Məhkəmə qərarları › İş №1(007)-18/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-18/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-18/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Ələddin qızının, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, MİK-11, ev 29, mənzil 48-də qeydiyyatda olmaqla yaşayan, 10 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 may 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin əl çantasından əmlakını çıxarmaqla gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını gizli olaraq talama məqsədilə 03 fevral 2021-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda Zərərçəkmiş şəxs1 əl çantasından, içərisində sonuncuya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, “Unibank” tərəfindən verilmiş hər birinin dəyəri 10 manat olan 02 ədəd, 5169 3544 1926 7213 və 5243 7544 1111 9157 nömrəli (Albalı) plastik kartlar və 530 manat nağd pul vəsaiti olan 15 manat dəyərində 01 ədəd pul kisəsini gizli olaraq çıxarmaqla talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 565 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 23 aprel 2021-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda Zərərçəkmiş şəxs4 əl çantasından içərisində 500 manat nağd pul olan 08 manat dəyərində pul kisəsini gizli olaraq çıxarmaqla talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 508 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda X1 əl çantasından içərisində qaz, su və işıq sayğaclarının kartları, "xxxx" tərəfindən verilmiş sonuncunun adına olan 01 ədəd 10 manat dəyərində plastik təqaüd kartı və 01 ədəd 10 manat dəyərində plastik “Bir Kart”, “Unibank” tərəfindən verilmiş 01 ədəd 10 manat dəyərində “Albalı” plastik kartı, Gülşənəm Rzayevaya və qızı X3 məxsus olan 2 ədəd şəxsiyyət vəsiqələri, övladları X11 və X5 məxsus 2 ədəd doğum haqqında şəhadətnamələr, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən 2 sot torpaq sahəsinə dair notarial etibarnamə və 500 manat nağd pul olan 5 manat dəyərində pul kisəsini gizli olaraq çıxarmaqla talayıb ümumilikdə Gülşənəm Rzayevaya 535 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədilə 30 aprel 2021-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda Zərərçəkmiş şəxs3 əl çantasından içərisində sonuncuya məxsus AA******* nömrəli, övladları X8 məxsus AA1404318 nömrəli, X9 məxsus AA2838491 nömrəli, anası X4 məxsus AZE 03797906 nömrəli olmaqla ümumilikdə 4 ədəd şəxsiyyət vəsiqələri, sonuncuya məxsus, balansında heç bir məbləğdə pul olmayan, “Beynəlxalq Bank” tərəfindən verilmiş 10 manat dəyərində, 6762 6111 0749 6803 nömrəli plastik kart və 200 manat nağd pul olan 10 manat dəyərində pul kisəsini çıxarmaqla gizli olaraq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 220 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 fevral 2021-ci il tarixdə saat 13 radələrində bacısı Şahid3 Ağamməd qızı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na gəlmişlər. Bazarda bir qədər gəzişib zəruri şeyləri aldıqdan sonra çərəz satılan yerdə əvvəllər tanımadığı, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 çərəz aldıqdan sonra ödəniş edib pul kisəsini əl çantasının içərisinə qoyduğunu görmüşdür. Könül əl çantasının “zamok”unu bağlamağı unutduğundan pul kisəsini açıq vəziyyətdə görüb onu oğurlamaq qərarına gəlmişdir. Əlini çantaya salıb pul kisəsini gzli olaraq talamışdır. Pul kisəsini oğurladığını nə Könül, nə də bacısı Dilşad görməmişlər. Bir qədər kənara çəkildikdən sonra gizlin olaraq pul kisəsini açmış, içərisində olan nağd pulu götürüb pul kisəsini kənara atmışdır. Pul kisəsinin içərisində başqa nə olduğunu görməmişdir. Evə qayıdanda avtobusda olarkən oğurladığı pulları saymış və 200 manat olduğunu bilmişdir. Həmin pulu səhhəti ilə bağlı dərman almağa xərcləmişdir. Bundan başqa, 23 aprel 2021-ci il tarixdə saat 14 radələrində “8-ci kilometr bazarı”nda olduğu vaxt əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs4 olduğunu öyrəndiyi qadının əl çantasından pul kisəsini oğurlamışdır. Pul kisəsinin içərisində olan 500 manat nağd pulu götürdükdən sonra boş pul kisəsini bazarda, oğurluq etdiyi yerdən bir qədər kənarda atmışdır. Bundan başqa, 23 aprel 2021-cı il tarixdə saat 15 radələrində yenə “8-ci kilometr bazarı”nda əvvəllər tanımadığı, sonradan adının X6 olduğunu öyrəndiyi qadının əl çantasından içərisində qaz, su və işıq sayğaclarının kartları, "xxxx" tərəfindən verilmiş bir ədəd plastik kart və bir ədəd plastik “Bir Kart”, bir ədəd “Albalı” plastik kartı, iki ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd doğum haqqında şəhadətnamə, torpaq sahəsinə dair notarial etibarnamə və 500 manat nağd pul olan pul kisəsini oğurlamışdır. Pul kisəsinin içərisində olan 500 manat pulu götürdükdən sonra pul kisəsində olan sənədlərin tapılıb sahibinə qaytarılması üçün bazarda, oğurluq etdiyi yerdən bir qədər kənarda, alıcıların sıx keçdiyi yerdə, alış-veriş aparılmayan piştaxtanın üzərinə atmışdır. Bundan başqa, 30 aprel 2021ci il tarixdə saat 13 radələrində “8-ci kilometr bazarı”nda olduğu vaxt əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu öyrəndiyi qadının əl çantasından içərisində 4 ədəd şəxsiyyət vəsiqəsi, “Beynəlxalq Bank”ın plastik kartı və 200 manat nağd pul olan pul kisəsini oğurlamışdır. Pul kisəsinin içərisində olan 200 manat pulu götürdükdən sonra həmin pul kisəsində olan sənədlərin tapılıb sahibinə qaytarılması üçün bazarda, oğurluq etdiyi yerdən bir qədər kənarda, alış-veriş aparılmayan piştaxtanın üzərinə atmışdır. O, əldə etdiyi bütün pulları səhhəti ilə bağlı dərman almaq üçün xərcləmişdir. Onun məqsədi pul kisələrində olan nağd pulu ələ keçirmək olmuşdur. Pul kisələrində sənəd və ya bank kartları olduğu halda pulu götürdükdən sonra sənədləri və bank kartlarını pul kisəsinin içərisində saxlayaraq bazarda olan piştaxtaların üstünə qoymuşdur ki, kim tapsa sahibinə qaytarsın. 10 may 2021-ci il tarixdə bacısı Dilşadla birlikdə metronun “Neftçilər” stansiyasının yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər onlara yaxınlaşıb özlərini 24-cü polis şöbəsinin əməkdaşları kimi təqdim edərək onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən o, törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. O, bütün oğurluqları özü tək etmişdir, Dilşad bu barədə yalnız polis onları saxladıqdan sonra bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışıq əldə etdiyini, özünün onkolji xəstə olduğunu, himayəsində iki uşağı olduğunu, onları özünün tək böyütdüyünü, bir daha belə əməllərə yol verməyəcəyini göstərərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 03 fevral 2021-ci il tarixdə saat 13 radələrində bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na getmiş, bazardan çərəz alanda pul kisəsindən ödəniş edib pul kisəsini əl çantasının içərisinə qoymuşdur. Həmin vaxt saat 14 radələri olmuşdur. Çərəz aldığı mağazadan kənarlaşıb yanında olan azyaşlı uşağına ayaqqabı almaq üçün Naxçıvanski küçəsi 48 ünvanında yerləşən ayaqqabı satışı yerinə yaxınlaşdıqda ayaqqabını satan şəxs belindən asdığı əl çantasının “zamok”unun açıq vəziyyətdə olduğunu bildirdikdə, o, əl çantasına baxmış, bu zaman içərisində şəxsiyyət vəsiqəsi, “Unibank” tərəfindən verilmiş 02 ədəd plastik kart və 530 manat olan pul kisəsinin yerində olmadığını görüb oğurlandığını başa düşmüşdür. Bununla bağlı 24-cü polis şöbəsində ərizə yazarkən, X19 əməkdaşı polis şöbəsinə ona məxsus pul kisəsini gətirərək vətəndaşlar tərəfindən “8-ci kilometr bazarı”nda yerdən tapılıb polisə təhvil verildiyini bildirmişdir. Pul kisəsinə baxdıqda şəxsiyyət vəsiqəsinin və iki ədəd plastik kartın yerində olsa da, 530 manat pulunun pul kisəsində olmadığını görmüşdür. Polis şöbəsində onun pul kisəsi özünə qaytarılmışdır. Kartların hər birinin dəyəri 10 manat olmuşdur. Araşdırma zamanı hazırkı Təqsirləndirilən şəxs müəyyən edilmiş, ona tanınmaya təqdim edilən şəxslərin içərisindən həmin şəxsi tanımış, xatırlamışdır ki, həmin şəxs o, çərəz alıb pul kisəsindən ödəniş edərək pul kisəsini əl çantasının içərisinə qoyan vaxt yanında olmuşdur. Ona dəymiş 565 manat maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na getmişdir. Bazardan zəruri ərzaq məhsulları aldıqdan sonra saat 15 radələrində tərəvəz satışı ilə məşğul olan piştaxtaya yaxınlaşıb pomidor almaq istəmişdir. Satıcı ilə söhbət edən zaman əvvəllər tanımadığı, başı örtülü, üzlərində tibbi maska olan iki qadın ona yaxınlaşmışdır. Onlardan biri onun sağ tərəfinə keçib piştaxtanın qarşısında dayanmış, digər qadın isə onun sol tərəfinə yaxınlaşıb bir qədər dayanmışdır. Sağ tərəfdən ona yaxınlaşmış qadın pomidorun neçəyə satıldığını soruşmuş, o, pomidorun yaxşı olduğunu və münasib qiymətə satıldığını dedikdən sonra həmin qadın onun arxa tərəfinə keçmişdir. Sol tərəfində dayanmış hicablı qadın isə sağ tərəfinə keçmişdir. O, buna əhəmiyyət verməmişdir. Pomidor seçən zaman həmin qadınlar aralanıb getmişlər. Pomidoru seçdikdən sonra satıcı ilə aralarında razılaşma olmadığından pomidor almadan digər piştaxtanın qarşısına getmişdir. Orada göyərti alıb pulunu ödəmək istədikdə belindən asdığı əl çantasından içərisində qaz, su və işıq sayğaclarının kartları, "xxxx" tərəfindən verilmiş öz adına olan 01 ədəd plastik təqaüd kartı və 01 ədəd plastik “Bir Kart”, “Unibank” tərəfindən verilmiş öz adına olan 01 ədəd “Albalı” plastik kartı, özünə və qızı Muradova Natavana məxsus olan 02 ədəd şəxsiyyət vəsiqəsi, övladları Qasımova Aysu və Qasımova Zəhraya məxsus 02 ədəd doğum haqqında şəhadətnamə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən 2 sot torpaq sahəsinə dair notarial etibarnamə və 500 manat nağd pul olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. 24-cü polis şöbəsinə gedərək baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Ona məxsus pul kisəsini uzun müddətdir almış, dəyəri 5 manat olmuşdur. 3 ədəd bank kartlarını hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 30 manat ödəyərək bərpa etdirmişdir. Pul kisəsində olan qaz, su və işıq sayğaclarının kartlarını, özünə və övladlarına məxsus sənədlərin və torpaq sahəsinə dair etibarnamənin oğurlanması barədə istintaqdan təqdim olunmuş arayış əsasında heç bir rüsüm ödəmədən bərpa etdirmişdir. Polisdə aparılan araşdırma zamanı oğurluğu edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona tanınmaya təqdim edilən şəxslərin içərisindən həmin şəxsi tanımışdır. Ona dəymiş 535 manat maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 29 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində bazarlıq etmək üçün Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na getmişdir. Saat 12:30 radələrində bazarda geyim mağazasından anası üçün paltar almaq istəyərkən əvvəllər tanımadığı, başı örtülü, üzlərində tibbi maska olan iki qadın ona yaxınlaşıb bir qədər sıxışdırmışlar. O, buna əhəmiyyət verməmişdir. Sonradan qadınlar ondan aralanıb getmişlər. Qadınlar ondan aralandıqdan sonra əl çantasına baxdıqda içərisində özünə, övladları X12 və X9, anası X4 məxsus, ümumilikdə 4 ədəd şəxsiyyət vəsiqəsi, təqaüddə olan anasına məxsus, balansında pul olmayan “Beynəlxalq Bank”ın plastik kartı və 200 manat nağd pul olan pul qabının oğurlandığını aşkar etmişdir. 24-cü polis şöbəsinə gedərək hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. O, ərizə yazarkən ona məxsus qara rəngli, “zamok”lu pul qabı bazar ərazisindən tapılaraq polis əməkdaşlarına verildiyi bildirilmişdir. Həmin gün polis əməkdaşları tərəfindən pul qabı ona qaytarılmışdır. Pul qabı tapılarkən içərisində olan şəxsiyyət vəsiqələri və bank kartı yerində olsa da, 200 manat nağd pul oğurlanmışdır. İstintaq zamanı oğurluğu edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona tanınmaya təqdim edilən şəxslərin içərisindən həmin şəxsi tanımışdır. Ona dəymiş 220 manat maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İusubova Durdane (Zərərçəkmiş şəxs4) ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə saat 13:00 radələrində bazarlıq etmək üçün rəfiqəsi Şahid1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na getmişdir. Bazardan zəruri ərzaq məhsulları aldıqdan sonra, saat 13:30 radələrində tərəvəz satışı ilə məşğul olan piştaxtaya yaxınlaşıb alış-veriş edib pulunu ödəmək istədikdə əl çantasından içərisində 500 manat nağd pul olan pul kisəsinin oğurlandığını aşkar etmişdir. 24-cü polis şöbəsinə gedərək hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. O, pul qabını hadisədən 1-2 həftə əvvəl metronun “Həzi Aslanov” stansiyasının yaxınlığından 08 manata almışdır. Hadisə nəticəsində ona ümumilikdə 508 manat miqdarında maddi ziyan dəymişdir. İstintaq zamanı oğurluğu edən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, ona tanınmaya təqdim edilən şəxslərin içərisindən həmin şəxsi tanımışdır. Ona dəymiş 508 manat maddi ziyanı ödədiyinə görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ağamməd qızı ifadəsində göstərmişdir ki, bacısı Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na getmişlər. Həmin bazarda qiymətlər başqa bazarlara nisbətən münasib olduğundan mütəmadi olaraq evləri üçün oradan bazarlıq etmişlər. 03 fevral 2021-ci il tarixdə saat 13 radələrində Fəridə ilə birlikdə yenə “8ci kilometr bazarı”na getmişlər. Bazarda bir qədər gəzişib zəruri şeyləri aldıqdan sonra evə qayıtmışlar. 09 may 2021-ci il tarixdə Fəridə ilə birlikdə Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyasının yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər onlara yaxınlaşıb özlərini 24-cü polis şöbəsinin əməkdaşları kimi təqdim edərək onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Fəridə 03 fevral 2021-ci il tarixdə bazarda olarkən əvvəllər tanımadıqları, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 əl çantasından pul kisəsini oğurladığını etiraf etmişdir. Fəridə oğurluq etməsi barədə ona heç bir söz deməmişdir, o, bu barədə polis şöbəsinə aparıldıqdan sonra bilmişdir. İbtidai istintaq zamanı dindirilmiş şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından, onların həmin ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, 23 aprel 2021-ci il tarixdə saat 13:30 radələrində alış-veriş etmək üçün rəfiqəsi Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”na gəlmişlər. Bazardan zəruri ərzaq məhsulları aldıqdan sonra tərəvəz satışı ilə məşğul olan piştaxtaya yaxınlaşıb alışveriş edən zaman əvvəllər tanımadığı iki nəfər hicablı qadın Dürdanəyə yaxın məsafədə dayanıb satıcıdan nəyinsə qiymətini soruşmuşlar. Həmin qadınlar getdikdən sonra Dürdanə əl çantasında olan pul kisəsini götürmək istədikdə, pul kisəsinin oğurlandığını aşkar etmişdir. Bundan sonra onlar birlikdə Nizami RPİ-nin 24-cü PŞ-nə getmişlər və Dürdanə baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi yazmışdır. Əlavə olaraq, konkret Dürdanənin pul kisəsinin kimin götürdüyünü görmədiyini, lakin qeyd etdiyi kimi, qara rəngli, yaxası ağ xallı paltar geyinmiş, hicablı qadının Dürdanəyə çox yaxınlaşdığını gördüyünü qeyd etmişdir. Ona görə də pul kisəsinin oğurlandığını aşkar etdikdə o, həmin qadından şübhələnmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, ƏÇPA-nın 5-ci polis bölüyünün polis nəfəri vəzifəsində işləyir, polis serjantıdır. 03 fevral 2021-ci il tarixdə saat 08 radələrində xidmətə gəlmiş, həmin gün saat 14 radələrində xidmət apardığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr bazarı”nda tanımadığı qadın ona yaxınlaşaraq yerdən pul kisəsi tapdığını bildirmiş və həmin pul kisəsini ona təqdim etmişdir. O, pul kisəsini götürüb Nizami RPİ-nin 24-cü PŞ-nin növbətçi hissəsinə aparıb təhvil vermişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 polis şöbəsinə gələrək “8ci kilometr bazarı”nda naməlum şəxslər tərəfindən pul kisəsinin oğurlanması barədə ərizə ilə müraciət edir. Gətirdiyi pul kisəsi Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. Sonuncu pul kisəsinə baxdıqda şəxsiyyət vəsiqəsinin və iki ədəd plastik bank kartlarının yerində olmasını, beş yüz otuz manat pulun isə oğurlandığını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 əl çantasından şəxsiyyət vəsiqəsi, iki ədəd plastik kartın və 530 manat nağd pul olan pul kisəsinin oğurlanması faktı üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 03 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-10) - 14 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2, X7 və Zərərçəkmiş şəxs3 şikayət ərizələri əsasında toplanmış materiallar ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 102) - 23 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 116) - 24 aprel 2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskə Zərərçəkmiş şəxs2 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı 23 aprel 2021-ci il tarixdə saat 17:32-də həmin şəxs “8-ci km bazarı”nda tərəvəz satan piştaxtanın önündə dayanarkən arxa tərəfdən ona yaxınlaşan iki nəfər baş örtülü qadının birinin Zərərçəkmiş şəxs2 sağ tərəfinə keçməsi, digər hicablı qadının isə Zərərçəkmiş şəxs2 sol çiynindən asılan əş çantasının içindən pul qabını götürməsi müəyyən edilmişdir. (i.v. 118) - 30 aprel 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 127-128) - 14 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X6 ona tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin ona qarşı cibgirlik cinayət əməlini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, baxışlarından, boyundan və üz cizgilərinin formasından tanıdığını qeyd etmişdir. (i.v. 150-152) - 14 may 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda quraşdırılmış nəzarət-müşahidə kamerasında 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində qeydə alınmış video görüntülərin olduğu bir ədəd DVD diskə baxış zamanı Zərərçəkmiş şəxs2 görüntülərdə olan, tərəvəz satışı ilə məşğul olan piştaxtaya yaxınlaşıb pomidor almaq istəyən sarı saçlı qadının özü olduğunu, satıcı ilə söhbət edən zaman ona yaxınlaşan, əvvəllər tanımadığı başı örtülü, üzlərində tibbi maska olan iki qadının sağ tərəfdən ona yaxınlaşdıqlarını, sonradan onun arxa tərəfinə keçən hicablı qadının istintaq zamanı ona tanınmaya təqdim edilmiş Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. (i.v. 153) - 16 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ödədiyi 500 manat nağd pul Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. (i.v. 154) - 17 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 ona tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin ona qarşı cibgirlik cinayət əməlini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, boyundan və üz cizgilərinin formasından tanıdığını qeyd etmişdir. (i.v. 164-166) - 17 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 istintaqa təqdim etdiyi ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda aşkar olunaraq polis əməkdaşları tərəfindən ona qaytarılmış pul qabına baxış keçirilmiş, baxış zamanı pul qabında Zərərçəkmiş şəxs3 məxsus AA******* nömrəli, X8 məxsus AA1404318 nömrəli, X9 məxsus AA2838491 nömrəli, X4 məxsus AZE 03797906 nömrəli olmaqla ümumilikdə 4 ədəd şəxsiyyət vəsiqəsi, sonuncuya məxsus 6762 6111 0749 6803 nömrəli “Beynəlxalq Bank”ın plastik kartı aşkar olunmuşdur. (i.v. 167-168) - 17 may 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda quraşdırılmış nəzarət-müşahidə kamerasında 29 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində qeydə alınmış videogörüntülərin olduğu bir ədəd DVD diskə Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid3 Ağamməd qızının cibgirlik cinayət hadisəsi baş verən zaman, yəni 29 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində “8-ci km bazarı”nda geyim əşyalarının satışını həyata keçirən mağazalara daxil olmaları və alış-veriş köşklərinin qarşısından keçmələri açıqaşkar görünür. (i.v. 169) - 17 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ödədiyi 200 manat nağd pul Zərərçəkmiş şəxs3 tərəfindən təhvil alınmışdır. (i.v. 170) - 18 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs4 ona tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin ona qarşı cibgirlik cinayət əməlini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, boyundan və üz cizgilərindən tanıdığını qeyd etmişdir. (i.v. 188-190) - 18 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ödədiyi 508 manat nağd pul Zərərçəkmiş şəxs4 tərəfindən təhvil alınmışdır. (i.v. 191) - 25 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim edilmiş eyni cinsdən olan 4 nəfər şəxsi nəzərdən keçirib Təqsirləndirilən şəxs göstərərək həmin şəxsin ona qarşı cibgirlik cinayət əməlini törətmiş şəxs olduğunu bildirmiş, onu sifət quruluşundan, boyundan və üz cizgilərindən tanıdığını qeyd etmişdir. (i.v. 198-200) - 25 may 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda aşkar olunaraq polis əməkdaşları tərəfindən ona qaytarılmış pul qabına baxış keçirilmiş, baxış zamanı pul qabında Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, sonuncuya məxsus 5169 3544 1926 7213 və 5243 7544 1111 9157 nömrəli, (Albalı) “Unibank” tərəfindən verilmiş plastik kartlar aşkar olunmuşdur. (i.v. 201-202) - 25 may 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda quraşdırılmış nəzarət-müşahidə kamerasında 03 fevral 2021-ci il tarixdə saat 14 radələrində qeydə alınmış videogörüntülər olan bir ədəd DVD diskə Zərərçəkmiş şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs və Şahid3 Ağamməd qızının cibgirlik cinayət hadisəsi baş verən zaman, yəni 29 aprel 2021-ci il tarixdə saat 13:47-də “8-ci km bazarı”nda geyim əşyalarının satışını həyata keçirən mağazaların qarşısından keçmələri açıq-aşkar görünür. (i.v. 203) - 25 may 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ödədiyi 530 manat nağd pul Zərərçəkmiş şəxs1 tərəfindən təhvil alınmışdır. (i.v. 204) - 31 may 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddlərinə tövsif edilmişdir. (i.v. 205-206) - 14 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3-1, 180 və 326-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 Ağamməd qızının əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, ünvan 1 ünvanında yerləşən “8-ci kilometr bazarı”nda quraşdırılmış nəzarətmüşahidə kameralarında 03 fevral 2021-ci il tarixdə saat 14 radələrində, 23 aprel 2021-ci il tarixdə saat 15 radələrində və 29 aprel 2021-ci il tarixdə saat 12:30 radələrində qeydə alınmış videogörüntülərin 03 ədəd DVD diskləri, Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, sonuncuya məxsus 5169 3544 1926 7213 və 5243 7544 1111 9157 nömrəli, (Albalı) “Unibank” tərəfindən verilmiş iki ədəd plastik kartlar, Zərərçəkmiş şəxs3 məxsus AA******* nömrəli, X8 məxsus AA1404318 nömrəli, X9 məxsus AA2838491 nömrəli, X4 məxsus AZE 03797906 nömrəli olmaqla ümumilikdə 4 ədəd şəxsiyyət vəsiqəsi, sonuncuya məxsus 6762 6111 0749 6803 nömrəli “Beynəlxalq Bank”ın plastik kartı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 226-236) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 may 2021-ci il tarixli protokoldan görünür ki, X2 Azərbaycan Respublikası CMnin 177.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 67) - 12 may 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən təqsirləndirilən şəxs X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 94-96) - 12 may 2021-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən təqsirləndirilən şəxs X2 müvəqqəti tutulmaqdan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 171-172) -“X22” MMC-dən və Sumqayıt Onkoloji Xəstəxanasından verilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “12 b.b. xoraları və çapıq deformasiyası. Səthi qastrit. Kardial çatmamazlıq. Diafraqma qida borusu dəliyinin sürüşkən yırtığı”, “Uşaqlıq boynunun şüa terapiyasından sonrakı vəziyyət” diaqnozu ilə müayinə və müalicədə olmuş, “Uşaqlığın artımlarla birlikdə geniş eksterpasiyası” cərrahiyyə əməliyyatı keçirmişdir (i.v. 54-55) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə maddi ziyanı tam şəkildə ödəyərək iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, digər iki nəfər zərərçəkmiş şəxsin isə ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə o cümlədən Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onkoloji xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələbinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ilk dəfə qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halların məcmusunu, cəzanı ağırlaşdıran halların isə olmamasını, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinin müddəalarına müvafiq qaydada hesablanmaqla təyin olunacaq cəza müddətindən çıxılmalı, onun üzərində qəti müddətə cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 03 ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, müvafiq sənəd və əşyaların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, qərar əsasında dəvət olunmuş vəkil məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 10 may 2021-ci il tarixdən 12 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin, sonuncuya məxsus 5169 3544 1926 7213 və 5243 7544 1111 9157 nömrəli, (Albalı) “Unibank” tərəfindən verilmiş iki ədəd plastik kartın, Zərərçəkmiş şəxs3 məxsus AA******* nömrəli, X8 məxsus AA1404318 nömrəli, X9 məxsus AA2838491 nömrəli, X4 məxsus AZE 03797906 nömrəli olmaqla ümumilikdə 4 ədəd şəxsiyyət vəsiqəsinin, sonuncuya məxsus 6762 6111 0749 6803 nömrəli “Beynəlxalq Bank”ın plastik kartının məhkəməyədək icraat zamanı müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar