Məhkəmə qərarları › İş №1(007)-180/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-180/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-180/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yaqub Əliyev küçəsi, ev 26-da yaşayan, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 15 ünvanında yerləşən “Almaz” hostelinin 1-ci mərtəbəsindəki ümumi istifadədə olan mətbəxdə heç bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs ona hostelin 1-ci mərtəbəsində yaşadığı otağın qapısını örtmədən otaqdan çıxdığını irad tutmasını bəhanə edərək xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən yumruqla bir neçə dəfə üz nahiyəsinə və əlində olan mətbəx bıçağı ilə qəsdən bir neçə dəfə əl nahiyəsinə vuraraq Zərərçəkmiş şəxs çənənin sol oynaq çıxıntısının və simfiz nahiyəsinin yerdəyişmiş sınıqları, sağ əlin ovuc səthinin 3 ədəd səthi kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2013-cü il tarixdə cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 15 ünvanında yerləşən “Almaz” hostelində yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs hosteldə yaşadığı vaxtlardan tanımışdır. Abbas hosteldə yaşamağa başladıqda ilk əvvəl onunla birlikdə eyni otaqda təxminən 5-6 ay qalmışdır. Həmin dövrdə Abbasla onun arasında heç bir narazılıq olmamış, əksinə, dostluq münasibətlərində olmuşlar. Sonradan otaq soyuq olduğu üçün Abbas hostelin başqa otağına yerləşmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, hosteldə yaşadığı otaqdan çıxıb səhər yeməyi yemək üçün birinci mərtəbədə yerləşən ümumi istifadədə olan mətbəxə enmiş, aldığı sosiskaları doğramaq üçün mətbəxdə bıçaq axtarmışdır. Bıçağı tapa bilmədiyi üçün Abbasın qaldığı birinci mərtəbədəki otağın qapısını açıb içəri boylanmışdır ki, bəlkə bıçaq masanın üzərində olar. Lakin bıçağın masanın üzərində olmadığını və Abbasın otaqda istirahət etdiyini görmüş, ona görə otaqdan çıxmışdır. O, çıxanda qapını örtsə də, qapını tam bağlamayraq bir az aralı saxlamışdır. Fikirləşmişdir ki, qapını tam bağlasa, qapının səsi Abbası oyadar. O, yenidən mətbəxə qayıtmış və mətbəxdə kəsməyən, yəni yağ bıçağını götürüb sosiskaları doğramağa başlamışdır. Bir neçə dəqiqə sonra Abbas mətbəxə daxil olub, ona uca səslə bayaqdan səni çağırıram, qapını niyə tam örtməmisən demişdir. O, Abbasa onunla kobud danışmamasını, narahat olmaması üçün qapını tam örtmədiyini demişdir. Abbas isə kobud şəkildə və uca səslə ona ağıllı olmasını demişdir. Bundan sonra o, özündən çıxmış və yumruqla üç dəfə Abbasın üz nahiyyəsinə vurmuşdur. Həmin vaxt hostelin sahibi Qalası gəlib onları aralamışdır. Abbas isə əlinə dabankeş götürüb onun üstünə hücum etmişdir. X3 vurmasına imkan verməmişdir. Abbas ilə aralarında olan dava-dalaşdan sonra o, hosteli tərk edib çıxıb getmişdir. Həmin gecə hostelə qayıtdıqda ona məlum olmuşdur ki, onun yumruqla vurması nəticəsində Abbasın çənəsi sınmışdır. Bundan sonra o, müalicə olunması üçün Abbasa 1300 manat pul ödəmişdir. O, Abbası yumruqla vuraraq ona xəsarət yetirdiyini səmimi etiraf edir. Lakin o, Abbası bıçaqla vurub ona xəsarət yetirməmişdir, hadisə zamanı onun Abbası bıçaqla vurması barədə Abbas yalan danışır. Abbasla aralarında olan mübahisə təxminən bir-iki dəqiqə davam etmiş, dava-dalaşı heç kim görməmişdir. Yalnız sonradan Qalası gələrək mübahisənin və dava-dalaşın qarşısını almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini bildirərək bu halların nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs hazırkı ifadəsinə münasibət bildirərək qeyd edir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs bıçaqla vurmaması və bıçaq xəsarəti yetirməməsi barədə ifadəsi məhkəmə təqdiqi zamanı toplanaraq tədqiq olunmuş sübutlarla təkzib olunur, o cümlədən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 189 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs çənənin sol oynaq çıxıntısının və simfiz nahiyəsinin yerdəyişmiş sınıqları ilə yanaşı sağ əlin ovuc səthinin 3 ədəd səthi kəsilmiş yarası olmuşdur, bu səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər. Ona görə məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşaraq, hesab edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildən Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşaraq işləyir. 2020-ci ilin fevral ayından isə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 15 ünvanında yerləşən “Almaz” hostelində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs hosteldə yaşadığı vaxtlarda tanımışdır. Əvvəllər Telmanla birlikdə eyni otaqda təxminən bir-iki ay qalmışlar, lakin bu müddətdə Telmanla aralarında heç bir narazılıq olmamışdır. Sonradan həmin otaq soyuq olduğu üçün o, hostelin başqa otağına yerləşmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, hostelin birinci mərtəbəsində yaşadığı otağın çarpayısında yatarkən səsə oyanaraq Telmanın içəri daxil olmasını görmüş, lakin yerindən qalxmamışdır. Telman otaqda nə isə axtarmış, bir-iki dəqiqə sonra otaqdan çıxmışdır. Telman çıxarkən otağın qapısını tam açıq qoyaraq birinci mərtəbədəki mətbəxə keçmişdir. O, arxasınca uca səslə Telmanı səsləyərək qapını örtməsini demiş, lakin Telman onu eşitmədən çıxıb getmişdir. Bundan sonra yuxusu qaçdığı üçün o, yerindən qalxmış və otaqdan çıxaraq hostelin ümumi mətbəxinə daxil olmuşdur. Həmin vaxt Telmanın mətbəxdəki masanın üzərində nə isə etdiyini görüb, qapını örtməsi üçün üç dəfə onu çağırdığını deyərək, Telmandan qapını örtməməsinin səbəbini soruşmuşdur. Telman ona kobud formada, uca səslə cavab verərək eşitmədiyini demişdir. O, Telmanın özünün burda hər kəsə öyüd-nəsihət verdiyini, onunla niyə kobud danışdığını deyərək, mətbəxdə olan su kranına yaxınlaşmış və kranı açaraq əl-üzünü yumağa başlamışdır. O, əl-üzünü yuduqdan sonra arxaya çevriləndə Telmanın onun qarşısında dayandığını görmüşdür. Telman birdən-birə yumruqla üç dəfə onun üzündən vurmuş, ağzından qan gəlmişdir. Buna görə o, özünü pis hiss etmişdir. Bu zaman hostelin sahibi Qalası gəlib Telmanı ondan uzaqlaşdırmışdır. X4 əlindən çıxıb masanın üzərindən çox böyük olmayan bıçağı götürərək onun üstünə cummuş və bıçaqla ona zərbə endirmək istədikdə o, sağ əli ilə həmin zərbənin qarşısını almış, nəticədə sağ əlindən bıçaq xəsarəti almışdır. Bundan sonra Qalası Telmanı dartaraq onu bayıra çıxarmış və oradan uzaqlaşdırmışdır. Çənəsində ağrılar olduğu, ağzından və əlindən qan axdığı üçün hosteldə yaşayan Rəşadla birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada qaldığı zaman təxminən 3-4 gün Telman onunla maraqlanmamış, 4 gün sonra isə xəstəxanada olan zaman Telman onun müalicəsi üçün 1000 manat pul vermişdir. Hostelin mətbəxində Telmanla onun arasında olan mübahisə təxminən 5-6 dəqiqə davam etmiş, bu zaman o, Telmanı dabankeşlə vurmamışdır. Təqsirləndirilən şəxs ilə barışmamışdır. Onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, 2011-ci ilin dekabr ayından Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 15 ünvanında yerləşən “Almaz” hostelini icarə müqaviləsi əsasında işlədir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs müxtəlif vaxtlardan hosteldə yaşamağa başlamışlar. İlk əvvəl Telmanla Abbas hostelin bir otağında yaşamışlar, təxminən beş-altı ay sonra həmin otaq soyuq olduğu üçün Abbas hostelin başqa otağına yerləşmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində hosteldə öz yaşadığı otaqda olarkən səs-küy eşidib, dərhal otaqdan çıxmış, səs-küyün birinci mərtəbədən gəldiyini başa düşərək mətbəxə enmişdir. Mətbəxə daxil olanda Telmanın yumruq zərbələri ilə Abbasın üz nahiyyəsinə vurduğunu görmüş, dərhal arxa tərəfdən yaxınlaşaraq Telmanı dartıb Abbasdan ayırmış, onu mətbəxdən bayıra çıxarmış, otağına getməsini demişdir. Özü isə yenidən mətbəxə qayıtmışdır. Həmin vaxt mətbəxdə Abbas və hosteldə qalan Şahid2 olmuşdur. O, Abbasa yaxınlaşmış, Abbasın ağzından və sağ əlindən qan gəldiyini görüb ondan nə olduğunu soruşmuşdur. Abbas Telmana otağının qapısını bağlamasını xahiş etdiyinə görə aralarında mübahisə baş verdiyini, mətbəxdə olan zaman Telmanın anidən onun üz nahiyyəsinə bir neçə yumruq vurduğunu, sonra Telmanın ona bıçaqla xəsarət yetirmək istədikdə sağ əli ilə həmin zərbənin qarşısını aldığını, nəticədə sağ əlindən bıçaq xəsarəti aldığını danışmışdır. Bundan sonra Abbas çənəsində kəskin ağrıların olduğunu demişdir. O, özünün şəxsi vəsaiti hesabına Rəşada pul verərək Abbası xəstəxanaya çatdırmasını xahiş etmişdir. Abbas Rəşadın köməkliyi ilə dövlət nömrə nişanını xatırlamadığı taksi ilə X6 getmişdir. Həmin gün axşam Telman yenidən hostelə qayıtmış, Abbasın vəziyyəti ilə maraqlandıqda o, Telmana Abbası yumuruqla vurması nəticəsində Abbasın çənəsinin sındığını, bıçaqla da Abbasın sağ əlinə xəsarət yetirdiyini demişdir. Hostelin mətbəxində Telmanla Abbasın arasında olan mübahisə təxminən beş-altı dəqiqə müddətində davam etmişdir. Həmin vaxt hosteldə və mətbəxdə kənar şəxslər olmamışlar. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 15 ünvanında yerləşən “Almaz” hostelində yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində hostelin dəhlizində siqaret çəkdiyi vaxt hosteldə qalan Təqsirləndirilən şəxs mətbəxdəki bıçağı tapmadığını deyib, bıçağın yerini ondan soruşmuşdur. O, bıçağın yerini bilmədiyini dedikdən sonra Telman hosteldə qalan Zərərçəkmiş şəxs otağına girərək bıçağı orada axtarmışdır. Telman bıçağı tapmayıb otaqdan çıxanda qapını örtməmiş, Abbas arxadan onu çağıraraq qapını örtməsini tələb etmişdir. Abbas Telmanın arxasınca mətbəxə getmiş, orada Abbasın iradına görə Telman onu yumruqla bir neçə dəfə vurmuşdur. Abbas isə dabankeşi götürərək Telmanı vurmuşdur. Hostelin sahibi Qalası mətbəxə gələrək onları ayırmış, Telmanı mətbəxdən çıxarmışdır. Bundan sonra Abbas çənəsində kəskin ağrıların olduğunu demişdir. Bundan başqa Abbasın əlindən qan da axmışdır. Qalası ona pul verərək Abbası xəstəxanaya aparmasını xahiş etmişdir. O, Abbası dövlət nömrə nişanını xatırlamadığı taksi ilə X6 aparmış, orada Abbasa tibbi yardım göstərmişlər. Orada məlum olmuşdur ki, Abbasın çənəsi sınmışdır, əli isə kəsilmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisənin baş verdiyi vaxt otağında yatdığını, hadisənin bilavasitə şahidi olmadığını, hadisənin necə baş verdiyi barədə Abbasın özündən eşitdiyini göstərsə də, hazırda ifadəsinin həmin hissəsini təsdiq etmir, məhkəmə iclasında verdiyi ifadənin əsas kimi qəbul edilməsini xahiş edir, hadisənin məhz bu qaydada şahidi olmuşdur. Məhkəmə Şahid2 ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin şahid ibtidai istintaq zamanı ifadəsində hadisənin baş verdiyi anda hadisə yerində olmadığını göstərməsindən fərqli olaraq məhkəmə iclasında hadisənin bilavasitə şahidi olmasına dair ifadə verməsi onun ifadəsini şübhə altına almır, onun hadisənin baş vermə mexanizmi ilə bağlı verdiyi hazırkı ifadəsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və digər şahidin ifadələri, məlumatları ilə uyğunluq təşkil edr. Ona görə şahidin verdiyi bu ifadə məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 126, 144 və 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübut qismində qəbul edilərək qiymətləndirilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında xx xxxxx 2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmaya aid xəsarətlər yetirilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün aidiyyəti üzrə Nizami RPİ-nin İŞ-nə göndərilmişdir. (i.v. 1) -Baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən hadisənin baş verdiyi ünvana baxış keçirilmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 8-9) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 189 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs çənənin sol oynaq çıxıntısının və simfiz nahiyəsinin yerdəyişmiş sınıqları, sağ əlin ovuc səthinin 3 ədəd səthi kəsilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən sınıqlar bərk küt əşyanın (əşyaların), səthi kəsilmiş yaralar isə kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yarana bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xüsusiyyətlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. (i.v. 18-19) -Bakı şəhəri Nizami RPİ 24-cü Polis Şöbəsinin xx xxxxx 2020-ci il tarixli 089-8865- 1210 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən etmək mümkün olmamışdır. (i.v. 52) -Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120, 221.1 və 228.4-cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 73-82) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 28-30) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 105-106) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs həmin cəzanı tam çəkib qurtardığından, iki il keçdikdən sonra onun məhkumluğu ödənilmişdir, ona görə o, məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş şəxsin müalicəsinə maddi köməklik göstərməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 65 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 390 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar