Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-176/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, Beyləqan rayonu, RTS qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Baksol qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə saat 21.00 radələrində sərnişin olaraq mindiyi taksi xidməti göstərən «Hyundai İ30» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs müəyyən pulun müqabilində Bakı şəhəri, Nizami rayonu ərazisindəki otellərin birinə gedib bərabər gecələməyi və intim əlaqəyə girməyi təklif etdikdən sonra, ünvan 1 ünvanda yerləşən «Nord West» otelin 206 nömrəli otağında Zərərçəkmiş şəxsla intim münasibətə girmiş, 11 dekabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yuxuya getməsini görüb, yaranmış vəziyyətdən istifadə edərək masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus dəyəri 2100 (iki min yüz) manat təşkil edən «Samsung Galaxy» markalı «S10E» modelli, **********41910 və **********41918 imei kodlu 01 ədəd mobil telefonu və Zərərçəkmiş şəxs yatmazdan əvvəl əynindən çıxardığı cins şalvarın cibindən 180 manat nağd pul vəsaitini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2280 (iki min iki yüz səksən) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmiş, ələ keçirdiyi mobil telefonu sataraq mənfəət əldə etmək üçün 11 dekabr 2020-ci il tarixdə günorta saatlarında həmin mobil telefonu cinayət yolu əldə etdiyini tanışı Şahid1 gizlədərək sonuncudan satmasını xahiş etmiş, Təqsirləndirilən şəxs cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 11 dekabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanda yerləşən «Eltelecom» mağazasında çalışan Şahid2 230 (iki yüz otuz) manat pul müqabilində sataraq həmin vəsaiti Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilirək, ifadəsində göstərmişdir ki, 10 dekabr 2020- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yol kənarında olduğu vaxt taksi sürücüsü onu görüb saxlamış və hara getmək istədiyini soruşmuşdur. Şərifli küçəsinə getmək istədiyini, lakin pulunun olmadığını demiş, sürücü onu pulsuz mənzil başına çatdıracağını bildirmişdir. Avtomobilin markasını və qeydiyyat nömrəsini bilməmiş, sürücü Cəlil adı ilə özünü ona təqdim etmişdir. Yolda söhbət əsnasında pula ehtiyacı olduğunu, sürücü isə ehtiyacını qarşılıya biləcəyini demiş və əvəzində otellərin birində gecələməyi ona təklif etmişdir. Taksi sürücüsü ilə razılaşdıqdan sonra Elçin adlı tanışına 20 manat borcu olduğu üçün ilk öncə həmin borcu qaytarmağı düşünmüş və Cəlilə Şərifli küçəsinə getməyi demişdir. Cəlil ona Elçinə olan borcunu ödəmək üçün verdiyi 20 manat pulu Elçinə vermişdir. Həmin gün saat 22:00 radələrində Tofiq Abbasov küçəsində yerləşən «West Nord» adlı otelə getmişlər. Cəlil nömrə sifariş etmiş və onlar gecəni həmin nömrədə keçirmişlər. Gecə Cəlilin istəyi ilə onunla cinsi əlaqədə olmuş və oteldə gecələyib cinsi əlaqədə olmağının qarşılığında Cəlil ona 50 manat pul verməli olmuşdur. 2020-ci ilin dekabr ayının 10-dan 11-nə keçən gecə saat 04:00 radələrində rəfiqəsi Sevdanın onun mobil telefonuna göndərdiyi SMS-in səsinə yuxudan oyanmışdır. Votsappla göndərilən mesajda 4 aylıq körpə oğlu Raulun ağlamaq səsi gəlmişdir. Cəlilin yatdığını görüb, evə getməli olduğu, lakin üzərində pul olmadığı üçün məcburən ilk əvvəl masanın üzərindəki Cəlilə məxsus «Samsung Galaxy S10E» markalı mobil telefonu və Cəlilin soyunub kənara qoyduğu şalvarının cibindən 140 manat pulu götürüb oteli tərk etmişdir. 11 dekabr 2020-ci il tarixdə saat 09:00 radələrində oğlu Raulu “OMD” uşaq xəstəxanasına aparıb, təcili əməliyyat olunmasını həkimdən xahiş etmişdir. Cəlilin cibindən götürdüyü 140 manat pulun 100 manatı ilə əməliyyatın ilkin ödənişini vermiş, daha 250 manat ödənməli olduğu üçün götürdüyü Cəlilə məxsus «Samsung Galaxy S10E» markalı telefonu satmaq məqsədlə 11 dekabr 2020-ci il tarixdə saat təxminən 14 radələrində tanışı Sahilə zəng vurmuşdur. Sahil, onun keçmiş əri ilə yaxın dost olmuş, lakin əri onu tərk etdikdən sonra Sahil də əri ilə münasibəti kəsmişdir. Sahilin ona yazığı gəlmiş, körpə uşağına maddi sıxıntı üzündən baxa bilmədiyini bilmiş, hətta Sahildən bir neçə dəfə borc pul da almışdır. «Samsung Galaxy S10E» markalı mobil telefon kodda olmuş, lakin telefonun kodu Cəlil tərəfindən yığılıb açılarkən gördüyündən telefonu götürdükdən sonra kodunu özü rahat aça bilmişdir. Sahillə görüşüb həmin mobil telefonu sonuncuya vermiş, Sahil telefonun ona məxsus olub-olmadığını soruşmuş, sonuncuya telefonun ona aid olduğunu demişdir. Sahil telefonu ondan alarkən kodda olduğunu dedikdə, telefonun açılış kodunu Sahilə demiş və kodu yığıb açmağı və yoxlamağı xahiş etmişdir. Sahil onun dediyi kodu yığıb telefonu açmışdır. Sahildən telefonu onun əvəzinə satmağı xahiş etmiş, Sahil isə telefonun ona aid olmadığı üçün sata bilməyəcəyini dedikdə, telefonu özünün şəxsiyyət vəsiqəsi ilə özününkü kimi satmasını demişdir. Sahilə ona köməklik etdiyi təqdirdə, əvvəllər yardım məqsədi ilə ona verdiyi pulun bir hissəsini telefonun satışından əldə olunan puldan verəcəyini demişdir. Sonuncu köməklik edəcəyini deyib mobil telefonu götürüb getmişdir. Həmin gün təxminən 1-2 saat sonra Sahil geri qayıdıb metronun 20 yanvar stansiyası yaxınlığında mağazaların birinə telefonu 350 manat satdığını demişdir. Sahilə 350 manat pulun 150 manatını saxlamağı və həmin məbləği borcundan silməyi qalan 200 manatı isə ona verməyi demişdir. Sonuncu razılaşaraq ona 200 manat pul vermişdir. Övladını 06.09.2020-ci il tarixdə Bakı şəhəri 7 nömrəli doğum evində dünyaya gətirmiş və oğlunun əməliyyata ehtiyacı olduğu üçün oğurluq etmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır, maddi imkanı olmadığına görə ziyanı ödəyə bilməmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək qeyd edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin noyabr-dekabr aylarından etibarən özünə məxsus «Hyundai İ30» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti ilə məşğul olmuşdur. 10 dekabr 2020-ci il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində hərəkətdə olarkən əvvəllər tanımadığı bir qadın əl ilə ona saxla işarəsi verdiyinə görə avtomobili saxlamışdır. Həmin qadın 2 ünvana, Şərifli küçəsində yerləşən “Ayla” restoranının yanına və Əlif Hacıyev küçəsi 6A ünvana gedəcəyini demişdir. Avtomobili həmin qadının dediyi ünvana doğru hərəkət etdirərkən sonuncu bildirmişdir ki, gedəcəyi yerlərdə müəyyən şəxslərə borcu var, həmin borcunu ödəmək məcburiyyətindədir, əgər həmin şəxslərə olan borcunu ödəyərsə və taksi xidməti üçün pul almazsa, onunla bir gecəlik oteldə gecələyə bilər. Qadının təklifini qəbul edib həmin ünvanlara getmiş, 10 və 20 manat məbləğində pulları sonradan adının Xəyalə olduğunu bildiyi qadına borcunun əvəzi olaraq vermişdir. Mövcud pandemiya vəziyyətinə görə komendant saatı olduğundan həmin gün saat 20:45 radələrində Xəyalə adlı həmin qadınla Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən “West Nord” otelinə gəlmişdir. Gecəni birlikdə keçirdikdən sonra 11 dekabr 2020-ci il tarixdə səhər saat 06:00 radələrində yuxudan ayıldıqda Xəyalə adlı qadının oteli tərk etdiyini, otelin nömrəsində tək olduğunu və otel nömrəsindəki masanın üzərində olan «Samsung Galaxy S10E» markalı mobil telefonunun, oturacağın üzərinə qoyduğu göy cins şalvarının cibindəki 180 manat nağd pulun olmadığını aşkar etmişdir. Cəld otelin administrativ, yəni qəbul bölməsinə yaxınlaşaraq adını bilmədiyi administratordan, yəni inzibatçıdan onunla birgə otelə gəlmiş Xəyalə adlı qadını görüb-görmədiyini soruşduqda, sonuncu həmin qadının 1 saat əvvəl oteli tərk etdiyini demişdir. 11 dekabr 2020-ci il tarixdə səhər saatlarında 25-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizəsi üzrə aparılan araşdırma zamanı Xəyalə adlı qadının şəxsiyyəti müəyyən edilmiş və sonuncu polis şöbəsinə dəvət edilərək izahatı alınmışdır. Xəyalə oğurluq etdiyini etiraf etmiş, mobil telefonu tanışına satmaq üçün verdiyini və həmin tanışının telefonu satdığını demişdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyinə görə şikayətçidir. Məhkəmə istintaqı zamanı şahidlər – Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli “Baxış və götürmə haqqında” protokoldan görünür ki, cinayət işi üçün maddi sübut əhəmiyyəti kəsb edən və cinayətin predmeti olmuş, iş üzrə şahid qismində dindirilmiş Şahid2 könüllü olaraq təqdim etdiyi «Samsung Galaxy S10E» markalı **********41910 və **********41918 imei kodlu 01 ədəd mobil telefonun satışını təsdiq edən sənəd baxış keçirilməsi üçün götürülmüş və baxış zamanı Şahid1 AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti üzərində «Tarix: 11.12.2020 Telefon: X3: Samsung S10E (mini) Rəngi: Qara boz qarışıq Yaddaş: Ram 128g, 6gb Ekran: sağ tərəfində çat ilə İmei kod: **********41910 imei kod: **********41918 soyad: X5: 11.12.2020» yazının göy rəngli diyircəkli qələmlə yazıldığı müəyyən edilmişdir. İş materiallarında olan 25 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi «Samsung Galaxy S10E» markalı **********41910 və **********41918 imei kodlu 01 ədəd mobil telefonun satışını təsdiq edən-Şahid1 AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti üzərində «Tarix: 11.12.2020 Telefon: X4: Samsung S10E (mini) Rərıgi: Qara boz qarışıq Yaddaş: Ram 128g, 6gb Ekran: sağ tərəfində çat ilə imei kod: **********41910 imei kod: **********41918 Soyad: X5: 11.12.2020» yazının göy rəngli diyircəkli qələmlə yazılmış sənəd iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 sentyabr 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İşdə olan tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 7 nömrəli doğum evində 06.09.2020-ci il tarixdə bir oğlan uşağı dünyaya gətirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Şahid1 AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti üzərində «Tarix: 11.12.2020 Telefon: X3: Samsung S10E (mini) Rəngi: Qara boz qarışıq Yaddaş: Ram 128g, 6gb Ekran: sağ tərəfində çat ilə İmei kod: **********41910 imei kod: **********41918 Soyad: X5: 11.12.2020» yazının göy rəngli diyircəkli qələmlə yazılmış sənəd cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə qeyd edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Beyləqan rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut - Şahid1 AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surəti üzərində «Tarix: 11.12.2020 Telefon: X3: Samsung S10E (mini) Rəngi: Qara boz qarışıq Yaddaş: Ram 128g, 6gb Ekran: sağ tərəfində çat ilə İmei kod: **********41910 imei kod: **********41918 Soyad: X5: 11.12.2020» yazının göy rəngli diyircəkli qələmlə yazılmış sənəd cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-176/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-176/2021
28.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver