Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-190/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi X6, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 29 iyun 2021-ci il tarixdə, saat 12:15-də, Bakı şəhərində, Təqsirləndirilən şəxs xx xxxx 1973-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 11, mənzil 51-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək zərərçəkmiş şəxsə yüngül xəsarət yetirməklə xuliqanlıq etmişdir. Belə ki, X3 09 iyul 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 89 ünvanında yerləşən, “StiH" kişi geyimləri mağazasının qarşısından keçərkən həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs görüb, sonuncunun onun kürəkəni X2 ilə qeyri-rəsmi ər arvad münasibətində olması səbəbindən övladı X1 Asim Mustafayevlə boşanmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan ictimai yer olan mağazanın qarşısında özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə sonuncu haqlı iradını bildirən zaman Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək əvvəlcə saçından dartaraq sinəsindən itələyib yerə yıxdıqdan sonra qəsdən ayağı ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs ənsə nahiyəsinin sağ tərəfli şişkinlik halında əzilməsi, sağ təpə nahiyəsinin yumşaq toxumasının nöqtəşəkilli qansızması, sol süd vəzisinin yuxarı-iç kvadratının qançırı, burun belinin sol yarısının, sağ bazunun bayır səthinin, sağ daban nahiyəsinin sıyrıqları, sol budun ön-bayır səthinin, sol sağrının aşağıbayır kvadratının hematomalarından ibarət, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyul 2020-ci il tarixdə saat 21:00 radələrində bacısı qızı Ziyafət, bacıları Güllü və Həqiqət ilə birlikdə Zığ qəsəbəsindən qayıdaraq, 103 saylı marşrut avtobusundan düşüb Q.Qarayev prospekti ilə evə gedərkən, arxadan bir qadın qaça-qaça gələrək onu çağırmış və dayanmağını tələb etmişdir. Dayanıb nə baş verdiyini soruşduqda həmin qadın onu tanıyıb tanımadığını soruşmuş, o isə tanımadığını bildirdikdə Fəxriyyə olduğunu demişdir. Bundan sonra Fəxriyyə onu yüksək səslə təhqir etməyə başlamış, o dəfələrlə Fəxriyyəyə onu təhqir etməməsini və uzaqlaşmasını bildirsə də, sonuncu dayanmadan onu təhqir etməyə davam etmişdir. Fəxriyyənin onu təhqir etməsinə dözə bilməyib, sonuncunu itələyərək çıxıb getməsini demişdir. Bu zaman Fəxriyyənin yanında olan tanımadığı bir oğlan onu təpiklə və kürəyindən yumruqla vurmuş, bundan sonra, Fəxriyyənin saçına əl atmış, sonra buraxıb çıxıb getmişdir. Hadisə nəticəsində xəsarət alsa da həyat yoldaşı ağır xəstə olduğu üçün həkimə müraciət etməmiş və tibbi ekspertizadan keçməmişdir. İlk dəfə cinayət əməli törətməsinin və əməlindən peşman olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi onun müdafiəçisini və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 89 ünvanda yerləşən “Stil” kişi geyimləri mağazasını işlədir. 09 iyul 2020-ci il tarixdə mağazada olan zaman təxminən saat 21:00 radələrində mağazada işləyən satıcı Nəsimi mağazaya daxil olaraq çöldə təxminən 4 nəfər tanımadığı qadının onun ünvanına nəlayiq sözlər işlədərək keçdiklərini söyləmişdir. Dərhal çölə çıxaraq həmin qadınların arxasınca gedərək onları çağırmışdır. Həmin qadınlardan sonradan adının Qiyafət olduğunu bildiyi qadın təkrarən onu nalayiq küçə söyüşü ilə söymüş, sonuncudan nə olduğunu, hansı səbəbə onu söydüyünü soruşmuş, Qiyafət yaxşı eləyib söydüyünü və onun söyüşə layiq olduğunu bildirmiş sonra saçlarından tutmuşdur. Saçlarını Qiyafətin əlindən alan zaman, sonuncu onun sinəsindən itələmişdir. O, zərbədən yerə yıxılmış və yerə yıxılan zaman başı daşa dəymiş və zərbədən huşunu itirmiş, ayağına vurulan zərbələrin ağrısından isə ayılmışdır. Ayılan zaman Qiyafətin onu təpiklədiyini görmüşdür. Bu zaman Nəsimi onları aralamağa çalışmış, sonuncu onları ayıran zaman digər şəxslər də onun ünvanına nəlayiq söyüşlər işlədərək çıxıb getmişlər. Təxminən 1 saata yaxın mağazada olduqdan sonra Nizami RPİ-nin 24-cü PŞ-nə getmiş və ərizə ilə müraciət etmişdir. Həmin qadınlardan yalnız Qiyafəti tanımış, sonuncu onun 7 ilə yaxın ailə kimi yaşadığı Asimin qaynanası olmuşdur. Qiyafətin onu döyməsinə səbəb Asimin boşanması olmuşdur. Qadınlardan yalnız Qiyafət onu vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmamış onun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 89 ünvanda yerləşən “Stil” kişi geyimləri mağazasında satıcı işləmiş, 09 iyul 2020-ci il tarixdə mağazada olan zaman təxminən saat 21:00 radələrində mağazanın qarşısından bir qrup qadının mağazanın sahibi Zərərçəkmiş şəxs təhqir edə-edə keçdiyini gömüş, sonuncuya tanımadığı bir qrup qadının onun (Fəxriyyənin) ünvanına nəlayiq söyüşlər işlədərək keçdiyini bildirmişdir. Fəxriyyə mağazadan çıxaraq onların arxasınca getmişdir. O, da öz növbəsində Fəxriyyənin arxasınca çıxmışdır. Fəxriyyə həmin qadınlara yaxınlaşaraq hansı səbəbə görə onu təhqir etdiklərini soruşanda həmin qadınlardan biri təkrarən Fəxriyyəni təhqir etmiş və Fəxriyyənin saçlarından tutmuşdur. O, müdaxilə edərək Fəxriyyənin sacını həmin qadının əlindən almışdır. Fəxriyyəni oradan uzaqlaşdırmaq istəyən zaman Fəxriyyənin saçından tutan qadın Fəxriyyəni itələmiş, sonuncu müvazinətini saxlaya bilməmiş və yerə yıxılmışdır. Yerə yıxılan zaman Fəxriyyənin başı yerdə olan daş parçasına dəymişdir. Həmin qadın Fəxriyyənin üzərinə gəldiyi üçün qarşısını almağa çalışmış, bu zaman digər qadınlar onun Fəxriyyəni itələyərək yerə yıxan qadını vurmaq istədiyini zənn edərək onu itələmişlər. Bu zaman Fəxriyyəni itələyərək yerə yıxan qadın ayağı ilə Fəxriyyəni bədəninin müxtəlif yerlərindən vurmuşdur. Sonra həmin qadınlar hadisə yerini tərk edib getmişlər. Onlar getdikdən sonra huşsuz vəziyyətdə yerdə uzanmış Fəxriyyəni qaldıraraq mağazaya gətirmişdir. X8 RPİ-nin 24-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. Hadisə zamanı Fəxriyyəni saçından tutaraq itələyən qadından başqa heç kim Fəxriyyəni vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid1 ifadəsində göstərmişdir ki, 09 iyul 2020-ci il tarixdə saat 21 radələrində işdə olan zaman bayırdan səs-küy gəldiyini eşidib bayıra çıxmışdır. Bu zaman onunla qonşuluqda olan “Stil” kişi geyimləri mağazasını işlədən Fəxriyyənin 4-5 nəfər qadın ilə mübahisə etdiyini görmüşdür. Həmin qadınlardan biri Fəxriyyənin saçlarından dartaraq sinəsindən itələmiş, sonuncu yerə yıxılmış, sonra həmin qadın Fəxriyyənin üzərinə hücum çəkmişdir. Fəxriyyənin işçisi Nəsimi həmin qadını aralamaq istəyəndə orada olan digər qadınlar Nəsiminin üzərinə gəlmişlər. Daha sonra həmin qadınlar oradan uzaqlaşaraq getmişlər. Huşsuz vəziyyətdə yerdə uzanmış Fəxriyyəni kənarda olan şəxslərin köməkliyi ilə maşına oturdub aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid4 ifadəsində göstərmişdir ki, 09 iyul 2020-ci il tarixdə təxminən saat 21 radələrində bacısı qızının əşyalarını Zığ qəsəbəsindəki evə aparıb boşaldtıqdan sonra bacıları Qiyafət, Həqiqət və bacısı qızı Ziyafətlə birlikdə marşrut avtobusu ilə Neftçilərə gəlmişlər. Avtobusdan düşüb evə getmək üçün dayanacağa doğru hərəkət edən zaman arxadan tanımadıqları bir qadın onları səsləyərək dayanmalarını bildirmişdir. Dayandıqdan sonra həmin qadın onlara yaxınlaşaraq yüksək səslə nəlayiq küçə söyüşləri ilə onları təhqir etməyə başlamışdır. Bundan sonra bacısı Qiyafətlə mübahisə etməyə başlamış, Qiyafət həmin qadınla mübahisə edən zaman kənardan tanımadıqları bir oğlan onlara müdaxilə etməyə başlamışdır. Bacısı Qiyafətin həmin qadınla mübahisəsi davaya çevrilmişdir. Onlar bir birilərini tutaraq itələməyə başlamışlar. Həmin vaxt orada olan şəxslərin köməyi ilə onları ayırıb çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmş Şahid5 və Şahid3, Şahid4 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan 10 oktyabr 2020-ci il tarixli “DVD-R diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilk öncə Zərərçəkmiş şəxs işlədiyi mağazanın qarşısına gəlir daha sonra mağazadan aralanandan sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşır və mübahisə başlayır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçından tutaraq dartır və yerə yıxır. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə qaçaraq onu təpiklə vurmağa başlayır. Bu zaman onları aralamağa çalışan Şahid2 üzərinə digər qadınlar gəlir və Şahid2 vururlar. Daha sonra Təqsirləndirilən şəxs və digər qadınlar oradan çıxıb gedirlər. İşdə olan 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxs tərəfindən verilmiş 09 iyul 2020-ci il tarixli 1668 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ənsə nahiyəsinin sağ tərəfli şişkinlik halında əzilməsi, sağ təpə nahiyəsinin yumşaq toxumasının nöqtəşəkilli qansızması, sol süd vəzisinin yuxarı-iç kvadratının qançırı, burun belinin sol yarısının, sağ bazunun bayır səthinin, sağ daban nahiyəsinin sıyrıqları, sol budun ön-bayır səthinin, sol sağrının aşağı- bayır kvadratının hematomaları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 09.07.2020-ci il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ki ümumilikdə sağlamlığın qısa müddətə pozulmsına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materillarında olan 16 oktyabr 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Şahid2, Şahid4, Şahid5 və Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi üzrə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə belə qənaətə gələrkən, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində izah olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli cinayət qanunvericiliyinin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının izahları baxımından Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfü axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmaqla qadın olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddənin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. İş üzrə maddi sübut 2 ədəd CD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1.500 (min beş yüz) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut 2 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-190/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-190/2021
29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver