Məhkəmə qərarları › İş №1(007)-19/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-19/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-19/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Ukrayna Respublikasının Simferopol şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsindən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs profil hesabına daxil olub oradan sonuncunun istifadəsində olan ***-***-**-** saylı nömrəni əldə edərək öz istifadəsində olan X1 məxsus **********6 saylı nömrə ilə Zərərçəkmiş şəxs istifadəsində olan həmin nömrəyə “Whatsapp” proqramı vasitəsilə mesaj yazaraq özünü sonuncunun xalası oğlu Şahid kimi təqdim edib guya Bakı şəhərindən kənarda olması və təcili pula ehtiyacı olması barədə yalan məlumat verərək Zərərçəkmiş şəxs inandırıb aldadaraq etibarından sui-istifadə etməklə sonuncunun ona məxsus “Kapital Bank" ASC-nə aid 4169-7385-7292-4045 saylı kart hesabına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanda yerləşən “Laçın” Ticarət mərkəzində “eManat” ödəniş terminalı vasitəsi ilə 23 yanvar 2023-cü il tarixdə saat 12:20:08-də köçürdüyü 430 manat, eyni ünvandan həmin tarixdə saat 13:41:15-də köçürdüyü 760 manat, ümumilikdə 1190 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs qarşı maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin yanvar ayında “İnstagram” sosial şəbəkəsində Rəmzi adlı şəxsin profilinə rast gəlmiş, Rəmzinin takib edəninin çox olduğunu görüb başa düşmüşdür ki, Rəmzi adlı şəxsin kontaktında çox sayda adamlar olacaqdır ki, həmin şəxslərdən uyğun birini və ya bir neçəsini seçib onları aldadaraq pullarını ələ keçirə biləcək. Rəmzinin profilinə girdikdə görmüşdür ki, Zərərçəkmiş şəxs adlı şəxs Rəmziyə çox sayda “Takib” atmışdır, başa düşmüşdür ki, Rəmzi ilə yaxınlığı vardır. 23 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Rəmzinin profilindən Etibarın 055-624- 65-60 saylı mobil nömrəsini götürmüş, əvvəllər internetdən pulsuz götürdüyü X1 məxsus **********6 saylı “Whatsapp” nömrəsi ilə Etibarın nömrəsinə “İnstagram” sosial şəbəkəsindən götürdüyü Rəmzinin şəklini atmış və Etibara şəhərdən kənada olduğunu bildirib bir qədər pul lazım olduğunu yazmışdır. Etibar onu Rəmzi bilərək etiraz etməmiş nə qədər pul lazım olduğunu soruşmuşdur. O, öz adına olan "xxxx" ASC-nə dair kartının şəklini Etibarın “Whatsapp” nömrəsinə atmış, 430 manat pul istəmişdir. Etibar ona həmin pulu təxminən 20 dəqiqədən sonra göndərmişdir. O, Etibara yenidən yazaraq əlavə 760 manat istəmişdir. Etibar bu dəfə də pulu kartına göndərmişdir. Etibardan əlavə olaraq 500 manat istəyəndə isə Etibar başa düşmüşdür ki, tanıdığı Rəmzi adlı şəxslə danışmır, buna görə də onun kartına atdığı pulları geri istəməyə başlamışdır. O, isə Etibara narahat olmamağı, qısa müddətdə pulları geri göndərəcəyini bildirmişdir. Etibar dayanmadan zəng etdiyinə görə Etibarın nömrəsini telefonda bloka atmışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirib, qeyd olunanları nəzərə alıb işə onun iştrakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12:01-də onun 055:624-65-60 GSM nömrəsi ilə işlətdiyi telefonuna “Whatsapp” vasitəsi ilə xalası oğlu Şahid şəkli və mesajı gəlmiş, daha sonra şəkil gələn nömrədən ona “Etibar mənəm, Rəmzidir, sənə işim düşüb, bir nəfərin kartını sənə göndərirəm, ona 430 (dörd yüz otuz) manat pul göndər” sözləri yazılmışdır. Ona mesaj yazan şəxsin xalası oğlu olduğunu bilib, həmin karta xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Laçın” ticarət mərkəzində yerləşən “E-manat” ödəniş terminalı vasitəsi ilə 430 manat pul köçürmüşdür. Daha sonra Rəmzidən təkrar mesaj gəlmiş, mesajda yazmışdır ki, “yenə həmin karta 760 manat pul göndər”. O da həmin günü, yəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Laçın” ticarət mərkəzində yerləşən “eManat” ödəniş terminalı vasitəsi ilə 760 manat pul göndərmişdir. 3-cü dəfə Rəmzidən ona mesaj gəlmiş və mesajda yazmışdır ki, “yenə 500 manat göndər”. O, narahat olmuş və Rəmzinin hansısa problemlərinin olduğunu başa düşüb Rəmziyə zəng vurub nə baş verdiyini soruşduqda Rəmzi ona demişdir ki, “ona hər hansı mesaj göndərməmiş və pul istəməmişdir”. O, Rəmziyə “Whatsapp” vasitəsi ilə onun şəkli və pul istəməsi barədə onun telefonuna mesajlar gəlməsini, iki dəfəyə 1190 manat həmin şəxsin göndərdiyi kart nömrəsinə pul göndərməsini bildirmişdir. Rəmzi demişdir ki, “onun bu işdən xəbəri yoxdur”. O da başa düşmüşdür ki, kimsə Rəmzinin şəklini ona göndərməklə onu aldatmış, 1190 manat pulunu ələ keçirmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və əlavə olaraq 24-cü Polis Şöbəsində ərizə yazmışdır. İş üzrə Şahid məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid istintaqda verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə xalası oğlu Zərərçəkmiş şəxs ona zəng edərək “sənin nə problemin var mənə mesaj göndərmisən pul göndər, mən də sənə iki dəfəyə 1190 manat pul göndərmişəm, 500 manat əlavə olaraq istəmisən, nə problemin var de köməklik edim” deyə ondan soruşmuşdur. O, Etibara nə pulun olmasını soruşduqda Etibar “ona mesajla kart nömrəsi göndərərək pul istədiyini” ona bildirmişdir. O, Etibara ondan pul istəmədiyini və Etibara mesaj atmadığını bildirmişdir. Həmin zaman Etibar ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə “salam Etibar mənəm Rəmzidir, sənə işim düşüb bir nəfərin kartını sənə göndərirəm ona 430 manat pul göndər”, sonra “760 manat pul göndər” skrin olunmuş yazışmaları və ekran profil şəklini göndərmişdir. O, Etibara həmin profilin sahibinin onun olmadığını kiminsə onun adına profil açmasını bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi barədə 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 1190 manat pulun göndərilməsi ilə bağlı ödəniş qəbzləri iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinə əlavə edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş 2500 manat cərimə cəzası 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən bir il keçdiyinə görə məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1190 manat pulun göndərilməsi ilə bağlı ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Cinayət işi üzrə maddi sübut olan 1190 manat pulun göndərilməsi ilə bağlı ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar