Məhkəmə qərarları › İş №1(007)-191/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-191/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-191/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1955-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küçəsi, ev 11-də qeydiyyatda olmaqla yaşayan, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 06:30 radələrində idarə etdiyi, özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz 200 minik” markalı **-TP- *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində əsas yol ilə “Koroğlu” metrostansiyası istiqamətindən şəhərin mərkəz istiqamətinə doğru saatda 70 km sürətlə hərəkət edərkən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 115 ünvanında yerləşən Bakı “ASAN xidmət” mərkəzinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək həmin qaydaları pozmaqla idarə etdiyi avtomaşının qabaq sağ hissəsi ilə yolu soldan sağa keçən piyada 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq, ona dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan iki tərəfli ağciyərlərin atelektazı ilə ağırlaşan hemopnevmotoraksla müşayiət olunan hər iki İV qabırğanın yerdəyişmiş, qapalı sınığı, diafraqmanın sağ tərəfli cırılması, qaraciyərin sağ payının zədələnərək qaraciyərin döş boşluğuna yerdəyişməsi və qarnın ön və yan səthinin geniş ölçülü dərialtı hematoması ilə müşayiət olunan qarnın küt travması, İl-lll dərəcəli travmatik şokla müşayiət olunan sağ bazu sümüyünün başı və cərrahi boynu, L2-L3 fəqərələrin sol yan çıxıntısı, L5 fəqərənin sağ yan çıxıntısı, döş sümüyü, sağ körpücük sümüyünün proksimal hissəsi, sağ kürək sümüyü, sağ oma sümüyü, qasıq bitişməsi, hər iki oturaq sümüyü, hər iki sirkə kasasının alt-üst sütunu və sağ baldır sümüklərinin yerdəyişmiş, qapalı sınıqları, burun sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları, baş beyin əzilməsi ilə müşayiət olunan alnın əzilmiş yarası, sağ gözün hər iki qapağının dərialtı hematoması və sağ gözün konyuktivial qansızması xəsarətlərini yetirmişdir ki, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlığından Zərərçəkmiş şəxs aldığı gövdənin (döş qəfəsi və qarın nahiyyəsi) küt travması nəticəsində yaranmış daxili orqanların zədələnməsi fonunda kəskin tənəffüs çatışmazlığı kimi xəsarətlər zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:45-də “X13”da ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mersedes Benz 200 minik” markalı **-TP-*** dövlət nömrə nişanlı avtomaşın onun özünə məxsusdur. xx xxxxxx 2019-cu il tarixdə saat 06:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan həmin avtomaşınla H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən üzü şəhərin mərkəz istiqamətində əsas yolda, yolun sağ hissəsi ilə saatda 70 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt hava tutqun olsa da yağış yağmamışdır. O, idarə etdiyi avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısına çatdıqda bir nəfər qadın piyadanın yolu soldan sağa iti yerişlə keçdiyini görmüşdür. O, dərhal idarə etdiyi avtomaşını tormozlayıb sol tərəfə qaçırtsa da hadisədən yan qaça bilməmiş və avtomaşının qabaq sağ hissəsi ilə qadın piyadanı, sonradan tanıyaraq adını bildiyi Zərərçəkmiş şəxs vurmuşdur. Zərərçəkmiş şəxs aldığı zərbədən qalxaraq onun idarə etdiyi avtomaşının alın şüşəsinin sağ tərəfinə və sağ yan güzgüsünə dəyərək yerə düşmüşdür. Piyada dayandığı səkidən yolun içinə doğru vurulanadək 10 metr yol qət etmişdir. O, idarə etdiyi avtomaşını dərhal saxlamış və avtomaşınla vurduğu Zərərçəkmiş şəxs yaxınlaşmış, onun alın nahiyyəsindən qan gəldiyini görmüşdür. O, qadını danışdırmaq üçün ona bir neçə sual vermiş, qadın çətinlik çəksə də onunla danışmışdır. Bu zaman o, həmin yoldan keçən oğlu Şahid görmüşdür. Əli onu görüb tez idarə etdiyi “Mercedes 190” markalı **-XN-*** dövlət nömrə nişanlı avtomaşını saxlayaraq dərhal ona yaxınlaşmış və idarə etdiyi avtomaşınla vurduğu Zərərçəkmiş şəxs oğlu Əli ilə birlikdə yerdən qaldırıb Əlinin idarə etdiyi avtomaşına yerləşdirmişlər və onu 3 saylı ŞKX-na aparmışlar. Yolda olan zaman o, Zərərçəkmiş şəxs ilə söhbət etmişdir. O, Əli ilə Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na təhvil vermişdir. O, Zərərçəkmiş şəxs həyat yoldaşının mobil telefon nömrəsini götürərək onun həyat yoldaşına zəng edib hadisə barədə məlumat vermiş və onu 3 saylı ŞKX-na dəvət etmişdir. Sonra oraya gələn polis əməkdaşlarına hadisə barədə məlumat verərək özünü bəlli edib onlara özünə və idarə etdiyi avtomaşına məxsus məlumatları təqdim etmişdir. Həmin gündən o, həmin qadının müalicəsi üçün bütün xərcləri öz üzərinə götürmüş və ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs müalicəsinin davam etdirilməsi üçün onu “X13”-a aparmışdır. Həmin xəstəxanada müalicə olunsa da, Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 14:45-də “X13”da ölmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda hadisədən dərhal sonra zərərçəkmiş şəxsi xəstəxanaya apararaq müalicəsi üçün lazımi tədbirlər gördüyünü, zərərçəkmiş şəxsin özünün sağlığında və ölümündən sonra hüquqi varisinin ərizələr verərək ona qarşı şikayət və tələbləri olmadığını bildirdiklərini və onunla barışdıqlarını, əməlindən səmimi peşmançılıq çəkdiyini, təqaüdçü olduğunu nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadə verərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuşdur. Ruqiyyə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanadək Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində xadimə işləmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 08 radələrində o, bazarda olanda mobil telefon nömrəsinə bir nəfər zəng etmiş, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs idarə etdiyi avtomobillə onun arvadı Ruqiyyəni Bakı şəhəri, Nizami rayonunun ərazisində Heydər Əliyev prospektində idarə etdiyi avtomobillə vurduğunu, Ruqiyyəni 3 saylı ŞKX-na avtomobili ilə gətirdiyini və hazırda Ruqiyyənin müayinə edildiyini, özünün isə xəstəxanada olduğunu demişdir. Bu xəbəri eşitdikdən sonra o, təcili 3 saylı ŞKX-na gəlmiş və avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ilə xəstəxanada görüşmüşdür. Ruqiyyə reanimasiya şöbəsində olduğundan onu görə bilməmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini ona danışmış və demişdir ki, “Mersedes Benz C-200 minik” markalı **-TP-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olan zaman yolu keçərkən Ruqiyyəni bilmədən vurmuşdur və Ruqiyyəni dərhal təsadüfən yolda rastlaşdığı öz oğlu Əli ilə xəstəxanaya gətirmişdir. İlk gündən sürücü Təqsirləndirilən şəxs ona və mərhum arvadı Ruqiyyəyə həm mənəvi, həm də maddi dəstək olmuşdur. xx xxxxxx 2019-cu il tarixədək Ruqiyyə 3 saylı ŞKX-da müalicədə olmuşdur. Təqsirləndirilən şəxs maddi dəstəyindən sonra Ruqiyyəni “X13” Klinikasına köçürmüşlər və aparılan müalicələrə baxmayaraq, Ruqiyyə xx xxxxxx 2020-ci il tarixdə həmin klinikada vəfat etmişdir. Ruqiyyə hələ sağ ikən sürücüdən şikayətinin və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Ruqiyyənin müalicəsinə 17.000 manat maddi dəstək olmuşdur. Sürücü Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 06:30-07:00 radələrində idarə etdiyi “Mercedes 190” markalı **-XN-*** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən üzü şəhərin mərkəz istiqamətinə doğru hərəkətdə olan zaman atasına məxsus avtomobilin və digər avtomobillərin yolun kənarında dayandığını görüb tez avtomobilni saxlayaraq dərhal atasına yaxınlaşmış, atasından nə baş verdiyini soruşmuşdur. Atası tanımadığı bir nəfər qadını avtomobilinin sağ tərəfi ilə vurduğunu demişdir. O, tez atasına kömək edib həmin piyada qadını, adı həmin gün xəstəxanada məlum olan Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomaşına əyləşdirmiş, atası ilə birlikdə onu avtomobilində 3 saylı ŞKX-na aparmışlar. Zərərçəkmiş şəxs avtomobilində olan zaman özündə olmuş, atası onun həyat yoldaşının mobil telefon nörməsini alıb ona zəng etmiş və hadisəni başa salmışdır. Onlar xəstəxanaya çatdıqdan sonra Zərərçəkmiş şəxs reanimasiyaya aparmışlar. Az sonra qadının həyat yoldaşı Cavanşir Məmmədov və polis işçiləri xəstəxanaya gəlmişlər. Həmin gündən atası Zərərçəkmiş şəxs müalicəsi üçün bütün xərcləri öz üzərinə götürmüş və ödəmişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs müalicəsinin davam etdirilməsi üçün onu “X13”a aparmışlar. Lakin Zərərçəkmiş şəxs müalicə olunduğu həmin xəstəxanada xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X3 yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxxxx 2019-cu il tarixli 2/9913 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 10) -Baş Dövlət X11 Qeydiyyat-imtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 016-6563- 1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə xx.xx.2021-ci il tarixədək müddətə etibarlı olan “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. (i.v. 37) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 4 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs iki tərəfli ağciyərlərin atelektazı ilə ağırlaşan hemo-pnevmotoraksla müşayiət olunan hər iki İV qabrığanın yerdəyişmiş, qapalı sınığı, diafraqmanın sağ tərəfli cırılması, qaraciyərin sağ payının zədələnərək qaraciyərin döş boşluğuna yerdəyişməsi və qarnın ön və yan səthinin geniş ölçülü dərialtı hematoması ilə müşayiət olunan qarnın küt travması, ll-lll dərəcəli tarvmatk şokla müşayiət olunan sağ bazu sümüyünün başı və cərrahi boynu, L2-L3 fəqərələrin sol yan çıxıntısı, L5 fəqərənin sağ yan çıxıntısı, döş sümüyü, sağ körpücük sümüyünün proksimal hissəsi, sağ kürək sümüyü, sağ oma sümüyü, qasıq bitişməsi, hər iki oturaq sümüyü, hər iki sirkə kasasının alt-üst sütunu və sağ baldır sümüklərinin yerdəyişmiş, qapalı sınıqları, burun sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınıqları, baş beyin əzilməsi ilə müşayiət olunan alnın əzilmiş yarası, sağ gözün hər iki qapağının dərialtı hematoması və sağ gözün konyuktivial qansızması olmuşdur. Qeyd olunan xəsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə piyada qismində baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş vermiş ölümlə səbəbli əlaqəlidir. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər alınan zaman şəxs çox güman ki, şaquli (və ya ona yaxın) vəziyyətdə olmuş və aldığı xəsarətlərdən sonra hər hansı bir aktiv məqsədyönlü hərəkətlər etmək iqtidarında olmamışdır. Sadalananları nəzərə alaraq söyləmək olar ki, ayaqaltı sahədən təxminən 30- 33 sm hündürlükdə avtomobilin qabarıq hissələri ilə yetirilən ilkin zərbə onun sağ aşağı ətrafının baldır nahiyəsinə yetirilmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu gövdənin (döş qəfəsinin və qarın nahiyəsi) küt travması nəticəsində yaranmış daxili orqanların zədələnməsi fonunda kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm xx.xx.2020ci il tarixdə saat 14:45-də X12 baş vermişdir ki, bu da meyitdə gedən ilkin əlamətlərdə öz əksini tapır. Zərərçəkmiş şəxs baş vermiş yol-nəqliyyat hadisəsindən sonra uzun müddət tibbi müəssisədə müalicə aldığından ondan qan götürüb məhkəmə-kimyəvi laboratoriyaya göndərmək məqsədə uyğun deyil. (i.v. 39-42) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə ilə bağlı ifadəsində göstərilən halları bir daha təsdiqləyərək hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 57-61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/796 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “Mercedes Benz 200” markalı **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış hesabata əsasən piyada vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsi piyadanın vurulma yerindən 125 metr aralı məsafədə olmuşdur. Mövcud şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 48,6 metrdir. (i.v. 69-72) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 263.4-cü maddələri ilə cinayət işi başlanması rədd edilmişdir. (i.v. 73-79) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 36) -Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 103-104) -Zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və digər yardımlar göstərilməsini təmin etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ərizə təqdim edərək onunla barışdığını bildirməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Hazırkı halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə əsas olacaq hallar müəyyən edilməmişdir; zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə veərərək dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, premet tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, müstəntiqin arayışına əsasən vəkil X4 ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili Müdafiəçi məhkəmə iclasına buraxılmışdır, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə məsrəfi hesab olunan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X6 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar