Məhkəmə qərarları › İş №1(007)-176/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-176/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-176/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.2,177.2.3cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 10 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 18 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmiş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda ümumi təmiz çəkisi 0,791 qram olan narkotik vasitə heroini əldə edib hissələrə bölüb üzərində saxlayaraq daşımış, 07 oktyabr 2024-cü il tarixdə saat 15:45 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,384 qram və 0,185 qram, ümumi təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bəhruzla işlədiyi Nizami rayonu ərazisində yerləşən sexə gəlmişdir. Evə qayıdanda “Araz” marketin qarşısında polis əməkdaşları onları saxlayaraq Polis İdarəsinə aparmışlar. Saxlanılan vaxt onun üzərində 1 qram narkotik vasitə heroin olmuşdur. Polis İdarəsində bir büküm 3 büküm olmuşdur, yanında da tərəzi. Onun üzərində bir büküm olmuşdur, digər bükümləri və tərəzini ona polis əməkdaşları vermişlər. Sonra polis əməkdaşları onu öyrətmişlər ki, çəkilişdə 3 bükümü və tərəzini cibindən çıxardıb təqdim etsin. Tərəzi böyükdür onun cibinə necə yerləşə bilər. Onun kiməsə narkotik satmasını sübut etsinlər. Bəhruz onun tanışıdır. İdarədə Bəhruza “patı”, ona isə “kakos” vermişlər. Polis İdarəsində ona təzyiq edildiyindən məcbur olub 3 büküm və tərəzinin ona məxsus olmasını bildirmişdir. Məhkəmədən ona üzərində olan bir büküm narkotik vasitəyə görə cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə saat 15:45-də ünvan 4 ünvanın yaxınlığında tanışı Şahid1 ilə birlikdə piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərərək, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra həmin şəxslərlə birlikdə Nizami RPİ-nə gəlmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşyalar varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik olan, “kakos” kimi tanıdığı heroini və qara rəngli elektron tərəzini, sol yan cibindən qara rəngli “SAMSUNG” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri onun, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni saxlandığı gün, yəni xx.xx.2024-cü il tarixdə üzdən tanımadığı, sosial şəbəkə vasitəsilə tanış olduğu “Nasir” adlı İran İslam Respublikası vətəndaşının bank kartına 110 manat pul köçürdükdən sonra “Nasir”in bildirdiyi Nizami rayonu, T.Abbasov küçəsində yerləşən “ARAZ” marketin yaxınlığından götürdüyünü qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, tələbatını ödəmək üçün heroindən istifadə edir. Narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu “Nasir” adlı İran İslam Respublikası vətəndaşının bank kartına 110 manat pul köçürdükdən sonra xx.xx.2024-cü il tarixdə “Nasir”in bildirdiyi Nizami rayonu, T.Abbasov küçəsində yerləşən “ARAZ” marketin yaxınlığından götürmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nın NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 07 oktyabr 2024-cü il tarixdə Nizami RPİ-nin NMB-nə Bakı şəhəri, Nizami rayonu ərazisində “Tofiq” və “Bəhruz” adlı şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 oduğu müəyyən edilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və Nizami RPİ-nin NMBnin əməkdaşlarından ibarət qrup yaradılmışdır. 07 oktyabr 2024-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 7 ünvanının yaxınlığına yollanmışlar. Qeyd olunan ünvanın yaxınlığında özlərini şübhəli aparan, xarici görünüşcə Şahid1 və Təqsirləndirilən şəxs oxşar şəxslərin piyada gəldikləri müəyyən edilmişdir. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim etmişlər. Qeyd olunan şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişlər. Nizami RPİnin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə Müdafiəçi iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli elektron tərəzini, 03 ədəd şəffaf sellofan bükümü və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri sosial şəbəkə vasitəsilə tanış olduğu, üzdən tanımadığı “Nasir” adlı İran İslam Respublikası vətəndaşının kart hesabına pul köçürdükdən sonra xx.xx.2024-cü il tarixdə ünvan 9 ünvanının yaxınlığından götürdüyünü, tərəzini isə aldığı malın miqdarını ölçmək üçün istifadə etdiyini qeyd etmişdir. Həmin bükümlər açılıb içərisinə baxılan zaman orada qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş digər əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nın NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahid baş leytenantı Şahid3 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, məhlədən çıxanda Tofiqi görmüşdür. Tofiq ona işlədiyi sexdən nərdtaxta götürüb aparıb Sədərəkdə satmağı təklif etmişdir. Onlar avtobus və metro ilə Q.Qarayevə gəlmişlər. Orada “Araz” marketin qarşısında polis əməkdaşları onları saxlayaraq Nizami rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində üzərlərinə baxış keçirildikdə Tofiqin üstündən bir büküm çıxmış, lakin onun üzərində heç nə olmamışdır. Sonra onların üzərlərinə tərəzi, “patı” və “kakos” qoymuşlar. Latınca yazıb-oxuya bilmir. Polis əməkdaşları ona təzyiq göstərmişlər. Onun İranlı tanışı olmamışdır, yazıblar ki, İranlı ilə danışmışdır. Onun üzərində pul qabı, kartlar olmuşdur, onların heç biri yazılmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd şəffaf sellofana bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni və qara rəngli elektron tərəzini, sol yan cibindən qara rəngli “SAMSUNQ” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, aşkar olunan kütlələrin sosial şəbəkə vasitəsilə tanış olduğu, üzdən tanıdığı “Nasir” adlı İran İslam Respublikası vətəndaşından kartına pul vurmaqla T.Abbasov küçəsi 120 A ünvanının yaxınlığından götürdüyünü, tərəzini isə aldığı malın miqdarını ölçmək üçün istifadə etdiyini bildirmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4824 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunan maddə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,222 qram, 0,384 qram, 0,185 qram, ümumi təmiz çəkisi 0,791 qram qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin zərfdəki bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdə olan heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-282/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,791 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut qismində tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,701 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6/6984 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci və 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində 3 büküm narkotik vasitə-heroin və bir ədəd tərəzi aşkar edilməməsinə dair ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Məhkəmə Şahid1 ifadəsini təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1,177.2.2,177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 10 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 2 ay 18 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,701 qram narkotik vasitəheroin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət cəmi 35 iş saatı müddətinə bərabər olmaqla, 16 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (doxsan altı) manat (16x6) məbləğində, 19 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 209 (iki yüz doqquz) manat (19x11) məbləğində, cəmi 305 (üç yüz beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,701 qram narkotik vasitə-heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 305 (üç yüz beş) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar