Məhkəmə qərarları › İş №1(007)-18/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-18/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-18/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və cəzasının çəkilməsi təxirə salınmış, işləməyən, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədlə 05 noyabr 2022-ci il tarixdə gecə saatlarında “Azart” sosial şəbəkəsi vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında sonuncu ilə cinsi əlaqəda olduqdan sonra Zərərçəkmiş şəxs yatmasından isitifadə edərək sonuncuya məxsus üzərində hər biri 30 manat olmaqla ümumi dəyəri 60 manat ***-***-**-** və ***-***-**-** mobil sim kartlar olan 550 manat dəyərində “Samsung A52” markalı mobil telefon cihazını, içərisində 350 manat dəyərində “Toshiba” markalı, “Satellite C850-B908” model, “İntel Core İ3” xüsusiyyətli boz rəngli noutbuk, 30 manat dəyərində “Toshiba PA3917U-1 ACA” yazıları olan adapter, 20 manat dəyərində üzərinə “Casper” yazımış siçan qurğusu olan 20 manat dəyərində qara rəngli əl çantasını, 35 manat dəyərində qırmızı rəngli gödəkçəni, 15 manat dəyərində qara rəngli idman çantasını, 25 manat dəyərində idman paltarını, 10 manat dəyərində pul kisəsini, 20 manat nağd pulu, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 100 manat olan 05 ədəd köynəyi, hər birinin dəyəri 35 manat olmaqla ümumi dəyəri 70 manat olan 02 ədəd qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1305 manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin oktyabr ayının ortalarında “Azart” sosial şəbəkəsində Rasimlə tanış olaraq bir-birinə mobil nömrələrini vermiş və “vatsapp” sosial şəbəkəsində danışmışlar. xx.xx.2022-ci ilin tarixdə, saat 23 radələrində Rasim onu yaşadığ evə dəvət etmiş, o, həmin ünvana taksi vasitəsilə getmiş, 05 noyabr 2022-ci il tarixdə, saat təxminən 01 radələrində ünvana çatmışdır. Rasim həyətə düşərək taksinin pulunu verdikdən sonra birlikdə yaşadığı mənzilə qalxmış, mənzildə Rasimlə birlikdə pivə içdikdən sonra cinsi əlaqədə olmuşlar. O, Rasimlə görüşmək üçün əvvəlcədən 100 manat pul müqabilində danışmış, lakin Rasim ona pulunun olmadığını bildirərək yatmışdır. Rasimin ona söz verdiyi 100 manat pulu verməkdən imtina etdiyini gördükdə o, yatdıqdan sonra sonuncunun yaşadığı mənzildə içərisində 01 ədəd adaptr, 01 ədəd «siçan» və 01 ədəd “Toshiba” markalı noutbuk kompüter olan qara çantanı, Rasimə aid bir neçə köynəyi götürüb oradan çıxmışdır. Həmin gün günorta saat 16 radələrində Rasimin istifadəsində olan mobil nömrəyə sonuncudan ona söz verdiyi 100 manat pulu almaq və evindən götürdüyü əşyaları qaytarmaq məqsədi ilə bir neçə dəfə zəng etsə də, Rasim onun zənglərini açmamışdır. Onun Rasimə məxsus əşyaları götürməkdə məqsədi sonuncuya məxsus əmlakı oğurlamaq olmamış, sadəcə olaraq həm Rasimə qarşı acıqlı olduğu üçün, həm də sonuncudan ona söz verdiyi 100 manat pulu almaq olmuşdur. Hazırda götürdüyü əşyaları zərərçəkmiş şəxsə qaytarmışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, valideynlərinin şəhid olmasını, himayəsində 3-ü azyaşlı olmaqla 4 uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında tək yaşayır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin oktyabr ayının ortalarında “Azart” sosial şəbəkəsində tanış olmuşdur. Həmin şəxslə tanış olduqdan sonra bir neçə gün “Vatsap” sosial şəbəkəsi vasitəsilə danışmış və görüşmək qərarına gəlmişlər. Fəxriyyə ona taksi ilə gələcəyini bildirmişdir. O, sonuncuya “konum” yəni, olduğu yerin məkanını atmışdır. 05 noyabr 2022-ci il tarixdə gecə saat 01 radələrində Fəxriyyə ona zəng edərək yaşadığı yerə çatdığını bildirmişdir. O, da aşağı düşərək sonuncunu qarşılamış və birlikdə yaşadığı mənzilə getmişlər. Mənzildə olarkən bir qədər söhbət etmiş və pivə içmişlər. Sonra təxminən 04:30 radələrində birlikdə marketə getmiş, pivə aldıqdan sonra geri qayıtmışlar. Daha sonra isə o, yatmışdır. Fəxriyyə isə oturmuşdur. Sonradan heç nədən xəbəri olmamışdır. O, səhər saat 11 radələrində yuxudan oyanmış, əlini telefonuna atmışdır ki, saata baxsın, lakin görmüşdür ki, telefonum yerində yoxdu və ev sakitçilikdir. Ayağa qalxanda Fəxriyyənin artıq getdiyini görmüşdür. Daha sonra Fəxriyyədən şübhələndiyi üçün evi axtarmağa başlamışdır. Sonra məlum olmuşdur ki, bir ədəd ona məxsus 550 manat qiymətində olan “Samung A52” markalı mobil telefon aparatı, həmin mobil telefonun içərisində olmuş hər biri 30 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı sim kartlar, 01 ədəd içərisində 350 manat qiyməti olan “Toshiba” markalı noutbuk, 30 manat dəyərində adapter, 20 manat dəyərində «maus» olan dəyəri 20 manatlıq qara çanta, 35 manat dəyərində 01 ədəd qırmızı rəngli gödəkçə, 15 manat dəyərində idman çantası, 25 manat dəyərində idman paltarı, 10 manat dəyərində pul kisəsi, 20 manat pul, hər birinin qiyməti 20 manat olan 5 ədəd köynək və hər birinin 35 manat olan 02 ədəd qol saatı yoxdur. Bunları gördükdə dərhal anlamışdır ki, ona məxsus əşyaları Fəxriyyə oğurlamışdır. Bundan əlavə ona məxsus çantamnm içərisində olan şəxsiyyətini təsdiq edən sənəd və hərbi bilet də Fəxriyyə tərəfindən götürülmüşdür. Lakin, həmin sənədlərin oğurlanması nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Belə ki, həmin sənədlər hadisə baş verən zaman ona məxsus “Toshiba” markalı noutbukun olduğu çantanın içərisində olmuşdur və həmin çanta içərisindəki əşyalarla birlikdə oğurlanan zaman qeyd etdiyi sənədlərdə həmin çantay ilə birlikdə getmişdir. Buna görə də dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmiş və ondan hadisə ilə bağlı ərizə və izahat almışlar. Hadisə nəticəsində ona ümumilikdə 1305 manat maddi ziyan dəymişdir. O, sonradan hansı əşyaların oğurlanmağını dəqiqləşdirmək üçün evi axtaran zaman özünə məxsus 02 ədəd saatın oğurlanmasını aşkar etmişdir. Ona görə də ilkin şikayət ərizəsində bu barədə məlumat verməmişdir. İçərisində “Toshiba” markalı noutbuk, adapter və maus olan qara çanta, qara rəngli idman çantası və 2 ədəd köynək ona qaytarılmışdı. Sonda məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs öz çıxışında ona məxsus əşyaların yalnız bir hissəsinin qaytarıldığını, digər əşyalarının qaytarılmadığını, ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də şikayətçi olduğunu bildirdi. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respiblikasının CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1, 67.1, 79.1-ci maddələrinə əsasən 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, uşaqları 14 yaşına çatanadək təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdır. AR CM-nin 79.4-cü maddəsinin tələbinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli CM-nin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir və hazırkı halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmənin təxirə salınması ləğv edilməməli, ona ümumi əsaslarla təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində cəza təyin edilməlidir. İş materillarında olan AZ-İİ 361407, AZ-İİ 365217, AZ-İİİ 831232 və AZ-İV 942572 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X2 adından uşaqları var. İş materiallarında olan İV-ЖГ 380499 və İV-ЖГ 338746 seriyalı ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda partlayış nəticəsində, X10 xx.xx.1992-ci il tarixdə Ağdam rayonunda vəfat etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə məxsus əşyaların bir hissəsinin qaytarılmasını, himayəsində 3-ü azyaşlı olmaqla, 4 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs statusuna xitam verilərək MSY-dən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə şübhəli şəxs qismində 01 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd üzərində «LOUİS VUİTTON» yazıları olan, XL ölçülü, qara rəngli uzunqol köynək, 1 ədəd üzərində «MUSCLE SPORT WEAR» yazıları olan, M ölçülü, mavi rəngli mayka, 1 ədəd üzərində «CALVİN CLEİN» yazıları olan, qara rəngli uzunqol köynək, 1 ədəd üzərində markalanma yazıları olmayan, «Çin istehsalı notbuk çantası, 1 ədəd «Toshiba» markalı, «Satellite C580- B908» model, «İntel CORE İ3» xüsusiyyətli, seriya nömrəsi «5D259017S» olan boz rəngli noutbuk (1 ədəd üzərində «Casper» yazısı olan, Çin istehsallı maus və 1 ədəd üzərində «TOSHİBA PA3917U-1 ACA» yazıları olan adapter ilə birlikdə), 1 ədəd qara rəngli, təxminən 24x47x21 sm ölçülü, zəncirbəndi qırıq vəziyyətdə olan idman çantasının zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 01 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd üzərində «LOUİS VUİTTON» yazıları olan, XL ölçülü, qara rəngli uzunqol köynək, 1 ədəd üzərində «MUSCLE SPORT WEAR» yazıları olan, M ölçülü, mavi rəngli mayka, 1 ədəd üzərində «CALVİN CLEİN» yazıları olan, qara rəngli uzunqol köynək, 1 ədəd üzərində markalanma yazıları olmayan, «Çin istehsalı notbuk çantası, 1 ədəd «Toshiba» markalı, «Satellite C580- B908» model, «İntel CORE İ3» xüsusiyyətli, seriya nömrəsi «5D259017S» olan boz rəngli noutbuk (1 ədəd üzərində «Casper» yazısı olan, Çin istehsallı maus və 1 ədəd üzərində «TOSHİBA PA3917U-1 ACA» yazıları olan adapter ilə birlikdə), 1 ədəd qara rəngli, təxminən 24x47x21 sm ölçülü, zəncirbəndi qırıq vəziyyətdə olan idman çantasının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 222 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar