Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-186/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Aslanov küçəsi ev 31/7C-də qeydiyyatda olan, 18 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 oktyabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 27 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımış, eləcə də satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə 0,811 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 oktyabr 2023-cü il tarixdə saat 04:40 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinin inzibati binasına aparılıb, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 0,811 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, şəxsiyyəti istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,179 qram, 0,285 qram, 0,287 qram, 0,280 qram, ümumi təmiz çəkisi 1,031 qram olan ağ rəngli kristalşəkilli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 27 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Daxili İşlər Nazirliyinin X8 Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81A ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən cibindən şəffaf sellofana bükülmüş 04 ədəd bükümdə təmiz çəkisi 0,179 qram, 0,285 qram, 0,287 qram, 0,280 qram, ümumi təmiz çəkisi 1,031 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda isə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən iki il əvvəl narkotik vasitələrdən və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri və psixotrop maddəni adını, ünvanını tanımadığı şəxslərdən pul ödəməklə almışdır. 18 oktyabr 2023-cü il tarixdə saat 04-05 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 gün əvvəl Sabunçu rayonunda üzdən tanıdığı, ancaq adını, ünvanını bilmədiyi, əvvəldən də bir neçə dəfə narkotik vasitə, psixotrop maddə aldığı 30-35 yaşlı, qaraşın, orta boylu şəxsə 15 manat ödəməklə bir büküm “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin alaraq bir hisəsini istifadə etmiş, qalan hissəsini də sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 18 oktyabr 2023-cü il tarixdə gecə saatlarında “Q.Qarayev” metrostansiyasının yaxınlığında olan zaman mülki geyimdə iki şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərdikdən sonra onun şəxsiyyəti barədə maraqlanmışlar. Üzərində şəxsiyyət vəsiqəsi olmasa da, adını, atasının adını, soyadını polis əməkdaşlarına demişdir. Polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu deyib onu Nizami RPİ-nin 25-ci polis şöbəsinə aparmışlar. 25-ci polis şöbəsində şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah edilmiş, vəkil və tərcüməçi dəvət edilmişdir. Təhqiqatçı tərəfindən, xidməti otaqda müdafiəçinin, tərcüməçinin və onu polis şöbəsinə gətirən polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində qanunsuz əldə edilmiş hər hansı əşya, maddə varsa təqdim etməsi təklif olunmuşdur. O da əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibində saxladığı içərisində psixotrop maddə metamfetamin olan 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində olan kütlənin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, saxlanılmamışdan təxminən 20 gün əvvəl adını, ünvanını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 15 manat pul ödəməklə aldığını, istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi həmin büküm açıldıqda içərisində ağ rəngli kristal şəkilli kütlə olduğu görünmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bir ədəd büküm təhqiqatçı tərəfindən onun, müdafiəçinin, tərcüməçinin, polis əməkdaşlarının iştirakları ilə bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri onun, müdafiəçisi, tərcüməçi və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgünlüyü imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddəni özünün istifadəsi üçün əldə etmiş, bir hissəsini istifadə etmiş, qalan hissəsini ağrıları olduğu zaman istifadə etməsi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş metamfetamindən hər hansı bir şəxsə satmamış, əvəzli və ya əvəzsiz verməmişdir. Başqa yerdə də narkotik vasitə, psixotrop maddə saxlamamışdır. O, psixotrop maddə metamfetamini falqaya büküb çəkmək yolu ilə istifadə etmişdir. 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Qanunsuz olaraq psixotrop maddələr, narkotik vasitələr əldə etmənin cinayət olduğunu bilir, əməlindən peşmandır. Bundan başqa, 27 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Nizami rayonu, C.Naxçıvanski küçəsində polis əməkdaşları tərəfindən saxlanıldığı binanın qarşısında üzəri yoxlanılmış, üzərindən hər hansi narkotik vasitə, psixotrop maddə aşkar edilməmiş, buna baxmayaraq 24-cü polis şöbəsinə aparılmışdır. Orada polis şöbəsinin rəisi Seymur və adlarını bilmədiyi bir neçə polis əməkdaşı tərəfindən başına və bədəninin müxtəlif yerlərinə dəfələrlə vurulub döyülərək ona verilən psixotrop maddəni, elektron tərəzini üzərində şəxsi axtarış aparılarkən özününkü kimi təqdim etməsini istədiklərindən, məcbur olaraq üzərinə şəxsi axtarış keçirilərkən ona verilmiş 04 büküm metamfetamini və bir ədəd elektron tərəzini əynindəki gödəkçənin cibindən çıxardıb təqdim edərək İran İslam Respublikasının vətəndaşı Asim adlı şəxsdən dostları və özünün istifadəsi üçün pul yığıb aldığını demişdir. Lakin həmin 04 büküm metamfetamin və bir ədəd elektron tərəzi ona məxsus olmamışdır. Şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqlarının müdafiəsi üçün təyin edilmiş vəkillə təklikdə görüşüb danışmışdır, lakin müdafiəçi getdikdən sonra polis əməkdaşları tərəfindən yenidən döyüləcəyindən qorxduğu üçün ona qarşı zor tətbiq edildiyini müdafiəçisinə deməmişdir. Təqsirləndirilən şəxs sualları cavablandırarkən göstərmişdir ki, üzərindən aşkar olunduğu qeyd edilən tərəzi onun əlinə dəyməmişdir, qutuda olan tərəzi olmuşdur, tərəzi onun olmuşdusa, üzərində özünün barmaq izi olmalı idi. X9 əməkdaşları 27 oktyabr 2023cü il tarixdə onu saxlamış, üstünü yoxlamışlar, üzərində heç nə aşkarlanmamışdır. 24-cü polis şöbəsinə aparıldıqdan sonra polis şöbəsinin rəisi onu otağa çağırmış, demişdir ki, nə deyirlər onu yazsın, yoxsa pis olacaq, ona verilən 04 ədəd bükümü və tərəzini çəkilişdə çıxarıb özününkü kimi təqdim etsin. Onu evlə hədələmişlər, həm də ondan artıq yükləyə bilərdilər, narkotiki daha ağır edə bilərdilər, ona görə məcbur olub deyilənləri qəbul etmişdir. İşdə olan sms məlumatlarında qeyd olunan yazını yazan Elvindir, nömrə xanımın adına olmuşdur. Elvin demişdir ki, 30 manatı var, soruşmuşdur ki, gəlib götürə bilərmi, əli kiməsə çatırmı? Amma o, narkotik istifadə edəndir, narkotikin satışı ilə məşğul olmamışdır. Prokurorluqda araşdırma zamanı tibbi ekspertizadan keçirilmişdir, lakin bədənində göyərti, döyülmə izi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında evin tək uşağı olduğunu, anasının tək yaşadığını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona yüngül cəza təyin olunmasını, narkotik vasitə satmadığına görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25-ci polis şöbəsinə Emilio adlı şəxsin Nizami rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən Emilio adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat qrupuna o və 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 daxil olmuşlar. 18 oktyabr 2023-cü il tarixdə saat 04:40-da Nizami rayonu, Q.Qarayev prospekti 76 ünvanının qarşısında Emilio adlı şəxsin əlamətlərinə oxşayan bir nəfər şəxsi müşahidə edib ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə özlərini ona təqdim edib Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması bildirilmiş və ona üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə 25ci polis şöbəsinə gəlməli olduğunu demişlər. Polis şöbəsinin inzibati binasına getdikdən sonra narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə raportla şöbə rəisinə məruzə olunmuşdur. Daha sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi, eləcə də təhsilini rus dilində aldığı müəyyən edildiyindən rus dili üzrə tərcüməçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək, ona təqdim edilmiş müdafiəçinin onun hüquqlarını müdafiə etməsinə heç bir etirazının olmadığını bildirdikdən və təklikdə görüşdükdən sonra, Təqsirləndirilən şəxs üzərində vəkilinin, tərcüməçinin və onların iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin sellofan bükümü açıldıqda içərisində ağ rəngli kristal şəkilli maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümündə olan maddənin “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni təxminən 20 gün əvvəl Sabunçu rayonu ərazisində adını və ünvanını bilmədiyi şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təsir edilmədiyini, təqdim etdiyi içərisində ağ rəngli kristalşəkilli maddə olan bükümün həqiqətən də ona məxsus olduğunu, təxminən iki ildir ki, narkotik vasitələrdən, psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddə olan bir ədəd şəffaf sellofan bükümü təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tətəfindən imzalandıqdan sonra möhürlənmişdir. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 İspat oğlu ifadəsində göstərmişdir ki, o, X8 Alayının 5-ci patrul bölüyünün manqa komandiri vəzifəsində xidmət edir. 2455 çağrılı avtopatrulda DİN-nin ƏÇPA-nın 5-ci patrul bölüyünün polis nəfəri Şahid3 ilə birlikdə 27 oktyabr 2023-cü il tarixdə saat 23:30 radələrində Nizami rayonu, C.ünvan 8 ünvanın yaxınlığında bir nəfər cavan oğlanın onları gördükdə iti addımlarla yeriyərək hərəkətləri və davranışı ilə özünü şübhəli apardığını görüb ona yaxınlaşmaq istəyən zaman həmin şəxs addımlarını daha da sürətləndirib uzaqlaşmağa çalışmışdır. Buna görə həmin şəxsi saxlayaraq adını, soyadını və şəxsiyyətini təsdiq edən sənədini soruşmuşlar, həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs onları görərkən uzaqlaşmaq istədiyinin və həyacanının səbəbini soruşduqda o, narkotik vasitələrin, psixotrop maddələrin aludəçisi olduğunu və üzərində psixotrop maddə olduğundan tutulacağından qorxduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özü üzərində psixotrop maddə olduğunu bildirdiyindən üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə ərazi üzrə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getməli olduğunu demişlər. Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. 24-cü polis şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi barədə şöbə rəisinə raportla məruzə edilmiş və rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs 24-cü polis şöbəsinin təhqiqatçısının iş otağına aparılmışdır. Xidməti otaqda Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, rus bölməsində təhsil aldığı üçün tərcüməçi, daha sonra hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs dəvət edilərək ona təqdim edilmiş vəkillə təklikdə görüşdükdən sonra həmin vəkilin onun hüquqlarını müdafiə etməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışdan əvvəl ona hüquqları bir daha izah edilmiş və şəxsi axtarış prosesinin aparıldığı müddətdə videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkliş aparılmasına və vəkilinin iştirakı ilə prosesin həyata keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz olaraq əldə edilmiş əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd şəffaf sellofan büküm, bir ədəd elektron tərəzi, sol yan cibindən bir ədəd qara rəngli pul kisəsi, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin 04 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açıldıqda hər birinin içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Təqdim edilmiş pul qabının içərisindən bir ədəd “Beynəlxalq Bank”a, iki ədəd “Kapital Bank”a, bir ədəd “X12”a, bir ədəd “Unibank”a aid plastik kartlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etdiyini, təqdim etdiyi 04 ədəd sellofan bükümdə olan maddələrin psixotrop maddə metamfetamin olduğunu, 26 oktyabr 2023-cü il tarixdə, “vhatsapp” ani mesajlaşma proqramında tanış olduğu “Asim” adlı İran İslam Respublikası vətəndaşından ona bildirilən hesaba pul köçürdükdən sonra göstərilən yerdən götürdüyünü, özünün istifadəsi, eləcə də dost-tanışlarına vermək üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş elektron tərəzinin həmin metamfetaminin çəkilməsində istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində ağ rəngli kristalşəkilli maddə olan 04 ədəd şəffaf sellofan bükümləri və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənmiş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü onların, eləcə də Təqsirləndirilən şəxs, onun müdafiəçisi və tərçüməçi tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid4 İspat oğlu sualları cavablandırarkən göstərmişdir ki, onun polis əməkdaşı kimi daşıdığı atributlara yaşarşmaz ki, ən möhtərəm hakimin qarşısında yalan ifadə versin. Hadisə ifadəsində bildirdiyi kimi olmuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlandıqdan sonra üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Nizami RPİ-nin 24-cü polis şöbəsində olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Onlar Təqsirləndirilən şəxs anidən görüb saxladıqları üçün onun üzərindəki narkotik vasitəni atmağa şansı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 Alayının 5-ci patrul bölüyünün polis nəfəri Şahid3, Şahid4la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 18 oktyabr 2023-cü il və 20 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən 25-ci PŞ-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs tünd yaşıl rəngli gödəkcənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükümə baxış keçirilərkən içərisində ağ rəngli kristallik maddə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni üzdən tanıdığı şəxsdən Sabunçu rayonunda 15 manat ödəməklə alıb əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd şəffaf sellofan büküm boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 20 oktyabr 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 42-43, 106) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5520 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Kastilio Emilio” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,811 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,811 qram olmuş, tədqiqata cəmi 0,05 qram sərf olunmuş, 0,761 qram qalıq qalmışdır. (i.v. 51-54) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 19 oktyabr 2023-cü il tarixli 6826 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 117-118) - 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı X6 tərəfindən toplanmış HK/1-3370 nömrəli material həmin şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinə aidiyyəti olduğundan cinayət işinə əlavə edilmişdir. (i.v. 126-127) - 28 oktyabr 2023-cü il və 30 oktyabr 2023-cü il tarixli protokollardan görünür ki, 28 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən ƏÇPA-nın 5-ci patrul bölüyünün əməkdaşlarının və müdafiəçinin iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 04 ədəd ağ rəngli sellofan bükümü və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqdim edilmiş bükümlərə baxış keçirilərkən içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik kütlə olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “metamfetamin” kimi tanıdığı narkotik vasitə olduğunu, narkotik vasitəni “vhatsap” vasitəsi ilə tanış olduğu “Asim” adlı İran vətəndaşından alıb əldə etdiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. İçərisində narkotik vasitəyə bənzər maddə kütləsi olan 04 ədəd sellofan büküm və elektron tərəzi boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 30 oktyabr 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 161-162, 241) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5780 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs-imza, iştirakçılar: üç imzalar...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfdəki 04 ədəd bükümlərdəki təmiz çəkiləri 0,179 qram, 0,285 qram, 0,287 qram, 0,280 qram, ümumi təmiz çəkisi 1,031 qram ağ rəngli, kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164...” dairəvi möhür əksi və “Kastilio Emilio - imza, iştirakçılar: üç imzalar...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin çəkisini və bükümlərdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub- olmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 1,031 qram olmuş, tədqiqata cəmi 0,08 qram (hər birindən 0,02 qram) sərf olunmuş, 0,951 qram qalıq qalmışdır. (i.v. 168-171) - 28 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 182-183) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 30 oktyabr 2023-cü il tarixli 1080 nömrəli rəyinin nəticə hissəsindən görünür ki,Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertizası və X3 Publik X11 rayon şöbəsi tərəfindən verilmiş 1080 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 28 oktyabr 2023-cü il tarixdə yaranmağa uyğun hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamışdır. (i.v. 236-237) -Bakı şəhəri Nizami rayon prokurorluğunun 30 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınarkən DİN-nin ƏÇPA-nın 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən döyülməsi barədə bildirməsi ilə bağlı Nizami rayon polis idarəsindən daxil olmuş məlumat əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs 28 oktyabr 2023-cü il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılığın olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 274-276) - 12 dekabr 2023-cü il tarixli protokoldan və ona əlavə sənədlərdən görünür ki, "xxxx" MMC-dən 11 dekabr 2023-cü il tarixli AZF/LGL-17394/23 nömrəli məktubla daxil olmuş üzərində “52/2-45230/23” yazısı olan 01 ədəd CD diskə müstəntiq tərəfindən kompyuterdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə 22 oktyabr 2023-ci il tarixdə saat 15:12-də ***-***-**-** saylı GSM nömrədən -“Ekadi qaqaw 30 manat pul var Elin catir yariya qaqaw hə yo bratuxa” mətndə sms daxil olmuşdur. ***-***-**-** saylı GSM nömrənin sahibinin X2 olduğu müəyyən edilmişdir. (i.v. 286-291) - 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasın olmaması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərində 18 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə fiziki-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 0,811 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,050 qram olmaqla, qalıq 0,761 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, 28 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, dörd ədəd bükümdə ümumi təmiz çəkisi 1,031 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatına sərf edilən miqdar 0,080 qram olmaqla, qalıq 0,951 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasmının videogörüntülərini özündə əks etdirən 02 ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınaraq cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilməsi və 27 oktyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı miqdarda psixotrop maddə, eləcə də elektron tərəzi olmadığı barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilmiş və sübut kimi qəbul edilməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zor və təzyiqə məruz qalaraq döyülməsi barədə qeyd etdiyi xüsusatların Nizami rayon prokurorluğu tərəfindən araşdırıldıqdan sonra qəbul edilmiş 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminləri əldə etdiyi şəxsə və mənbəyə görə ********* nömrəli cinayət işindən material ayrılaraq əməliyyat tədbirlərinin davam etdirilməsi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə və Nizami RPİ-nin 25-cü PŞ-nə göndərilmişdir. (i.v. 312-327) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 4-cü və 5-ci bəndləri ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. ...narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan 04 ədəd bükümdə psixotrop maddə metamfetamin və üzərində psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetaminləri məhz qanunsuz olaraq, satış məqsədilə əldə edərək ayrı-ayrı bükümlərdə üzərində saxlamışdır. Nəzərə alınmalıdır ki, tutulduğu andan Təqsirləndirilən şəxs vəkillə təmsil olunmuşdur, həmin 04 ədəd bükümdə olan psixotrop maddə metamfetamini və elektron tərəzini 24-cü polis şöbəsinin inzibati binasında, xidməti otaqda şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü üzərindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin maddənin özünə məxsus olduğunu bildirib hansı qaydada əldə etdiyini izah etmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, öz təsdiqini tapmasa belə, Təqsirləndirilən şəxs ona qarşı 24-cü polis şöbəsində təzyiq və təsir edildiyini bildirsə də, həmin məlumat üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmış, araşdırmanın gedişində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinsindən keçirilmiş, bu zaman onun bədən səthində hər hansı bir xəsarətin obyektiv əlamətləri aşkar olunmamış, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zorakılığın olmaması müəyyən edilmiş, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Müdafiə tərəfi isə bu barədə 30 noyabr 2023-cü il tarixli qərarı müvafiq qaydada mübahisələndirməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 04:40-da saxlanılmışdır. (i.v. 3) - 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 27) - 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 94-96) - 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 97-98) - 27 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs X8 Alayının 5-ci patrul bölüyünün əməkdaşları tərəfindən həmin tarixdə saat 23:30-da saxlanılmışdır. (i.v. 130) - 28 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş və o, azadlığının faktiki məhdudlaşdırıldığı 27 oktyabr 2023-cü il saat 23:30-dan tutulmuş hesab edilmişdir. (i.v. 146) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 19 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 218-224) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 120) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Ona görə məhkəmə cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə saat 04:40-da şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə barəsində tutma protokolu tərtib edilmiş, 19 oktyabr 2023-cü il tarixdə saat 11:35-dən saat 12:45-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılması məqsədi ilə vəsatət tərtib olunaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim olunmuş, prokuror tərəfindən vəsatətin müdafiə olunmasından imtina edildikdən sonra müstəntiq onun barəsində digər növdə qətimkan tədbiri seçmiş və həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutmada qalması bir gündən artıq davam etdiyindən, o cümlədən təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq, onun həmin dövr üçün tutulma müddəti 02 gün hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 27 oktyabr 2023-cü il tarixdə saat 23:30-da polis əməkdaşları tərəfindən saxlanılmışdır, baxmayaraq ki, tutma protokolu 28 oktyabr 2023-cü il tarixdə saat 00:40-da tərtib edilmişdir, azadlığı faktiki olaraq 27 oktyabr 2023-cü il saat 23:30-da məhdudlaşdırıldığından onun hazırda qəti müddətə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının əvvəli məhz 27 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair 29 oktyabr 2023-cü il tarixli qərarla həbsetmənin əvvəlinin 28 oktyabr 2023-cü il tarixdən hesablanmalı olması barədə qeyd olunan hal nəzərə alınmamalıdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək tutmada olduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə tutulduğu 27 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetaminlər məhv edilməli, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs\ narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,761 qram və 0,951 qram çəkilərdə psixotrop maddə metamfetaminlər məhv edilsinlər, içərisində şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Məhkəmə məsrəfi olan cəmi 157 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 21 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 126 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-186/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-186/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver