Məhkəmə qərarları › İş №1(007)-18/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-18/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-18/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 14 fevral 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 2 ünvanının giriş qapısının kilidinin açıq olmasından istifadə edib həmin qapını açıb, qanunsuz olaraq yaşayış sahəsinə daxil olaraq mənzilin yataq otağında olan dolabın içərisindən hər birinin dəyəri 20 manat olan, ümumilikdə dəyəri 80 manat təşkil edən 4 ədəd yataq örtüyü, dəyəri 80 manat olan 1 ədəd pərdə dəsti, dəyəri 60 manat olan 1 ədəd süfrə, dəyəri 100 manat olan 1 ədəd təzə pərdə, mənzilin girişindəki asılqandan asılmış bir ədəd dəyəri 120 manat olan kişi gödəkçəsi, birinin dəyəri 70 manat, birinin dəyəri 85 manat, digərinin dəyəri 80 manat olan 3 ədəd qadın gödəkçələrini gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 675 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, heç yerdə işləmir. Təxminən bir il olar ki, «kakos» adlandırılan narkotik vasitəni qəbul edir. Narkotiki inyeksiya yolu ilə damarına yeritməklə qəbul edir. 14 fevral 2022-ci il tarixdə səhər saat 14 radələrində kirayə yaşadığı evdən çıxıb mağazaya gedərkən üzərində olan, qabaqcadan evdə olarkən hazırladığı narkotik vasitəni damarına vurmaq üçün yaşadığı ünvanın yaxınlığında yerləşən ünvan 3irişinə daxil olmuşdur. Girişin 3-cü mərtəbəsinə qalxıb narkotiki qəbul etmişdir. Üçüncü mərtəbəyə qalxan zaman girişin birinci mərtəbəsində mənzilin qapısının aralı olduğunu görmüşdür. Narkotiki qəbul edib aşağı düşərkən mənzilin giriş qapısının hələ də aralı olduğunu görmüş, sakitcə qapını aralayıb mənzilə daxil olaraq sol tərəfə keçib otağa daxil olmuşdur. Orada olan dolabın içərisindəki qutuda olan bir ədəd təzə vəziyyətdə süfrəni, sellofan paketlərdə olan 4 ədəd yataq örtüyünü, 1 ədəd işlənmiş pərdə dəstini, 1 ədəd təzə pərdə dəstini götürmüşdür. Otağı tərk edib çıxan zaman girişdə asılqandan asılmış 3 ədəd gödəkçəni də özü ilə götürüb mənzili tərk etmişdir. Əvvəllər tanıdığı, bir neçə dəfə birlikdə narkotik vasitə qəbul etdiyi Şahid1 kirayə yaşadığı Nizami rayonu, «Bahar» şadlıq sarayının yaxınlığında yerləşən yarımtikiliyə getmişdir. Murad ağrıları olduğunu demiş, o, mənzildən götürdüyü əşyaları Murada verib onları satmaqda köməklik etməsini demişdir. Murad örtüyü, süfrəni və pərdəni götürüb getmiş, gödəkçələr isə onun yanında qalmışdır. Təxminən 5 dəqiqədən sonra Murad geri qayıdıb pərdə ilə süfrəni yaxınlıqda iaşə obyektində işləyən qadına 8 manata satdığını söyləmişdir. Sonra isə Murad 8-ci kilometr bazarı adlanan əraziyə getmiş, bir müddət sonra geri qayıdıb örtük və digər süfrəni bazarda 10 manata satdığını demişdir. Əldə olunmuş pullara ərzaq alaraq birlikdə nahar etmişlər. Təxminən iki gün sonra Murad ilə birlikdə onun yaşadığı ünvanda olarkən polis əməkdaşları onlara yaxınlaşmış və özlərini təqdim edərək oğurluqda şübhəli olduqlarını deyərək polis şöbəsinə dəvət etmişlər. Cinayət hadisəsi törədən zaman tək olmuş və onun yanında heç kim olmamışdır. Şahid1 verdiyi əşyaların oğurluq olduğunu deməmiş, Murad da ondan bu barədə soruşmamışdır. Mənzildən oğurladığı 3 ədəd gödəkçəni tanışı Muradın yaşadığı evdə saxlamışdır. Onları saxlayıb polis şöbəsinə gətirdikdən sonra mənzildən oğurladığı həmin gödəkçələri polis əməkdaşlarına təhvil vermişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə o, heç bir müqavimət göstərmədən polis şöbəsinə gəlmişdir. Bu cinayətdən başqa heç bir cinayət törətməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs 25 yanvar 2023-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə verərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs etdiyi əmələ görə bağışlamışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi ev 45, mənzil 36da anası, atası və bacıları ilə birlikdə kirayədə yaşayır. Sumqayıt Dövlət Universitetinin 3cü kurs tələbəsidir. Axşamlar Nizami rayonu ərazisində yerləşən “Opera" restoranında ofisiant işləyir. 13 fevral 2022-ci il tarixdə gecə işdə olduğu üçün 14 fevral 2022-ci il tarixdə günorta saatlarında yaşadıqları evdə yatmışdır. Həmin vaxt evdə ondan başqa heç kim olmamışdır. Evdən sonuncu Sayad adlı kiçik bacısı çıxıb getdiyi üçün onun evdə olmağını nəzərə alaraq qapını bağlamayıb getmişdir. O, mənzildə olan içəri otaqların birində yatmışdır. 14 fevral 2022-ci il tarixdə saat 15 radələrində o, yuxudan oyananda evin giriş qapısının açıq olduğunu görmüşdür. Bacısının mənzilin qapısını pis bağladığını fikirləşmiş və heç nədən şübhələnməmişdir. Mənzili tərk edib giriş qapısını bağlayıb öz işlərinə davam etmişdir. Axşam saatlarında anası işdən gələndə evlərində olan paltar dolabının dağınıq olduğunu görüb, kimin etdiyini soruşmuş, o, dolaba əl vurmadığını bildirmişdir. Sonra onlar dolabın bacısı tərəfindən dağıdıldığını fikirləşib, bacısını gözləmişlər. Bacısı gələndə ondan soruşduqda, bacısı da dolaba əl dəymədiyini dedikdən sonra anası evə kiminsə gəldiyini və oğurluq olduğunu bildirmişdir. Bundan sonra dolaba ətraflı baxış keçirmişlər. Dolabdan hər birinin dəyəri 20 manat olan, ümumilikdə dəyəri 80 manat təşkil edən 4 ədəd yataq örtüyü, dəyəri 80 manat olan 1 ədəd pərdə dəsti, dəyəri 60 manat olan 1 ədəd süfrə, dəyəri 100 manat olan 1 ədəd təzə pərdə, mənzilin girişindəki asılqandan asılmış bir ədəd dəyəri 120 manat olan kişi gödəkçəsi, birinin dəyəri 70 manat, birinin dəyəri 85 manat, digərinin dəyəri 80 manat olan 3 ədəd qadın gödəkçələrinin də oğurlandığını aşkar etmişlər. Anası dolabdan oğurlanmış yataq dəstinin içərisində 1200 manat nağd pul olduğunu demişdir. Bundan sonra o, istifadəsində olan mobil telefonla DİN-in 102 mərkəzi zəng xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonradan hadisə ilə bağlı Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Ünvana gəlmiş polis əməkdaşları tərəfindən binada quraşdırılmış nəzarət müşahidə kameralarının görüntülərinə baxış keçirildikdən sonra bir nəfər naməlum qadının 14 fevral 2022-ci il tarixdə saat 14 radələrində kirayə yaşadıqları mənzildən oğurladığı əşyalarla birlikdə binanın girişindən çıxıb uzaqlaşdığı müəyyən olunmuşdur. Ertəsi gün anası ətraflı olaraq mənzilə baxış keçirən zaman 1200 manat nağd pulu digər dolabın içərisindən tapmışdır. Əlavə suallara cavab olaraq, kirayə yaşadıqları mənzildən oğurlanmış əşyaların hamısının onun tərəfindən alındığını qeyd etmişdir. Bu səbəbdən də oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 675 manat maddi ziyan dəymişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 15 fevral 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi ünvan 2 ünvanında baş vermişdir. İş materiallarında olan baxış keçirilməsi barədə 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə Azərbaycan Respublikasının CPM-nin 236-cı maddəsinin tələblərinə uyğun olaraq ünvan 4 ünvanının girişində quraşdırılmış nəzarət-müşahidə kamerasında 14 fevral 2022-ci il tarixdə qeydə alınmış video görüntülərin 01 ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı 14 fevral 2022-ci il tarixdə saat 14:23-də əynində boz rəngli gödəkçə, qara rəngli şalvar, ayağında ağ rəngli idman ayaqqabısı, üzündə tibbi maska olan Təqsirləndirilən şəxs sol əlində sellofan paket, sağ qolunun altında karton qutu və sellofan paketlə yuxarıda göstərilən binanın girişindən çıxması, həyətdə park olunmuş avtomobillərin yanından keçərək getməsi açıq-aydın görünmüşdür. İş materiallarında olan 26 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Azərbaycan Respublikası CPM-nin 235-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bəzi xüsusatları yalan dediyini, belə ki, Zülfiyyənin onların yaşadıqları mənzildən 3 ədəd qadın gödəkçəsindən əlavə bir ədəd də ona məxsus kişi gödəkçəsini də oğurladığını, bundan əlavə Təqsirləndirilən şəxs mənzilin giriş qapısının aralı olduğunu gördüyünü də yalan dediyini, belə ki, yaşadıqları mənzilin qapısı kilidlə bağlanmasa da, bacısının mənzildən çıxan zaman qapını örtüb getdiyini, Zülfiyyənin onların mənzilinə girməsinə heç kimin icazə vermədiyini, görünür Zülfiyyə qapını itələyib kilidlə bağlı olmadığını gördükdən sonra mənzilə qanunsuz daxil olduğunu qeyd edərək istintaqa verdiyi ifadəsini tam olaraq təsdiqləyərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/1296 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 120 manatdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi, iş üzrə maddi sübut kimi tanınmış “Awesta style” markalı, Türkiyə istehsalı olan boz rəngli gödəkçə, “YİXUELUYİ” markalı, çəhrayı rəngli, papağı olan gödəkçə, açıq bənövşəyi rəngli tüklü gödəkçə, “Toprak” markalı boz rəngli süfrə, ağ rəngli yataq dəsti, mavi rəngli yorğan üzü, çəhrayı rəngli döşək üzü, ağ rəngli döşək üzü, göy-qəhvəyi rəngli parça, ağ rəngli, üzərində qəhvəyi rəngli fiqurlar olan pərdə, ağ rəngli üzərində qızılı və qəhvəyi rəngli güllər əks edilmiş pərdənin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması, 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunması qərara alınmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 mart 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tutma protokolundan, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu 02 gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla və təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 4(007)-566/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunaraq barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakiminin xx.xx.2023-cü il tarixli, 1(007)-155/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə baxışına verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 174.2-ci maddəsinə əsasən məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ya ləğv edir, yaxud dəyişdirir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(007)-155/2023 saylı cinayət işi üzrə onun barəsində, hazırki cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə nisbətdə daha ciddi, həbs qətimkan tədbiri seçilmiş, bununla da daha yüngül, polisin nəzarəti altına vermə qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış “Awesta style” markalı, Türkiyə istehsalı olan boz rəngli gödəkçə, “YİXUELUYİ” markalı, çəhrayı rəngli, papağı olan gödəkçə, açıq bənövşəyi rəngli tüklü gödəkçə, “Toprak” markalı boz rəngli süfrə, ağ rəngli yataq dəsti, mavi rəngli yorğan üzü, çəhrayı rəngli döşək üzü, ağ rəngli döşək üzü, göy-qəhvəyi rəngli parça, ağ rəngli, üzərində qəhvəyi rəngli fiqurlar olan pərdə, ağ rəngli üzərində qızılı və qəhvəyi rəngli güllər əks edilmiş pərdənin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 36 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 216 (36x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 fevral 2022-ci il tarixdən 19 fevral 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Sumqayıt şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 1(007)-155/2023 saylı iş üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Awesta style” markalı, Türkiyə istehsalı olan boz rəngli gödəkçə, “YİXUELUYİ” markalı, çəhrayı rəngli, papağı olan gödəkçə, açıq bənövşəyi rəngli tüklü gödəkçə, “Toprak” markalı boz rəngli süfrə, ağ rəngli yataq dəsti, mavi rəngli yorğan üzü, çəhrayı rəngli döşək üzü, ağ rəngli döşək üzü, göy-qəhvəyi rəngli parça, ağ rəngli, üzərində qəhvəyi rəngli fiqurlar olan pərdə, ağ rəngli üzərində qızılı və qəhvəyi rəngli güllər əks edilmiş pərdənin ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 36 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 216 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar