Məhkəmə qərarları › İş №1(007)-180/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-180/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-180/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu küçəsi ev 17A, mənzil 21-də qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə təyin olunmuş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanıb qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının 24 dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 noyabr 2022-ci il tarixdə saat 16:25 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin 238 nömrəli tam orta məktəbinin giriş qapısının yanında olan plastik pəncərəsini əli ilə mexaniki təsir göstərib açmaqla qanunsuz olaraq məktəbin binasına daxil olduqdan sonra məktəbin 4-cü mərtəbəsində yerləşən 51 saylı sinif otağının taxta qapısını özü ilə gətirdiyi dəmir alətlə açıb otağa qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 846,88 manat olan 04 ədəd “CHAO RUİ T45” markalı notebooku gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 3387,52 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, sədrlik edən təqsirləndirilən şəxsə elan edilmiş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif etdikdə isə, ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyindən, Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən onun 11 noyabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, 07 noyabr 2022-ci il tarixdə Nizami rayonuna gəlmişdir ki, narkotik vasitələri əldə etsin, lakin həmin zaman heç bir narkotik vasitə tapa bilməmişdir. Nizami rayonu, Əliağa Kürçaylı, 70 ünvanında yerləşən 238 nömrəli məktəbin qarşısından keçən zaman həmin məktəbdə heç kimin olmadığını görmüş və oradan oğurluq etmək istəmişdir. Məktəbin ana girişinin dəmir darvazasını əli ilə açaraq məktəbin ərazisinə daxil olmuş sonra isə məktəbə daxil olmaq üçün məktəbin ikinci korpusunun girişinə yaxınlaşdığı zaman görmüşdür ki, girişin qapısının sol tərəfində yerləşən pəncərənin nəfəsliyi açıqdır və o, əlini oradan içəri salaraq pəncərəni açmış və pəncərəni açdıqdan sonra həmin məktəbə daxil olmuşdur. Həmin binanın bütün sinif otaqlarının qapısında yerləşən pəncərəsindən yoxlayaraq 4-cü mərtəbəyə kimi qalxmış və orada pəncərədən aşkar etmişdir ki, sinifdə kompyuterlər var və həmin otağa girərək orada olan kompyuterləri oğurlamağa qərar vermişdir. Üzərində olan dəmir parçası ilə taxta qapısı olan sinif qapısını sındıraraq həmin sinifə daxil olmuşdur. Sinifdən 04 ədəd qara rəngli kompyuter götürərək həmin məktəbdən heç kim görməmiş uzaqlaşmışdır. Sonra həmin gün “Neftçilər” metrostansiyanın yaxınlığında yerləşən lombarda müraciət etmiş, öz şəxsiyyət vəsiqəsi ilə onları qirov qoyaraq 250 manat pul götürmüşdür. Həmin pulla özünə dəfələrlə narkotik vasitə alaraq bu narkotik vasitələri gəbul etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi ilə razılaşmayıb göstərmişdir ki, həmin ifadəni təsdiq etmir, onun dindirilməsində vəkil iştirak etməmişdir, ifadəni özü imzalamamışdır. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs göstərmişdir ki, işdə olan video görüntüdəki şəxs o deyildir, 238 nömrəli orta məktəbdən 07 noyabr 2022-ci il tarixdə oğurluq etməmişdir. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, o, Bakı şəhəri 238 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. 08 noyabr 2022-ci il tarixdə işə gəlmiş, adəti üzrə məktəbin bütün sinif otaqlarını bir-bir gəzdiyi zaman aşkar etmişdir ki, 4-cü mərtəbədə yerləşən 51 saylı otağın giriş qapısı sındırılaraq içərisinə girilmişdir. Sinif otağına baxdıqda oradan 4 ədəd qara rəngli “CHAO RUİ T45” markalı notebook kompyuterlərin oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 xidmətinə müraciət edərək məktəbdə oğurluq baş verdiyinə dair məlumat vermişdir. Həmin kompyuterlər saz və işlək vəziyyətdə olmuş, məktəbin şagirdləri həmin kompyuterlərlə informatika dərsini keçmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Malların X1- Fakturasına əsaslanaraq hər bir kompyuterin qiyməti 846,88 manat olmuş, oğurluq nəticəsində Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 3387,52 manat məbləğində maddi ziyan dəymişdir. Polislər gələrək hadisə yerinə baxış keçirmişlər, aparılan araşdırmalarla oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən olunmuş, həmin şəxsin lombarda girov qoyduğu həmin 04 ədəd notebook götürülərək özlərinə qaytarılmışdır, hazırda istifadədədir. Dəymiş ziyan aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs qarşı şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən lombard ona məxsus olmaqla öz rəhbərliyi ilə fəaliyyət göstərir. 07 noyabr 2022-ci il tarixdə lombardda işçisi ilə birlikdə olduğu vaxt tanımadığı bir nəfər şəxs, hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs onlara müraciət edərək bildirmişdir ki, əvvəllər müəssisə işlətmişdir, hazırda əlində qalmış 4 ədəd işlək vəziyyətdə olan qara rəngli notebook kompyuter var, girov qoyub pul götürmək istəyir. Həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi tələb edərək surətini götürmüşlər, girov bileti tərtib etmiş, notebookları gətirən Təqsirləndirilən şəxs həmin girov biletini imzalamış və ona 250 manat məbləğdə pul ödənişi etmişlər. Müqavilə şərtinə görə həmin şəxs girov qoyub götürdüyü pula görə 07 dekabr 2022-ci il tarixdə ödəniş etməli olmuşdur. Lakin, 12 noyabr 2022-ci il tarixdə polis əməkdaşları gəlmiş, onların məlumat verməsi ilə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs həmin notebook kompyuterləri məktəbdən oğurluq yolu ilə əldə etmişdir, protokol əsasında həmin notebookları təhvil vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 08 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 5-14) -Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Malların X1-Fakturasının surətindən görünür ki, Zərərçəkmiş şəxs 238 nömrəli tam orta məktəbinə təhvil verilmiş “CHAO RUİ T45” markalı notebookun bir ədədinin qiyməti 846,88 manat məbləğində müəyyən edilmişdir. (i.v. 15) - 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə cinayət işində olan 01 ədəd CD diskdəki 04 ədəd video fayla və 01 ədəd foto şəkilə baxış keçirilmişdir. Video görüntülərdə bir nəfər şəxsin 238 nömrəli orta məktəbə ana girişdən girərək binanın girişində pəncərənin nəfərslik olan hissəsindən əsas pəncərəni qıraraq məktəbə daxil olduğu, bir az sonra həmin şəxsin əlində ağ rəngli torba olmaqla məktəbə girdiyi dəmir qapıdan çıxdığı müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, video görüntüdə qeydə alınmış şəxs onun özüdür, oğurluq cinayətini törətdiyi zaman qeydə alınmışdır. (i.v. 41) - 12 noyabr 2022-ci il tarixli qərardan və ona əlavə olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən lombarda girov qoyulmuş, 238 nömrəli tam orta məktəbdən oğurlanmış 04 ədəd qara rəngli “CHAO RUİ T45” markalı notebook, onların girov qoyularaq 250 manat pul götürülməsi barədə girov biletinin surəti və girov qoymuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surəti həmin lombarddan götürülmüşdür. (i.v. 62, 64-65) - ********** qeydiyyat nömrəli VÖEN əsasında Bakı şəhəri, Q.Qarayev prospekti, 74 ünvanında fəaliyyət göstərən Şahid məxsus lombard tərəfindən verilmiş 07 noyabr 2022-ci il tarixli GJN/1 158020 nömrəli girov biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AA******* nömrəli şəxsiyyyət vəsiqəsini təqdim etməklə 04 ədəd notebook girov qoyaraq 250 manat məbləğində pul götürmüşdür. (i.v. 65) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2022-ci il tarixli 9/8540 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsallı üzərində “China Aid” sözləri olan intel Core İ5, NVİDİA Geforce xüsusiyyətli notbukun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 300,00 manat, təqdim edilmiş nümunə əsasında 4 ədədi 1200,00 manat müəyyən olunur. (i.v. 91-93) - 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 157 və 180-ci maddələrinin tərkibi olmadığından həmin faktla bağlı barəsində cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, lombarddan götürülən Təqsirləndirilən şəxs oğurladığı hər birinin dəyəri 846,88 manat olan 04 ədəd “CHAO RUİ T45” markalı notebook və lombarddan götürülən girov bileti və müşahidə kamerasında qeydə alınmış görüntülü CD disk maddi sübüt hesab edilmiş, notebooklar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zərərçəkmiş şəxsnə geri qaytarılmış, girov bileti və disk cinayət işinə əlavə edilmişdir. (i.v. 95-98) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 3 mart 2005-ci il Qərarına əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Hansı ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2022-ci il tarixli rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsallı notbukun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 300,00 manat, təqdim edilmiş nümunə əsasında 4 ədədi 1200,00 manat müəyyən olunsa da, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin Malların X1-Fakturası ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 238 nömrəli tam orta məktəbinə təhvil verilmiş “CHAO RUİ T45” markalı notebookun bir ədədinin qiyməti 846,88 manat məbləğindədir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi də həmin ekspertiza rəyi ilə müəyyən olunmuş qiymətin əmlakın faktiki qiyməti ilə uyğun gəlmədiyini, əmlakın faktiki dəyərinə dair sənədin mövcudluğunu nəzərə almağı xahiş etmişdir. Belə olan halda, məhkəmə talanmış əmlakın qiyməti barədə məlumatın, rəsmi sənədin mövcudluğunu nəzərə almaqla, hesab edir ki, əmlakın gizli olaraq talanaraq oğurlanması nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxsnə ümumilikdə 3387,52 manat məbləğində maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir, irəli sürdüyü dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş video görüntülərlə təsdiq olunmuşdur ki, ittihamda əksini tapmış vaxtda və qaydada oğurluq əməlini törədən şəxs, özünün inkar etməsinə baxmayaraq, məhz Təqsirləndirilən şəxs olmuşdur, o, 07 aprel 2022-ci il tarixdə 238 nömrəli tam orta məktəbin yerləşdiyi binaya qanunsuz olaraq daxil olub özgə əmlakı olan 04 ədəd notebookları gizli yolla oğurladıqdan sonra, həmin tarixdə də şəxsiyyət vəsiqəsinin surətini təqdim edib özünün olması adı ilə lombarda girov qoymaqla 250 manat pul əldə etmişdir, bu fakt lombarddan verilmiş və iş materiallarında olan girov bileti, habelə lombardın sahibi olan şəxsin şahid qismində verdiyi ifadəsi ilə öz təsdiqini tapmışdır, bütün bu sübutlar biri digərini tamamlayır, bu sübutların şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Bundan başqa, məhkəmə iclasında müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilə bağlı istintaq hərəkətləri onun özünün və müdafiəçisinin iştirakları ilə həyata keçirilmişdir, təqsirləndirilən şəxs istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tanış olub onları imzalamaqda və ya imzalamaqdan imtina etməkdə sərbəst olmuş, ona belə şərait yaradılmış, ifadə və ya digər sənədləri imzalamaqdan imtinası həmin sənədlərdə öz əksini tapmışdır. Beləliklə, hər hansı sənəddəki imzanın təqsirləndirilən şəxs tərəfindən icra edilməməsi ilə bağlı qənaətə gəlinməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirsiz olması, iş üzrə bəraət hökmü çıxarılmalı olması barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Halbuki, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 32) - 12 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 28 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 10 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 55-58) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 dekabr 2022-ci il tarixli tələbnamədən, hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən 05 il 03 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 avqust 2015-ci il tarixli qərarı ilə 07 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, 28 mart 2016-cı il tarixdə cəza müddəti bitmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 29,177.2.3-cü maddəsinə tövsif edilərək cəzası 03 il 06 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ilə endirilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qərarı ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 ay 16 gün şərti olaraq vaxtından əvvəl şərti azad etməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəza ilə həmin cəza qismən birləşdirilməklə qəti olaraq 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə təyin olunmuş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanıb qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə təyin olunmuş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə etmək yolu ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının 24 dekabr 2019-cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. (i.v. 75-77) -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(008)-517/2023 nömrəli cinayət işi həmin məhkəmənin icraatındadır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Hansı ki, Təqsirləndirilən şəxs həmin qaydada və əsasla cəza çəkməkdən azad olunmamış, Amnistiya Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılıb üzərində qəti 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanıldıqdan sonra, cəzaçəkmə müddətinin başlanğıcının 24 dekabr 2019cu il tarixdən hesablanması nəzərə alınmaqla cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır, təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran halın olmaması barədə müstəntiqin gəldiyi nəticə, bununla bağlı müddəa isə ittiham aktından xaric edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin (05 il) yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 04 ədəd “CHAO RUİ T45” markalı notebookun Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zərərçəkmiş şəxsnə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd girov bileti və 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 04 ədəd “CHAO RUİ T45” markalı notebookun məhkəməyədək icraat zamanı zərərçəkmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Zərərçəkmiş şəxsnə geri qaytarılması nəzərə alınsın, 01 ədəd girov bileti və 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar