Məhkəmə qərarları › İş №1(007)-184/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-184/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-184/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 2000-ci ildə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, qəsdən özgənin əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 03 radələrində kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdən onunla birlikdə həmin ünvanda kirayə yaşayan Zərərçəkmiş şəxs3 məxsus içərisində dəyəri 25 manat olan qara rəngli şalvar, dəyəri 27 manat olan qara rəngli şalvar, dəyəri 30 manat olan ağ rəngli şalvar, dəyəri 25 manat olan ağ rəngli qısa qol köynək, dəyəri 18 manat olan göy rəngli qısa qol köynək, hər birinin dəyəri 20 manat olmaqla ümumi dəyəri 40 manat olan iki ədəd qara rəngli qısa qol köynək, dəyəri 30 manat olan sarı rəngli qolu uzun köynək, dəyəri 24 manat olan sarı rəngli qısa qol sviter, dəyəri 26 manat olan qara rəngli qısa qol sviter, dəyəri 30 manat olan bir cüt qara rəngli ayaqqabı, dəyəri 4 manat olan bir ədəd “Rexona” markalı antipersirantı, dəyəri 50 manat olan bir ədəd “Louis Vuitton” markalı ətir, dəyəri 45 manat olan bir ədəd elektrik üzqırxan cihazı, dəyəri 70 manat olan gümüş boyunbağı və qolbaq dəsti, içərisində Zərərçəkmiş şəxs2 məxsus hərbi bilet, Zərərçəkmiş şəxs3 məxsus şəxsiyyət vəsiqəsi və hərbi bilet olan 70 manat dəyərində qara rəngli iri idman çantasını, dəyəri 30 manat olan dəmir korpus və dəmir qolbaqlı “Tissot” markalı qol saatı, evin qonaq otağındakı masanın üzərindən Zərərçəkmiş şəxs2 məxsus dəyəri 20 manat olan ***-***-**-** saylı nömrə ilə işləyən 250 manat dəyərində bir ədəd “İphone 7S” markalı mobil telefon cihazını, həmin telefon cihazına məxsus 15 manat dəyərində bir ədəd adapteri, otaqdakı asılqandan asılmış Zərərçəkmiş şəxs3 məxsus şalvarın cibindən sonuncuya məxsus 700 manat məbləğində, Zərərçəkmiş şəxs2a məxsus 180 manat məbləğində nağd pulları gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1244 manat, Zərərçəkmiş şəxs2 isə 465 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 may 2022-ci il tarixdə saat 12 radələrində işlədiyi, Bakı şəhəri, Nizami rayonu, Zərərçəkmiş şəxs2 küçəsi 44 ünvanında yerləşən “Grand” avtoyuma məntəqəsində həmin məntəqədə nəzarətçi işləyən Zərərçəkmiş şəxs1 masanın üzərinə qoyduğu içərisində 4200 manat pul olan 12 manat dəyərində pul qabını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 4212 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, heç vaxt oğurluq etməmişdir və onun barəsində şikayət etmiş Murad və Fuad qardaşları ona şər atmışlar. Onlarla birlikdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisindəki evdə kirayə yaşamış, lakin onlardan heç bir oğurluq etməmişdir. Onların oğurladığını iddia etdikləri mobil telefon cihazı və geyim əşyaları onun özünə məxsus olmuşdur. O, sadəcə özünə məxsus olan əşyaları toplayaraq evdən çıxıb getmiş, onlara məxsus şəxsiyyət vəsiqəsini, hərbi bileti və pulları oğurlamamışdır. Murad və Fuad qardaşlarından heç bir oğurluq etməmişdir, onlarla heç bir ədavəti olmamışdır. O, 2022-ci ilin may ayının əvvəllərində “Tap.az” saytında iş elanlarına baxan zaman avtoyuma məntəqəsində iş elanı görmüş və əlaqə saxlamışdır. Ona “Gənclik” m/s-na, “Odlar Yurdu" universitetinin yaxınlığında avtoyuma məntəqəsinə gəlməsini bildirmişlər. O, ora getmiş və orada əvvəllər avtoyuma məntəqəsində yanında işlədiyi Ramazan adlı şəxsi görmüşdür. Ramazan onu Nizami rayonunda yerləşən avtoyuma məntəqəsində Sirus adlı şəxsin yanına göndərmişdir. Sirus ondan şəxsiyyət vəsiqəsinin surətini istəmiş və səhəri gün işə çıxmağını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Nizami rayonu, Zərərçəkmiş şəxs2 küçəsi 44 ünvanında yerləşən “Grand" avtoyuma məntəqəsinə gəlmiş və saat 11-ə kimi iş görməmiş, sonra isə saat 11-də “Toyota Camry” markalı avtomobil gəlmiş və o, həmin avtomobili yumağa başlamışdır. Saat təxminən 12 radələrində Sirus avtoyuma məntəqəsinə gəlmiş və o, həmin vaxt dərman götürmək üçün avtoyuma məntəqəsinin qurulama hissəsinə keçmiş və orada olan masanın üzərində bir ədəd pul qabı görmüş və dərhal pul qabını götürmüşdür. Daha sonra ətrafa baxıb heç kəsin görmədiyindən əmin olduqdan sonra avtoyuma məntəqəsini tərk edərək, tanımadığı bir taksiyə minərək oradan uzaqlaşmışdır. Taksidə olan zaman pul qabının içərisinə baxmış və orada ümumilikdə 2400 (iki min dörd yüz) manat pul olduğunu görmüşdür. Daha sonra pul qabını götürdükdən hardasa 1 saat yarım sonra içərisində Sirusa məxsus pul qabını tanımadığı başqa bir taksiyə vermiş və “Grand” avtoyumaya aparmasını xahiş etmişdir. Oğurladığı pulu 4 gün ərzində müxtəlif əyləncələrə və istirahətə xərcləmişdir. 14 may 2022-ci il tarixdə isə “Memar Əcəmi” metrostansiyası yaxınlığında “Yeganə” şadlıq sarayının qarşısında polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim edərək onlarla birlikdə polis bölməsinə dəvət etmişlər. O da dəvəti qəbul edərək onlarla birlikdə polis bölməsinə getmişdir. Zərərçəkmiş şəxs1 məxsus pul qabını avtoyuma məntəqəsində götürən zaman onu heç kəs görməmiş və pul qabında sadəcə 2400 (iki min dörd yüz) manat pul olmuşdur. Sonda Təqsirləndirilən şəxs, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə baxış iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2022-ci il may ayının 4-dən qohumu Abdullayev Fəridin icarəyə götürdüyü Nizami rayonu, Zərərçəkmiş şəxs2 küçəsi 44 ünvanında yerləşən “Grand” avtoyuma məntəqəsində nəzarətçi kimi işləmişdir. xx.xx.2022-ci il tarixdə saat 11:30 radələrində işlədiyi avtoyuma məntəqəsinə gəlmişdir və içərisində 4200 (dörd min iki yüz) manat pul olan pul qabını avtoyuma məntəqəsində olan masanın üzərinə qoymuşdur. Daha sonra avtoyuma məntəqəsinə kimyəvi təmizləmə üçün avtomobil gəlmiş və onu qəbul etmişdir. O, avtomobili qəbul edən zaman başı sürücü ilə söhbətə qarışmış və pul qabını masanın üzərindən götürmək yadından çıxmışdır. Təxminən 15-20 dəqiqə sonra pul qabısının masanın üstündə qalması yadına düşmüşdür və dərhal masanın üzərinə baxdıqda pul qabını orada aşkar etməmişdir. Daha sonra avtoyuma məntəqəsinin müşahidə kameralarına baxdıqda avtoyuma məntəqəsinə bir saat öncə işə götürdüyü Yengibar adlı şəxsin pul qabını götürərək oradan qaçdğını aşkar etmişdir. Yengibarı işə götürməyi üçün onu bir gün öncə Ramazan adlı tanışı göndərmişdir və o, ona şəxsiyyət vəsiqəsi ilə birlikdə səhəri gün avtoyuma məntəqəsinə gəlməsini bildirmişdir. O, Yengibarın oğurluq hadisəsindən sonra onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, lakin nömrə sönülü olduğu üçün ona zəng çatmamışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə tanımadığı bir taksi ona məxsus oğurlanmış pul qabını iş yerinə gətirmiş və pul qabını ona Xırdalan şəhərində tanımadığı bir oğlanın verdiyini və onun iş yerinin adresini bildirərək buraya gətirməsini bildirmişdir. Pul qabına baxdıqda orada pul olmadığını görmüşdür. Pul qabının dəyərinin 12 manat və həmin pul qabının içərisində 4200 manat olduğunu göstərmiş və ona ümumilikdə 4212 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin sonlarından qardaşı Fuad ilə birlikdə ünvan 5 ünvanında kirayə yaşamışdır. Baş vermiş hadisədən təxminən iki ay əvvəl tanışı Təqsirləndirilən şəxs da onlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Yengibar işsiz olduğu üçün kirayə haqqı verməmiş, yemək-içməyini də onlar vermişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında üçü birlikdə yeyib içdikdən sonra hərəsi öz yerlərinə keçib yatmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində yuxudan durub işə getməyə hazırlaşdıqda Yengibarın yerində olmadığını görmüşlər. Evdən çıxarkən gündəlik geyim və gigiyena əşyalarına əl atdıqda onları yerində aşkar etməmişlər, bundan şübhələnib digər əşyalara nəzər yetirdikdə qardaşı Fuada məxsus 70 manat dəyərində bir ədəd qara rəngli, üzərində Azərbaycan bayrağının şəkli əks olunmuş iri idman çantası, həmin idman çantasının içərisində birinin dəyəri 25 manat, digərinin dəyəri 27 manat olan iki ədəd qara rəngli, bir ədəd dəyəri 30 manat olan ağ rəngli şalvar, birinin dəyəri 25 manat olan ağ rəngli, birinin dəyəri 18 manat olan göy rəngli, hər birinin dəyəri 20 manat olan qara rəngli qısa qollu köynəklər, bir ədəd dəyəri 30 manat olan sarı rəngli dama-dama uzun qollu köynək, bir ədəd dəyəri 24 manat olan sarı rəngli, bir ədəd dəyəri 26 manat olan qara rəngli qolu qısa sviterlər, dəyəri 30 manat olan bir cüt qara rəngli ayaqqabı, dəyəri 4 manat olan bir əddə “Rexona" markalı antiperspirant, dəyəri 50 manat olan bir ədəd “Louis Viutton” markalı ətir, dəyəri 45 manat olan markasını hal hazırda xatırlamadığı elektrik üz qırxan cihaz, dəyəri 70 manat olan bir ədəd gümüş boyunbağı və qolbaq dəsti, dəyəri 30 manat olan bir ədəd dəmir korpus və dəmir qolbaqlı “Tissot” markalı qol saatı, 30 manat dəyərində şəxsiyyət vəsiqəsi və qardaşı Fuada və özünə məxsus hər birinin dəyəri 50 manat olan hərbi biletləri, özünə məxsus masanın üzərinə qoyduğu dəyəri 250 manat olan bir ədəd “İphone 7S” markalı mobil telefon, üzərindəki 15 manat dəyərində bir ədəd adapter və ümumi dəyəri 20 manat olan ***-***-**-** saylı mobil nömrə ilə birlikdə, asılqanda olan qardaşı Fuadın iş şalvarının cibində saxladığı 700 manat məbləğində nağd pul, özünə məxsus şalvarının cibində saxladığı 180 manat məbləğində nağd pulu oğurlanmışdır. Yengibardan şübhələndikləri üçün onun mobil telefonuna zəng etsələr də, ona zəng çatmamışdır. Yengibara zəng etdikdən sonra ona zəng çatmaması oğurluğun məhz Yengibar tərəfindən törətməsinə onlarda əminlik yaranmışdır. Bu səbəbdən də aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət etmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 465 manat məbləğində, qardaşı Zərərçəkmiş şəxs3 isə 1244 manat məbləğində maddi ziyan dəymişdir. Qardaşı Fuada məxsus şəxsiyyət vəsiqəsi və hərbi bilet, həmçinin də, ona məxsus hərbi biletin Fuadın oğurlanmış qara rəngli idman çantasının kiçik cibində olduğunu və sənədlərin oğurlanması nəticəsində nə ona, nə də ki, qardaşı Fuada maddi ziyan dəymədiyini bildirmişdir. Baş vermiş oğurluq hadisənin məhz Yengibar tərəfindən törədilməsinə əmin olmağının səbəbi kimi Yengibarın hadisə baş verən gecə qəfildən evdən çıxmasını, telefonlarını söndürərək onlarla əlaqədən yayınmasını və evin qapı və pəncərələrində heç bir kənar müdaxilə izinin olmamasını səbəb kimi göstərmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin sonlarından qardaşı Murad ilə birlikdə ünvan 5 ünvanında kirayə yaşamışdır. Baş vermiş hadisədən təxminən iki ay əvvəl qardaşının tanışı Təqsirləndirilən şəxs da onlarla birlikdə həmin evdə yaşamağa başlamışdır. Yengibar işsiz olduğu üçün kirayə haqqı verməmiş, yemək-içməyini də onlar vermişlər. xx.xx.2022-ci il tarixdə axşam saatlarında üçü birlikdə yeyib içdikdən sonra hərəsi öz yerlərinə keçib yatmışlar. xx.xx.2022-ci il tarixdə səhər saat 05 radələrində yuxudan durub işə getməyə hazırlaşdıqda Yengibarın yerində olmadığını görmüşlər. Evdən çıxarkən gündəlik geyin və gigiyena əşyalarına əl atdıqda onları yerində aşkar etməmişlər, bundan şübhələnib digər əşyalara nəzər yetirdikdə ona məxsus 70 manat dəyərində bir ədəd qara rəngli, üzərində Azərbaycan bayrağının şəkli əks olunmuş iri idman çantası, həmin idman çantasının içərisində birinin dəyəri 25 manat, digərinin dəyəri 27 manat olan iki ədəd qara rəngli, bir ədəd dəyəri 30 manat olan ağ rəngli şalvar, birinin dəyəri 25 manat olan ağ rəngli, birinin dəyəri 18 marat olan göy rəngli, hər birinin dəyəri 20 manat olan qara rəngli qısa qollu köynəklər, bir ədəd dəyəri 30 manat olan sarı rəngli dama-dama uzun qollu köynək, bir ədəd dəyəri 24 manat olan sarı rəngli, bir ədəd dəyəri 26 manat olan qara rəngli qolu qısa sviterlər, dəyəri 30 manat olan bir cüt qara rəngli ayaqqabı, dəyəri 4 manat olan bir əddə “Rexona” markalı antiperspirant, dəyəri 50 manat olan bir ədəd “Louis Viutton" markalı ətir, dəyəri 45 manat olan markasını hal hazırda xatırlamadığı elektrik üz qırxan cihaz, dəyəri 70 manat olan bir ədəd gümüş boyunbağı və qolbaq dəsti, dəyəri 30 manat olan bir ədəd dəmir korpus və dəmir qolbaqlı “Tissot” markalı qol saatı, 30 manat dəyərində şəxsiyyət vəsiqəsi və ona və qardaşı Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 50 manat olan hərbi biletləri, qardaşı Zərərçəkmiş şəxs2 masanın üzərinə qoyduğu dəyəri 250 manat olan bir ədəd “İphone 7S” markalı mobil telefon, üzərindəki 15 manat dəyərində bir ədəd adapter və ümumi dəyəri 20 manat olan ***-***-**-** saylı mobil nömrə ilə birlikdə, asılqanda olan iş şalvarının cibində saxladığı 700 manat məbləğində nağd pul, qardaşı Zərərçəkmiş şəxs2 şalvarının cibində saxladığı 180 manat məbləğində nağd pulu oğurlanmışdır. Yengibardan şübhələndikləri üçün onun mobil telefonuna zəng etsələr də, ona zəng çatmamışdır. Yengibara zəng etdikdən sonra ona zəng çatmaması oğurluğun məhz Yengibar tərəfindən törətməsinə onlarda əminlik yaranmışdır. Bu səbəbdən də aidiyyəti üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-yə ərizə ilə müraciət etmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1244 manat məbləğində, qardaşı Zərərçəkmiş şəxs2 isə 465 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus şəxsiyyət vəsiqəsi və hərbi bilet, həmçinin də, qardaşı Murada məxsus hərbi biletin ona məxsus olan oğurlanmış qara rəngli idman çantasının kiçik cibində olduğunu bildirmiş və həmin sənədlərin oğurlanması nəticəsində nə ona, nədə ki, qardaşı Murada heç bir maddi ziyan dəymədiyini bildirmişdir. Baş vermiş oğurluq hadisənin məhz Yengibar tərəfindən törədilməsinə əmin olmağının səbəbi kimi Yengibarın hadisə baş verən gecə qəfildən evdən çıxmasını, telefonlarını söndürərək onlarla əlaqədən yayınmasını və evin qapı və pəncərələrində heç bir kənar müdaxilə izinin olmamasını səbəb kimi göstərmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 22 aprel 2022-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsinin baş verdiyi yerlər müvafiq olaraq Bakı şəhəri, Nizami rayonu, Zərərçəkmiş şəxs2 küçəsi 44 ünvanında yerləşən “Grand” avtoyuma məntəqəsi və ünvan 5 ünvanıdır. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, cinayət işi ********* sayı altında davam etdirilmişdir. İş materiallarında olan 14 may 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, “Grand” avtoyuma məntəqəsindən götürülmüş diskdə olan videogörüntülərə baxış keçirilmişdir. Baxış zamanı təxminən boyu 175-180 sm olan orta bədən quruluşlu, əynində ağ rəngə bənzər jaket, açıq mavi rəngli şalvar və başında ağ rəngli papaq olan şəxsin avtoyuma məntəqəsində masanın üzərində olan pul qabını götürdüyü və dərhal oranı tərk edərək qaçdığı müşahidə olunmuşdur. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs “Grand” avtoyuma məntəqəsindən oğurluq yeri əyani qaydada göstərmişdir. İş materiallarında olan 17 may 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 aralarında keçirilmiş üzləşmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan 28 dekabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 aralarında keçirilmiş üzləşmə zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə demişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 326.2-ci maddələrindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılmış, onun barəsində CM-in 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 deyil, məhz özünə məxsus əşyaları evdən götürməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxs1 münasibətdə törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 27 may 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. İş materiallarında olan 21 sentyabr 2022-ci il tarixli protokoldan, 23 sentyabr 2022-ci il tarixli cəlb qərarından və 23 sentyabr 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən Bakı şəhəri Sabunçu rayon prokuroru tərəfindən imtina edilmiş və 23 sentyabr 2022-ci il tarixdə o, Sabunçu RPİ-nin X1 azad edilmiş, bundan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan 15 may 2022-ci il tarixli protokoldan, 17 may 2022-ci il tarixli cəlb qərarından və 17 may 2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə 15 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə o, Nizami RPİ-nin X1 azad edilmiş, bundan sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək tutulduğu 02 gün və 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət, ümumilikdə isə 04 (dörd) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bununla yanaşı, iş materiallarında olan 12 dekabr 2022-ci il tarixli tutma protokolundan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 12 yanvar 2023-cü il tarixli və 02 fevral 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı ilə onun barəsində 1 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti 02 fevral 2023-cü il tarixədək uzadılmış, həmin məhkəmənin 02 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 38 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 228 manat (38x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 15 may 2022-ci il tarixdən 17 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün və 21 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət olmaqla, ümumilikdə 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 38 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 228 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar