Məhkəmə qərarları › İş №1(007)-188/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-188/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-188/2023 31.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 09 avqust 1975-ci il tarixdə Şamaxı rayonunun Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Muğanlı kəndində qeydiyyatda olan, 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib, daşımış və saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 noyabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazaya gəlib, Zərərçəkmiş şəxs digər müştərilərlə danışmasından istifadə edərək mağazanın qapısının yanında yerə qoyulmuş Zərərçəkmiş şəxs məxsus içərisində bir qutusu 13 manatdan olmaqla ümumi dəyəri 130 manat olan 10 qutu büstqalter, bir qutusu 12 manatdan olmaqla ümumi dəyəri 36 manat olan 3 qutu büstqalter, bir qutusu 5 manatdan olmaqla ümumi dəyəri 55 manat olan 11 qutu büstqalter, bir qutusu 10 manatdan olmaqla ümumi dəyəri 50 manat olan 5 qutu büstqalter, bir ədədi 6 manat olan ümumi dəyəri 144 manat təşkil edən müxtəlif rənglərdə, üzərində çiçəklər olan, yarımqol 24 ədəd ədəd qadınlar üçün gecəlik, bir ədədi 7 manat olan ümumi dəyəri 84 manat təşkil edən müxtəlif rənglərdə, üzərində çiçəklər olan, uzunqol 12 ədəd ədəd qadınlar üçün gecəlik, bir ədədi 2 manat olan ümumi dəyəri 70 manat təşkil edən müxtəlif rənglərdə, 35 ədəd ədəd qadınlar üçün alt paltarı, bir ədədi 3 manat olan ümumi dəyəri 75 manat təşkil edən ağ rəngdə, 25 ədəd ədəd kişilər üçün alt paltarı, bir ədədi 3 manat olan ümumi dəyəri 6 manat təşkil edən qara rənglərdə 2 ədəd qadınlar üçün qısaqol köynək olan 02 ədəd sellofan torbanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 650 dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,491 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamış, onun 04 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etməkdə şübhəli olması barədə daxil olmuş məlumat əsasında 06 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd sellofana bükülmüş, təmiz çəkisi 1,491 qram olan ağ rəngli kiristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, azadlıqda olduğu müddətdə Bakı şəhəri, Binəqədi rayonunda gündəlik evlərdə tək kirayədə yaşamış, işləməmişdir. 04 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”na özü üçün ayaqqabı almağa getmişdir. Bazarda gəzərkən dükanların birinin qarşısında iki ədəd sarı rəngli içi dolu sellofan paket görmüşdür. Həmin mağazaya müştəri kimi daxil olmuş, mağazanın içərisində kişi, qadın və uşaq alt paltarları satıldığını görmüşdür. Mağazada bir müddət gəzdikdən sonra həmin sellofan paketləri sahibsiz görmüş və ətrafda olan insanların fikrinin onda olmadığını dəqiqləşdirdikdən sonra paketləri heç kimin görmədiyi şəkildə götürüb mağazadan uzaqlaşmışdır. Sellofan paketlərin içərisində müxtəlif ölçüdə və növdə kişi və qadın alt paltarları olmuşdur. Həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsə hər iki ədəd sellofan paketi 100 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 06 noyabr 2022-ci il tarixdə “8-ci km bazarı”na özünə ərzaq və digər əşyalar almaq üçün gedərkən iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını ona dedikdə, onların verdikləri suallara qeyriadekvat cavablar vermiş, həmin polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü polis şöbəsinə dəvət etmişlər. Yolda gedən zaman polislərlə söhbət zamanı narkotik vasitə aludəçisi olduğunu və psixotrop maddə olan “şüşə”dən istifadə etdiyini demişdir. Polis şöbəsində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunsuz nəsə varsa könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli gödəkçənin içəri sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etmiş, həmin bükümün içindəkinin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, onu öz istifadəsi üçün Binəqədi rayonunda yoldan tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Bundan başqa, o, 04 noyabr 2022-ci il tarixdə “8-ci km bazarı”nda yerləşən kişi, qadın və uşaq alt paltarları satılan mağazadan iki sellofan alt paltarı oğurladığını da etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, ziyanı ödəməyə maddi imkanı olmadığını göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı” adlanan yerdə qadın, kişi və uşaq alt paltarları satılan mağazada 20 ilə yaxındır ki, işləyir. 04 noyabr 2022-ci il tarixdə saat 11 radələrində o, müştərinin sifarişinə əsasən iki sellofan içərisində qadın və kişi alt paltarlarını 2 ədəd sellofan paketə yığaraq mağazanın girişində qapının yanına qoymuşdur. Həmin sellofan paketləri müştəri üçün ayırmışdır ki, gəldikdə tez götürüb getsin. Bir müddət sonra, təxminən 10 dəqiqə keçmiş həmin sellofan paketlərin qapının yanından naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə dərhal polisə məlumat vermişdir. Həmin sellofan paketin içərisində olan müxtəlif rənglərdə qadın üçün bir paçkası 13 manatdan olmaqla ümumi dəyəri 130 manat olan paçkasında 3 ədəd olmaqla 10 paçka büstqalter, bir paçkası 12 manatdan olmaqla ümumi dəyəri 36 manat olan paçkasında 3 ədəd olmaqla 3 paçka büstqalter, bir paçkası 5 manatdan olmaqla ümumi dəyəri 55 manat olan paçkasında 3 ədəd olmaqla 11 paçka büstqalter, bir paçkası 10 manatdan olmaqla ümumi dəyəri 50 manat olan paçkasında 3 ədəd olmaqla 5 paçka büstqalter, bir ədədi 6 manat olan ümumi dəyəri 144 manat təşkil edən müxtəlif rənglərdə, üzərində çiçəklər olan, yarımqol 24 ədəd ədəd qadınlar üçün gecəlik, bir ədədi 7 manat olan ümumi dəyəri 84 manat təşkil edən müxtəlif rənglərdə, üzərində çiçəklər olan, uzunqol 12 ədəd ədəd qadınlar üçün gecəlik, bir ədədi 2 manat olan ümumi dəyəri 70 manat təşkil edən müxtəlif rənglərdə, 35 ədəd ədəd qadınlar üçün alt paltarı, bir ədədi 3 manat olan ümumi dəyəri 75 manat təşkil edən ağ rəngdə, 25 ədəd ədəd kişilər üçün alt paltarı, bir ədədi 3 manat olan ümumi dəyəri 6 manat təşkil edən qara rənglərdə, 2 ədəd qadınlar üçün mayka olmaqla ümumi dəyəri 650 manat olan əmlakı talanmışdır. Oğurlanmış əşyalar olan sellofan paketlər isə ona pulsuz verilməklə heç bir dəyəri olmamışdır. Şikayəti əsasında polislər tərəfindən aparılan araşdırma ilə oğurluğu Təqsirləndirilən şəxsyn törətdiyi müəyyən olunmuşdur. Ona ümumilikdə 650 manat maddi ziyan dəysə də, 500 manat ödədiyi halda qəbul edərək başqa tələbi olmayacağını bildirməsinə baxmayaraq, Təqsirləndirilən şəxs ona hər hansı məbləğdə pul ödəməmişdir. Ona görə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Hüseyn Quliyevin icraatında olan, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında ünvan 1 ünvanında yerləşən kişi, qadın və uşaq alt paltarları satılan mağazasından oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə saat 16:00-da ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nın yaxınlığında 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 və onun tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək oğurluq etməkdə şübhəli bilindiyini Təqsirləndirilən şəxs izah etmiş və onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etmədən onlarla getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs şifahi olaraq narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu bildirmişdir. Bu barədə şöbə rəhbərliyinə məruzə olunduqdan sonra müvafiq prosedurlara əməl edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsə axtarış aparılmasına başlanmışdır. O, şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin içəri sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin şəxsin təqdim etdiyi bükümün içərisinə baxış keçirilən zaman ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Binəqədi rayonunda yolda tanımadığı şəxsdən 15 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa söhbət zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 04 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”nda yerləşən kişi, qadın və uşaq alt paltarları satılan mağazadan iki sellofan müxtəlif alt paltarları oğurladığını, həmin sellofan paketləri Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində tanımadığı şəxsə 100 manat pulun müqabilində satdığını, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin digər qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Həmin şəxsin təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlə möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Bu proseslər təhqiqatçı Şahid3 tərəfindən mobil telefon vasitəsilə çəkiliş aparılmaqla qeydə alınmışdır. Əməliyyat tədbirinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, o, özünü səmimi aparmaqla qeyd olunan əməllərini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Eyni zamanda məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. (i.v. 6-7) - 06 noyabr 2022-ci il və 07 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 24-cü polis şöbəsinin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 01 ədəd 0,5 litr plastsmas “coca-cola” butulkası, gödəkçənin sol yan cibindən 01 ədəd alışqan, həmin gödəkçənin içəri sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxararaq təqdim etmişdir. 01 ədəd şəffaf rəngli sellofan bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu, şəxsi istifadəsi üçün Binəqədi rayonunda yoldan tanımadığı şəxsdən 15 manat müqabilində aldığını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs oğu 04 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda yerləşən kişi, qadın və uşaq alt paltarları satılan mağazadan iki sellofan alt paltarı oğurladığını, həmin sellofan paketləri Sabunçu rayonu, “Razin” qəsəbəsində tanımadığı şəxsə 100 manata satdığını, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Təqdim olunan şəffaf rəngli bükümdə olan narkotik vasitəyə bənzər maddə ekspertiza tədqiqatına təqdim olunması üçün müvafiq qaydada götürülmüş, protokol tərtib edilmiş və bu proseslər ümumilikdə video çəkilişlə qeydə alınmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilərkən 06 noyabr 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 37-38, 88) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 noyabr 2022-ci il tarixli 6/6444 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,491 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,491 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,441 qram qalığı qalmışdır. (i.v. 45-48) - 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 61) - 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğun olaraq oğurluğu hansı qaydada törətdiyini müdafiəçisinin iştirakı ilə əyani olaraq yerində göstərmiş və istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 84-85) - 07 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi, oğurluq cinayətini özündə əks etdirən bir ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs ünvan 4 ünvanda yerləşən “8-ci km bazarı”nda yerləşən Zərərçəkmiş şəxs işlətdiyi mağazanın qarşısında gəzir, sağa-sola baxır, daha sonra isə mağazanın qarşısında olan 2 ədəd paketləri götürür və sonra oradan kənarlaşaraq çıxıb gedir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntüdə görünən şəxs özüdür, o, ilk öncə mağazanın ətrafında gəzərək mağazanın qarşısındakı sellofan paketlərdə olan paltarları oğurlamaq üçün münasib şərait gözləmiş, daha sonra isə mağazanın qarşısında olan həmin 02 ədəd sellofan paketləri götürərək oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır. (i.v. 87) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 15 dekabr 2022-ci il tarixli 7631 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 121-122) - 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş və oğurluq hadisəsini özündə əks etdirən videogörüntülər olan 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,491 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 1,441 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3, 180, 181, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, aidiyyəti üzrə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 129-140) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 31) - 08 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 97-99) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Xalq Məhkəməsinin 03 mart 1992-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1,2,7-ci bəndləri ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1992-ci il tarixli Amnistiya Qərarının 8-ci maddəsinə əsasən cəzası 1/3 qədər azaldılaraq 04 il 02 ay 14 gün müddətinə saxlanılmış, 26 oktyabr 1996-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 15 iyul 1997-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 15,144-cü maddəsinin 2-ci hissəsi və 215-ci maddələri ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 aprel 2003-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23 oktyabr 2003-cü il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 iyun 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 may 2012-ci il tarixli hökmü ilə Azərbayan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 iyul 2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 108-110) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən həmin zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddənin qalığı məhv olunmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 1,441 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 25 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 150 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar