Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-189/2020 11.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu, ev 3B, mənzil 32-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ev 7, mənzil 29-da yaşayan, xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxx 2020-ci il tarixdə tutulmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 01:29-da satıcı-kassir işlədiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 49 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “xxxxxxxxxx”in qapısını özündə olan açarla açaraq marketə daxil olub, orada saxlanc yeri olan dəmir seyfin qapısının kilidini yanında saxlanılan açarla açaraq qanunsuz olaraq seyfə daxil olub, oradan Zərərçəkmiş şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 2340 manat nağd pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvlərindən anası Cəmilə Şərifova xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir, bacısı Günel Əliyeva təxminən 6 ildir ki, Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanadadır, atası Eldar Əliyev və qardaşı Oktay Əliyev bir ildir ki, ondan imtina etmişlər. Həmin vaxtdan o, Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşayır. 2019-cu ilin sentyabr ayının əvvəllərində Şahid1la tanış olmuşdur. Həmin vaxtdan Cavidlə qeyri-rəsmi ər-arvad münasibətlərində, Cavidin evində yaşamışlar. Xalası nənəsindən qalan evi sataraq onun payına düşən 11.250 manat pulu ona vermiş, o da həmin pulu Cavidlə birlikdə yaşayarkən özlərinə sərf etmişdir. Pulları qurtardıqdan sonra, xx xxxxxx 2019-cu il tarixdə o, “Oba” marketdə satıcı-kassir kimi işə başlamışdır. İş saatı hər gün səhər saat 08:00-da başlamış, axşam saat 18:00-da bitmişdir. xx xxxx 2020-ci il tarixdə onunla birlikdə marketdə çalışan Hikmət marketin açarlarını ona vermişdir ki, səhəri gün, yəni xx xxxx 2020-ci il tarixdə səhər işə gələndə marketi fəaliyyətə açsın və müdir gələndə açarları ona versin. O, açarları götürmüş və Cavidlə birlikdə yaşadığı mənzilə gəlmişdir. Mənzilə daxil olduqdan sonra açarları gödəkçəsinin cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Cavid açarları görüb ondan açarlar barəsində soruşduqda, o, marketin açarları olduğunu bildirmişdir. Bir qədər dincəldikdən sonra Cavidlə aralarında pul çatışmazlığından, yəni maddi imkanlarının zəifliyindən söhbət etməyə başlamışlar. Çünki evdə heç bir məhsul olmamış, Cavid isə özünə iş tapa bilməmişdir. Anidən olaraq onun ağlına marketə gedərək orada olan pulları oğurlamaq gəlmişdir. Bilmişdir ki, Cavidə oğurluq barədə desə, onunla getməz, ona görə Cavidə yalandan demişdir ki, onun marketdə pulu var və birlikdə gedib pulu götürsünlər ki, evə və özlərinə tələb olunanları ala bilsinlər. Cavid onunla razılaşmış və onlar birlikdə evdən çıxaraq yolla keçən tanımadığı taksi avtomaşını ilə “Neftçilər” metrostansiyasının giriş-çıxış hissəsinin yaxınlığına gəlmiş, orada taksidən enmişlər. Bundan sonra o, Cavidə demişdir ki, əgər ikisi də birlikdə marketə girərsə, onları ətrafdan görə biləcək şəxslər pis başa düşərlər, ona görə də kənarda gözləsin və o, marketə gedib pulunu götürüb qayıtsın. Cavid onunla razılaşmış və o, market istiqamətində gedərək özündə olan açarla marketin qapısını açıb ora daxil olmuş, marketdə olan seyfin yanında gedərək seyfin yanından açarını götürüb seyfi açmışdır. Seyfdə olan 2340 manat pulu götürmüş və oradan uzaqlaşmışdır. Cavidin yanına qayıdaraq pulunu götürdüyünü demiş, onlar birlikdə tanımadıqları taksi avtomaşını ilə yaşadıqları evə qayıtmışlar. Səhəri gün o, ev üçün lazım olan bazarlığı etmişdir. Sonradan düşünmüşdür ki, Cavid ancaq onun evə pul gətirməsinə alışıb və özünün işləmək fikri yoxdur. Ona görə də Caviddən ayrılıb Hövsan qəsəbəsinə gedərək orada kirayə ev tutmuşdur. Cavid ümumiyyətlə onun marketdən hansı məbləğdə pul götürdüyünü bilməmiş və o, pulu Cavidə göstərməmişdir. O, bazarlıq edərkən də pulu özü ödədiyindən Cavid onda nə qədər pulun olmasını bilməmişdir. Həmçinin, o, bazarlıqdan başqa Cavidə pul verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödədiyini, ailə vəziyyətinin ağır olduğunu bildirərək bu halların nəzərə alınmasını və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 49 ünvanında yerləşən “xxxxxxxxxx”dən oğurluq hadisəsinin baş verməsi məlum olmuşdur. Araşdırma ilə müəyyən edilmişdir ki, oğurluq zamanı marketin kassasından 2340 manat məbləğində pul oğurlanmışdır. Marketin müşahidə kameralarına baxılarkən müəyyən edilmişdir ki, oğurluq marketdə satıcı-kassir işləyən Təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Hadisə gecə saat 01:29-da baş vermiş, həmin vaxt marketin iş vaxtı olmamışdır. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən “xxxxxxxxxx” MMC-yə vurulmuş zərərin tam həcmdə ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmiş, bu halın nəzərə alınmasını, habelə, növbəti məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtdan Fidanla qeyri-rəsmi ər-arvad münasibətlərində onun evində yaşamışlar. Tanış olan zaman Fidan ona ailəsində olan problemlərdən danışaraq bildirmişdir ki, atası, qardaşı ondan imtina etmişlər, anası vəfat etmiş, bacısı isə ruhi əsəb dispanserindədir. Anası vəfat etdikdən sonra Fidanın yaşadığı, ailəsinə məxsus mənzili xalası 50.000 manata satmış, xalası bu puldan 11.500 manatını Fidana vermiş, bacısının payını isə özündə saxlamışdır. Fidanla münasibəti olduğundan onlar bu pulları birlikdə xərcləmişlər. Həmin vaxt o, işsiz olmuşdur. Bir müddət pulları xərclədikdən sonra artıq pul qurtarmışdır. Bundan sonra mütəmadi olaraq aralarında işə qəbul olunaraq işləməyin vacibliyi ilə əlaqədar söhbətlər, mübahisələr olmuşdur. xx xxxxxx 2019-cu il tarixdən Fidan “xxxxxxxxxx”də satıcı-kassir kimi işə başlamışdır. xx xxxx 2020-ci il tarxdə Fidan evə gələndə onda açarlar olmasını görmüş, soruşanda Fidan bildirmişdir ki, marketin qapılarının açarlarıdır. Sonra onun işə qəbul olunmağı ilə bağlı söhbət etməyə başlamışlar. O, axtarsa da, iş tapa bilmədiyini Fidana demişdir. Bu zaman Fidan ona demişdir ki, yadından çıxaraq işlədiyi marketdə iş yerində pulu qalıb və xahiş etmişdir ki, birlikdə marketə gedərək onu gözləsin ki, iş yerindən pulu götürsün. O, Fidanla birlikdə evdən çıxaraq yoldan keçən tanımadığı şəxsin idarə etdiyi taksi avtomobilinə minərək “Neftçilər” metrostansiyasının yaxınlığına gəlmişlər. Orada taksidən enərək binaların arası ilə Fidanın çalışdığı market istiqamətində getmişlər. Marketə çatmağa az qalmış Fidan ona kənarda gözləməsini, ikisi birdən marketin qarşısına getsələr, ətrafda olan insanların pis başa düşə biləcəklərini demişdir. Ona görə o, marketə 40-50 metr məsafə qalmış dayanaraq siqaret çəkmiş, Fidan isə ondan aralanaraq marketə getmişdir. Fidan özündə olan açarlarla qapını açıb marketə girmişdir. Aradan bir qədər keçmiş Fidan marketdən çıxaraq onun yanına qayıtmış və pulunu götürdüyünü demişdir. O, Fidanın nə qədər pul götürməsini bilməmiş, ondan nə qədər pulu olmasını soruşmamışdır. Hesab etmişdir ki, Fidan öz əməkhaqqısının müəyyən qismini almışdır. Bundan sonra onlar yenə də yoldan keçən tanımadıqları taksi avtomaşını ilə evə getmişlər. Səhəri gün Fidan evə bazarlıq etmişdir. Sonradan isə Fidan işlərinin olmasını bildirərək onun yaşadığı evdən çıxıb getmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonunda yerləşən “xxxxxxxxxx”də satıcı-kassir işləyir. xx xxxx 2020-ci il tarixdə saat 08:30-da o, digər satıcı-kassir Sevinc İsmayılova ilə birlikdə marketin qapısını açaraq fəaliyyətə başlamış, iş saatı bitdikdən sonra günlük satışdan əldə olunmuş maddi vəsaiti, təxminən 2700 mana pulu o, dükanda olan seyfə qoyaraq seyfin qapısını açarla bağlamışdır. O, pulun 2340 manatını səhər şirkətin baş ofisinə göndərilməsi üçün paketə, qalan hissəsini isə seyfin bir kənarına qoymuşdur. Həmin gün axşam saat 21-də o, marketin satıcı-kassirlərindən olan Təqsirləndirilən şəxs ilə marketdən çıxaraq qapısını bağlamışlar. xx xxxx 2020-ci il tarixi onun istirahət günü olduğundan marketin açarlarını inzibatçı Şahid2 verməsi üçün Təqsirləndirilən şəxs vermişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Şahid2 onunla mobil telefonla əlaqə saxlayaraq bildirmişdir ki, həmin gecə saat 01:30 radələrində marketdə onunla birlikdə satıcı işləyən Təqsirləndirilən şəxs marketə gələrək baş ofisə göndərilməli olan 2340 manat pulu götürmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunan, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, təxminən üç ildir ki, Zərərçəkmiş şəxs MMC-nin Nizami rayonunda yerləşən “xxxxxxxxxx” filialında inzibatçı vəzifəsində çalışır. Marketin iş saatı hər gün 08:30-da başlayır və 21:00-da bitir. Daxili qaydalara görə marketin açılışında və bağlanışında mütləq iki nəfər şəxs iştirak etməlidir. Marketdə onunla birlikdə 4 nəfər işçi çalışır, bunlardan Şahid3, X3 və Təqsirləndirilən şəxs satıcı-kassir çalışmışdır. Marketdə çalışan şəxslərə həftədə bir gün istirahət verilmişdir. xx xxxx 2020-ci il tarixdə o, istirahətdə olduğundan həmin gün marketin açılışını və bağlanışını Şahid3 həvalə etmişdir. Buna görə marketdə olan qapıların və seyfin açarını Şahid3 vermişdir. Həmin gün səhər saat 08:30-da Şahid3 və Sevinc İsmayılova marketin qapısını açaraq fəaliyyətə başlamışlar. İş saatı bitdikdən sonra dükanda olan günlük satışdan əldə olunmuş maddi vəsaiti, yəni təxminən 2700 manatı Şahid3 dükanda olan seyfə qoyaraq seyfin qapısını açarla bağlamışdır. Həmin maddi vəsaitin 2340 manatı səhər şirkətin baş ofisinə göndərilməsi üçün paketə qoyulmuş, qalan hissəsi isə seyfin bir kənarına qoyulmuşdur. Həmin gün axşam saat 21-də Şahid3 və Təqsirləndirilən şəxs dükanı bağlamışlar. xx xxxx 2020-ci il tarixdə Şahid3 istirahət günü olduğundan dükanın açarlarını ona verməsindən ötrü Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa dükan Mühafizə polisinin nəzarətinə verilmişdir. xx xxxx 2020-ci il tarixdə saat 02:00-da mühafizə polisinin əməkdaşları onunla əlaqə saxlayaraq bildirmişlər ki, dükanın siqnalizasiyası ötməyə başlamışdır, buna görə onu dükana çağırmışlar. O, dükana gələrək dükanın qapısını açaraq daxil olmuş, dükana baxdıqda seyfin qapısının açıq olmasını və orada baş ofisə göndərilməli olan pulun olmamasını görmüşdür. Bundan sonra dükanda olan müşahidə kamerasına baxdıqda müəyyən etmişdir ki, baş ofisə göndərilməli olan 2340 manat pulu həmin gecə saat 01:30 radələrində dükanda satıcı işləyən Təqsirləndirilən şəxs götürmüşdür. Həmin vaxt o, Fidanın istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin sonuncunun mobil telefonuna zəng çatmamışdır. Təqsirləndirilən şəxs marketdə satıcı-kassir işlədiyindən onun marketdə pul saxlanılan seyfdən istənilən zaman pul götürmək və ya pul qoymaq icazəsi olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Kassa məlumatlarından görünür ki, “OBA” marketin “Neftçilər” filialında xx xxxx 2020-ci il tarixdə 2347,47 manat məbləğində pul kassaya mədaxil olmuşdur. (i.v. 16-17) -Zərərçəkmiş şəxs MMC üzrə xx xxxxxx 2019-cu il tarixli 569-K nömrəli və xx xxx 2020-ci il tarixli 284-K nömrəli əmrlərdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək vəzifələrini kobud pozması ilə əlaqədar xx xxx 2020-ci il tarixdə işdən azad edilmişdir. (i.v. 24-25) -Götürmə aparılması və baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X5 tərəfindən təqdim edilmiş 1 ədəd CD-də olan müşahidə kamerasından aparılmış videogörüntülərə baxış keçirilən zamanı müşahidə kamerasının görüntüsündə xx xxxx 2020-ci il tarixdə saat 01:15 radələrində qadın cinsli şəxsin Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 49 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “OBA” marketin qapısına yaxınlaşması müşahidə olunur. Bundan sonra çəkiliş ümumi müşahidə kamerasına keçirilməklə davam etdirilir, daha sonra digər kameradan həmin şəxsin marketin içərisində yerləşən kassaya yaxınlaşaraq qapısını açıb seyfdən pulu götürməsi və oradan çıxıb uzaqlaşması müşahidə olunur. Həmin çəkiliş iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən 1 ədəd CD götürülmüşdür. (i.v. 38) -İfadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 74-78) -Baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə saat 01:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 49 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “OBA” marketdə oğurluq anında aparılmış çəkilişə baxış keçirilən zaman baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin müşahidə kamerasında olan şəxsin onun özünün olmasını bildirmişdir. (i.v. 79) -Cinayət əməlinin tövsif edilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 80) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 179-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 118-123) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Axtarışda olan şəxsin tutulması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulmuşdur. (i.v. 56) -Şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 92-93) -Maddi ziyanın könüllü ödənilməsi və pul vəsaitlərinin təhvil-təsliminə dair aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-yə dəymiş 2340 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, həmin məbləğdə pul müstəntiq tərəfindən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. (i.v. 112-113) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq hissləri keçirməsini, zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1 -ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs hazırkı işlə bağlı xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin iki gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, məhkəməyədək icraat zamanı dəymiş maddi ziyan ödənilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci olmamışdır, maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət işinin saxlanma müddəti ərzində həmin işin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 63 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 378 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 63 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 378 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-189/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-189/2020
11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver