Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-180/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2 Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1989-cu ildə Cəlilabad rayonunda anadan olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində fərdi evdə kirayə yaşayan, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,034 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən 12 oktyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 38A ünvanının qarşısında saxlanılaraq ünvan 4rləşən Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilib, şöbədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofon paketə bükülü halda ümumi təmiz çəkisi 1,034 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, qeyd olunan tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən axşam saatlarında saxlanılmış, şöbəyə aparılmış, şöbədə dərhal üzərinə baxış keçirilmişdir. Saxlanılana kimi polis əməkdaşları ilə arasında hər hansı bir mübahisə, anlaşmazlıq olmamış, hansı səbəbdən saxlanıldığını bilmir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Nizami RPİ-nin 25-ci PŞ-nə Rəşad adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında ondan və Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 22:00-da Nizami rayonu, Q.Qarayev prospekti, 40 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılmış və 25-ci PŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PŞ-nə getmiş, orada vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa, təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının qabaq sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü təhqiqatçı tərəfindən açıldıqda içərisindən ağ rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı fiziki qüvvə və zor tətbiq olunmamış, Təqsirləndirilən şəxs özü könüllü şəkildə onlarla birlikdə PŞ-nə getmiş, onun üzərinə şəxsi axtarış və baxış polis şöbəsində keçirilmiş, o, özü könüllü surətdə üzərindəki psixotrop maddəni təqdim etmişdir. Saxlanılan anadək Rəşid Məlikovu tanımamış, onunla aralarında hər hansı bir mübahisə və anlaşmazlıq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPl-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/5347 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş tədqiqata təqdim olunmuş 1 ədəd bükümdə təmiz çəkisi 1,034 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2023-cü il tarixli, 6649 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan aslılıq sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, Məlikov X6 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 10 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, 02 gün müddətində tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 06 ay 28 gün (bir il altı ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi ümumilikdə 0,984 qram çəkidə psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 216 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-180/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-180/2024
27.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver