Məhkəmə qərarları › İş №1(007)-175/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-175/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-175/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-nin Nizami rayon Sukanal idarəsində maşinist işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi ev 15/21, mənzil 69-da qeydiyyatda olmaqla yaşamış, 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatını əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan zavod nömrəsində və buraxılış ilində silinmiş rəqəmlərin siluetlərini müşahidə etmək mümkün olmayan CИ-717 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 19-3-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı yivli, odlu silah olan tapançanı, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 01 ədəd darağı və zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan təyinatı üzrə atəş üçün yararlı olan 08 ədəd patronu əldə edərək saxlamaqla üzərində daşımış, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2022-ci il tarixdə saat 12:45 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilməklə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan zavod nömrəsində və buraxılış ilində silinmiş rəqəmlərin siluetlərini müşahidə etmək mümkün olmayan CИ-717 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 19-3-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı yivli, odlu silah olan tapança, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 08 ədəd 9x18 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan 01 ədəd daraq və zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan təyinatı üzrə atəş üçün yararlı olan 08 ədəd patron aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1990-1992-ci illərdə birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, müharibədə iştirak edən vaxt Şuşa şəhərində gedən döyüşlər zamanı üzərində darağı olan bir ədəd “Makarov” tipli tapança tapmış və müharibədən qayıtdıqdan sonra həmin tapançanı yaşadığı evdə saxlamışdır. Tapancanı yaşadığı evdə saxladığı zaman onun gövdə hissəsini qara rəngli boya ilə rəngləmişdir. Silahlara marağı olduğundan tapançanı heç kimə hədiyyə etməmiş, nə də polisə könüllü olaraq təhvil verməmişdir. İldə bir, bəzən iki dəfə tapançanı götürüb silib, təmizləyib evdə gizlətdiyi yerə qoymuşdur. 2015-ci ilin ortalarında yaşadığı evə yaxın olan və hazırda dəqiq ünvanını bilmədiyi yerdən 8 ədəd atılmış, onda olan tapançaya məxsus olan patronlar tapıb evə apararaq tapançanın darağına yığmışdır. Tapança onda olan müddət ərzində bir necə dəfə onu üzərinə götürərək gəzdirmiş, lakin bunu heç kim bilməmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 10 radələrində evdə olan zaman tapançanı götürüb silib təmizləmiş, saat 12 radələrində hava almaq üçün küçəyə çıxdıqda gəzdirmək məqsədi ilə onu əynində olan gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Saat 12:45 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 25 ünvanının qarşısından keçən vaxt mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək ondan özünü təqdim etməsini istəmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun üzərində silah gəzdirməsi haqda onlarda əməliyyat məlumatı olduğunu, bu səbəbdən onlarla birlikdə 25ci polis şöbəsinə getməsini bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmişdir. Polis şöbəsinin otaqlarının birində polis əməkdaşları tərəfindən ona vəkil təqdim edilərək hüquqları izah olunduqdan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları tərəfindən üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməyi təklif olunmuş, o, polis əməkdaşlarına əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan 1 ədəd tapançanı və icərisində 8 ədəd patron olan 1 ədəd darağı təqdim edərək həmin əşyanın “Makarov” tipli tapança olduğunu, onu iştirakçısı olduğu birinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərindən tapdığını, müharibədən sonra Bakı şəhərinə gətirib yaşadığı evdə saxladığını, təqdim etdiyi silahdan bu zamana qədər istifadə etmədiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş silah, patron və daraqla birlikdə polis əməkdaşları tərəfindən qablaşdırılmaqla zərfə qoyulmuş və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilərək bu barədə protokol tərtib edilmiş, o da protokolun doğruluğunu imzalayaraq təsdiq etmişdir. Axtarış zamanı patronları da Şuşa şəhərindən tapdığını desə də, sonradan yadına düşmüşdür ki, yalnız tapança və darağı Şuşa şəhərindən tapmışdır, patronları 2015-ci ilin ortalarında yaşadığı evə yaxın olan və hazırda dəqiq ünvanını bilmədiyi yerdən taparaq tapançanın darağına yığmışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, əməlindən səmimi peşmandır, habelə o, silahdan heç vaxt istifadə etməmişdir. Müharibə veteranı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 yanvar 2022-ci il tarixdə təxminən saat 11:30 radələrində şöbədə olan zaman ona məlumat daxil olmuşdur ki, Nizami rayonu, A.Manafov küçəsində yaşayan Elxan adlı şəxs üzərində odlu silah gəzdirir. Məlumatı aldıqdan sonra raportla şöbə rəisinə məruzə etmiş, bundan sonra iş yoldaşı, əməliyyat müvəkkili Şahid2lə birlikdə həmin şəxsin ətrafında əməliyyat tədbirləri keçirilməsi ilə bağlı sənədləşmə aparılmışdır. Həmin gün saat 12:45 radələrində Q.Qarayev prospekti, 25 ünvanının yaxınlığında olan zaman deyilən şəxsə uyğun gələn bir nəfərə yaxınlaşıb özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ondan silah gəzdirməsi barədə şübhələndiklərini bildirib onlarla 25-ci polis şöbəsinə getməsini təklif etmişlər. Şöbəyə aparıldıqdan sonra xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet varsa stolun üzərinə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşıb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd Makarov tapançasını və ona aid darağı çıxararaq stolun üzərinə qoymuşdur. Daraq yoxlanıldıqda içərisində 8 ədəd patron aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onları birinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərində tapıb yaşadığı evində saxlamışdır. Bundan sonra üzəri yoxlanıldıqda ondan heç bir maddə və ya predmet aşkar edilməmişdir. Sonra həmin silah, daraq və patronlar zərfə qoyulub möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Nizami rayon polis idarəsinin müvəqqəti saxlama yerinə aparan zaman bildirmişdir ki, silahı və darağı 1-ci Qarabağ müharibəsində tapsa da, 8 ədəd patronu 2015-ci ilin ortalarında yaşadığı evin yaxınlığından tapıb darağın üzərinə yığmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 yanvar 2022-ci il və 21 yanvar 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, o, təkliflə razılaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd tapaçaya oxşar aləti, 1 ədəd darağı stolun üzərinə qoymuş, daraq yoxlanıldıqda içərisində 8 ədəd patron olması müəyyənləşdirilmişdir. O, həmin silahı birinci Qarabağ müharibəsində Şuşa şəhərində tapdığını, Bakı şəhərinə gətirərək yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra onun üzəri yoxlanıldıqda ondan hər hansı bir qanunazidd maddə və ya əşya aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilərkən həmin halın öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-32, 53) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 20 yanvar 2022-ci il tarixli 22/64R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd CИ-717- №-li silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 19-3-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı tapançadır, yivi odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Təqdim olunmuş silahın zavod nömrəsində və buraxılış ilində silinmiş rəqəmlərin siluetlərini müşahidə etmək mümkün deyildir. Silahın metal hissə və mexanizmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar və təyinatı üzrə atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yaralıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: təqdim edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. (i.v. 41-47) - 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan zavod nömrəsində və buraxılış ilində silinmiş rəqəmlərin siluetlərini müşahidə etmək mümkün olmayan CИ-717 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 19-3-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı yivli, odlu silah olan tapança, həmin tapançanın komplektləşdirməsinə aid olan 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq və 08 ədəd zavod üsulu ilə Azərbaycan Respublikasında 2009-cu ildə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan patronlar, üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş 1 ədəd CD disk maddi sübut kimi tanınmış, 1 ədəd Makarov markalı tapança, həmin tapançaya aid 1 ədəd daraq və ekspertiza tədqiqatı zamanı istifadədən sonra qalan 5 ədəd patronlar Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 1 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. (i.v. 81-82) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24 yanvar 2022-ci il tarixli 011-873-1222 nömrəli məktubundan görünür ki, təqdim edilən 01 ədəd 9 mm kalibrli CИ-717 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 83) - 10 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 93-96) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, yaşadığı mənzilə daşıyaraq orada yerləşdirmiş və üzərində gəzdirmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyərək saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən 20 yanvar 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ndə nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) - 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 76-80) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 84) -Məhkəməyə təqdim edilən Bakı şəhəri Nizami rayon hərbi komissarlığı tərəfindən verilmiş M/V 027667 nömrəli vəsiqənin, 10 sentyabr 1992-ci il tarixli 1/33 nömrəli, 02 oktyabr 1995-ci il tarixli 1/558 nömrəli və 18 yanvar 2000-ci il tarixli 4/64 nömrəli arayışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs erməni işğalçılarına qarşı aparılmış birinci Qarabağ müharibəsində iştirak etmişdir, müharibə veteranıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, birinci Qarabağ müharibəsinin veteranı olmaqla erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah və onun komplekt hissələrini əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 22 yanvar 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, müvafiq qaydada götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən silah, onun komplekt hissəsi və döyüş sursatı cinayətin aləti olduğuna görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına əsas olan ekspertiza iş üzrə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına təyin olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 48 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat olmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməklə Nizami RPİnin maddi sübutları saxlama kamerasında saxlanılan CИ-717 №-li zavod üsulu ilə keçmiş SSRİ dövlətində 19-3-cü ildə istehsal olunmuş 9 mm kalibrli PM modelli, Makarov konstruksiyalı yivli, odlu silah olan 01 ədəd tapança, həmin tapançanın komplektləşdirməsinə aid olan 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd daraq, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarda istifadə edilməsi üçün nəzərdə tutulmuş 05 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təһvil verilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 48 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 288 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar