Məhkəmə qərarları › İş №1(007)-184/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-184/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-184/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1994-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göyçay rayonunun 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, M.Abbasov küçəsi, ev 13A, mənzil 105-də yaşayan, 25 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 iyun 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs sonuncunun xarici ölkədə yaşayan tanışlarına aid 49 milyon ABŞ dolları məbləğində pul vəsaitinin İsveçrədə yerləşən “Citibank” bankında blokdan çıxarılmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə edib bu adla Zərərçəkmiş şəxs 30 mart 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Bravo” marketin qarşısında həmin dövrün rəsmi məzənnəsi ilə 27200 manat təşkil edən 16000 ABŞ dolları məbləğində pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs 27200 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilsə də, sonradan verdiyi ifadəsində əməlini etiraf edərək göstərmişdir ki, o, 2011- 2016-cı illərdə Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində yerləşən “Alfredo Nobel” universitetində əmtəəşünaslıq ixtisası üzrə əyani ali təhsil almışdır. Bundan sonra o, Azərbaycanda “Azgranata” şirkətində satış təmsilçisi, daha sonra isə sığorta şirkətində broker işləmişdir. Sonradan işsiz qalmışdır. Onun maddi ehtiyaclarını atası və anası qarşılayır. Şəkər xəstəliyi ilə bağlı hərbi xidmətdə olmamışdır. 2022-ci ilin təxminən mart ayının əvvəllərində Şahid2 ilə təsadüfən “Qara Qarayev” ərazisində yerləşən çayxanada tanış olmuşdur. Bir neçə gün sonra isə Vidadinin tanışı olan Zərərçəkmiş şəxs ilə də çayxanada tanış olmuşdur. Onların hər ikisi ilə arasında normal münasibət olmuşdur. 2022-ci ilin təxminən iyul ayının əvvəllərində Calal özü ona zəng edərək özünə yeni avtomobil almaq istədiyindən hazırda idarə etdiyi “Mazda 3” markalı avtomobilini kiməsə yaxın adama satmaq istədiyini demişdir. Sonra isə həmin avtomobilin şəkillərini votsapla ona göndərib özünün almağını təklif etmişdir. Həmin ərəfələrdə hazırda xatırlamadığı şirkətdə işləməli olduğundan və avtomobili də bəyəndiyindən etiraz etməmişdir. Həmin avtomobil hansısa lizinq şirkətində girovda olmuş və Calalla qiymətini 14000 manata razılaşmışlar. Həmçinin Calalla aralarında olan razılaşmaya əsasən avtomobili ona verəndən sonra aylıq 420 manat olmaqla 3 ayın kreditini o ödəməli, 3 ay sonra 4500 manat pulu o, Calala ödəyəndən sonra qalan 9500 manatı da hər ay 420 manatdan lizinq şirkətinə ödəməli olmuşdur. Bir neçə gün sonra Nəsimi rayonu ərazisindəki “Koala” parkının yanında Calal həmin “Mazda 3” avtomobilini, açarını və sənədini ona təqdim etmişdir. Eyni zamanda onlayn qaydada avtomobili idarə etməyi üçün bir ay müddətində ona etibarnamə vermişdir. Sonrakı təxminən bir ay müddətində o həmin avtomobili idarə etmiş və mühərriki sıradan çıxdığından təxminən 10 gün avtomobil dayanmışdır. Həmin ərəfələrdə lizinq şirkəti aylıq pulu ödəməyini tələb etmiş, onun da imkanı olmadığından avtomobili lizinq şirkətinə təhvil vermişdir. Bu barədə Calala bildirmiş və ona ödəməli olduğu 4500 manat pulu imkan olduqca hissə-hissə ödəyəcəyi barədə onunla razılaşmışlar. Lakin sonradan maddi imkanı olmadığından Calalın pulunu ödəyə bilməmiş və münasibətləri pisləşmiş, Calal ondan şikayət etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs maşını aldıqdan bir müddət sonra Calal xarici ölkədən kiməsə göndərilən hansısa pul məbləğinin əngəldən çıxarılmasında ona köməklik etməyi üçün ona müraciət etmişdir. O da bu məqsədlə Moskva şəhərində olan Sergey adlı şəxslə danışmışdır. Sergeyi 10 ildən çoxdur ki, Moskva şəhərində olanda tanımışdır. Sergey pul məbləğinin sənədi olacağı halda işin həll olunmasında köməklik edə biləcəyini bildirmişdir. Odur ki, o da Calaldan pul məbləğinin sənədini istəmişdir. Bir neçə gün sonra Calal həmin pul məbləğini göndərən adamın pulun sənədlərini də göndərməsi üçün onlardan 50000 ABŞ dolları pul istədiyini demişdir. O, Calala Sergeyin pulu əngəldən çıxaracağı halda heç bir problem olmayacağını, nəticə etibarilə o daxil, arada olan şəxslər bu işin həlli nəticəsində əldə edəcəkləri qazancdan həmin 50000 ABŞ dolları pulu toplayıb verə biləcəklərini demişdir. Calal etiraz etməmiş və bir neçə gün sonra da ona təqdim etdiyi pulun sənədlərini o da Sergeyə göndərmişdir. Lakin Sergey həmin sənədləri yoxladıqdan sonra saxta olmasını bildirmişdir. Həmçinin o, həmin ərəfədə qeyd olunan sənədi tanışı Elxana da göndərmiş, Elxan da xaricdə yaşayan hansısa tanışı ilə dəqiqləşdirib həmin sənədin saxta olmasını bildirmişdir. O isə bu barədə Calala məlumat vermiş və onun istədiyi pul məbləğinin əngəldən çıxarılmasında ona köməklik edə bilməyəcəyini izah etmişdir. Artıq bundan sonra onların münasibətləri pisləşdiyindən Calal da həmin işin həll olunması üçün verdikləri 50000 ABŞ dolları pulun guya 16000 ABŞ dollarını onun verdiyini bildirib həmin pulu ondan tələb etməyə başlamışdır. Lakin o, Calaldan ümumiyyətlə heç bir məqsədlə və heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi kimi 49 milyon ABŞ dolları məbləğində pul vəsaitinin blokdan çıxarılması üçün 2022-ci ilin mart ayının sonlarında “Qara Qarayev” metrosunun yaxınlığındakı “Bravo” marketin qarşısında 16000 ABŞ dolları pul almamışdır. “Qara Qarayev” metrosunun yaxınlığındakı “Bravo” marketin qarşısında Calalla görüşü olmuşdur, amma vaxtı və görüşün məqsədi yadında deyil. Zərərçəkmiş şəxs təqdim etdiyi onunla aralarındakı votsap yazışmaları nəzərdən keçirmişdir, həmin yazışmaları o, 055 *** ** ** saylı nömrəsilə aparmışdır. Yazışmalar ona məxsusdur, lakin yazışmalarda olan mesajların ortasından başqa mesajlar silinmiş və sonra istintaqa təqdim olunmuşdur. Həmin mesajlarda pulları qaytaracağını deyəndə o, avtomobilin pulunu nəzərdə tutmuşdur. Həmçinin təqdim olunan yazışmalarda ortada olan bəzi mesajlar silinmişdir, o, 16000 ABŞ dollarını həmin silinmiş mesajlarda təkzib etmişdir. Calalla yazışarkən istifadə etdiyi mobil telefonu xeyli müddət əvvəl satmışdır. “ “Bakcell” şirkətindən daxil olmuş sizin 055 *** ** ** saylı nömrənizə dair telefon danışıqları və mesajlar barədə məlumatlar təqdim olunur. Mesajların məzmunundan görünür ki, 2022-ci ilin oktyabr-noyabr aylarında Zərərçəkmiş şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrədən sizin istifadənizdə olan 055 *** ** ** saylı nömrəyə çoxsaylı mesajlar yazaraq sizdən 1600 ABŞ dolları, 4500+1500 AZN pulunu qaytarmağınızı tələb edir, pulu qaytarmayıb onu aldatdığınız üçün sizin ünvanınıza nalayiq söyüşlər söyür. Siz isə ona aldığınız mesajların qarşılığında heç bir mesaj yazmırsınız. Bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, o, Calala heç bir mesaj yazmamışdır, lakin ona zəng vurub ondan 16000 ABŞ dollarını almadığını bildirmişdir. Həmçinin söyüşlərinə görə aralarında mübahisələr olmuşdur. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, xəstə olmasını, dəymiş ziyanı ödəməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, uzun illərdir ki, İsveçrədə yaşayan Samir Abdullayev onun uzaq qohumudur və o, Azərbaycana gəlibqayıtdığı ərəfələrdə aralarında dostluq münasibəti yaranmışdır. 06 fevral 2022-ci il tarixdə Samir onunla telefon əlaqəsi saxlayaraq özünün hansısa dostu ilə birlikdə ticarət işi gördüklərini və özlərinə məxsus 49 milyon ABŞ dollar pul vəsaitin İsveçrədə olan “City”bankda bloka düşdüyünü bildirmişdir. Telefon söhbəti zamanı Samir ondan həmin məbləği blokdan çıxartmaqdan ötrü tanış lazım olduğunu və bu işdə ona köməklik etməyini xahiş etmişdir. Belə ki, Samir əvvəldən onun Avropa ölkələrində yaşayan dostlarının olmasından məlumatı olmuşdur. O da Samirə tanış adam tapacağını deyərək Almaniyada yaşayan Anar adlı dostu ilə votsap vasitəsilə əlaqə saxlamış, hadisəni ona danışdıqdan sonra Anar da hansısa Avropa ölkəsindəki “Doch” bankda işləyən Kənan adlı tanışının olduğunu və bu işdə köməklik edəcəyini bildirib onun əlaqə nömrəsini ona göndərmişdir. X3 hazırda Azərbaycanda olmasını da demişdir. O, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəsi ilə telefon əlaqəsi saxlayaraq İsveçrədə yaşayan dostlarının özlərinə məxsus 49 milyon ABŞ dollar pul vəsaitinin bankda bloka düşdüyünü deyərək həmin məbləği bankdan geri qaytarılmasına köməklik göstərməsini xahiş etmişdir. Telefon söhbəti zamanı Təqsirləndirilən şəxs ona özünün əvvəllər Bakı şəhərındə hansısa bankda işlədiyini, sonradan işlə bağlı Avropanın hansısa ölkəsinə gedib oradakı “Doch” bankda proqramçı işlədiyini, hazırda məzuniyyətdə olduğundan Bakıda olduğunu, lakin onlayn qaydada işini davam etdirdiyini, həmçinin dayısının Almaniyada yaşadığını və “İnterpol”un zabiti olduğunu, həmin dayısı ilə də əlaqə saxladıqdan sonra ona bu barədə məlumat verəcəyini bildirmişdir. Həmin danışıqları zamanı o, Təqsirləndirilən şəxs tərəfindən pul köçürmələri ilə bağlı istədiyi sənədləri ona göndərmiş və Kənan da 3-4 gün ərzində ona məlumat verəcəyini bildirmişdir. Bir müddət sonra o, yenidən Kənanla telefon əlaqəsi saxlayaraq işin nə zaman həll olunacağı barədə soruşduqda Kənan işin həll olunması üçün qabaqcadan 50000 ABŞ dolları pul vəsaiti lazım oluğunu bildirmişdir. Belə ki, Kənan həmin pulun dayısının oradakı müəyyən cərimələri ödəməsi, bundan başqa dayısının İsveçrəyə gedib-qayıtması üçün yol pulu və digər xərcləri üçün lazım olduğunu demişdir. O, Samirlə məsləhətləşdikdən sonra Samir iş həllini tapdıqdan sonra 49 milyon ABŞ dolları pul vəsaitinin 1 faizinin Kənana çatacağını demişdir. O, bu barədə Kənana demiş, lakin Kənan razılaşmayaraq əvvəlcədən pulun ödənilməsini israrla istəmişdir. Artıq 2022-ci il mart ayının 29-da o, ilk dəfə Kənanla “Qara Qarayev” metrosunun yaxınlığındakı “Bravo” marketin qarşısında görüşmüşdür. O, söhbət əsnasında bir qədər əvvəl anasının müalicəsi üçün öz mənzilini satdığından əlində olan puldan işi görməsi üçün ona verə biləcəyini demişdir. Belə ki, bu işdə hər ikisinin və Kənanın Almaniyada yaşayan dayısının da xeyiri olacağından xərcləri aralarında bölmələrinə razılaşmışlar. Kənanla onun hər birinə düşən 16000 ABŞ dollar pul vəsaitini onlar qoysun, Kənanın dayısı öz üzərinə düşən pulu qoysun, iş həll olunandan sonra isə məbləğin 1 faizini Kənanla dayısı öz aralarında bölsünlər. Samir isə özü onun ayrıca hörmətini edəcək. Kənan onun yanında telefonla dayısı ilə danışmış və nəticəsini axşam ona xəbər edəcəyini demişdir. Axşam saatlarında Kənan ona zəng edib dayısı ilə razılaşdıqlarından növbəti günü pulu ona verməyini istəmişdir. Odur ki, növbəti gün, yəni 30 mart 2022-ci il tarixdə “Qara Qarayev” metrostansiyasının yaxınlığındakı “Bravo” marketin qarşısında Kənanla görüşərək ona düşən 16000 ABŞ dolları pulu əlbəəl idarə etdiyi “Mazda 3” markalı avtomaşınının içərisində Kənana vermişdir. Təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs vasitəsilə dayısı adlandırdığı Şahid1la konfrans zəng vasitəsilə danışanda həmin şəxs işin 3-5 gün ərzində həll olunacağını bildirib onu arxayın etmişdir. Sonradan Təqsirləndirilən şəxs vasitəsilə dəfələrlə dayısı adlandırdığı Şahid1la konfrans zəng vasitəsilə danışanda həmin şəxs hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. 2022-ci ilin may ayının təxminən əvvəllərində sonuncu konfrans danışıqları zamanı Kənanın dayısı kimi təqdim etdiyi Elxan işin həll olunması üçün ondan 14 gün vaxt istəmişdir. Həmçinin həmin ərəfələrdə Təqsirləndirilən şəxs onun idarə etdiyi “Mazda 3” markalı avtomobili almaq istədiyini və hansı qiymətə satacağını maraqlanmışdır. O, Kənana avtomobilin lizinqdə olduğunu, ilkin ödəniş kimi 4500 manat pul verməyini, təxminən 30 ay müddətinə 370 manat pulu banka ödəyəcəyini bildirmişdir. Aralarında şifahi şəkildə razılaşdıqdan sonra “Mazda 3” markalı avtomobilini satmaq məqsədilə Nəsimi rayonu, “Koala” parkın qarşısında Kənana vermiş və ünvan 2 ünvanında yerləşən “İnternational” BOKT tərəfindən (Bank olmayan kredit təşkilatı) mobil notariat tətbiqi vasitəsilə elektron qaydada Asan İmza ilə sözügedən avtomobili idarə etmək üçün Kənana etibarnamə verilmişdir. Təxminən 2-3 ay müddətində Təqsirləndirilən şəxs avtomobili bank tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etdikdən sonra mühərrikini yararsız hala salmış və sonradan avtomobil bank tərəfindən götürülmüşdür. Kənanın dayısının istədiyi 14 gün vaxt keçəndən sonra yenə də dəfələrlə Təqsirləndirilən şəxs vasitəsilə dayısı Şahid1la konfrans zəng vasitəsilə danışanda həmin şəxs hər dəfəsində müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Bundan sonra 2022-ci il iyun ayının təxminən ortalarında Nizami rayonu ərazisindəki “Çayla” adlı çay evində dostu Şahid2lə birlikdə Kənanla görüşmüşlər. Həmin görüşləri zamanı Kənan ondan 3 gün vaxt istəmiş, iş alınmayacağı təqdirdə ona verdiyi 16000 ABŞ dollarını geri qaytaracağına, həmçinin maşını üçün ödəməli olduğu ilkin ödəniş məbləğini də ödəyəcəyinə söz vermişdir. 3 gün sonra isə Kənan onun zənglərinə cavab verməmiş və ümumiyyətlə yoxa çıxmışdır. O da dayısı kimi təqdim etdiyi Şahid1 zəng edib danışanda həmin şəxs Kənanın dayısı olmadığını və Azərbaycanın hansısa rayonunda olduğunu, Bakıya gələndə görüşüb məsələni aydınlaşdıra biləcəklərini, həmçinin Kənanın bir neçə dəfə ona zəng edərək yalandan onunla danışmasını xahiş etdiyini bildirmişdir. Artıq həmin vaxt o, adı çəkilən şəxsin Təqsirləndirilən şəxs dayısı yox, tamam fərqli şəxs olmasını bilmişdir. Bundan sonra Kənan onunla yalnız votsapda yazışaraq pulunu tezliklə qaytaracağına söz versə də, pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs onu aldadaraq 16000 ABŞ dollar pulunu dələduzluqla ələ keçirmişdir. O, Kənanın anasına zəng edib bu barədə məlumat verəndən sonra Kənanın atası özü ona zəng edib hədə-qorxu gələrək onların ailəsini narahat etməməyini bildirmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. Nizami RPİ-nin istintaq şöbəsində araşdırma aparılarkən Kənanın atası yenə də ona zəng edərək Kənandan pulunu istəməməyini, əks təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. İlkin ifadəsində göstərdiyi, Təqsirləndirilən şəxs telefon vasitəsilə şəkillərini göndərdiyi bank sənədlərinin fotoşəkillərini ona xarici ölkədən telefonuna göndərmişlər, o da Kənana göndərmiş, sonradan həmin telefonunu dəyişdiyi üçün sənədlərin fotoşəkilləri onda qalmamışdır. O, Kənana 16000 ABŞ dollarını bank məsələsi ilə bağlı vermiş, 4500 manat ona verdiyi maşının ilkin ödəniş pulu olmuş və həmin məbləği ona ödəməli olmuşdur. 1500 manat isə Kənan həmin maşını sürdüyü müddətdə bankın bir neçə aylıq pulu olmuş, lakin Kənan həmin məbləği ödəməmiş, bank da həmin məbləği ondan tələb etmişdir. O da onu ödəməsini Kənandan tələb etmişdir. 25ci polis şöbəsində izahat onun sözləri ilə yazılmamış, o da oxumadan imza etmişdir. O, təhqiqatçıya şifahi olaraq fərqli izahat vermiş, yəni növbəti 20-ci polis bölməsində verdiyi izahat və istintaqda verdiyi ifadələrdə göstərdiyi kimi dostunun külli miqdarda pulu İsveçrə bankında blok olmuş, həmin işin həlli ilə bağlı Kənana 16000 ABŞ dolları pul vermiş, Kənan da onu aldadıb işi həll etməmiş və pulunu da ələ keçirmişdir. Bundan başqa 25-ci polis şöbəsində o da, Vidadi də təhqiqatçya bildirmişlər ki, o, pulu təklikdə vermiş, lakin sonradan Kənanla görüşüb pulu ondan tələb edəndə Vidadi yanlarında olmuşdur. Lakin təhqiqatçı onun və Vidadinin dediyindən fərqli izahat yazmış, onlar da oxumadan imza etmiş, sonrakı izahat və ifadələrində o, pulu təklikdə verdiyini bildirmiş, yəni əsl həqiqətdə də o, pulu təklikdə Kənana vermişdir. Samir Abdullayev onun uzaq qohumudur, İçveçrədə yaşayır, bankda bloka düşən pul məsələsi ona aid olmuş, Anar isə tanışıdır, o, Almaniyada yaşayır. Xeyli vaxtdır ki, onlarla əlaqəsi yoxdur. Kənan ona şifahi olaraq bildirmişdir ki, işi dayısının köməkliyi ilə həll edəcək, lakin o, Kənana pul verməmişdən əvvəl və pul verilən ərəfədə Elxanla görüşməmiş, yalnız pul verildikdən sonra Kənan vasitəsilə konfrans əlaqə üsulu ilə Elxanla telefonla danışmış, Elxan da işin həll olunacağını ona bildirmiş, lakin Elxanla aralarında pul söhbəti olmamış, yəni o, Kənanın Elxana pul verib-vermədiyini bilmir. Şəxsən o, heç vaxt Elxanla görüşməmiş və ona pul verməmişdir. O, Kənanın 055 *** ** ** saylı nömrəsi ilə əlaqə saxlamış, ondan əvvəl isə Kənanın başqa nömrəsinin olubolmadığı dəqiq yadında deyil, ola bilər ki, onu tanıyanda başqa nömrə işlətmiş, lakin bu müddət ərzində o, əsasən bu nömrə ilə Kənanla danışmışdır. Həmin zaman özündə isə 055 *** ** ** və 055 *** ** ** saylı nömrələr olmuşdur. Həmin nömrələr bir telefonda olmuş və eyni zamanda hər ikisi aktiv olmuşdur. 055 *** ** ** saylı nömrə onun adına olmuş, digər nömrə isə onun adına olmasa da faktiki olaraq onun istifadəsində olmuşdur. Vatsap proqramı 055 *** ** ** saylı nömrədə olmuş, digər nömrə ilə isə əsasən sms-lər yazmışdır. Ümumən əsas işlətdyi nömrə 055 *** ** ** olduğu üçün istintaqa öz nömrəsi kimi həmin nömrəni təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət, tələb və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsla uzun illərdir ki, dostluq edirlər. 2022-ci il iyun ayının təxminən ortalarında Nizami rayonu ərazisindəki “Çayla” adlı çay evində dostu Calalla birlikdə olarkən sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs da orada olmuşdur. Həmin zaman Calalın Kənanla söhbətlərindən ona məlum olmuşdur ki, Calalın hansısa dostunun ticarət işi ilə əlaqədar külli miqdarda pul vəsaiti İsveçrədə hansısa bankda bloka düşmüş və Kənan da bu işin həll olunmasına vəd vermişdir. Belə ki, Calalın deməsindən bilmişdir ki, Calal bu məqsədlə Kənana 16000 ABŞ dolları pul da vermişdir. Söhbət zamanı Kənan məsələnin tezliklə həll olunacağını bildirib Calaldan 3 gün vaxt da istəmiş, iş alınmayacağı təqdirdə isə Calalın ona verdiyi 16000 ABŞ dollarını geri qaytaracağına söz vermişdir. Həmçinin ona məlum olmuşdur ki, Calal özünə məxsus “Mazda 3” markalı avtomaşını həmin Kənana satmışdır, Kənan maşın üçün ödəməli olduğu ilkin ödəniş məbləğini də ödəyəcəyinə söz vermişdir. Lakin sonradan yenə Calalın dediklərindən ona məlum olmuşdur ki, Kənan Calalı aldadaraq bank işi üçün verdiyi 16000 ABŞ dollarını qaytarmamış, həmçinin avtomaşını üçün verəcəyi pulları da ödəməmişdir. Bütün bunlardan sonra da Calal polisə şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, təxminən 2-3 il bundan əvvəl Nizami rayon prokurorluğunun keçmiş inzibati binasının həyətində olan İlqar adlı şəxsin işlətdiyi çayxanada Təqsirləndirilən şəxsla tanış olmuşdur. Belə ki, Kənan da yaxşı nərd oynadığı üçün aralarında təsadüfi tanışlıq yaranmış və stolüstü oyunlar oynamışlar. Söhbət əsnasında bilmişdir ki, Kənanın anası ilə onun anası həmkəndlidirlər, yəni Ucar rayonu Qəzyan kəndindəndirlər. Kənan ona demişdir ki, o, Polşada institut bitirmiş və Kiyev şəhərində bankda işləmiş, hazırda da maliyyə işləri ilə məşğul olur. O da maliyyəçi olduğunu və uzun illər maliyyə sahəsində işlədiyini bildirmişdir. Təxminən bir il əvvəl Kənan onun telefonuna votsap vasitəsilə bir sənəd şəkli göndərmiş və həmin sənədin həqiqiliyini yoxlada bilib-bilməyəcəyini soruşmuşdur. O, sənədə baxdıqda görmüşdür ki, sənəd bank köçürməsinə aid sənəddir və ingilis dilində tərtib edilmişdir. Sənəddə 29, ya da 49 milyon pulun köçürülməsindən söhbət getmişdir. O, həmin sənədi yoxlada biləcəyini demiş, çünki Kənana demişdir ki, onun maliyyə sahəsində tanışları çoxdur. O, həmin sənədi Bolqarıstanda yaşayan Stefan adlı tanışına göndərmiş, Stefan sənədə baxıb onun saxta olduğunu bildirmişdir. Daha sonra o, həmin sənədi telefon vasitəsilə Almaniyada yaşayan bacısı oğlu Ziyaya göndərmiş və onu orada banka təqdim edib yoxlatdırmasını xahiş etmişdir. Həmin ərəfədə o, Kənanla telefonla danışanda Kənan Calal adlı şəxsi konfrans əlaqə ilə onların xəttinə qoşmuş və Calal sənədin cavabının neçə günə gələcəyini soruşmuşdur. O da 3-4 günə sənədin cavabının gələcəyini bildirmişdir. Sonra danışıqları bitmişdir. 3-4 gün sonra Ziya ona həmin sənədi bankda yoxlatdırdığını, həmin sənədin saxta olduğunu demişdir. O, Kənana bildirmişdir ki, həmin sənəd saxtadır. Kənan isə bildirmişdir ki, həmin sənədin alınmasına kiməsə pul verilmiş, amma pulun məbləğini deməmişdir. O isə kimə pul verilibsə geri alınmasını bildirmişdir, çünki demişdir ki, sənəd saxtadır. Daha sonra bu məsələ ilə əlaqəsi olmamış, 3-4 ay sonra isə Calal özü onunla əlaqə saxlayıb demişdir ki, həmin sənədlə bağlı Kənana 16000 ABŞ dolları pul vermiş və pulu da geri ala bilmir. Calal demişdir ki, Kənan pulu alanda onun bu işi həll edəcəyini bildirib bu adla ondan pul almışdır. O isə ona pul verilmədiyini və hamısının görüşüb məsələni aydınlaşdırmağı təklif etmişdir ki, Calal özü də şahid olsun ki, ona pul verilməmişdir və o, hansısa işin həllinə söz verməmişdir, sadəcə sənədin həqiqi olubolmadığını öyrənmişdir. Lakin sonradan heç kim onunla görüşməmiş və Kənan da bildirmişdir ki, məsələ yoluna qoyulmuşdur. Kənan onu Calala dayısı kimi təqdim etməmiş, sadəcə Kənan onu yaşı ilə əlaqədar “dayı” deyə çağırmışdır. Kənanın ona göndərdiyi sənəd telefonunun yaddaşında qalmamışdır. O, sadəcə Kənanın xahişi ilə ona göndərdiyi bank sənədinin həqiqiliyini yoxlatdırmış, Calala hər hansı vəd verməmiş, yalnız sənədi yoxlatdırıb cavabını verəcəyini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 may 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 14 iyun 2023-cü protokoldan və Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 15 vərəq vatsap yazışmasının surətindən görünür ki, həmin vatsap yazışmaları Təqsirləndirilən şəxs ilə onun arasında sonuncunun 055 *** ** ** saylı nömrəsi vasitəsilə aparılmışdır. 25 avqust 2022-ci il tarixdən 22 sentyabr 2022-ci il tarixə qədər olan dövrü əhatə edir, yazışmaların məzmunundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 16000 ABŞ dolları pulu və 4500 manata verdiyi maşının pulunu qaytarmasını tələb edir, əks halda şikayət edəcəyini deyir. Təqsirləndirilən şəxs isə həmin mesajlara dərhal cavab olaraq məsələni həll edəcəyini, 4-cü günə kimi, sonrakı mesajlarda isə ayın 21-nə kimi pulu qaytaracağını deyir. (i.v. 50-65) - 17 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış 15 vərəq vatsap yazışmasının surəti və “Bakcell” şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil nömrələrinə dair məlumatların əks olunduğu CD disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmələri nəzərə alınmış, cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Şahid1 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində iştirakı və onunla əlbirliyi müəyyən olunmadığı üçün Şahid1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, istintaq zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs atası tərəfindən ölümlə hədələnməsi faktını təsdiq edən hər hansı sübut əldə edilmədiyindən həmin faktla bağlı cinayət işinin başlanması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobili alaraq ilkin ödənişi etməməsi faktı mülki xarakterli olduğundan həmin faktla bağlı cinayət təqibinin başlanması rədd edilmiş və Zərərçəkmiş şəxs mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuş, Təqsirləndirilən şəxs hər hansı vəzifəsi olmadığından, o cümlədən törətdiyi cinayət əməllərində qulluq mövqeyindən sui-istifadə etməsi ilə bağlı hər hansı xüsusat aşkar edilmədiyindən, eləcə də hər hansı şəxslə əlbirliyi olmadığından əməlində CM-nin 178.2.1 və 178.2.3-cü maddələrinin tərkibi olmadığı üçün barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 310, 32.4, 312-ci maddələri, zərərçəkmiş şəxsin barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunduğundan onun ifadəsində törətdiyi cinayət əməlini etiraf etməməsi barədə hissəsi sübut kimi qəbul edilməmiş və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. (i.v. 186-194) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibləri olan Zərərçəkmiş şəxs öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, Təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib zərərçəkmiş şəxslə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 120) - 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 147-148) -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində məlumat yoxdur. (i.v. 112) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəyib zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq sənədlər və disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış 15 vərəq vatsap yazışmasının surəti və “Bakcell” şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil nömrələrinə dair məlumatların əks olunduğu CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar