Məhkəmə qərarları › İş №1(007)-177/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-177/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-177/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxx 1973-cü ildə Ermənistan Respublikası, Yerevan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, 12 noyabr 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.793 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 12 noyabr 2022-ci il tarixdə, saat 20:45 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Nizami RPİnin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0.793 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik maddə istifadəçisi olsa da, ittihamda göstərilən vaxt üzərində narkotik maddə olmamışdır. 12 noyabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxladıqdan sonra polis bölməsinə gətirmişlər. O, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparmış və üzərində heç bir narkotik vasitə tapa bilməmişlər. Bununla belə polis əməkdaşları ona guya üzərində narkotik vasitə olmasını etiraf etməyi təklif etmişlər, etiraf etmədiyi təqdirdə isə onun oğlunu cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitə saxladığını boynuna götürmüş və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokola və başqa bir neçə sənədə, onların məzmunu ilə tanış olmadan imza etmişdir. Əslində isə o, sadəcə araq oğurladığı üçün polis əməkdaşları tərəfindən tutulmuş, sonradan əlavə olaraq boynuna narkotik maddə saxlaması da qoyulmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, polis işçilərinin qanunsuz hərəkətləri və ona göstərilən psixi təzyiqlər barədə istintaq zamanı müstəntiqə heçnə deməmişdir. Çünki o, hesab etmişdir ki, müstəntiq ona heç bir kömək edə bilməyəcək, bu işdə əsas söz sahibi ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işinə baxan hakim olacaq və o, yol verilmiş qanunsuzluqlar barədə məhz həmin hakimə danışacaqdır. Eyni səbəbdən o, vəkilinə də iş üzrə heç bir irad və şikayətini bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 20:45 radələrində iş yoldaşı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid3 ilə ünvan 2 ünvanda xidmət aparan zaman iki nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxlərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxslərdən şəxsiyyətlərini təsdiq edən sənəd soruşmuşlar. Həmin şəxslər özlərini şübhəli apardıqlarından və zahiri əlamətlərindən narkotik maddə qəbul edən şəxslərə oxşadıqları üçün həmin şəxsləri Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər onlarla razılaşaraq birlikdə bölməyə gəlmiş və onlar raport yazıb həmin şəxsləri bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə həmin şəxslərdən birinin xx.xx.1984-cü ildə ünvan 5 ünvanda qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayan X1, digər şəxsin xx.xx.1973-cü ildə Ermənistan Respublikası, Yerevan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra bölmə rəisinin göstərişinə əsasən həmin şəxslərin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra onun və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “göy rəngli cins şalvarının sağ yan kiçik cibindən çıxararaq təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroindir. Təxminən 03 il olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 15 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Qeyd etmişdir ki, şəxsi axtarış və götürmə zamanı video kameranın videoçəkmə funksiyalarından istifadə edilməklə əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 12 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 noyabr 2022-ci il tarixli, 6/6527 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)....” sözləri və soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz, çəkisi 0,793 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Həmin maddənin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 0.743 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və kapitanı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisinə baxdıqda həmin bükümiin içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, göy rəngli cins şalvarının sağ yan kiçik cibindən çıxararaq təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə heroindir. Təxminən 03 il olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində tanımadığı şəxsdən 15 manata alıb əynində olan göy rəngli şalvarının sağ yan kiçik cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır”. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi iizrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəkilişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 03 dəqiqə 38 saniyə davam etmişdir. Tərəfinidən DVD diskinə baxış keçirildikdən sonra protokol tərtib olundu və disk əvvəlki zərfinə qoyularaq cinayət işinə əlavə edildi. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 noyabr 2022-ci il tarixli, 6821 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X1 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması, ********* nömrəli cinayət işi üzrə baxış protokolu, təqsirləndirilən şəxsin ifadələrinin, şahidlərin ifadələrinin, ekspert rəylərinin kserosurətlərinin çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq qalan 0.743 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Maddi sübutların saxlanılması otağına təhvil verilməsi, istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan gümüşü rəngli “Ahuang” sözü yazılmış DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs olunun özünü müdafiə etmək üçün heç bir dəlil gətirməməsinin iş üzrə nəzərə alınması qərara alınmışdır. Məhkəmə hesab edir ki, narkotik vasitənin aşkar edilməsi zamanı polis işçiləri tərəfindən ona psixi zor tətbiq edilməsi nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi və həmin vaxt üzərində narkotik vasitə olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, polis işçiləri tərəfindən psixi zor tətbiq edilməsi barədə həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “DVD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 noyabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmündən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qərarına əsasən, məhkum Təqsirləndirilən şəxs barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816 VQD saylı Qanunu tətbiq edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə dair müddəalar xaric edilmiş və CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə onun üzərində 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 07 may 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 12 noyabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 14 noyabr 2022ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 14 noyabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 12 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 14 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.743 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 45 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 12 noyabr 2022-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 0.743 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 45 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar