Məhkəmə qərarları › İş №1(007)-186/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-186/2020

31.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-186/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Lerik rayonunun Perzəkücə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “MAK” şirkətində dülgər işləyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Perzəkücə kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, metronun “Koroğlu” stansiyasının yaxınlığında H.Əliyev prospekti 119 ünvanında yerləşən “Alov” parkının qarşısında “Covid 19” ilə əlaqədar yaradılmış karantin postundan keçərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətə başlayarkən hərəkətin digər iştirakçıları üçün maneə yaratmamaqla hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olaraq hərəkətə başlamaqla, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək ərazidə xidmət aparan Bakı şəhər BPİ-nin DYPİ-nin YPX Alayının 10-cu tağımının inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs vuraraq avtomobilin qabaq sol təkəri ilə sağ ayağının üzərindən keçməklə, ona sağ ayağın birinci daraq sümüyü əsasının qopma xarakterli yerdəyişən, birinci barmağın dırnaq falanqası əsasının və zirvəsinin, ikinci barmağın orta falanqası əsasının sınıqları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindən çıxaraq etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə üzü “Koroğlu” metrostansiyası istiqamətindən keçərək şəhər istiqamətinə hərəkət etmişdir. Təxminən saat 09 radələrində Nizami rayonu, H.Əliyev prospekti 119 ünvanında yerləşən “Alov” parkının qarşısında “Covid 19” ilə əlaqədar yaradılmış karantin postundan keçən zaman avtomobili yerindən tərpədərək saatda 5 km sürətlə 4 zolaqlı hərəkət yolunun soldan 1-ci zolağı ilə hərəkətdə olduğu zaman ərazidə xidmət aparan YPX əməkdaşının onun avtomobilinin sol qabaq hissəsinə dəyib yıxıldığını görmüşdür. Avtomobili saxlamış, ətrafda olan əməkdaşlar avtomobili arxa tərəfə verməsini istəmişlər. O, avtomobili bir az arxa tərəfə vermiş və yerə düşəndə polis əməkdaşının ayağının avtomobilinin sol qabaq təkərinin altında qaldığını bilmişdir. Həmin vaxt yol polisləri hadisə yerinə yaxınlaşmış, xəsarət almış YPX əməkdaşını YPX avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin YPX Alayının inspektoru vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində “Koroğlu” metrostansiyası ilə üzbəüz olan “Alov” parkının qarşısında “COVİD 19” ilə əlaqədar karantin rejimi ilə bağlı yaradılmış postda Nizami RPİ-nin PPX-nin və DİN-in DQ əməkdaşları ilə birlikdə xidmət aparmışlar. Digər xidmət yoldaşları ilə birlikdə ərazidən keçən avtomobillərin sürücülərinin karantin rejiminə riayət edib-etmədiklərini yoxlamışlar. O, üzü “Koroğlu” metrostansiyasına tərəf dayanıb yoxlama keçirdikdən sonra arxa tərəfinə dönüb yolu keçmək istədikdə yoxlamadan keçmiş X2 idarə etdiyi “Hyundai Tucson" markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirmişdir. Bu zaman onun sağ ayağı həmin avtomobilin qabaq sol təkərinin altında qalmışdır. Həmin vaxt yol polisləri hadisə yerinə yaxınlaşmış və onu YPX avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Hadisə zamanı sağ ayağından xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 08:30 radələrində yaşadığı Xəzər rayonu, Binə qəsəbəsindən çıxaraq qardaşı Vuqarın etibarnamə əsasında idarə etdiyi “Hyundai Tucson" markalı, **- XP-*** dövlət qeydiyyat nişanlı, avtomobilin qabaq sağ sərnişin oturacağında əyləşərək üzü “Koroğlu” metrostansiyası istiqamətindən keçərək şəhər istiqamətində getmişlər. Təxminən saat 09 radələrində “Alov" parkının qarşısında “Covid 19” ilə əlaqədar yaradılmış karantin postuna daxil olmuşlar. Yoxlama bitdikdən sonra qardaşı Vuqar avtomobili yerindən tərpədərək saatda 5 km sürətlə 4 zolaqlı hərəkət yolunun soldan 1-ci zolağı ilə hərəkətdə olduğu zaman ərazidə xidmət aparan YPX əməkdaşının maşının sol qabaq hissəsinə dəydiyini ətrafdakıların qışqırıq səsindən duymuş və Vuqar maşını saxlamışdır. Ətrafda olan əməkdaşlar Vuqara maşını arxa tərəfə sürməsini demişlər, Vuqar maşını bir qədər arxaya sürmüşdür. O və Vuqar avtomobildən düşəndə polis əməkdaşının ayağının avtomobilin sol qabaq təkərinin altında qaldığını bilmişlər. Həmin vaxt yol polisləri hadisə yerinə yaxınlaşmışlar, xəsarət almış YPX əməkdaşını YPX avtomobilinə qoyub xəstəxanaya aparmışlar. O və qardaşı Vuqar hadisə yerində qalmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər BPİ-nin DYPİ-nin YPX Alayının inspektoru vəzifəsində işləyir. xx xxxxx 2020-ci il tarixdə səhər saat təxminən 09:00 radələrində xidməti vəzifəsi ilə əlaqədar “Koroğlu” metrostansiyasının yaxınlığında, “Alov” parkının qarşısında “COVİD-19” ilə əlaqədar tətbiq edilmiş karantin rejimi ilə bağlı yaradılmış postda Nizami RPİ-nin PPX-nin və DİN-nin DQın əməkdaşları ilə birlikdə xidmət aparmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə üzü “Koroğlu” metrostansiyasına tərəf dayanmışdır. Yoxlama keçirdikdən sonra Zərərçəkmiş şəxs arxa tərəfə dönüb, səkidən düşüb yolu keçmək istəyərkən, postdan yoxlanışdan keçən X2 idarə etdiyi “Hyundai Tucson” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkətə gətirmişdir. Bu zaman avtomobilin qabaq buferi Elşənin ayağına dəymiş, Elşən müvazinətini saxlaya bilməyib yıxılmışdır. O və yoxlama məntəqəsində xidmət aparan digər əməkdaşlar qışqıraraq sürücüdən avtomobili saxlamasını tələb etmişlər. Sürücü avtomobili saxladıqda Elşənin sağ ayağının pəncə hissəsinin avtomobilin sol təkərinin altında qaldığını görmüşlər. Avtomobilin sürücüsünə avtomobili bir qədər arxaya sürməsini demişlər. Avtomobil bir qədər geri hərəkət etdikdən sonra Elşəni ayağa qaldırmışlar. Elşənin ayağından xəsarət aldığını görüb onu YPX avtomobilinə qoyub xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/2493 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:25 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 297 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ ayağın birinci daraq sümüyü əsasının qopma xarakterli yerdəyişən, birinci barmağın dırnaq falanqası əsasının və zirvəsinin, ikinci barmağın orta falanqası əsasının sınıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/542 saylı rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Tucson” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-54464-1220 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasında xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə AE seriyalı, 418223 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Məmmədzadə Gülay və xx.xx.2010-cu il təvəllüdlü Məmmədzadə Ramal adlı iki azyaşlı uşağı vardır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar