Məhkəmə qərarları › İş №1(007)-188/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-188/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-188/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, “Xəzər İnşaat” binası 1, giriş 6, mənzil 391-də yaşayan, 30 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2019-cu il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 13 may 2020-ci il tarixdə həbsdən azad edilmiş, 07 mart 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. Belə ki, o, əvvəldən tanıdığı Şahid2 25 dekabr 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 nömrəli binanın yanında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli xəncərlə xuliqanlıq niyyəti ilə X3 döş qəfəsinin sol yarısının ön səthinə qəsdən bir dəfə zərbə endirib sağlamlığına ağır zərər vurduqdan sonra Şahid2 xahişi əsasında həmin ağır cinayətin törədilməsində alət kimi istifadə olunan xəncəri qeyd edilən gün, saat 16 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Kazımağa Kərimov küçəsində sonuncudan qəbul edib 31 dekabr 2019-cu il tarixə qədər göstərilən ünvanda kirayədə yaşadığı nömrəsiz evin həyətində yerləşən betonun altına qoyub orada saxlamaqla qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Leyla ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli kəndi, Kazımağa Kərimov küçəsində nömrəsiz evdə kirayədə yaşamışdır. 2019-cu ildə eyni məhəllədə yaşayan Şahid2 ilə yaxın münasibətləri yaranmışdır. 25 dekabr 2019-cu il tarixdə saat 14 radələrində Elçin namaz qılmaq üçün “Lotos” ticarət mərkəzinə gedib az sonra “vatsap” vasitəsilə ona mesaj yazıb “Lotos”un arxasına çağırmış, o isə Elçinə nəsə olduğunu zənn etdiyinə görə Elçinin dediyi yerə gedib harada olmasını mesaj vasitəsilə soruşmuşdur. Elçin qarşı tərəfin çox olduqlarını və söhbət edəcəkləri zaman onu təkləsələr, müdaxilə etməsini istəmişdir. Bundan sonra Elçin “Lotos” ticarət mərkəzindən bayıra çıxaraq içəridəkilərin onların dinini, imamlarını söydüklərini, bir az sonra çıxacaqlarını bildirmiş, lakin az sonra Elçin yenidən “Lotos”a girib bir uzunboy oğlanla bayıra çıxmış və yanaşı “Xəzər” klinikası istiqamətində getməyə başlamışdır. O da təxminən 10-15 metr aralıda Elçingilin ardınca getməyə başlamışdır. Bu zaman tanımadığı bir keçəl kişi də ona qoşulmuş, həmin şəxsdən uzunboy oğlanın tanışı olub-olmadığını soruşduqda, həmin şəxs Elçingilin dinlə bağlı mübahisəsi düşdüyünü bildirib “gedək, dava etməyə qoymayaq” demişdir. Həmin vaxt sonradan adının Elşən olduğunu öyrəndiyi bir nəfər oğlan arxadan qaçaraq yaxınlaşıb “onu hara aparırsız?” deyə qışqırmışdır. Elşən onun yanından ötüb keçərək Elçingilə çatmış və iki binanın arasında mübahisə etməyə başlamışlar. Elşən orada qışqırmış, ətrafa adamlar da toplaşmış, bu zaman Elşən Elçinə təpik atmış, Elçin isə Elşənin sinə nahiyəsinə yumruq atdıqdan sonra iki binanın arasından yenidən yola tərəf gəlməyə başlamışdır. O, əvvəlcə nə baş verdiyini anlamadan Elçinin ardınca qaçmağa başlamış, “Neftçilər” metrosunun üstündəki körpüyə çatanda Elçin təngnəfəs olmuş, həmin vaxt Elçinin sağ əli də qanamış, əlində isə iti uclu “T” formalı alət olmuşdur. O, həmin “T” formalı alətin qan olduğunu görüb Elçinin hadisə vaxtı Elşəni həmin alətlə vurduğunu başa düşmüşdür. Onlar birlikdə qaçaraq metronun yanında taksi ilə Babək prospektində olan köhnə maşın bazarına, orada başqa taksi ilə Əhmədli kəndinə getmişlər. Yolda olarkən Elçin “Lotos”da namaz otağında həmin uzunboylu oğlan və yanındakıların Ömər haqqında mənfi sözlər dediyini, bu səbəbdən də aralarında mübahisə düşdüyünü, mübahisə zamanı dini söydüklərinə görə Elşəni “T” formalı alətlə vurduğunu bildirmiş, Əhmədli kəndinə çatandan sonra küçədə Elçin əlinin qanını yumuş və “T” formalı aləti gizlətməsi üçün ona vermiş, bundan sonra onlar ayrılmışlar. O, “T” formalı alətlə birlikdə evə qayıdanda anası Leyla görüb həmin alət barədə soruşanda alətin bir tərəfi alışqan olduğuna görə əvvəlcə özünə məxsus olduğunu demiş, lakin anası siqaret çəkmədiyini bildiyinə görə təkid edərək həmin əşya barədə soruşmağa davam etmiş, o da Elçinin “Lotos” ticarət mərkəzinin yanında həmin alətlə başqa bir şəxsə xəsarət yetirdiyini, əşyanı da saxlamaq üçün ona verdiyini demiş, anası bunu bilən kimi dərhal gedib Elçinlə görüşüb aləti özünə qaytarmasını tələb etmişdir. O da razılaşaraq evdən çıxmış, lakin küçədə bir qədər vaxt keçirdikdən sonra “T” formalı Elçinin ona verdiyi cinayətin alətini yaşadığı həyətdə girişdə betonun altına qoyub gizlətmiş və evə girib anasına Elçinlə görüşüb aləti qaytardığını, Elçinin də sonuncu dəfə ona polisə gedib təslim olacağını dediyini bildirmişdir. Bundan sonra onun Elçinlə əlaqəsi olmamış, sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edildikdə “T” formalı alətin yerini deyəcəyi halda anasının “başı ağrıyacağı”nı fikirləşdiyi üçün və anasına yalan danışdığının üzə çıxacağından utandığı üçün ilkin ifadəsində guya Elçinin aləti ona hadisə yerində qaçanda verdiyini və yolda atdığı barədə yalan bildirmiş, sonradan anasının həyəti süpürəndə bıçağı tapıb istintaqa təhvil verdiyini öyrənmişdir. Həmçinin, hadisədən sonra anası onun bıçağı həyətdə gizlətdiyini bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, ailədə yalnız özünün işlədiyini, anasının dializ xəstəsi olduğunu göstərərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı Leylanın oğludur. Ümidin hər hansı cinayətə şahidlik etməsi barədə, Şahid2 tərəfindən Elşən Məmmədovun bıçaqlanması barədə heç bir məlumatı olmamışdır, ümumiyyətlə, iş qrafikinin ağırlığı və Leyla Mahmudovanın da ağır dializ xəstəsi olması səbəbindən gediş-gəlişləri demək olar ki, olmamış, arada Leyla onun arvadı, yəni öz bacısı ilə telefon əlaqəsi saxlayıb hal-əhvallaşmışlar. 31 dekabr 2019-cu il tarixdə saat 18 radələrində o, işdə olan zaman Leyla ona zəng edərək dini mövzuda mübahisə düşdüyünə görə bıçaqlanma hadisəsi baş verdiyini və Ümidin də həmin hadisə ilə əlaqədar polis tərəfindən tutulduğunu bildirmiş, əlavə olaraq da həmin gün həyəti süpürəndə həyətdə salofan torbanın içində balaca bir bıçaq olduğunu və həmin bıçağı dərhal polis orqanına çatdırmaq lazım olduğunu bildirmişdir. O, işi ilə əlaqədar Leylanın xahişini həyata keçirə billməyəcəyini bildirib başqa yolla tez bir vaxtda həmin əşyanı polisə çatdırmasını, yaxud bu barədə polisə məlumat verməsini məsləhət görmüşdür. Bundan sonra onun Leyla ilə əlaqəsi olmamış, səhəri gün evdəki danışıqlardan Ümidin polis əməkdaşlarının müşayiəti ilə yaşadığı ünvana gətirildiyini, Leylanın gecə vaxtı polis idarəsinə getdiyini öyrənmiş və Leylanın ondan xahiş etdiyi bıçağı özünün aparıb polisə verdiyini başa düşmüşdür. Sonradan istintaq dövründə özü ilə əlaqə saxlayanda Leyla bu faktı təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 25 dekabr 2019-cu il tarixdə saat 16 radələrində Ümid fəhlə paltarında yaşadıqları evə gəlmiş və həmin vaxt əlində bıçağa oxşar alışqan formalı əşya olmuşdur. Həmin əşyanın nə olmasını xəbər aldıqda Ümid bu əşyanın alışqan olduğunu bildirərək alışqanı yandırmışdır, lakin o, Ümidin siqaret çəkmədiyinə görə “kimindi, apar qaytar özünə” demişdir. Bundan sonra Ümid ona həmin əşyanın dostu Şahid2 məxsus olduğunu, Elçinin bir nəfərlə mübahisə etdiyini, həmin şəxslərin çox olmasına görə onu da dəvət etdiyini, söhbət zamanı Elçinin həmin əşya ilə digər şəxsi vurduğunu, hadisədən sonra isə həmin əşyanı ona verdiyini bildirmiş, o da əsəbiləşərək, birmənalı olaraq həmin əşyanı aparıb Elçinə qaytarmasını demişdir. Ümid də Elçini tapıb həmin əşyanı qaytarmaq adı ilə evi tərk etmişdir. Təxminən bir saat sonra Ümid evə qayıdıb əşyanı aparıb Elçinə qaytardığını, Elçinin də gedib polisə təslim olacağını dediyini bildirmişdir. O, Ümidə inanıb rahat olmuşdur, həmçinin sonrakı günlərdə Ümidin tanışları ilə telefon danışığından Elçinin tutulduğunu öyrənəndə Ümidə tam olaraq inanmışdır. 30 dekabr 2019-cu il tarixdə polis əməkdaşları Ümidi yaşadıqları evdə tutub aparmışlar. Ertəsi gün, 31 dekabr 2019-cu il tarixdə saat 18 radələrində o, bayramla əlaqədar təmizlik məqsədilə yaşadığı evin həyətini süpürən vaxt darvazanın girişində yerdə olan daşın altında sellofan torbada Ümidin hadisə günü əlində gördüyü alışqan tipli kəsici əşyanı tapmış və bundan sonra Ümidin ona yalan danışdığını başa düşmüşdür, həmçinin həmin əşyanın axtarıldığını və təqdim ediləcəyi halda Ümidin işinə xeyiri olacağını düşünmüşdür. Onun özü ağır dializ xəstəsi olduğuna və demək olar ev şəraitindən kənara çıxmağa səhhəti imkan vermədiyinə görə yeznəsi Mehmana zəng edib bu barədə danışıb kömək istəmiş, lakin Mehman uzaqda işdə olduğunu və onun başqa yolla həmin əşyanı polisə təqdim etməsini məsləhət görmüşdür. Təxminən bir saat sonra polislər Ümidi evə gətirmişlər. O, Ümidin qolunda qandal görəndə halı pisləşmiş, özündən getmiş, ayılanda evin içində bacısıgilin əhatəsində olduğunu görmüşdür. Həmçinin, başına toplaşan şəxslər Ümidin həyətdə polislərə nəsə gizlətdiyi yeri göstərdiyini, lakin heç nə tapmadıqlarını bildirmişdir. Həmin vaxt artıq Ümidi polis aparmış, o da bundan sonra cinayətin törədilmə alətinin məhz bir saat əvvəl tapdığı həmin əşya olduğunu dəqiq bildikdən sonra səhhətinin ağırlığına görə özünü bir qədər toparlayıb təxminən bir-iki saat sonra özü şəxsən polis idarəsinə gedərək həmin əşyanı könülü olaraq işi aparan müstəntiqə əşyanı könüllü olaraq təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından onun həmin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 25 dekabr 2019cu il tarixdə saat təxminən 14 radələrində “Lotos” ticarət mərkəzində olarkən “vatsap” proqramı vasitəsilə tanışı Təqsirləndirilən şəxs mesaj yazaraq namaz otağında bir-iki nəfərlə mübahisəsi düşdüyünü, onu təkləyə biləcəklərini deyib gəlib kənardan baxması və əgər təklənsə söhbətə qarışması üçün çağırmış, az sonra Ümidin gəlib yolun digər tərəfində dayandığını görmüş, daha sonra X6 ilə görüşüb aralarındakı mübahisəni həll edərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı “T” formalı dəmir alətin iti uclu hissəsi ilə Elşənin sol qolundan vurmaq istəyən zaman sonuncu sol qolunu qaldırdığı üçün zərbə sol qoltuqaltı nahiyəsindən dəymiş, zərbədən sonra Elşən arxaya getmiş, lakin yıxılmamış, o isə Elşənə təkrar olaraq hər hansı zərbə yetirməmiş və geri çəkilərək çevrilib “Neftçilər” metrosu istiqamətində qaçaraq uzaqlaşmışdır. Bu müddət ərzində Ümid hadisə yerində olsa da, Elşənə hər hansı xəsarət yetirməmiş və Elşəni vuran anda qolundan və ya hər hansı nahiyyəsindən tutmamışdır. Metronun üstündə olan körpünün yanındakı pilləkanla metro dairəsinə düşmüş və xatırlamadığı taksiyə əyləşəndə Ümidin də qaçaraq arxadan ona çatdığını görmüş, hər ikisi taksi ilə Babək prospektində olan köhnə maşın bazarına qədər getmişlər. Ümid yolda asta formada ondan həmin şəxsi nə üçün vurduğunu soruşmuş, o isə narahat olmamasını, özü vurduğunu, onun üçün bir problem olmayacağını bildirmişdir. Sonra iz azdırmaq üçün köhnə maşın bazarından başqa bir taksiyə əyləşib Əhmədli kəndində yerləşən yaşadıqları məhəlləyə getmişlər. O, Elşəni vurduğu dəmir aləti Ümidə verib gizlətməsini istəmiş, lakin sonradan Ümidin həmin aləti harada gizlətdiyini bilməmişdir. Həmçinin, hadisə vaxtı özünün sağ əli də zədələnib qanadığı üçün əlini məhəllədə olan abidədən gələn suda yumuş, sonra evinə getmiş və evdə heç kimə hadisə barədə məlumat verməmiş, lakin iki gün sonra Biləsuvar rayon polis şöbəsindən zəng vurub onu soruşduqları üçün artıq cinayətin üstünün açıldığını başa düşüb əşyalarını, paltar və digər zəruri şeyləri yığıb evdən çıxmış və tanımadığı taksi ilə Yalama sərhəd keçid məntəqəsinə getmiş, lakin ölkəni tərk edib Dağıstana keçmək istəyərkən onu saxlayıb istintaqa təhvil vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 15 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinin tərkib əlamətinin olması nəzərə alınaraq, həmin maddə ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1-3) - 30 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ cild i.v. 107-108) - 31 dekabr 2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, X2 anası X1 olaraq istintaqa oğlu Təqsirləndirilən şəxs yaşadıqları həyətdə giriş darvazasının yanında betonun altına gizlətmiş olduğu “T” formalı, bir tərəfi nizə başlıqlı iti kəsici, bir tərəfi isə nizə başlığına bitişik olan alışqan olan aləti təqdim edərək həmin əşyanı 25 dekabr 2019-cu il tarixdə Ümidin əlində gördüyünü, Ümidin deməsinə əsasən dostu Elçinin həmin alətlə adam vurduğunu bilib Ümiddən həmin aləti Elçinə qaytarmasını tələb etdiyini, lakin sonradan həmin aləti yaşadıqları evin həyətinin darvazasının yanında olan betonun altından taparaq Ümidin həmin aləti Elçinə qaytarmayıb gizlətdiyini bildikdən sonra istintaqa təqdim etdiyini bildirmişdir. (İ cild i.v. 126-127) - 13 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saxlanıldığı Bakı istintaq təcridxanasından həbsdən azad olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1 və 307-ci maddələrinin tərkib əlamətlərinin olub-olmamasına istintaqın sonrakı mərhələsində hüquqi qiymət verilməsi qərara alınmışdır. (İİ cild i.v. 108-120) - 15 may 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə yeni ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə 13 may 2020-ci il tarixli cinayət işi üzrə əməllərə hissəvi xitam verilməsi haqqında qərar nəzərə alınmış, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. (İİ cild i.v. 122-141) -Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (İİ cild i.v. 175-180) - 23 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (İİ cild i.v. 183-184) - 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, onun əməlində Azərbaycan Respublikası CM-nin 228.4 və 307.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, X4 və X5 əməllərində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. (İİ cild i.v. 213-219) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 307.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinə əsasən qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 101) - 31 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 30 dekabr 2019-cu il tarixdən hesablanmışdır. (İ cild i.v. 121-123) - 26 mart 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 27 gün olmaqla, 26 aprel 2020-ci il tarixədək uzadılmışdır. (İ cild i.v. 196-199) - 22 aprel 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 04 ay 27 günədək, 26 may 2020-ci il tarixədək uzadılmışdır. (İ cild i.v. 237-241) - 07 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə axtarışda olan şəxs kimi həmin tarixdə saat 11:30-da tutulmuşdur. (İİ cild i.v. 192) - 07 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İİ cild i.v. 206) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. -Xəstənin ambulator kitabçasından 12 iyul 2021-ci il tarixə olan çıxarışdan görünür ki, X7 “Xroniki qlomerulonepit. Xroniki böyrək xəstəliyi Vm/D. Proqramlı hemodializ” diaqnozlu xəstəlikdən “Azərsutikinti” xəstəxanasında müayinədə olmuşdur, müalicəsi davam edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə az ağır cinayət törətməsini, əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, anasının “Hemodializ” xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında cərimə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə məhkəməyədək icraat dövründə 30 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 31 dekabr 2019-cu il tarixdə barəsində həbs qətimkan seçilmiş, 13 may 2020-ci il tarixli qərarla əməlində cinayət tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası CM-nin 126.2.1 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə cinayət təqibinə xitam verilib Bakı istintaq təcridxanasından həbsdən azad olunanadək həbsdə saxlanılmışdır ki, həmin müddət ümumilikdə 04 ay 13 gün təşkil edir. Bu zaman məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdə saat 11:30-da Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə axtarışda olan şəxs kimi tutulsa da, həmin tarixdə saat 15:10-da təqsirləndirilən şəxs qismində dindirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildikdən sonra, tutmadan azad edilmişdir. Cinayət-prosessual qanunvericiliyinin müddətlərin hesablanması ilə bağlı tələbləri baxımından məhkəmə hesab edir ki, qeyd edilən saatlar daxilində tutma təqsirləndirilən şəxsin tutma müddətinə daxil edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə olan halda, məhkəmə işin faktiki hallarını, iş üzrə yüngülləşdirici halları nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 30 dekabr 2019-cu il tarixdən 13 may 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 04 ay 13 gün müddət nəzərə alınmaqla, təyin edilməli olan cərimə cəzası yüngülləşdirilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, dövlət hesabına dəvət olunmuş vəkil ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, onun hüquqi yardımın göstərilməsində iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 30 dekabr 2019-cu il tarixdən 13 may 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 04 (dörd) ay 13 (on üç) gün müddət nəzərə alınmaqla, təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq, 1000 (bir min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h - AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar