanunda nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar olmasına baxmayaraq, 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvanı tərk edərək xüsusi karantin rejimini pozmaqla yeni növ koronavirus (Covid-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 17 radələrində ünvan 2 ünvanda yerləşən BNA-nın dayanacağında qurulmuş postda Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı mənzilə qaytarılmışdır. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 dekabr 2020-ci il tarixdə özünü pis hiss etdiyi üçün səhəri gün, yəni 28 dekabr 2020-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Poliklinikada burnundan analiz vermiş və Covid xəstəsi olması müəyyən edilmişdir. Belə ki, analizinin cavabı pozitiv çıxmışdır. Həmin gündən başlayaraq yaşadığı ünvanda tanış həkim tərəfindən müalicə olunmağa başlamış və iki gün ərzində özünü yaxşı hiss etdiyindən fikirləşmişdir ki, bəlkə analizinin cavabı səhv olub, yenidən analiz versin. Bu məqsədlə 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Atletlər” kəndinə gedən zaman, oraya yaxın quraşdırılmış stasionar postda saxlamışlar. O, həmin yerə taksi avtomobili ilə getmiş, taksi avtomobilinin arxa oturacağında əyləşmişdir, avtomobildə hər ikisi maska taxmışlar. Həmçinin arxa oturacaqla arada sellofandan arakəsmə olmuşdur. Onlar kompyuter vasitəsilə yoxladıqda sürücüyə heç bir söz deməsələr də, müəyyən etmişlər ki, o, Covid xəstəsidir. Müayinə olunmağa getmək istədiyini desə də, oraya polis çağırmışlar və kamera qarşısında sorğusual etdikdən sonra onu Nizami RPİ-nin 23-cü PB-nə aparmışlar. Orada sənədləşmə işləri apardıqdan sonra izahatını almışlar və bildirmişlər ki, evinə gedib sağalanadək müalicəsini davam etdirsin. 13 yanvar 2021-ci il tarixdə yenidən Xırdalan şəhərindəki Poliklinikaya gedib analiz vermiş, müayinənin nəticəsi neqativ çıxmışdır. Bundan sonra öz işləri ilə məşğul olmağa davam etmişdir. Covid xəstəliyinin yoluxucu olmasını, xəstə ola-ola evdən çıxmağın təhlükəli olduğunu, yəni başqa şəxslərə də xəstəliyini keçirə biləcəyini, bunun cinayət olduğunu bilmişdir. O, səhv edərək təkrar müayinə üçün evdən çıxmışdır. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, əməlindən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı vardır, aildə ondan başqa işləyən yoxdur. Barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Atletlər” kəndinin yaxınlığında yerləşən “Alov” parkının qarşısında olan postda xidmətdə olmuşdur. 30 dekabr 2020-ci il tarixdə saat 17 radələrində həmin postda xidmətdə olarkən əlindəki portalla avtomobilləri saxlayıb sürücü və sərnişinləri yoxlamışdır ki, xəstə kimi qeydiyyatda olan şəxs müəyyən edilsə, müvafiq tədbirlər görülsün. Bu vaxt taksi avtomobilini saxlamış, sürücü sağlam çıxsa da, avtomobildə tək olan bir sərnişin, sonradan şəxsiyyəti müəyyən olunan Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci ilə olan məlumata əsasən bazada “Covid” xəstəsi olması müəyyən olunmuşdur. Bölmənin əməliyyat qrupu çağırılmış və Təqsirləndirilən şəxs fotoşəkili də çəkilərək barəsində tədbir görülməsi üçün bölməyə aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri Şahid2 və X3, Şahid1lə oxşar məzmunda ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 31 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 30 dekabr 2020-ci il tarixli raportdan görünür ki, 30 dekabr 2020-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, “Alov” parkının yaxınlığında qurulmuş stasionar postda planşet vasitəsilə yoxlanılan vətəndaşların arasında bir nəfər şəxsin koronavirus xəstəsi olduğu müəyyən edilmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsi saxlanılaraq əraziyə 23-cü PB-nin əməliyyat qrupu dəvət edilmiş, müəyyən edilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxsdur. (i.v. 5) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” Publik hüquqi şəxsin 04 mart 2021-ci il tarixli 04-17/756-2021 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Çaxır zavodu ərazisində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin COVİD-19 məlumat bazasına əsasən 28 dekabr 2020-ci il tarixdə koronavirus infesiyasına laborator müayinə nəticəsi pozitiv olmuşdur. Təqsirləndirilən şəxs asimptomatik COVİD-19 xəstəsi kimi Abşeron MRX tərəfindən evdə nəzarətə götürülmüşdür. 13 yanvar 2021-ci il tarixində təkrar müayinə nəticəsi neqativ olduğundan təcrid olunma müddəti bilmişdir. (i.v. 22) -Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi, mobil telefonuna “İTS.GOV.AZ” saytından daxil olmuş mesajların mətnindən görünür ki, 28 dekabr 2020-ci il tarixdə verdiyi “COVİD-19” analizinin nəticəsinin “pozitiv” olduğu, virus aşkar edildiyi, 13 yanvar 2021-ci il tarixdə isə verdiyi “COVİD-19” analizinin nəticəsinin “neqativ” olduğu, virus aşkar edilmədiyi göstərilmişdir. (i.v. 29-30) - 06 mart 2021-ci il tarixli protokoldan görünür ki, 30 dekabr 2020-ci il tarixdə qeydə alınaraq CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, müəyyən edilmişdir ki, polis əməkdaşları tərəfindən ünvan 4 ünvanda quraşdırılmış stasionar postda saxlanılan Təqsirləndirilən şəxs koronavirus inleksiyasına yoluxmasından xəbərdar olduğunu, bununla belə yaşadığı yeri tərk etdiyini etiraf edir. (i.v. 31) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxs tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizasının 12 mart 2021-ci il tarixli 347/KEŞ nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs 28.12.2020-ci il tarixdə “Covid-19” ilə bağli müayinə aparılmış və müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxs sanitariya-gigiyena qaydaları pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşınması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. (i.v. 40-42) -Sübutların qiymətləndirilməsi haqqında 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə ittiham elan olunmuş, X1 zaman çəkildiyi 1 ədəd “CD” disk və onun ibtidai istintaqa təqdim etdiyi “İTS.GOV.AZ” saytındən daxil olmuş müayinələrinin nəticəsinin 28 dekabr 2020-ci il tarixdə “pozitiv”, 13 yanvar 2021-ci ildə “neqativ” çıxmasına dair iki vərəqədən ibarət sənədlər maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 43-44) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5 və 4.6-cı bəndlərinə əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs aşağıdakı tələblərə riayət etməlidir: onunla birgə yaşayan şəxslərin xəstəliyə yoluxma riskini azaltmaq üçün ayrı otaqda qalmalı, bu mümkün olmadıqda, mənzili yaxşı havalandırmalı, həmin şəxslərlə ən az 1 (bir) metr məsafədə olmalı və ünsiyyət zamanı tibbi maskadan istifadə etməlidir; şəxsi gigiyena vasitələrini və istifadə etdiyi digər əşyaları onunla birgə yaşayan şəxslərdən təcrid etməlidir; mənzilin (evin) daxilində mümkün qədər az hərəkət etməlidir; ümumi istifadə yerlərini tez-tez havalandırmalıdır; mənzili (evi) tərk etməməlidir; yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu Qaydaların 3.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilir. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağandır. Həmin Qərarın 7.6-cı bəndinə əsasən karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət qanunvericiliyinə görə, Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti insanların normal sağlamlığını təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti elan edilmiş karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması və ya onların yayılması üçün real təhlükə yaratmaqdan ibarətdir. Əməlin tövsifi üçün xəstəliyin yayılması üsulunun heç bir əhəmiyyəti yoxdur, zəruri əlamətləri kimi karantin elan olunmuş rejim zamanı xəstəliyin yayılması və ya yayılması üçün real təhlükə yaratması hərəkətlərinin mövcudluğu əsas götürülməlidir. Bu cinayətin subyektiv cəhəti təqsirkarın həm birbaşa, həm də dolayı qəsd formasında təqsirini nəzərdə tutur. Təqsirkar özündə yayılan xəstəliyin olmasını, karantin rejiminə riayət olunmasının vacibliyini, buna görə məsuliyyət daşıyacağını bilir, lakin birbaşa qəsdlə onu yaymaq istəyir və ya dolayı qəsdlə orqanizmində olan xəstəliyin yayıla biləcəyinə şüurlu surətdə yol verir. Bu zaman qeyd edilən cinayətin motivi əməlin tövsifi üçün zəruri əhəmiyyət kəsb etməsə də, xəstəliklərin qəsdən yayılması hallarına səbəb kimi intiqam almaqdan, nifrətdən və ya digər şəxsi münasibətlərin pozulmasından ibarət ola bilər. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin 25 oktyabr 1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 187-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli Amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən azad edilmişdir. (i.v. 11-12) - 15 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) - AZE seriyalı, 12343335 nömrəli və AZE seriyalı, 12844963 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X4 19 noyabr 2014-cü il tarixdə, X6 15 yanvar 2016-cı il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törədərək məsuliyyətə cəlb edilməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halın isə olmamasını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Abşeron rayonunun və hökmün icrasına nəzarət edəcək orqanın yerləşdiyi Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəzanın hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk və iki ədəd SMS mətni cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza isə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Abşeron rayonunun və hökmün icrasına nəzarət edəcək orqanın yerləşdiyi Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk və iki ədəd SMS mətni cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 300 manat əmək haqqı “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar