Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-186/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1992-ci il tarixdə Lənkəran rayonunun Gərmətük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, Heydər Əliyev adına Neft Emalı zavodunda montajçı-çilingər işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi, ev 1-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 7-ci massiv, ünvansız fərdi tikilidə yaşayan, 29 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2021-ci il tarixdə tutmadan azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda naməlum mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,362 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla 29 dekabr 2021-ci il tarixdə saat 13:05 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən H.Əliyev adına X6 daşımış və həmin vaxt zavodun giriş qapısının yoxlama məntəqəsində “SOCAR” Təhlükəsizlik idarəsinin əməkdaşları tərəfindən yoxlanılarkən üzərində olan bir ədəd siqaret qutusundakı kibrit qutusunun içərisində olan bitki qurusunun narkotik maddə olması şübhə doğurduğundan zavodun əməkdaşlarının bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin növbətçi hissəsinə verdiyi məlumat əsasında həmin tarixdə saat 13:20 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən X3 12 nömrəli giriş qapısının yoxlama məntəqəsində, xidməti otaqda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunun içərisində olan bir ədəd kibrit qutusuna baxış keçirilən zaman həmin qutuda təmiz çəkisi 5,362 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə Heydər Əliyev adına Neft Emalı zavodunda montajçıçilingər vəzifəsində işləməyə başlamışdır. 29 dekabr 2021-ci il tarixdə saat 08 radələrində zavoda getmiş, günorta saat 13 radələrində siqaret almaq adı ilə zavoddan çıxmışdır. O, səhər zavoda gedərkən gətirdiyi siqaret qutusundakı kibrit qutusunun içərisində olan nəşəni zavodun çöl tərəfindəki ağaclıqda gizlətmişdir ki, axşam işdən çıxandan sonra istifadə etsin. Saat 13 radələrində həmin nəşəni gizlətdiyi yerdən götürüb zavoda apararkən qapıda olan yoxlama zamanı siqaret qutusunda olan nəşəni Şahid2 aşkar edərək polis bölməsinə xəbər vermişdir. Daha sonra zavoda polis əməkdaşları yaxınlaşmışlar, 12 nömrəli giriş qapısında xidməti otaqda onun əlində olan siqaret qutusundan aşkar edilmiş narkotik vasitə olan nəşəni, yəni marixuananı zavodun işçisi Şahid2 polislərə təqdim etmiş və həmin marixuana polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra onu 23-cü polis bölməsinə aparmışlar, orada videoçəkiliş aparılmaqla üzərində axtarış aparılmış, lakin üzərində qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sorğu zamanı etiraf etmişdir ki, zavodun giriş qapısında üzərində aşkar edilmiş marixuana özünə məxsusdur, marixuananı tutulmasından təxminən bir ay öncə Lənkəran rayonunda tanımadığı şəxsdən 30 manata almış və özü istifadə etmək üçün üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu göstərmiş, həmin halları nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş SOCAR Təhlükəsizlik idarəsinin qarovul rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 35 nəfər işçisi olmaqla, onların hərəsinin öz vəzifəsi vardır. Qapı postuna çıxan işçilərini digər işçiləri səhər işə gələrkən, həmçinin günorta yeməyinə və ya digər işləri ilə əlaqədər zavoddan çıxıb qayıdarkən girişçıxışlarında onların üzərlərini yoxlayırlar. 29 dekabr 2021-ci il tarixdə saat 13:05 radələrində 12 saylı giriş qapısında xidmət edən atıcı Şahid2 ona zəng edib zavodun montajçı-çilingəri Təqsirləndirilən şəxs 12 saylı qapıdan zavoda daxil olarkən onun üzərini yoxlamasını və üzərindən qara rəngli siqaret qutusundakı kibritin içərisində narkotik vasitəyə bənzər kütlə görməsini bildirmişdir. O, dərhal 12 saylı qapıya getmiş və Şahid2 həqiqətən də Təqsirləndirilən şəxs üzərindən qara rəngli siqaret qutusundakı kibritin içərisində narkotik vasitəyə bənzər kütlə aşkar etməsini görmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu və özü istifadə etmək istədiyini bildirmişdir. O, dərhal komanda rəhbərliyə məlumat vermiş və bundan sonra da DİN-in 102 xidmətinə zəng edib təcili zavoda gəlmələrini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları hal şahidləri ilə hadisə yerinə gəlmişlər. Orada Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi narkotik vasitəyə məxsus kütləni hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təhvil vermişdir. Polislər Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə məxsus kütləni qablaşdıraraq götürmüşlər. Bundan sonra isə onlar tərtib olunmuş aktı və digər sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş SOCAR Təhlükəsizlik idarəsinin 31 saylı komandasının atıcısı Şahid2 ifadəsində göstərmişdir ki, iş vəzifəsi işlədiyi yerdə işçilər səhər işə gələrkən, həmçinin günorta yeməyinə və ya digər işləri ilə əlaqədər zavoddan çıxıb qayıdarkən hər giriş-çıxışlarında onların üzərini yoxlamaqdır. 29 dekabr 2021-ci il tarixdə zavodun montajçı-çilingəri Təqsirləndirilən şəxs zavoddan çıxmış və saat 13:05 radələrində xidmətdə olduğu 12 saylı giriş qapısından zavoda yenidən gələrkən onun üzərini yoxlamışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində qara rəngli siqaret qutusunda kibrit görmüşdür. Bu onda şübhə yaratmış və kibritin içərisinə baxarkən orada qurudulmuş ot kimi kütlə görmüşdür. O həmin kütlənin narkotik vasitə olmasından şübhələnmiş və dərhal qarovul rəisi Şahid1 bu barədə məlumat vermişdir. Şahid1 onların yanına gəlmiş, hadisəni dəqiqləşdirdikdən sonra müəssisənin digər məsul şəxslərinə məlumat vermiş, bir qədər sonra isə polis əməkdaşları hal şahidləri ilə hadisə yerinə gəlmişlər. O, Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi narkotik vasitəyə bənzər kütləni hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təhvil vermişdir. O, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütləni aşkar edərkən Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu və özü istifadə etmək istədiyini bildirmiş, ona kömək etməsini və bu barədə heç kimə deməməsini xahiş etmiş, lakin o, vəzifəsini yerinə yetirərək hadisə barədə müvafiq şəxslərə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş SOCAR Heydər Əliyev adına X3 Mühafizənin təşkili, mülki müdafiə və hərbi səfərbərlik şöbəsinin böyük mühəndisi Şahid3 ifadəsində göstərmişdir ki, iş vəzifəsi müəssisə daxilində baş vermiş hər hansı hadisənin müəssisədaxili və digər orqanların səlahiyyətinə aid olub-olmamasını müəyyən edib, ona uyğun hərəkətlər etməkdən ibarətdir. 29 dekabr 2021-ci il tarixdə saat 13 radələrində 12 saylı giriş qapısında zavodun montajçı-çilingəri Təqsirləndirilən şəxs 12 saylı qapıdan zavoda daxil olarkən onun üzərindən narkotik vasitəyə, şübhəli ota bənzər şeyin aşkar olunması barədə məlumat almışdır. Dərhal hadisə yerinə getmiş və orada artıq polis əməkdaşlarına məlumat verilməsini öyrənmişdir. Hadisə yerində həqiqətən də Təqsirləndirilən şəxs üzərindən qara rəngli siqaret qutusundakı kibritin içərisində narkotik vasitəyə bənzər kütlə aşkar edilməsini görmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin marixuana olduğunu və özü istifadə etmək istədiyini bildirmişdir. Bir qədər sonra polis əməkdaşları hal şahidləri ilə hadisə yerinə gəlmişlər, 12 saylı giriş qapısında xidmət edən atıcı Şahid2 Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi narkotik vasitəyə bənzər kütləni hal şahidlərinin iştirakı ilə polis əməkdaşlarına təhvil vermiş, həmin kütlə polislər tərəfindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 29 dekabr 2021-ci il tarixdə saat 13 radələrində 23-cü polis bölməsinə naməlum şəxs zəng edərək Nizami rayonu ərazisində yerləşən Neft Emalı zadovuna təcili olaraq polis əməkdaşlarının yaxınlaşmasını istəmişdir. Bundan sonra bölmənin əməliyyat qrupu üzvləri ilə Neft Emalı zadovuna getmişdir. Orada zavodun 12 saylı giriş qapısında mühafizəçi işləyən Şahid2 həmin zavodun işçisi Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içərisindəki kibrit qutusunda narkotik vasitəyə bənzər kütləni aşkar etməsini və həmin kütlənin Təqsirləndirilən şəxs məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs də bunu təsdiq etmiş və həmin narkotik vasitə marixuananın ona məxsus olmasını bildirmişdir. Bundan sonra dəvət edilmiş hal şahidlərinin iştirakı ilə, sonunculara və digər iştirakçılara hüquqları izah edilmiş, Şahid2 həmin içərisində narkotik vasitəyə bənzər kütlə olan kibrit qutusunu onlara təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu iştirakçıların gözü qarşısında qablaşdırılmiş və üzəri möhürlənmişdir. Qablaşdırılmış kibritin üzərini və tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 23-cü polis bölməsinə aparılmış və bölmədə xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla hüquqları izah edilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı qanunsuz və ya istintaq üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Bu barədə də protokol tərtib olunmuş və iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş SOCAR Təhlükəsizlik idarəsinin 31 saylı komandasının böyük mühəndisi Şahid5 ifadəsində göstərmişdir ki, 29 dekabr 2021-ci il tarixdə saat 13 radələrində işlədiyi müəssisədən onu 12 saylı giriş qapısına çağırmışlar. Orada polis əməkdaşları olmuş və onun hal şahidi kimi dəvət edildiyi bildirilmiş, o da buna etiraz etməmişdir. Onlara hüquq və vəzifələri izah olunmuş və bundan sonra 12 saylı giriş qapısında xidmət edən Şahid2 zavodun montajçı-çilingəri Təqsirləndirilən şəxs aşkar etdiyi narkotik vasitəni polislərə təhvil vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 12 saylı qapıdan zavoda daxil olarkən üzərini yoxlayan Şahid2 onun üzərindən narkotik vasitə aşkar etməsini etiraf etmiş, həmin kütlənin marixuana olmasını və özü istifadə etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və götürülmüşdür. Orada tərtib olunmuş protokolu və digər sənədləri imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş SOCAR Təhlükəsizlik idarəsinin qarovul rəisi Şahid6, şahid R.M.Xəillovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 30 dekabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - 29 dekabr 2021-ci il protokoldan və fotocədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən H.Əliyev adına X3 12 saylı giriş qapısının yoxlama məntəqəsində hal şahidlərinin iştirakı ilə həmin tarixdə saat 13:05 radələrində zavodun işçisi Şahid2, yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar etdiyi siqaret qutusunun içərisindəki kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütləni polis əməkdaşlarına təhvil vermişdir. (i.v. 5-7) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 dekabr 2021-ci il tarixli 7/1328 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “2). “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,362 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 5,362 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 5,342 qram qalıq qalmışdır. (i.v. 36-39) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 07 yanvar 2022-ci il tarixli 51 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə hallan olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyatla alınması məsləhət görülür. (i.v. 92-93) - 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 5,362 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş, tədqiqatdan sonra 5,342 qram qalmış narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. (i.v. 95-101) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 29 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 19) - 31 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 63-64) - 31 dekabr 2021-ci il tarixli qərarlardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 65-68) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 69) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 03 oktyabr 2018-ci il tarixdə, X2 01 avqust 2020-ci il tarixdə doğulmuşlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 29 dekabr 2021-ci il tarixdən 13 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə marixuana məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 42 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 29 dekabr 2021-ci il tarixdən 31 dekabr 2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,342 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Məhkəmə məsrəfi olan 66,46 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı dövründə ümumilikdə 42 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 252 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-186/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-186/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver