Məhkəmə qərarları › İş №1(007)-187/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-187/2021

07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-187/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il tarixdə Sabirabad rayonunun Osmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Osmanlı kəndində qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 28 mart 2021-ci il tarixdə saat 08:09 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz olan “VAZ-21053” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti əsas yolla Z.Bünyadov prospekti istiqamətində hərəkətdə olan zaman Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməyərək, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda, bunları etməyərək ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs vurub sonuncuya sağ bud sümüyünün qəlpəli, yerdəyişmiş, qapalı sınığı, bazu oynağında çıxığı ilə müşayiət olunan bazu sümüyünün böyük qabarının yerdəyişməmiş, qapalı sınığı, alının sağ yarsının ön səthi, burun beli, sol əlin arxa səthinin sıyrıqları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə saat 08 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ-21053” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti əsas yolun sağdan birinci zolağı ilə Z.Bünyadov prospekti istiqamətində təxminən 60 km/saat sürətlə hərəkətdə olmuşdur. Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsində işıqforun yaşıl işığında hərəkətini davam etdirən zaman bir nəfər piyadanın yolu soldan sağa sakit qaçışla piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçdiyini görmüş, dərhal avtomobilin əyləcinə basmış, buna baxmayaraq piyada ilə idarə etdiyi avtomobilin arasında məsafə az olduğundan, avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyadanın yerə yıxıldığını görərək dərhal avtomobili saxlamış, düşərək piyadaya yaxınlaşmış, piyadanın xəsarət aldığını görərək orada olan şəxslərin köməkliyi ilə piyadanı, sonradan tanıdığı Zərərçəkmiş şəxs avtomobilinə mindirərək 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, xəstəxanada həkimlər piyadaya ilkin tibbi yardım göstərmişlər və onda sınıq aşkar olunduğu bildirilmişdir. O, zərərçəkmiş şəxsin tibbi müalicə almasını təşkil etmiş, dəymiş maddi ziyanı tamamilə ödəmiş, ondan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxs onunla barışmışdır, ona qarşı heç bir tələb, şikayət və iddiası yoxdur. Barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 mart 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb, Q.Qarayev prospektində yerləşən “Araz” marketə gedərək oradan ərzaq malları almalı olmuşdur. Q.Qarayev prospektində piyadalar üçün nəzərdə tutulmuş piyada keçidindən yolu soldan sağa keçməyə başlamışdır. Yol boş olduğundan sakit yerişlə yolu keçməyə davam etdiyi vaxt həmin prospektlə Z.Bünyadov prospekti istiqamətində avtomobilin gəldiyini görərək, yolu sakit qaçışla keçmək istəmişdir. Lakin həmin “VAZ- 2107” markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onu vurmuş, o, zərbənin təsirindən yerə yıxılaraq xəsarət almışdır. Avtomobilin sürücüsü saxlayıb düşərək ona yaxınlaşmış, orsda olan şəxslərin köməkliyi ilə onu avtomobilinə mindirərək 3 saylı Şəhər Kiliniki Xəstəxanasına aparmışdır. Həmin xəstəxanada həkimlər ona ilkin tibbi yardım göstərərək müayinə etmişlər, məlum olmuşdur ki, ayaq nahiyəsində sınıq vardır, ona görə xəstəxanada saxlanılaraq müalicə edilmişdir. Hazırda özünü yaxşı hiss edir, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 28 mart 2021-ci il tarixli 2/3797 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 13) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 01 aprel 2021-ci il tarixli 247 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ bud sümüyünün qəlpəli, yerdəyişmiş, qapalı sınığı, bazu oynağında çıxığı ilə müşayiət olunan bazu sümüyünün böyük qabarının yerdəyişməmiş, qapalı sınığı; alının sağ yarısının ön səthi, burun beli, sol əlin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 28.03.2021-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. (i.v. 29-30) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2021-ci il tarixli 8/722 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, VAZ-21053 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 34-37) -Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 09 aprel 2021-ci il tarixli 016-38961- 1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə “BC” kateqoriyalı AE 539365 nömrəli sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququndan məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 38) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 31) - 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, 28 mart 2021-ci il tarixdə saat 08:09 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən götürülərək materiala əlavə olunmuş 01 ədəd CD-yə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə Ə.Vəliyev küçəsinin kəsişməsindən nizamlanan piyada keçidindən yolu soldan sağa keçmək istəyən zaman Q.Qarayev prospekti əsas yolla Z.Bünyadov prospekti istiqamətində hərəkət edən tünd albalı rəngli “VAZ-21053” markalı dövlət qeydiyyat nişanı ** BN *** olan avtomobil qabaq sol hissəsi ilə piyada S.Şamilyeviçi vurmuş, piyada zərbənin təsirindən yerə yıxlılmış, bundan sonra avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili saxlamış, avtomobildən düşərək piyadaya yaxınlaşmış, bu zaman ətrafda olan şəxlər də onlara yaxınlaşmış, sürücü Təqsirləndirilən şəxs və orada olan digər şəxslər piyada S.Şamilyeviçə köməklik göstərərək yerdən qaldırıb, “VAZ-21053” markalı avtomobilə mindirmişlər və sürücü avtomobili 3 saylı ŞKX-sı istiqamətində hərəkət etdirmişdir. (i.v. 75) -Sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə nəzərdə tutulan cinayət hadisəsi müəyyən edilmədiyinə görə onun barəsində həmin maddə ilə cinayət təqibinə hissəvi xitam verilmişdir. (i.v. 39-41) -Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 15 aprel 2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, 28 mart 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Təqsirləndirilən şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı ** BN *** olan VAZ-21053 markalı avtonəqliyyat vasitəsi ilə onu vuraraq xəsarət yetirmişdir. Hazırda onlar barışmışlar, Təqsirləndirilən şəxs onun xəstəxana xərclərini və müalicəsini tam etdirdiyi üçün, həmçinin ona dəymiş ziyanı tam ödədiyindən, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bundan başqa işin icraatı sadələşdirilmiş qaydada aparıldığından, o cümlədən təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin ağırlıq dərəcəsi, törədilmə şəraiti və xarakteri nəzərə alınaraq, onun barəsində qətimkan tədbirinin seçilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, ona vurduğu maddi ziyanı ödədiyinə və barışdığına görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən götürülərək materiala əlavə olunmuş 01 ədəd CD disk maddi sübut qismində tanınaraq saxlama müddəti ərzində cinayət təqibi materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, yekun protokoluna məhkəmə xərcləri, o cümlədən işin məhkəməyədək icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına dəvət olunmuş müdafiəçinin işdə iştirak saatı və pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına hansı miqdarda əmək haqqı ödənilməsi barədə məlumat qeyd olunmamış, müdafiəçinin hesabat arayışı da əlavə edilməmişdir. İşin məhkəmə icraatı dövründə isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPMnin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsi müzakirə olunmamışdır. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş materialın icraatına xitam verilsin. DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən götürülmüş bir ədəd CD disk maddi sübut qismində saxlama müddəti ərzində cinayət təqibi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar