Məhkəmə qərarları › İş №1(007)-187/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-187/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-187/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama məqsədilə, 21 avqust 2022-ci il tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən “Damla Studio” gözəllik salonuna gəlib həmin salonda saç ustası işləyən Zərərçəkmiş şəxs ona göstərəcəyi xidmət müqabilində guya öz hesabından Zərərçəkmiş şəxs məxsus kartın hesabına 10 manat pul köçürəcəyini bildirib sonuncudan "xxxx" ASC-yə aid plastik kartını və guya üzərində olan telefonda kontur olmaması səbəbindən danışmaq adı ilə Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonu almış, daha sonra özünə məxsus ***-***-**-** mobil nömrə ilə işləyən “Samsung” markalı mobil telefondan istifadə etməklə internet üzərindən "xxxx" ASC-yə aid onlayn ödəniş portalında özünə məxsus 4098-5844-6560-2884 nömrəli kart hesabına daxil olaraq Zərərçəkmiş şəxs kartının üzərində olan 5243-7544-4098-6808 hesab nömrəsini sistemə daxil etməklə qeydiyyatdan keçdikdən sonra sonuncunun istifadəsində olan mobil telefona əməliyyatın təsdiqi üçün gələn 5213 kodunu öyrənib həmin kodu "xxxx" ASC-yə aid 4098- 5844-6560-2884 hesab nömrəli kart hesabına daxil etməklə Zərərçəkmiş şəxs məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid kartından 200 manat pul vəsaitini gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 21 avqust 2022-ci il tarixdə saat təqribən 17 radələrində xalasından borca pul almaq məqsədi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Komfort” restoranı yaxınlığına olan evlərinə getmiş, lakin xalası ona borca pul verməmişdir. Oradan çıxaraq yaxınlıqda yerləşən “Damla” gözəllik salonuna oğurluq etmək məqsədi ilə daxil olmuş, gözəllik salonunun içərisində bir nəfər qadının olduğunu görüb oğurluq niyyətinin baş tutmayacağını düşünüb salondan çıxmaq istəmişdir. Həmin zaman adını bilmədiyi istintaq dövrü isə ona məlum olan gözəllik salonunda saç ustası işləyən Zərərçəkmiş şəxs ona hansı səbəbdən saçını düzəltməyərək çıxmağını soruşmuş, həmin zaman ona pulunun kartda olmasını yalandan bəhanə gətirərək kartından pulu çıxarıb geri dönəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ona saçını düzəltmək müqabilində pulu onun kartına online yolla göndərməyini təklif etmişdir. Saçını düzəltmək müqabilində onun kartına 10 manat pul göndərəcəyi barədə onunla razılığa gəlmişdir. Zərərçəkmiş şəxs ona özünə məxsus plastik kartı verərək pulu həmin karta göndərməyini bildirmişdir. Həmin zaman Z.Ələkbər qızı Zərərçəkmiş şəxs kartından pulu oğurlamağı düşünmüş və ona guya ki telefonunda konturu olmamasını bəhanə edərək zəng etməli olmağını səbəb gətirərək sonuncudan özünə məxsus mobil telefonu ona verməyini istəmişdir. Həmin zaman Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonun şifrəsini açaraq ona vermişdir. Sonuncunun telefonunu almaqda məqsədi onun kartından oğurluq etdiyi zaman ona gələn kodu götürmək olmuşdur. Z.Ələkbər qızı özünə məxsus “Samsung” markalı mobil telefona daxil olaraq əvvəlcədən özünün Leobank kartı vasitəsi ilə açmış olduğu proqrama daxil olmuş, orada balansı artırmaq hissəsinə girmiş, Zərərçəkmiş şəxs ona əvvəlcədən vermiş olduğu Unibanka məxsus kartın üzərindəki 5243-7544-4098-6808 saylı kodu həmin bölməyə daxil etmiş və həmin zaman köçürmə əməliyyatını vuraraq Zərərçəkmiş şəxs ona vermiş olduğu mobil telefona 5213 şifrə gəldikdən sonra həmin şifrəni özünün telefonundakı şifrə bölməsinə yazaraq kartdan 200 manat məbləğindəki pulu özünün istifadəsində olan Leobanka məxsus 4098-xx-xx-6560-2884 saylı kart hesabına köçürmüşdür. Zərərçəkmiş şəxs kartına pul göndərə bilmədiyini bildirərək telefonu və kartını ona geri vermiş, sonra dərhal oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. Kartına köçürmüş olduğu 200 manat məbləğindəki pulla müxtəlif mağazalardan öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Gözəllik salonuna daxil olmaqda məqsədi orada insanların çox olmasından faydalanıb oğurluq etmək olmuş, lakin salonda tək bir nəfərin olması səbəbindən salonu tərk etmək istəmiş, buna baxmayaraq Zərərçəkmiş şəxs ona öz kartına pulun köçürülməsi təklifini eşitdikdən sonra kartdan pul oğurlamaq fikrinə gəlmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etdiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına (o cümlədən istifadəsində mobil nömrəsinə sms-bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, ünvan 2 ünvanda yerləşən “Damla Studio” adlı gözəllik salonunda saç ustası işləyir. 21 avqust 2022-ci il tarixdə saat təqribən 17 radələrində işlədiyi gözəllik salonuna bir nəfər orta yaşlı xanım gələrək içəriyə daxil olmuş və sonradan ətrafa baxıb salondan çıxmaq istəmişdir. Həmin zaman o, həmin qadına nə üçün baxıb salondan çıxmasını soruşmuş, qadın isə ona üzərində pulu olmadığını, pulunun kartında olmasını və kartdan pul çəkərək geri gələrək saçını düzəltdirəcəyini bildirmişdir. O, həmin qadın müştəriyə saçını düzəltmək müqabilində alacağı pulu kartına göndərməsini təklif etmişdir. Həmin zaman özünün istifadə etdiyi Unibanka məxsus plastik kartı həmin qadına verərək pulu ora köçürməsini bildirmişdir. Qadın kartı götürdükdən sonra öz telefonunda konturunun olmamasını bildirərək onun mobil telefonunu kiməsə zəng edəcəyi bəhanəsi ilə istəmişdir. O, özünə məxsus mobil telefonu həmin qadına vermişdir. Təqribən 5-10 dəqiqə sonra qadın ona kartından pulu onun kartına köçürə bilmədiyini bildirərək kartını və mobil telefonunu ona geri qaytarmış və salondan çıxaraq uzaqlaşmışdır. Bu hadisədən təqribən 15-20 dəqiqə keçmiş o, öz kartının balansına baxdıqda oradan 200 manat pulun oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə və polis bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə ünvanladığı 26 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan olan 200 manat pulu ödəmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 26 noyabr 2022-ci il tarixli protokoldan və 21 avqust 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən “Damla Studio” gözəllik salonudur. İş materiallarında olan Təqsirləndirilən şəxs götürülmüş "xxxx"a məxsus plastik karta baxış keçirilməsi haqqında 27 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Z.Əliyeva xx.xx.2022-ci il tarixdə oğurladığı 200 manat məbləğində pulu 4098-5844-6560-2884 saylı "xxxx"a məxsus plastik kartın hesabına köçürmə vasitəsi ilə göndərmişdir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkətləri keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təqsirləndirilən şəxsin üzünə bir daha deyərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli "xxxx" ASC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli HTİD/8128 saylı məktubdan görünür ki, 5243 75 ******* 6808 saylı kart ilə xx.xx.2022-ci il tarixində 200 (iki yüz) manat pul vəsaiti xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus 4098 58 ******2884 saylı karta məxaric edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi barədə 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Leobanka” məxsus qara rəngli 4098-5844-6560-2884 nömrəli plastik bank kartı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəyərək onunla barışıq əldə etməsini və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixi hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 29 yanvar 2021-ci ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 4098-5844-6560- 2884 nömrəli "xxxx" plastik kartı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 4098-5844-6560-2884 nömrəli "xxxx" plastik kartı qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 96 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar