Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-190/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclası katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2anda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talamaq məqsədlə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 91 ünvanda yerləşən “Lotos” Ticarət mərkəzinin yaxınığında küçədə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sol əlində saxladığı içərisində həmin dövrün rəsmi məzənnəsi ilə 171 manat 70 qəpik təşkil edən 101 ABŞ dolları və 98 manat nağd pul, sonuncuya məxsus AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, **********385 nömrəli dövlət sosial sığorta şəhadətnaməsi, ********** nömrəli fizik: şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə, 02 ədəd balanslarında pul vəsaiti olmayan hər birinin qiyməti 10 manat olmaqla 20 manat qiymətində 5505 7850 2867 2058 nömrəli və 4724 9425 2799 3406 nömrəli “Ekspress” bank, 01 ədəd balansında pul vəsaiti olmayan 10 manat qiymətində 4198 4435 6973 5943 nömrəli “Xalq Bank” tərəfindən verilmiş plastik bank kartları, 01 ədəd üzərində 02 manat qiymətində ***-***-**-** nömrəli simkart və 02 manat qiymətində istintaqa məlum olmayan digər nömrə olan simkart quraşdırılmış 800 manat qiymətində İMEİ 1:**********58159, İMEİ 2:**********58157 kodlu “Samsung A71” markalı mobil telefon olan 01 ədəd 10 manat qiymətində pul qabını alıb qaçmaqla açıq talayaraq zərərçəkmiş şəxsə 1113 manat 70 qəpik dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə etdiyi əmlakı və pul vəsaitini qardaşı Şahid1 verərək sonuncunun həmin əmlak və pul vəsaitindən istifadə etməklə birgə istifadə etmək üçün narkotik vasitə və psixotrop maddə əldə etmə məqsədi ilə Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, qrupun üzvü Şahid1 həmin gün, yəni 23 yanvar 2022-ci il tarixdə 50 manat pul müqabilində şəxsiyyəti istintaqa “Elxan” adı ilə məlum olan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, əldə etdiyi psixotrop maddə metamfetaminin 0,330 qram çəkidə olan hissəsini yaşadığı ünvan 4 ünvanda Şahid1 əldə edərək üzərində saxlamaqla daşımış, 26 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanda şübhəli şəxs kimi saxlanılaraq, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 0,330 qram çəkidə ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istifadəçisidir. 23 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanda, “Lotos" Ticarət mərkəzinin yaxınlığında əvvəllər tanımadığı, Zərərçəkmiş şəxs əlində paketlərlə pilləkənlərdən aşağı düşdüyünü və sol əlində olan paketin üzərində qızılı rəngli pul qabı olduğunu görüb, arxadan sonuncuya yaxınlaşaraq pul qabını əlindən alıb qaçmışdır. Qadın arxadan səsküy salsa da məhəl qoymayıb yaşadığı evə getmişdir. Həmin pul qabını açaraq içərisində 03 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi, 100 ABŞ dolları, əlavə 1 ABŞ dolları, 98 manat, 01 ədəd “Samsung” markalı mobil telefon olduğunu görmüşdür. Qardaşı Şahid1 evdə olmuş və sonuncu pulqabını hardan əldə etdiyini ondan soruşmuşdur. Pulqabını bazarın yaxınlığında bir qadının əlindən alıb qaçdığını demiş və pulqabını Samirə verərək içərisində olan pulla hər ikisi üçün narkotik və psixotrop maddə əldə etməsini xahiş etmişdir. Samir pulqabını götürərək getmiş və xatırlamadığı sayda ayrı-ayrı bükümlərdə ‘'kola”, yəni narkotik vasitə heroin, “şüşə”, yəni psixotrop maddə metamfetami gətirmişdir. Payına düşənləri istifadə etmək üçün cibinə qoymuş və söhbət zamanı Samirin narkotik və psixotrop maddələri tanımadığı “Elxan” adlı şəxsdən əldə etdiyi ona məlum olmuşdur. Narkotik və psixotrop maddələri istifadə etmiş və 26 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində evdə olarkən qapı döyülmüş və qapını açdıqda qapını döyənlər özlərini polis əməkdaşı kimi təqdim edib, onlar şöbəyə getməli olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 24-cü polis şöbəsinə getmişdir. Otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, qara rəngli idman şalvarının cibində saxladığı 01 büküm psixotrop maddə metamfetamini təqdim edib, həmin maddəni qardaşı Samirdən aldığını və 23 yanvar 2022-ci il tarixdə 8-ci km bazarının yaxınlığında bir qadının əlindən pul qabını alıb qaçdığını və pul qabını qardaşı Samirə verdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarından ev üçün alış-veriş etdikdən sonra əlində paketlər evə qayıtmaq üçün “Lotos” Ticarət mərkəzinin yaxınlığındakı pilləkənlərlə aşağı düşərkən, sol əlindəki sellofan paketin üzərində qızılı rəngli pul kisəsini saxlamışdır. Həmin vaxt arxadan ona doğru yaxınlaşan şəxs onun sol əlində saxladığı pul qabını əlindən çəkib alaraq qaça-qaça pilləkənləri düşüb getmişdir. Qışqırıb həmin şəxsin arxasınca qaçmağa başlamış, lakin çata bilməmişdir. Pul qabının içərisində 01 ədəd 100 ABŞ dolları, 01 ədəd 1 ABŞ dolları, 98 manat nağd pul, 02 ədəd balansında pul vəsaiti olmayan adına verilmiş, hər biri 10 manat olmaqla 20 manat qiymətində "Ekspress bank”a aid 2 ədəd plastik kartlar, 01 ədəd balansında pul vəsaiti olmayan onun adına verilmiş 10 manat dəyərində “Xalq Bank”a aid plastik kart, 01 ədəd üzərində 02 manat qiymətində olan ***-***-**-** nömrəli simkart və 02 manat qiymətində xatırtlamadığı digər nömrə olan simkart olan 800 manat dəyərində “Samsung A71” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi, Dərzilik fəaliyyət ilə məşğul olmağı ilə bağlı “VÖEN” vəsiqəsi, Sosial Müdafiə fondunun kartı olmuşdur. Pul qabının qiyməti 10 manat olmuşdur. Pulqabı, şəxsiyyət vəsiqəsi, “VÖEN” vəsiqəsi, Sosial müdafiə fondunun kartı Təqsirləndirilən şəxs anası tərəfindən ona qaytarılmışdır. Hadisə nəticəsində ona 1113 manat 70 qəpik məbləğində maddi ziyan dəymiş və həmin məbləğ tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, psixotrop maddə metamfetamin və narkotik vasitə heroin istifadə etmiş və həmin maddələri “Elxan” adlı şəxsdən əldə etmişdir. 23 yanvar 2022-ci il tarixdə saat 20 radələrində qardaşı Ceyhun 8ci km bazarının yaxınlığında tanımadığı bir qadının əlindən alaraq qaçdığı qızılı rəngli pul qabını yaşadıqları mənzildə ona vermişdir. Həmin pul qabının içində 03 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və bəzi digər kart və sənədlər, 101 ABŞ dolları və 98 manat pul, 01 ədəd “Samsung" markalı mobil telefon olmuşdur. Ceyhun pulqabını ona verərək, istifadə etmək üçün narkotik və psixotrop maddə almağı demişdir. Pul qabının içində olan 100 ABŞ dollarını 170 manata dəyişdirmiş və 8-ci km ərazisində “Elxan” adlı şəxsdən 50 manata bir neçə büküm heroin və metamfetamin almışdır. Həmin bükümlərdən bir neçəsini Ceyhuna vermiş qalanını isə özünün istifadəsi üçün saxlamışdır. Pul qabıda olan 03 ədəd bank kartını özündə saxlamış, “Samsung" markalı telefonun 02 ədəd simkartı çıxarıb atmış, telefonu isə bazarda 50 manata satmışdır. Əldə etdiyi pulları özünün və qardaşının şəxsi ehtiyacalarına xərcələmişdir. 26 yanvar 2022-ci il tarixdə günorta saatlarında “Elxan” adlı şəxsdən öz istifadəsi üçün bir büküm “şüşə" metamfetamin alıb gödəkçəsinin cibinə qoymuşdur. Həmin gün saat 16:30 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona saxlayaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona qanunla qadağan edilmiş əşyalar olduğu təqdirdə təhvil verməsi təklif edilmiş, əynində olan qara rəngli gödəkçənin sol yan döş cibindən kibrit qutusunun içində olan 01 büküm psixotrop maddə metamfetamini, digər əşyaları və pulu təqdim etmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 büküm psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, 03 ədəd bank kartı isə götürülmüşdür. Pullar, siqaret və alışqan isə ona qaytarılmışdır. Üzərindən aşkar edilmiş 01 ABŞ dolları onun olmamış və həmin pul qardaşının ona verdiyi pul qabında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 onun övladlarıdır. Sonuncuların narkotik və psixotrop maddələrdən istifadə etmələri barədə məlumatı olmuş, övladlarının bu yoldan əl çəkmələri üçün onlarla dəfələrlə söhbət aparmış və onları müalicə etdirmək istəmiş, lakin mümkün olmamışdır. Yaşadıqları mənzildə təmizlik işləri apararkən ona aid olmayan pulqabı tapmış, pulqabının içində Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və bir neçə kart olmuşdur. Zərərçəkmiş şəxs ilə əlaqə yaradaraq pulqabını içərisində olan sənədlərlə birlikdə sonuncuya vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nizami RPİnin 24-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində polis baş leytenantı rütbəsində xidmət edir. Şahid1 narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 26 yanvar 2022-ci il tarixdə saat 16:35 radələrində keçirilən əməliyyat tədbriləri nəticəsində Şahid1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 100 ünvanın yaxınlığında saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-yə gətirlmiş və video çəkilişlə şəxsi axtarış keçirilərkən Şahid1 üzərindən 03 ədəd bank kartı, 01 bükümdə ağ və gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə, 104 manat 50 qəpik və 01 ABŞ doları pul, “Samsung” markalı mobil telefon, siqaret qutusu və alışqan aşkar edilmişdir. Şahid1 həmin psixotrop maddəni 10 manata tanımadığı şəxsdən aldığını, bank kartlarını isə qardaşının 23 yanvar 2022-ci il tarixdə 8-ci km ərazisində yerləşən “Lotos" ticarət mərkəzinin yaxınlığında tanımadığı bir qadının əlindən aldığını bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq 26 yanvar 2022-ci il tarixdə saat 20:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 9 ünvana getmişlər və mənzilin qapısı döyüldükdə qapını açan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonuncuya soyğunçuluq cinayətində və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək 24-cü PŞ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs 24-cü PŞ-nə gətirilmiş, hüquq və vəzifələri izah olunmuşş, saxlanılmasının səbəbi barədə məlumat verilmişdir. Şöbədə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən üzərində qanunla qadağan edilmiş əşya, predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümü qardaşı Şahid1 aldığını demişdir. Daha sonra 8-ci km ərazisində etdiyi soyğunçuluq barədə məlumat vermiş və etdiyi cinayəti etriaf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükülü zərfə qoyularaq möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahidlər - Şahid5 Məmmədnəzir oğlunun və Şahid4 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İşdə olan 26 yanvar 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofon bükümdə ağ rəngli spesfik iyə malik, kristalik maddəni təqdim edərək, həmin maddənin “şüşə” adlanan psixotrop maddə metamfetamin olduğunu və həmin maddəni qardaşı Samirdən aldığını bildirmişdir. Həmçinin 23 yanvar 2022-ci il tarixdə tanımadığı bir qadına qarşı soyğunçuluq etdiyini, həmin soyğunçuluq nəticəsində əldə etdiyi 01 ədəd pulqabını içərisində olanlarla birlikdə qardaşı Samirə verdiyini etiraf etmişdir. İşdə olan 27 yanvar 2022-ci il tarixli “Könüllü təqdim etmə, baxış və götürmə haqqında” protokolun görünür ki, Şahid1 01 ədəd F 07877822F nömrəli 1 nominal ABŞ dollarını təqdim edərək, həmin əskinasın 23 yanvar 2022-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə əldə edib ona verdiyi pulqabının içərisində olduğunu bildirmişdir. İşdə olan 24 fevral 2022-ci il tarixli “Könüllü təqdim etmə və götürmə haqqında” protokolun görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsinə, **********385 seriya nömrəli Dövlət sosial sığorta şəhadətnaməsinə, ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməyə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs qeyd edilən sənədlər 23 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun əlindən alıb qaçdığı pulqabının içərisində olan sənədələr olduğunu, həmin sənədləri ona Təqsirləndirilən şəxs anasının qaytardığını bildirmişdir. İşdə olan 12 mart 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi soyğunçuluq hadisəsi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 91 ünvanda yerləşən “Lotos” Ticarət Mərkəzinin yaxınlığında baş vermişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2022-ci il tarixli, 6/518 nömrəli rəyindən görünür ki, ‘‘Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün № 164 dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd büküm; iştirak etdi-imza; Tərtib etdi: E.Mehdiyev-imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 0,330 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 639 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 12 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,330 qram çəkidə psixotrop maddə metamfetaminin tədqiqata sərf edildikdən sonra qalan 0,280 qramı maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Şahid1 götürülmüş 02 ədəd 5505 7850 2867 2058 nömrəli və 4724 9425 2799 3406 nömrəli “Ekspress” bank, 01 ədəd 4198 4435 6973 5943 nömrəli “Xalq Bank" tərəfindən verilmiş plastik bank kartı və 01 ədəd F 07877822F nömrəli 1 nominal ABŞ dollar ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. Zərərçəkmiş şəxs məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, **********385 seriya nömrəli dövlət sosial sığorta şəhadətnaməsi, ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təkrar cinayət törətməsi və cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi cəzanı ağırlaşdıran hallar qismində müəyyən edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 mart 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun, yəni ayrılıqda götürülmüş hər bir əməldə cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 14 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,280 qram psixotrop maddə metamfetamin məhv edilməli, «şəxsi axtarış və götürməni» özündə əks etdirən 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 02 ədəd 5505 7850 2867 2058 nömrəli və 4724 9425 2799 3406 nömrəli “Ekspress” bank, 01 ədəd 4198 4435 6973 5943 nömrəli “Xalq Bank" tərəfindən verilmiş plastik bank kartı və 01 ədəd F 07877822F nömrəli 1 nominal ABŞ dolları, AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, **********385 seriya nömrəli dövlət sosial sığorta şəhadətnaməsi, ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 50 saat, məhkəmədə iştirak etdiyi 30 saat, cəmi 80 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 480 manat (80x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəs ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 ay 18 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,280 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübutlar - 02 ədəd 5505 7850 2867 2058 nömrəli və 4724 9425 2799 3406 nömrəli “Ekspress” bank, 01 ədəd 4198 4435 6973 5943 nömrəli “Xalq Bank" tərəfindən verilmiş plastik bank kartı və 01 ədəd F 07877822F nömrəli 1 nominal ABŞ dolları, AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi, **********385 seriya nömrəli dövlət sosial sığorta şəhadətnaməsi, ********** nömrəli fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 (dörd yüz səksən) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-190/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-190/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver