Məhkəmə qərarları › İş №1(007)-177/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-177/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-177/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, fərdi qaydada işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 10A-da qeydiyyatda olmaqla yaşayan, 10 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs qardaşı Şahid harada olmasını soruşub, sonuncudan qardaşının harada olmasını bilmədiyi cavabını aldıqdan sonra Şahid ünvanına nalayiq sözlər söyləməsinə qardaşı Zərərçəkmiş şəxs haqlı iradını bildirən zaman xuliqanlıq niyyəti ilə özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ümumi davranış əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, buna heç bir hüquqi və faktiki əsas olmadan Zərərçəkmiş şəxs söyüb təhqir edərək qəsdən bir dəfə sonuncunun sifətindən yumruqla vurub Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid sol çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan alt çənə sümüyünün sol bucaq nahiyəsinin yerdəyisən sınığından ibarət xəsarət yetirməklə, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Saqi və Şahid qardaşlarını tanıyır, onların hər biri ilə münasibətləri normaldır. O, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektiindəki 89 nömrəli evin 3 nömrəli mənzilində ailəsi ilə birlikdə yaşayır. 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdə olmuşdur. Yaşadığı mənzil binanın 2-ci mərtəbəsində yerləşir və mənzilin çöl tərəfdən divar hissəsinə taksafon yerləşdirilmişdir. Həmin vaxt bir nəfər şəxsin taksafonla kiminləsə danışdığını və onun uca səslə söyüş söydüyünü eşitmişdir. Evdə ailəsi olduğundan çox narahat olmuş və pəncərədən baxanda söyüş söyən şəxsin Saqi olduğunu görmüşdür. Saqi bundan əvvəl də dəfələrlə həmin taksafonla uca səslə söyüşlər söymüş, həmin vaxtlar da ona öz iradını bildirmişdir. Buna görə o, mənzildən aşağıya düşmüş, nə üçün uca səslə söyüş söydüyünü, evində ailəsinin olduğunu və onları narahat etdiyini Saqiyə bildirmişdir. Həmin vaxt Saqi onun sözlərinə əsəbləşərək “yaxşı etmişəm” demişdir. Bundan sonra o, özünü saxlaya bilməyib sağ əli ilə Saqinin sol üzündən bir dəfə vurmuşdur. Saqi zərbənin təsirindən yerə yıxılmış, Saqi yerdə olduğu vəziyyətdə onun ayağına bir dəfə də təpiklə vurmuşdur. Bundan sonra Saqi oradan qaçaraq uzaqlaşmışdır. Hadisə zamanı onun əlində beşbarmaq olmamışdır, ümumiyyətlə onun belə aləti olmamışdır. O, Saqinin sol üzündən sağ əli ilə bir dəfə, yerə yıxıldıqdan sonra isə yerdə olduğu vəziyyətdə ayağından bir dəfə təpiklə vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərkən, əməlini etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəyərək onunla barışdığını, himayəsində üç azyaşlı uşağı olduğunu, ailədə ondan başqa işləyən olmadığını, atasının birinci Qarabağ müharibəsində iştirak edərək şəhid olduğunu göstərmiş, həmin halları nəzərə alaraq, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında normal münasibətləri vardır. 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən binanın həyətində olmuşdur. Həmin vaxtı hava soyuq və qaranlıq olduğu üçün ətrafda heç kim olmamışdır. Binanın qarşısında siqaret çəkən zaman Ələkbərin ona tərəf yaxınlaşdığını gömüşdür. Ələkbər yanına gəlmiş və söhbət etmişlər. Ələkbərlə söhbət edən zaman sərxoş olduğunu hiss etmişdir. Ələkbər qardaşı Rüstəmin harada olmasını soruşduqda, ona xəbərinin olmadığını demiş və Rüstəmi nə səbəbə axtarmasını soruşmuşdur. Bu zaman Ələkbər Rüstəmə söyüş söyməyə başlamışdır. Ələkbərlə Rüstəmin əvvəllər aralarında mübahisə baş vermişdir. Ələkbər qardaşına söyüş söydükdə ona öz iradını bildirmişdir. Ələkbər onun bu iradından narazı qalıb ona da söyüş söyməyə başlamışdır. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ələkbər ani bir anda sol yumruğu ilə sağ böyründən güclü zərbə ilə bir dəfə vurmuşdur. Zərbənin təsirindən əyilmiş və əli ilə sağ tərəfini tutan zaman Ələkbər təkrarən sağ əlini yumruq formasında sıxaraq sol çənə nahiyəsindən bir dəfə zərbə ilə vurmuşdur. Bundan sonra Ələkbər sifət nahiyəsindən sağ əli yumruqla vurmuşdur. Bundan sonra o, yerə yıxılmış, halı olmadığı üçün Ələkbəri vura bilməmişdir. Ələkbər isə oradan çıxıb getmişdir. Hadisə yerindən qalxaraq yaşadığı mənzilə getmiş, evdə olan qardaşı Rüstəm nə baş verdiyini soruşanda hadisə barədə ona danışmışdır. Bundan sonra Rüstəm onu taksi ilə 3 saylı şəhər klinik xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərmişdir ki, Ələkbər sifət nahiyəsindən vuranda onun sağ əlində “beşbarmaq” kimi tanıdığı dəmir parçasını görməmişdir. Sifət nahiyəsinə yumruqla vuran zaman dəmir parçasının dəyməsini hiss etmişdir. Buna görə də Ələkbərin əlində “beşbarmaq” olmasını zənn edərək ilkin ərizə və izahatında Ələkbərin onu “beşbarmaq”la vurduğunu göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurduğu maddi ziyanı ödədiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 fevral 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 21 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisənin hansı qaydada baş verdiyini şifahi izah etməklə, hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 20-21) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 01 fevral 2021-ci il tarixli 51 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan alt çənə sümüyünün sol bucaq nahiyəsinin yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, şəxsin göstərdiyi müddətdə, yəni 12.01.2021-ci il tarixdə yarana bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərə vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində yaranması inandırıcı deyil. (i.v. 25-26) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsin Nizami rayon şöbəsi tərəfindən verilmiş təkrar məhkəmə-tibbi ekspertizasının 27 fevral 2021-ci il tarixli 07/51 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol çənə bucağı nahiyəsinin şişkinlik halında əzilməsi ilə müşayiət olunan alt çənə sümüyünün sol bucaq nahiyəsinin yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, şəxsin göstərdiyi müddətdə, yəni 12.01.2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərə vurmaya aiddir. Qeyd olunan xəsarət müxtəlif bərk küt əşyanın təsirindən törənə bilərdi, o cümlədən həm yumruq zərbəsi nəticəsində, həm də ki, “beşbarmaqla” zərbə endirmə nəticəsində alınması inkar olunmur. (i.v. 59-60) -Sübutların qiymətləndirilməsi haqqında 18 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Şahid bıçaqla hədə-qorxu gəlməsi faktı öz təsdiqini tapmadığı üçün Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin onun barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 118-124) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. (i.v. 58-60) -Bakı şəhəri Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 10 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 96-97) -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 07 may 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, müalicə xərcləri ödənilmişdir. -“xxxx” MTK-dan verilmiş 03 iyun 2021-ci il tarixli 48 nömrəli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri - həyat yoldaşı X1, 05 iyun 2013-cü il təvəllüdlü X5, 13 oktyabr 2014-cü il təvəllüdlü X2 və 07 iyul 2020-ci il təvəllüdlü X6 adlı uşaqlarından ibarətdir. - AZ-İ seriyalı, 289196 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 29 yanvar 1996-cı il tarixdə Füzuli rayonunda gedən hərbi döyüşlərdə ölmüşdür. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon şöbəsinin 03 iyun 2021-ci il tarixli 247 nömrəli məktubundan görünür ki, X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlar zamanı 13 yanvar 1993-cü il tarixdə yaralanaraq, 29 yanvar 1996-cı il tarixdə vəfat etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2328/2009 nömrəli qətnaməsinə əsasən X3 şəhidlik statusu verilmişdir. -Nizami rayon ƏSMM tərəfindən verilmiş ******* nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsinin üzvüdür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə bununla yanaşı Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, atasının birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəhid olmasını, şəhid ailəsinin üzvü olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs baxılan işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır, ona görə də cəza müddətinin hesablanması zamanı Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin müddəlarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs ərizə verərək ona vurulmuş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar