Məhkəmə qərarları › İş №1(007)-186/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-186/2023

03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-186/2023 03.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X2 və X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, bir uşağı olan, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan, ünvan 1-də yaşamış, məhkumluğu olmayan, 17 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə əldə edib daşımış, saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə 1,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, həmin psixotrop maddədən təmiz çəkisi 1,283 qram olan 01 bükümünü 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Şahid1 10 manat pul müqabilində satmış, həmin gün saat 18:30 radələrində Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən onun satdığı 01 ədəd şəffaf sellofana bükülmüş 1,283 qram çəkidə olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, Nizami RPİ-nin NMB-in əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamında o, həmin gün saat 21:30 radələrində ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,545 qram çəkidə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ilə eynilik təşkil edən, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd üzərində metamfetamin izləri olan, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir, narkotik vasitəni tanımadığı şəxslərdən əldə edir. 17 oktyabr 2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə olduğu vaxt Elşad onlara gəlmişdir. O, Elşada demişdir ki, onda metamfetamin var, lakin heroin istifadə etmək istəyir, ona görə Elşaddan xahiş etmişdir metamfetamini heroinlə dəyişsin. Elşad kiməsə telefonla zəng etmiş və onun verdiyi metamfetamini həmin qaydada dəyişdirmək üçün getmişdir. Bir az sonra polislər gəlmiş və onu özləri ilə 24-cü polis şöbəsinə aparmışlar. O, Elşada narkotik vasitəni satmamış və ya ondan buna görə pul almamışdır. Eyni zamanda Elşadın və onun üzərindən aşkar olunan metamfetaminlərin çəkisi şişirdilmişdir. O, özünü yalnız narkotik vasitədən istifadə etdiyinə görə, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, həmin əməlinə görə peşmandır. Azyaşlı uşağının olmasını nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 19 oktyabr 2022-ci il tarixdə müdafiəçisinin və tərcüməçinin iştirakları ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təqribən 10 ilə yaxındır ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Əvvəllər narkotik və psixotrop maddələri tanımadığı müxtəlif şəxslərdən əlbəəl almışdır. Son vaxtlar isə narkotik və psixotrop maddələri onu satan şəxslərlə görüşmədən ələ keçirmişdir. Adını Mehdi olduğunu bildiyi İran İslam Respublikasının vətəndaşı ilə “vatsap” ani mesajlaşma tətbiqi vasitəsi ilə onun istifadəsində olan +98 933 *** **** saylı mobil nömrə ilə əlaqə saxlayaraq ondan narkotik və psixotrop maddələr əldə edir. Belə ki, o, narkotik və psixotrop maddənin dəyərini Mehdinin ona şəkilini göndərdiyi, “Leobank”da olan hazırda rekvizistlərini xatırlamadığı kart hesabına göndərmiş, Mehdi isə sifariş verdiyi narkotik və ya psixotrop maddəni hər hansı bir yerə qoymuş və həmin yerin fotosunu və ünvanını ona göndərmiş, o da həmin yerə gedərək psixotrop maddə və ya narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə eyni üsulla Mehdinin “Leobank” hesabına 150 manat ödəniş etmiş, danışıqlarına əsasən Mehdi adlı həmin şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində psixotrop maddəni gizlətdiyi yerin şəkilini və ünvanını ona göndərmiş, o da həmin ünvana gedərək Mehdinin oraya qoyduğu bir büküm psixotrop madəni götürmüşdür. Həmin bükümü evə gətirərək özündə olan elektron tərəzi vasitəsi ilə çəkmiş və bükümlərə ayırmışdır. Həmin psixotrop maddələri tutulduğu günə qədər tanımadığı müxtəlif şəxslərə müxtəlif qiymətlərə satmışdır. Qalan son iki bükümdən birini isə 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində tanışı Şahid1 10 manat qarşılığında satmışdır. Elşad psixotrop maddəni cibinə qoyaraq evi tərk edib getmişdir. Həmin gün təqribən saat 21:30 radələrində özündə qalan son bükümü və tərəzini cibinə qoyaraq evi tərk etmişdir. Yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq narkotik və psixotrop maddələrin satışında şübhəli olduğunu bildirib onlarla birlikdə polisə getməli olduğunu bildirmişlər. Onun üzərindən psixotrop maddə metamfetamin olduğundan ilk öncə tərəddüd etmiş, lakin, bunun mənasız olduğunu anladıqdan sonra onlarla birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getmiş, orada videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın cibində saxladığı tərəzini, qəhvəyi rəngli pul qabını, ona məxsus telefonu, 01 ədəd içərisində psixotrop maddə metamfetamin olan şəffaf sellofan bükümü təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Üzərindən aşkar edilən telefon, tərəzi və 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin sübut əhəmiyyətli olduğu üçün götürülmüş, içərisində ona məxsus 10 manat olan pul qabı isə ona təhvil verilmişdir. Şəxsi axtarış zamanı üzərində başqa qeyri-qanuni əşya maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, eləcə də sonrakı müddətdə ona qarşı qanunsuz hərəkətə yol verilmədiyini, təzyiq göstərilmədiyini bildirsə də, məhkəmə iclasında elan olunmuş ifadəsi ilə razılaşmayaraq, göstərmişdir ki, sözügedən ifadəni oxumadan imzalamışdır, məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında ondan 10 manat qarşılığında 01 ədəd bükümdə psixotrop maddə metamfetamin alaraq evi tərk etmişdir. Təxminən yarım saat sonra R.Rüstəmov küçəsi, 56 ünvanının yaxınlığında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu polisə dəvət etmişlər. Üzərində psixotrop maddə olduğundan əvvəlcə polislərlə birlikdə getməyə tərəddüd etmiş, lakin bunun mənasız olduğunu düşünüb onlarla birlikdə polis şöbəsinə getmişdir. 24-cü polis şöbəsində onun üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Polislər tərəfindən həmin bükümə baxış keçirilmiş və zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2022-ci il tarixdə Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşı Şahid3 də tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmış, keçirilən əməliyyat tədbirləri ilə Şahid1 ətrafında bir qədər müşahidələr apardıqdan sonra saat 18:30 radələrində ünvan 2 ünvanının yaxınlığında Şahid1 saxlayaraq ona özlərini təqdim edib narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş, onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparıb bu barədə raportla məruzə edərək təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı tərəfindən, şöbənin digər təhqiqatçısı videoçəkiliş aparmaqla, onların iştirakları ilə Şahid1 üzərinə şəxsi axtarış keçirmişdir. Bu zaman Şahid1 üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 əynində olan şalvarın cibindən 01 ədəd sellofan bükümü və əynində olan gödəkçənin cibindən 01 ədəd telefonu çıxarıb təqdim etmiş, həmin bükümə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin psixotrop maddəni əvvəllər də psixotrop maddə aldığı “Roma” kimi tanıdığı şəxsdən 10 manat qarşılığında almışdır. Şəxsi axtarış zamanı Şahid1 üzərindən başqa qeyriqanuni əşya aşkar edilməmiş, onun üzərindən aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamin təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib götürülmüş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddəni “Roma” adlı şəxsdən əldə etməsi ilə bağlı bildirdikləri əməliyyat yolu ilə yoxlanılaraq, Roma adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 17 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində Şahid3lə birlikdə keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlayaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparıb bu barədə raportla məruzə edərək təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı tərəfindən onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 01 ədəd elektron tərəzi, 01 ədəd pulqabı və 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən onun içərisində ağ rəngli, kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Həmin maddəyə baxış keçirildikdən sonra təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, bundan başqa onun üzərindən aşkar edilmiş 01 ədəd elektron tərəziyə baxış keçirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tərəzidən psixotrop maddələrin çəkisini müəyyənləşdirmək üçün istifadə edir. Tərəzi də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qeyri-qanuni əşya aşkar edilməmiş, onun üzərindən aşkar edilmiş 01 büküm psixotrop maddə metamfetamin və tərəzi təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənib götürülmüş, şəxsi axtarış barədə protokol tərtib edilmiş, doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin baş təhqiqatçısı Nəriman Əzizov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid3 və Şahid2 iştirakları ilə həmin tarixdə Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 ona edilən təklifdən sonra əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman bükümün içərisində ağ rəngli kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Sorğu zamanı Şahid1 bildirmişdir ki, həmin bükümü 17 oktyabr 2022-ci il tarixdə “Roma” adlı şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir, o, əvvəllər də həmin şəxsdən psixotrop maddə metamfetamin almışdır. (i.v. 13-14) - 17 oktyabr 2022-ci il və 20 oktyabr 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin baş təhqiqatçısı Nəriman Əzizov tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid3 və Şahid2, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçinin iştirakları ilə 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona edilən təklifdən sonra Təqsirləndirilən şəxs əynində şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini və sağ yan cibindən 01 ədəd bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddəni Mehdi adlı İran vətəndaşından almışdır. Üzərindən aşkar edilmiş 01 ədəd tərəzini psixotrop maddənin çəkisini müəyyən etmək üçün istifadə edir. Həmin 01 ədəd büküm və 01 ədəd tərəzi təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş digər əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış videoçəkilişin görüntüləri əks olunan 01 ədəd diskə 20 oktyabr 2022-ci il traixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 49-50, 107) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6018 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N164” dairəvi əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,545 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N164” dairəvi əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi” yazısı və imzalar olan zərfdəki bir ədəd arxasında “200g/0.01” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəkilində olduğu üçün, metamfetaminin təmiz çəkisini müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin və Şahid1 üzərindən aşkar edilmiş metamfetamin (18 oktyabr 2022-ci il tarixli 6-6019 nömrəli ekspert rəyi) kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,545 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, 0,495 qram qalıq qalımışdır. (i.v. 57-60) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2022-ci il tarixli 6/6019 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N164” dairəvi əksi, “Şahid1 aşkar edilmiş maddə” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,283 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (i.v. 63-65) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 22 dekabr 2022-ci il tarixli 7754 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 143-144) - 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilməmiş, barələrində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin tətbiqi rədd edilmiş, Təqsirləndirilən şəxs və onun psixotrop maddələri əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs və onun psixotrop maddələri əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə təmiz 0,545 qram olan psixotrop maddə metamfetamindən 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalan 0,495 qram metamfetamin və üzərində metamfetamin izləri olan, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli tərəzi və Şahid1 aşkar edilərək götürülmüş 1,283 qram psixotrop maddə metamfetamindən 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalıq 1,233 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata ayrılacaq cinayət işinə əlavə edilmiş və həmin cinayət işi üzrə maddi sübut kimi tanınmış, ********* nömrəli cinayət işinin materiallarından ayrıca icraata Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul olunaraq istintaqı davam etdirilmış, Təqsirləndirilən şəxs Aleksadroviçin üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsinə dair Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ayrıca icraata ayrılacaq cinayət işindən material ayrılmaqla əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPl-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 147-154) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərarın 9-cu bəndində isə izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq, satış məqsədi ilə 1,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, saxlamaqla daşımış, həmin psixotrop maddədən təmiz çəkisi 1,283 qram olan 01 bükümünü 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda tanışı Şahid1 10 manat pul müqabilində satmış, həmin gün saat 18:30 radələrində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən onun satdığı 01 ədəd şəffaf sellofana bükülmüş 1,283 qram çəkidə olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamında o, həmin gün saat 21:30 radələrində şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,545 qram çəkidə, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə ilə eynilik təşkil edən, ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və əynində olan həmin şalvarın sol yan cibindən 01 ədəd üzərində metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hansı ki, qeyd olunanlar məhkəmədə toplanaraq tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmaqla yanaşı, Şahid1 məhkəmə iclasında irəli sürülmüş ittihamın mahiyyətinə uyğun verdiyi ifadəsində 17 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında ondan 10 manat qarşılığında 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını göstərmişdir, bu zaman isə Təqsirləndirilən şəxs həmin ifadəni inkar edəcək hər hansı dəlilini irəli sürə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 103-105) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, icra məmurunun təqdimatı əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli qərarı ilə həmin azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 ay 01 gün hissəsi 05 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 30 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 111-112, 122-139) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli hökmü ilə ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir, baxmayaraq ki, sonradan həmin cəzanın çəkilməmiş hissəsi müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir, yuxarıda istinad edilən Plenum Qərarına əsasən, o cümlədən Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsində nəzərdə tutulan, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqların residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığına dair tələbi baxımından, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə həmin məhkumluq residiv yaratmır, ona görə cəza təyini zamanı nəzərə alınmamalıdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli tərəzi məhv edilməli, maddi sübut olan iki ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şahid1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin və həmin maddənin ekspertizasının keçirilməsinə sərf edilmiş məbləğ barədə ittiham aktına əlavə edilmiş arayışda qeyd olunanlar isə hazırkı yekun aktla həll edilməli deyildir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,495 qram olan psixotrop maddə metamfetamin və üzərində metamfetamin izləri, arxasında “200g/0.01” yazısı olan gümüşü rəngli tərəzi məhv edilsinlər, iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 28 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 168 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar