Məhkəmə qərarları › İş №1(007)-175/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-175/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-175/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2005-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Xırdapay kəndində qeydiyyatda olan, 14 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2022-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, 30 yanvar 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırıldığından 06 aprel 2023-cü il tarixdə həmin qətimkan tədbiri ləğv olunaraq barəsində komandanlığın müşahidəsi altına altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 1-ci radiokəşfiyyat və radiomanqa taborunun radiotexniki kəşfiyyat və radiolokasiya stansiyaları əleyhinə radiomaneə bölüyünün radiolokasiya stansiyaları əleyhinə radiomaneə taqımının radiolokasiya stansiyaları əleyhinə radiomaneə stansiyasının operatoru, əsgər - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə tanışı Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək aralarında olan cinayətkar razılığa əsasən Şahid2 2022-ci ilin iyul ayının ortalarında “instaqram” sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs Şahid1 razılığı ilə sonuncunun fotoşəkilini göndərdikdən sonra Zərərçəkmiş şəxs cinsi əlaqəyə girmək adı ilə aldadıb görüşmək istədiyini bildirib bu məqsədlə qrup üzvləri o və Şahid2 19 iyul 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığına gəlmiş, həmin vaxt aralarında olan cinayətkar razılığa əsasən o və Şahid2 cinayətkar niyyətlərinə maneəsiz nail olmaq məqsədilə kənar şəxslərin gələcəyi barədə dərhal məlumat vermək üçün kənarda dayanmışlar, Şahid1 isə həmin yerə gələn Zərərçəkmiş şəxs ilə görüşüb sonuncunu yaxınlıqdakı körpünün alt hissəsinə apararaq orada Zərərçəkmiş şəxs istifadəsində olan, 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə ilə işləyən 470 manat dəyərində “Redmi Note 7” markalı mobil telefonunu tələb etmiş, Zərərçəkmiş şəxs telefonu verməkdən imtina etdikdə o, həmin yerə gedərək Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunu yerə yıxıb birlikdə əl və ayaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən burun belinin, sol gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığından ibarət xəsarətlər yetirərək Zərərçəkmiş şəxs əlindən həmin mobil telefonunu dartıb alaraq açıq talayıb hadisə yerindən birgə qaçmaqla sonradan həmin telefonu satıb əldə etdikləri pulu öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs 475 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyul ayının əvvəllərində o, yaşadığı Kürdəmir rayonundan Bakı şəhərinə gəlmiş və “28 May” metrostansiyasının yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığında bibisi Gülşən Abdullayeva və onun ailəsinin yaşadığı evdə qalmışdır. 19 iyul 2022-ci il tarixdə günorta saatlarında Səməd Vurğun parkında gəzərkən rayonda orta məktəbdə oxuyarkən tanıdığı Amini görmüşdür. Onlar görüşüb söhbət etmişlər, bir az sonra Amin mobil telefonunda internetin bitdiyini deyərək ondan öz internetini onunla paylaşmasını demişdir. O, razılaşmış və internetini Aminlə paylaşmışdır. Amin öz mobil telefonu ilə Murad adlı şəxslə danışdıqdan sonra ona “Koroğlu” metrostansiyasına gedəcəyini demiş və birlikdə getmələrini ona təklif etmişdir. Onlar birlikdə “28 May” metrostansiyasından “Koroğlu” metrostansiyasına gedərək metrostansiyanın piramida çıxışından çıxmışlar. Yolda olarkən Amin ona “gey” olan Arif adlı şəxslə görüşəcəyini, Arifin üzərində olan pulu, mobil telefonu və ya digər qiymətli əşyasını götürəcəyini, Arifin çox güman ki, “gey” olduğu üçün utanıb polisə şikayət etməyəcəyini demişdir. Həmçinin Amin onunla Arif arasında problem olarsa gəlib ona kömək etməsini ona tapşırmışdır. “Koroğlu” metrostansiyasının yaxınlığında Muradla görüşmüşlər. Murad ətraflı şəkildə qurduğu planı onlara izah etmişdir, həmin plana əsasən Murad və o, kənardan nəzarət etməli olmuşlar, Amin isə Ariflə söhbət edib onun üzərində olan hər hansı bir əşyanı götürməli olmuşdur. Bir neçə dəqiqə sonra Murad Arifin metrostansiyanın çıxışından çıxacağını demiş və onlar ayrılmışlar. Əvvəlcədən aralarında olan razılığa əsasən o, kənardan nəzarət etmişdir. Bir neçə dəqiqə sonra Arif “Koroğlu” metrostansiyasının piramida çıxışından çıxmışdır. Amin Arifi qarşılamış və Arif ilə yaxınlıqda yerləşən körpünün altına doğru yollanmışdır. Körpünün altında olarkən Arif ilə Aminin söhbət etdiyini, daha sonra Aminin Arifin üzərində olan mobil telefonunu verməsini tələb etdiyini görmüşdür. Lakin Arif mobil telefonu vermək istəməmiş və buna görə Aminlə Arifin arasında mübahisə yaranmışdır. O, Amingilin mübahisəsinə müdaxilə etmək üçün onlara doğru getmişdir. Ondan aralıda dayanan Murada baxdıqda onun mübahisəyə müdaxilə etmək fikrində olmadığını başa düşmüşdür. O, Aminlə Arifə doğru yaxınlaşan zaman Amin Arifin ayağından vuraraq onu yerə yıxmış, lakin Arif ayağa qalxmışdır. Bundan sonra o, Arifin üz nahiyəsindən bir dəfə yumruqla vurmuş, Arif yenidən yerə yıxılmışdır. Arif yerdə olarkən o və Amin onun müxtəlif bədən nahiyələrindən təpik və yumruqla vurmuşdur. Həmin vaxt Amin Arifin mobil telefonunu əlindən almış və onlar oradan qaçmışlar. Onlar oradan uzaqlaşanda Murad Arifin yanına getmiş və onunla nəyisə danışmışdır. Bir neçə dəqiqə sonra o, Amin və Murad kənarda görüşüb Arifdən götürdükləri “Redmi Note 7” markalı mobil telefonu “Neftçilər” metrosu yaxınlığında olan dükana aparmışlar. Dükana Amin və Murad daxil olmuşlar və mobil telefonu 80 manata satmışlar. O, həmin puldan götürməmişdir. Bundan sonra onlar bir yerdə yemək yemişlər və oradan Kürdəmir rayonuna getmək üçün avtovağzala getmişlər. Gecə saatlarında onlar rayona çatmışlar və o, evə getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində hadisənin onun yetkinlik yaşına çatmadığı dövrdə baş verdiyini, həmin əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda həqiqi hərbi xidmətdə olduğunu göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “gey”dir, yəni qadınlarla deyil, kişilərlə cinsi münasibətdə ola bilir. 2022-ci ilin iyul ayının ortalarında “instagram” sosial şəbəkəsində “aktiv” adlı səhifədə bir nəfər oğlanla tanış olmuşdur. Həmin oğlan adının “Amin” olduğunu demiş və şəklini ona göndərmişdir. O, Aminlə danışarkən sonuncuya onunla cinsi əlaqədə olmağı təklif etmiş, Amin də razılaşmışdır. Aralarında olan razılığa əsasən onlar 19 iyul 2022-ci il tarixdə günorta saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında görüşməli olmuşlar. Həmin gün təxminən saat 16 rarələrində o, Aminlə görüşmək üçün “Koroğlu” metrostansiyasının piramida formasında olan çıxışından çıxmışdır. Çıxışın pilləkanlarından çölə çıxan anda Amin ona yaxınlaşmış və o, Amini tanıyıb onunla salamlaşmışdır. Bundan sonra onlar təxminən 200-250 metr irəliləyərək “Koroğlu” metrostansiyasından “Ziya Bünyadov” prospektinə istiqamətlənən körpünün aşağısına çatmışlar. O, həmin vaxt Aminin onunla cinsi əlaqədə olmaq üçün onu harasa aparacağını təxmin etmişdir. Körpünün aşağısında olarkən Amin mobil telefonunu ondan istəmişdir. O, mobil telefonunu Aminə verməyəcəyini demişdir. Bu zaman Amin təpiklə ilə onun ayağına vurmuş, o, yerə yıxılmış, lakin dərhal ayağa qalxmışdır. Daha sonra kənardan yanlarına gələn Qorxmaz bir dəfə yumruqla onun burnundan vurmuş və o, yenidən yerə yıxılmışdır. Bundan sonra gözündən yaş gəldiyi üçün gözlərini yummuş və ayağa qalxmamışdır. Oturmuş halda yerdə olarkən Aminlə Qorxmaz təpiklə qol, ayaq və yan nahiyyələrindən onu vurmuşlar, bununla yanaşı onun mobil telefonunu da ondan tələb etmişlər. Lakin o, mobil telefonunu sağ əlində bərk halda tuturaq telefonunu onlara verməyəcəyini demişdir. Yerdə olarkən Amin ağzı ilə sağ əlinin baş barmaq olan hissəsini dişləmiş və əlində olan, 470 manat dəyərində, qara rəngli, “Redmi Note” markalı, 32 giqabayt yaddaşa malik mobil telefonunu götürmüşdür. Həmin vaxt gözü bağlı olduğu Aminlə Qorxmazın onun hansı nahiyəsindən vurduqlarını dəqiq görə bilməmişdir. Telefonunu götürdükdən sonra həmin şəxslərin hərəsi ayrı-ayrı yönlərə qaçaraq oradan uzaqlaşmışlar. Onlar getdikdən sonra o, Aminin arxasınca qaçmışdır. Lakin bir az getdikdən sonra qaça bilmədiyini görmüşdür. Həmin vaxt orada gördüyü Murada iki nəfərin onun telefonunu götürdüyünü, kömək etməsini demiş, lakin Murad hər hansı bir reaksiya verməmişdir. Bu hadisədən sonra ağrıları olduğu üçün yaşadığı evə qayıtmış, növbəti gün isə DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Mobil telefonunun üzərində olan mobil nömrənin dəyəri 5 manat olmuş, bununla ona ümumilikdə 475 manat maddi ziyan dəymişdir. Sonradan bilmişdir ki, Murad, Amin və Qorxmaz əvvəlcədən planlaşdıraraq ona qarşı soyğunçuluq etmişlər. Mobil telefonu ona qaytarılmaqla dəymiş maddi ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs hərbçi olduğunu nəzərə alaraq onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may və iyun aylarında Nərimanov rayonu ərazisində yerləşən kafedə ofisiant işləyərkən Muradla tanış olmuşdur. Sonradan oradan işdən çıxıb Kürdəmir şəhərinə getmiş, lakin Muradla telefon vasitəsilə əlaqə saxlamışdır. 2022-ci ilin iyul ayının ortalarında Muradla telefon vasitəsilə danışanda maddi vəziyyətlərinin yaxşı olmadığını bir-birilərinə bildirmişlər. Murad ona bir planının olduğunu demişdir. Belə ki, Murad “instaqram” sosial şəbəkəsində “aktiv” adlı səhifə açmağı, “gey”ləri həmin səhifəyə cəlb etməyi, onlarla cinsi əlaqəyə girmək bəhanəsilə görüşməyi, lakin cinsi əlaqəyə girməməyi, onlarla görüşəndə üzərlərində olan mobil telefonu, pulu və ya digər əşyanı götürməyi, sonradan həmin əşyaları sataraq pul qazanmağ təklif etmişdir. O da etiraz etməmişdir. Bundan sonra Murad “instaqram” sosial şəbəkəsində “aktiv” adlı səhifə açmış və həmin səhifə vasitəsilə Arif adlı bir nəfər ilə tanış olmuşdur. O və Murad səhifəni birlikdə idarə etmişlər. Murad onun icazəsi ilə onun şəklini Arifə göndərmiş və Ariflə onun adından danışmışdır. Bir müddət sonra Murad Ariflə görüşəcəyi barədə razılaşdığını demişdir. 19 iyul 2022-ci il tarixdə günorta saatlarında Murad ona zəng eləmiş və Ariflə “Koroğlu” metrostansiyasında görüşməli olduğunu ona demişdir. Bundan sonra o, həmin vaxt yanında olan tanışı Qorxmazla birlikdə “Koroğlu” rnetrostansiyasına getmişlər. Yolda olarkən Qorxmaza “gey” olan Arif adlı şəxslə görüşəcəyini, onun üzərində olan pulu, mobil telefonu və ya digər qiymətli əşyasını götürəcəyini, Arifin də çox güman ki, “gey” olduğu üçün utanıb polisə şikayət etməyəcəyini demişdir. Həmçinin Qorxmaza demişdir ki, əgər onunla Arif arasında problem olarsa gəlib ona kömək etsin. “Koroğlu” metrostansiyasının yaxınlığında Murad ilə görüşmüşlər, o, Qorxmazı Murada təqdim edərək tanışı olduğunu demişdir. Murad qurduğu planı ətraflı şəkildə onlara izah etmişdir. Həmin plana əsasən Murad və Qorxmaz kənardan nəzarət edəcəkdi, o isə Ariflə söhbət edib onun üzərində olan hər hansı bir əşyanı götürəcəkdi. Onlar təxminən 5-6 dəqiqə danışdıqdan sonra Murad Arifin metrostansiyanın çıxışından çıxacağını demiş və onlar ayrılmışlar. Əvvəlcədən aralarında olan razılığa əsasən o, Arifin mobil telefonunu götürüb oradan uzaqlaşmalı olmuşdur. Bir neçə dəqiqə sonra Arif “Koroğlu” metrostansiyasının piramida çıxışından çıxmışdır. O, Arifi qarşılamış və birlikdə yaxınlıqda yerləşən körpünün altına doğru yollanmışdır. Körpünün altında olarkən o, mobil telefonunu verməsini Arifdən tələb etmişdir. Lakin Arif mobil telefonu verməyəcəyini demişdir. Həmin vaxt Qorxmaz kənardan gəlmişdir. Bu zaman o, Arifin ayağından vuraraq sonuncunu yerə yıxmışdır. Bundan sonra Qorxmaz Arifin üz nahiyəsindən vurmuşdur. Daha sonra o və Qorxmaz bir neçə dəfə Arifin ayaq, qol və yan nahiyələrindən təpiklə vurmuşlar. Bu zaman o, Arifin mobil telefonunu əlindən almış və onlar qaçmışlar. Onlar oradan uzaqlaşanda Murad Arifin yanına getmiş və sonuncu ilə nəyisə danışmışdır. Bir neçə dəqiqə sonra o, Qorxmaz və Murad kənarda görüşüb Arifdən götürdükləri “Redmi Note 7” markalı mobil telefonu “Neftçilər” metrosu yaxınlığında olan dükana aparmışlar. Dükana o və Murad daxil olmuşlar. Mobil telefonu 80 manata satmışlar, Qorxmaz həmin puldan istəməmiş, buna görə də Muradla ikisi pulu bərabər şəkildə aralarında bölmüşlər. Bundan sonra o, yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən adsız telefon dükanının sahibidir. Həmin dükanda təzə və ya işlənmiş mobil telefonların, aksesuarların, mobil telefon hissələrinin alışı və satışı ilə məşğul olur. 19 iyul 2022-ci il tarixdə axşam saatlarında ağbəniz, uzun, arıq bədən quruluşlu sonradan ad və soyadının Şahid1 olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq 01 ədəd qara rəngli, 32 giqabayt yaddaşa malik, “Redmi Note 7” markalı mobil telefonu satmaq istədiyini ona demişdir. Həmin mobil telefonun üzərində və arxasında qorucuyu olmamış, üzərində cızıqlar olmuşdur. O, telefona baxıb onu 80 manata ala biləcəyini Aminə demiş, eyni zamanda dəfərlərə həmin telefonun oğurluq olub-olmadığını Amindən soruşmuşdur. Amin telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. 20 iyul 2022-ci il tarixdə saat təxminən 13 radələriııdə onun dükanına müştəri gəlmiş və “Redmi Note 7” markalı mobil telefon almaq istədiyini demişdir. O, həmin mobil telefonu müştəriyə 95 manata satmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin iyun ayından anası ilə birlikdə yaşadığı Şəmkir şəhərindən bacısının yaşadığı Zabrat qəsəbəsindəki evinə getmişdir. 2020-ci ilin iyun ayının əvvəllərində Kürdəmir rayon sakini Şahid1 ilə tanış olmuşdur. Tanış olan vaxt Amin Nərimanov rayonu ərazisində yerləşən kafedə ofisiant işləmişdir. O da bəzən həmin kafeyə getmişdir. Tanışlıqları da oradan başlamış və sonradan münasibətləri davam etmişdir. 2022-ci ilin iyul ayının ortalarında o, “votsap” vasitəsi ilə Aminlə söhbət edərkən pula ehtiyacı olduğunu ona demişdir. O da Aminə bir planı olduğunu demişdir. Belə ki, o, “instaqram” sosial şəbəkəsində “aktiv” adlı səhifə açmağı, “gey”ləri həmin səhifəyə cəlb etməyi, onlarla cinsi əlaqəyə girmək bəhanəsilə görüşməyi, lakin cinsi əlaqəyə girməməyi, onlarla görüşəndə üzərlərində olan mobil telefonu, pulu və ya digər əşyanı götürməyi, sonradan həmin əşyaları sataraq pul qazanmağı təklif etmişdir. Amin də onunla razılaşmışdır. Bundan sonra o, “instaram”da “aktiv” adlı səhifə açmışdır. Həmin səhifə vasitəsilə Arif adlı bir nəfər ilə tanış olmuşdur. Arifin “gey” olduğunu bilmiş və sonuncu ona onunla cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt o və Amin eyni anda səhifəni idarə etmişlər. O, Arifə Aminin şəklini göndərmiş və bunun üçün Amindən icazə almışdır. Yəni, Ariflə Aminin dilindən danışmışdır. Aralarında olan danışığa əsasən o, Ariflə 19 iyul 2022-ci il tarixdə günorta saatlarında “Koroğlu” metrostansiyasınm yaxınlığında görüşməli olmuşlar. Həmin gün günorta saatlarında Amin, o və Aminin tanışı Qorxmaz “Koroğlu” metrostansiyasının piramida çıxışı tərəfdə görüşmüşlər. Qorxmazı o, əvvəllər görməmiş və tanımamışdır. Amin Qorxmazın onun tanışı olduğunu bildirmişdir. Qorxmaz Aminin yanında olduğu üçün o, əvvəlcədən qurduqları planı Aminə və Qorxmaza izah etmişdir. Belə ki, plana əsasən Amin Arifi qarşılayaraq metrostansiyanın yaxınlığında yerləşən körpünün aşağı hissəsinə, yəni adamların olmadığı yerə aparacaq, orada Arifin əlindən mobil telefonu alaraq götürüb gedəcək, sonradan onlar həmin telefonu salıb pulu bərabər hissələrə böləcəklər. Qorxmazın isə bu işdə funksiyası Aminlə Arif arasında hər hansı bir problem yaşanacağı halda müdaxilə etmək olmuşdur. Ona görə də Qorxmazın işi Amin ilə Arifə baxmaq, onların yanına kimsə yaxınlaşacağı təqdirdə bu barədə dərhal Aminə məlumat vermək olmuşdur. O da Qorxmazın yanından deyil, başqa bir tərəfdən Amin və Arifə baxaraq nəzarət etmişdir. Əvvəlcədən razılaşdıqları kimi Amin Arifi təxminən saat 16 radələriııdə “Koroğlu” metrostansiyasının piramida çıxışı tərəfdə qarşılamış və Arifi körpünün altına gətirmişdir. Arif və Amin arasında nə söhbət getdiyini dəqiq eşitməmişdir. Belə ki, o, uzaqdan baxmışdır. Lakin bir neçə dəqiqə sonra Arif ilə Amin mübahisə etməyə başlamışlar. Həmin vaxt Qorxmaz onların yanına getmişdir. Amin həmin vaxt Arifin ayağından vuraraq onu yerə yıxmışdır. Bundan sonra Qorxmaz Arifin üz nahiyəsindən vurmuşdur. Daha sonra Amin və Qorxmaz bir neçə dəfə Arifin ayaq, qol və yan nahiyələrindən təpiklə vurmuşlar. Bu zaman Amin Arifin mobil telefonunu əlindən almış və onlar qaçmışlar. O, Arifin vəziyyətinin necə olduğunu öyrənmək üçün yanına gedib əhvalını soruşmuş, Arifin normal vəziyyətdə olduğunu görüb oradan uzaqlaşmışdır. Bundan sonra o, Amin və Qorxmazla Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrosunun yaxınlığındakı telefon dükanlarının birinə getmişdir. Orada Arifə məxsus “Redmi Note 7” markalı mobil telefonu 80 manata satmışlar. Həmin puldan Aminə 40 manat və ona 40 manat çatmışdır. Qorxmaz həmin puldan istəmədiyini demişdir. Bundan sonra onlar yaşadıqları evə getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, “Qorxmaz” adlı şəxsi müəyyən etmək üçün iş materiallarından Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 1-2) - 20 iyul 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən həmin metrostansiyadan Ziya Bünyadov prospekti istiqamətində olan körpünün alt hissəsidir. (i.v. 10-12) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 22 iyul 2022-ci il tarixli 630 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs burun belinin, sol gözətrafı nahiyənin, sağ bazunun qançırları, sağ dirsək oynağının sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 65- 67) - 17 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi qanuni nümayəndəsinin və müdafiəçisinin iştirakları ilə yerində yoxlanılan zaman o, hadisə yerini əyani olaraq göstərmiş və hadisənin hansı qaydada baş verdiyini ifadəsində göstərilən qaydada bir daha təsvir etmişdir. (i.v. 176-178) - 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 177 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 186-196) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 1(101)-389/2023 nömrəli hökmünün surətindən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 170.3, 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şahid1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilib, təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla üzərində 02 il sınaq müddəti müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 131-132) - 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı təmin edilməmiş, o, məhkəmə iclas zalında dərhal azad edilmişdir. (i.v. 166-171) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 16 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 172-173) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 180) - 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv olunmuş, onun barəsində komandanlığın müşahidəsi altına altına vermə qətimkan tədbiri seçilmiş və qərarın icrası aidiyyəti hərbi hissə komandanlığına həvalə edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xatakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, həmin əməlindən səmimi peşmançılıq çəkməsini, hazırda əsgər kimi həqiqi hərbi xidmətdə olduğunu, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmadığı dövrdə cinayət törətmiş Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə, ona təyin edilməsi nəzərdə tutulan, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasının mümkünlüyü qənaətinə gələrək, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir, belə qənaətə gəlir ki, bu, cəzanın məqsədini təmin edir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin onun təqsirli bilindiyi 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmalı, sınaq müddəti ərzində üzərində nəzarətin həyata keçirilməsi həqiqi hərbi xidmətdə olduğu müddətdə hərbi hissə komandanlığına, digər müddətdə yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməli, üzərinə müvafiq vəzifələr qoyulmalı, təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 2.21-ci bəndinin 5-ci abzasına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək qəti cəza müddətinə hesablanmamalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş hərbi hissə komandanlığının müşahidəsı altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə, barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə hərbi nizamnamələrin tələblərinə əməl etmək, komandanlığın verdiyi əmr və tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmək, hərbi xidmətdən kənarda olduğu dövrdə isə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək vəzifələri qoyulsun, üzərində nəzarətin həyata keçirilməsi həqiqi hərbi xidmətdə olduğu müddətdə hərbi hissə komandanlığına, digər müddətdə yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar