Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-187/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun və müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayətinə, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3, Axundov Əli Qüdrət oğlunun Azərbaycan Respublikası Cinayət Məsəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 08 oktyabr 1956-cı il tarixdə Ağsu rayonunun Pirhəsənli kəndində doğulmuşdur. Ali savadlıdır, elmi işçidir, AMEA üzrə yeganə Qarabağ əlilidir. Ailəlidir, 2 övladı var. Torpaqlarımıza təcavüz olunan ilk gündən AMEA-nın aspirantlıq şöbəsində təhsilini qoyub, 2-3 yaşlarında 2 körpə uşağını Allahın ümidinə buraxıb, Vətənin müdafiəsinə getmişdir. DİN-in zabiti, 1-ci qrup Qarabağ əlilidir. Təqsirləndirilən şəxs X4 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlil, tənha və ahıllara sosial xidmətin təşkili şöbəsinin müdiri işləyərkən nazirliyin işini tənqid etməyinə görə 10 ildir onu təqib edir. Halbuki tənqidə görə təqib qadağandır. Əli Axundov “Yeni Azərbaycan”, “Səs” qəzetlərində barəsində böhtançı, iftiraçı kimi rəy formalaşdırıb, onu saxtakarlıqda, ədalətsizlikdə ittiham edib. Eyni zamanda qərəzlə mənzil almağa haqqının çatmadığını bildirərək, ondan rüşvət tələb etməsini dolayısı ilə ortaya qoyub. Belə ki, əgər burada söhbət mənəvi haqdan gedirsə, o, qanuni əsaslarla növbəyə durduğundan mənzil hüququ da var və bu Konstitusiyanın 43-cü maddəsilə təsbit olunub. Konstitusion hüquqa isə heç kim qadağa qoya bilməz. Deməli, söhbət maddi haqqdan-rüşvətdən gedir. ƏƏSMN-in idarə rəisi onun-1-ci qrup Qarabağ əlilinin mənzil almağa rüşvətinin çatmadığını bildirir. Elə buna görə də ölkə Prezidenti ƏƏSMN rəhbərliyini, Əli Axundovu da vəzifələrindən azad etdi. Yalnız bundan sonra bir qədər sakitləşmişdir. X7 Nizami RİH-ə humanitar şöbəyə müdir təyin edilməsi ona qarşı şər-böhtanın yeni formada davam etdirilməsinə rəvac vermişdir. İndiyə kimi bir dəfə də olsun müraciətinə cavab verilməyib, ayrı-ayrı dövlət quruluşlarına, Ombudsmana barəsində şər-böhtan dolu məlumatlar verilir. Əli Axundovun şər-böhtan təzyiqindən ziyan çəkir. Belə ki, bütün sosial hüquqlardan məhrium edilmişdir. Torpaq, sahibkarlıq, mənzil, müalicə, reabilitasiya, məhkəmə təminatı hüquqlarına da qadağa qoyulub. Cinayətin son baş vermə yeri Nizami rayonu olduğuna görə şikayət Nizami Rayon Məhkəməsinə verilir. Göstərilənlərə əsasən, X4 barəsində CMnin 147.2 və 148-ci maddələri əsasında cinayət işi qaldırılmasını, zərərçəkən kimi reabilitasiya hüququnun tanınmasını, ona dəyən maddi-mənəvi ziyanın məhkəmə tərəfindən müəyyən edilərək ödənilməsini, CPM-nin 302.2.2-ci maddəsi əsasında şikayətin istintaq aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X3 şikayətin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, o, Axundov Əli Qüdrət oğlunun korrupsiya ilə məşğul olmasını tənqid etdiyi üçün həmin şəxs onu təhqir edir. Bütün güzəştlərinə, hətta tibbi müalicəsinə belə qadağa qoyub, digər əlilləri də ona qarşı qanunsuz hərəkətə cəlb edir. Barəsində Ombudsmana yalan məlumatlar verib. Axundov Əli Qüdrət oğlu onu “Yeni Azərbaycan” qəzetinin 16 noyabr 2004-cü il tarixli buraxılışında təhqir edib. O, “Yeni Azərbaycan” qəzeti barəsində şikayət vermiş, hətta iddia da qaldırmışdır. Ərizəsi tamamilə əsaslıdır və tamamilə tələblərə cavab verir, ərizəsində göstərdiyi məlumatlar Axundov Əli Qüdrət oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Şikayətin məhkəmənin icraatına qəbul olunaraq mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilmiş Axundov Əli Qüdrət oğlu şikayətin dəlilləri ilə razılaşmayıb, göstərmişdir ki, şikayətdə qeyd olunan bütün iddialar yalandır, ittiham əsassızdır, şikayətin icraata götürülməsi üçün əsaslar yoxdur. Xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətin əsassız olduğunu, işin icraata götürülməsi üçün sübutların və əsasların olmadığını göstərmiş, xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti, ona əlavə edilmiş sənədləri öyrənərək, hesab edir ki, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi məsələsini yoxlayaraq, qeyd edir ki, şikayətə görə X3, Axundov Əli Qüdrət oğlunu, “onun barəsində böhtançı, iftiraçı kimi rəy formalaşdırıb, onu saxtakarlıqda, ədalətsizlikdə ittiham etməkdə, qərəzlə mənzil almağa haqqının çatmadığını bildirərək, ondan rüşvət tələb etməsini dolayısı ilə ortaya qoymaqda” ittiham edərək, həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə müraciət etmişdir. X1 törədilməsi ehtimal olunan cinayətin məhz harada, nə vaxt və necə törədildiyinə dair sübut təqdim etməmişdir. Belə olan halda, cinayət hesab olunan əməlin məhz Bakı şəhəri Nizami Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan yerdə törədildiyi barədə qənaətə, hüquqi nəticəyə gəlinməsi üçün əsas yoxdur. Əgər xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində istinad etdiyi və şikayətə əlavə etdiyi “Yeni Azərbaycan” qəzetində dərc olunmuş məqalədən söhbət gedirsə, nəzərə alınmalıdır ki, həmin məqalə 16 noyabr 2004-cü il tarixdə dərc edilmişdir, halbuki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılmalıdır. Xüsusi ittiham qaydasında şikayətdə isə, ehtimal olunan cinayətin harada, nə vaxt və necə törədilməsi ilə bağlı sübutlar aydın təsvir edilmədiyi, sübutlarla müşayiət edilmədiyi, məhkəmənin hazırlıq iclasında da xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən dəqiqləşdirilmə aparılmamaqla yenə də sübutlar təqdim olunmadığı üçün, bu halın müəyyən edilməsi mümkün olmamışdır. Bu mümkünsüzlüklər isə, ümumilikdə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələnin araşdırılması, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməlin ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olubolmaması, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması və digər bu kimi müvafiq məsələlərin araşdırılması, qərar qəbul edilməsi məsələsinə də maneçilik törətmişdir. Həmçinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun şəxsiyyətini təsdiq edən, qeydiyyat və faktiki yaşayış yerini özündə əks etdirən sənədlər (DİN-nin MAPS şöbəsinin arayışı və s.) şikayətə əlavə edilməmişdir. Bundan başqa, X3 xüsusi ittiham qaydasında şikayətinin nəticə hissəsində Axundov Əli Qüdrət oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb olunmasını xahiş edərkən də qanunvericiliyin tələblərinə əməl etməmiş, təqsirli bilindiyi halda Axundov Əli Qüdrət oğluna hər bir maddə üzrə və Cinayət Məcəlləsinin cinayətlərin məcmusu üzrə cəzanın təyin olunmasını müəyyən edən 66-cı maddəsinin tələbləri qaydasında qəti cəzanın növünü və həddini göstərməmiş, xahiş etməmişdir. Bu zaman, xüsusilə nəzərə alınmalıdır ki, baxılan xüsusi ittiham qaydasında şikayətin məzmunu ilə bağlı çatışmazlıqların məhkəmənin hazırlıq iclasında aradan qaldırılması mümkün olmamışdır, belə ki, yuxarıda göstərilən qaydada sübutların əldə edilməsinə sərf olunacaq müddət qeyri-müəyyəndir, şikayətçi belə əsaslı imtinadan sonra çatışmazlıqları aradan qaldırmaqla, sübutlarını toplamaqla təkrarən məhkəməyə müraciət edə bilər. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olmamaqla zəruri və mötəbər hesab olunacaq sübutlarla da müşayiət edilmir, ona görə həmin şikayətin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Belə olan halda, məhkəmə, şikayət üzrə əlavə araşdırma və hüquqi qiymətləndirmə aparılmasına artıq zərurət görməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şikayət və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmənin hazırlıq iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatına 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Axundov Əli Qüdrət oğlunun hüquqlarının müdafiəsi üçün 10 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-187/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-187/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver