Məhkəmə qərarları › İş №1(007)-191/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-191/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-191/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində '‘həbs’' qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki o, qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17.08.2020-ci il tarixdə saat 16 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 45 saylı evin 25 saylı mənzilinin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı çarpayının üzərindəki yastığın altından 5800 manat, döşəyin altından isə 7200 manat pulu, 2 ədəd ümumilikdə 150 manat dəyərində markası bilinməyən mobil telefon aparatlarını və hər birinin dəyəri 15 manat olan, ümumilikdə 90 manat dəyərində 6 ədəd təzə köynəkləri gizli olaraq, ümumilikdə Zərərçəkmiş şəxs 13.240 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olub oradan pul götürməmişdir. Polis əməkdaşları ona yaşadığı binanın ikinci mərtəbəsində yaşayan Zərərçəkmiş şəxs mənzilindən pul oğurlandığını bildirərək, guya həmin pulu onun oğurladığını bildirmişlər. Lakin, Zərərçəkmiş şəxs yaşadığı mənzilə daxil olmadığını və pul oğurlamadığını bildirdikdə, polis əməkdaşları onu döymüş və Zərərçəkmiş şəxs mənzilinə daxil olub guya oradan 400 manat pul oğurlamağını etiraf etməsini və buna görə inzibati məsuliyyət yaranacağını və bir neçə sutka inzibati qaydada həbsdə yatdıqdan sonra azad olunacağını bildirmişlər. Polis əməkdaşları tərəfindən döyüldüyünə və məcbur edildiyinə görə, inzibati qaydada bir neçə gün həbsdə olub sonra azad olunacağını fikrləşib, polis əməkdaşlarının dedikləri ilə məcbur olub razılaşmış və Zərərçəkmiş şəxs mənzilinə daxil olub guya oradan 400 manat pul oğurlaması barədə həqiqətə uyğun olmayan ifadə vermişdir. Əslində isə Zərərçəkmiş şəxs mənzilinə daxil olmamış və sonuncunun mənzilindən pul və digər əşyalar oğurlamamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxşı zamanı elan olunmuş ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CMnin 180.2.1, 177.2.1, 177.2.5-ci maddələri ilə məhkum olunmuş, 2019-cu ilin noyabr ayında həbs müddəti başa çatmış və azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra Hökməli qəsəbəsində anası və qardaşı ilə təndirdə işləyərək gündəlik maddi tələbatını ödəmişdir. Zərərçəkmiş şəxs onunla eyni binada ikinci mərtəbədə yaşamış və tüfeyli həyat tərzi keçirmişdir. Belə ki, Nizami rayonu ərazisində yerləşən metronun Neftçilər stansiyasının yaxınlığında dilənçiliklə məşğul olmuş və müxtəlif zibilxanalardan yemək yığaraq dolanmışdır. Həmin şəxsin mənzilində zibil tullantıları yığıldığından sonuncu mənzilin qapısını açan zaman binanı pis qoxu bürümüşdür. 17 avqust 2020-ci il tarixdə saat təxminən 16 radələrində bir az spirtli içki qəbul edib binanın blokunda dayanıb siqaret çəkmiş. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən mənzilin qapısını açıq qoyduğundan sonuncunun qapısını bağlamasını bildirmək üçün mənzilinə getmişdir. Həmin vaxt mənzilin qapısı açıq olmuş, mənzilin qapısına yaxınlaşmış və Zərərçəkmiş şəxs çağırmaq üçün qapını açmışdır. Həmin vaxt mənzilin qapısının astanasında yerdə sellafon paketdə bükülü pul görmüşdür. Əyilib əlini uzadaraq pulu götürmüş və Zərərçəkmiş şəxs qapısını bağlayıb oranı tərk edib yaşadığı mənzilə getmişdir. Yaşadığı mənzildə həmin sellafon torbanın içindən pulu çıxarıb saymış və 400 manat olduğunu görmüşdür. Həmin pulu öz tələbatına xərcləmişdir. Məhkəmə iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini əlaqəli şəkildə tədqiq edib, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, birinci Qarabaş müharibəsində başından travma almış və ona görə yaddaşı zəifdir. Əvvəllər yazıçılıqla, yəni müxtəlif məqalələr yazaraq qəzetlərdə çap etdirmiş və ondan gələn gəlirlə dolanmışdır. Hal hazırda təqaüddədir, ümumilikdə 670 manat təqaüd alır. Aldığı təqaüddən hər ay ortalama 40-50 manat miqdarında pulu öz tələbatlarına xərcləmiş, qalan pulu isə yığmışdır. “Qüdrətdən qalalı səngərli dağlar”, “Başı bəlalı Sırxavənd”, “Gözləyin gələcəyəm”, “Quzğunlar leşə tərəf” adlarında kitabların müəllifidr. Sonuncu kitabı 2015-ci ildə çap olunmuşdur. 2019-cu ilin dekabr ayında evində 13000 manat pulu olmuşdur. 2019-cu ilin dekabr ayının əvvəllərində Nizami rayonu ərazisində yerləşən metronun Neftçilər stansiyasının giriş-çıxış hissəsində 16000 manata ev satılan elan görmüşdür. Həmin elanın sahibi ilə yaşadığı mənzildə olan 012-474-5-78 telefonla əlaqə saxlamış və həmin mənzili 13000 manat satmasını demiş, lakin həmin şəxs onunla razılaşmamışdır. Həmin pulları yaşadığı mənzildə yatdığı döşəyin altında saxlamışdır. 17 avqust 2020-ci ildə saat təxminən 16 radələrində evə gələrkən həyətdə xadimə qadınla görüşmüş, mənzilində və digər yerlərdə quru çörəkləri yığaraq həmin qadına vermiş, qadın isə həmin çörəkləri aparıb toyuqlarına yedirtmişdir. Həmin gün qadını görüb evdə bir qədər quru çörək yığdığını və gedib evdən çörəyi gətirdiyi müddətdə onu həyətdə gözləməsini bildirmişdir. Yaşadığı mənzilə gedərkən arxasınca qonşuluqda, yəni binanın birinci mərtəbəsində adını bilmədiyi, lakin üzdən tanıdığı şəxs də onun arxasınca gəlmişdir. Yaşadığı mənzilə gedərək mənzilin giriş qarısını açmış və əli əsdiyindən açarı qıfıldan çıxara bilməmiş, açarı qıfılın üzərində saxlayıb mənzilin mətbəxinə keçmişdir. Mətbəxdən quru çörəkləri götürüb qapıya tərəf gələn zaman qapının örtülməsi səsini eşitmişdir. Qapını açdıqda qapının üzərində açarın olmadığını və həmin qonşuluqda yaşayan şəxsin pilləkənlə aşağı tərəfə qaçdığını görmüşdür. Həmin şəxsin yaşadığı binanın birinci mərtəbəsindəki mənzilinə gedərək qapını döymüşdür. Həmin vaxt qapını bir nəfər qadın açmış, həmin qadından qaçan şəxsin onun mənzilinin açarını götürüb qaçdığını və həmin şəxsin harada olmasını soruşmuşdur. Həmin qadın evdə oğlanlarından heç birinin olmadığını bildirmişdir. Binanın həyətinə çıxaraq həyətdə oynayan uşaqlardan soruşmuş, uşaqlar həmin şəxsi görmədiklərini bildirmişlər. Xadimə qadına, arxasınca gələn şəxsin onun mənzilinin açarını oğurladığını demişdir. Bundan bir gün sonra mənzilinə gələn zaman mənzilin giriş qapısından içəridə yerdə üç ədəd 50 qəpik düşdüyünü görmüşdür. Mənzildən oğurluq olmasından şübhələnərək mənzilə baxmış və pullarının, 2 ədəd markasını bilmədiyi, lakin ikisinin birlikdə dəyəri təxminən 150 manat olan mobil telefonun, 6 ədəd hər birinin qiyməti 15 manat olan təzə köynəklərinin oğurlanmasını aşkar etmişdir. Həmin gündən 4 gün sonra həmin şəxsin anası onun mənzilinə gələrək ondan oğlunu bağışlanmasını xahiş etmişdir. Həmin şəxsdən dəymiş ziyanı tələb etdikdə həmin şəxsin anası hər ay ona 200 manat ödəməyi təklif etmiş, sonuncu ilə razılaşmışdır. Hadisə nəticəsində 13000 manat pulu, 2 ədəd markasını bilmədiyi, lakin ikisinin birlikdə dəyəri təxminən 150 manat olan mobil telefon aparatları, 6 ədəd hər birinin qiyməti 15 manat olan təzə köynəkləri oğurlanmışdır. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin sahə inspektoru polis kapitanı X4 RPİ-nin 24-cü PŞ-nin rəisinə ünvanladığı 28.08.2020-ci il tarixli raportdan görünür ki, 29.08.2020-ci tarixdə C.ünvan 3 ünvanda yaşayan Zərərçəkmiş şəxs inzibati ərazidə ona yaxınlaşaraq bir müddət öncə naməlum şəraitdə 5800 manat pulunun oğurlandığını bildirmişdir. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Nəriman Əzizov tərəfindən (HK-1/2121 saylı təhqiqat materialı ilə əlaqədar) verilmiş 29.08.2020-ci tarixli Tapşırıqda, Zərərçəkmiş şəxs 29.08.2020-ci tarixdə 24-cü PŞ-nə müraciət edərək, 17.08.2020-ci tarixdə gündüz saatlarında qonşuluqda yaşayan adını bilmədiyi şəxsin onun mənzilinin qapı açarını özbaşına götürdüyü və onun evdə olmadığından istifadə edərək mənzilindən ona məxsus 13000 manat pulunun oğurladığı barədə məlumat verdiyi qeyd olunmuşdur. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Nəriman Əzizov tərəfindən 28.08.2020-ci il tarixdə izahatı alınmış X1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu zibilxanadan yemək və paltar yığıb yaşadığı mənzilə gətirir. Onun mənzilinin qoxusundan binanın blokuna girmək mümkün deyil. Qonşuların köməkliliyi ilə dolanır. Qonşular tərəfindən ona gündəlik yemək verilmiş və köməklik olunmuşdur. Zərərçəkmiş şəxs evındə pulunun olmasına inanmır. İş materiallarında olan Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis kapitanı Nəriman Əzizov tərəfindən 28.08.2020-ci il tarixdə izahatı alınmış Bəyzadə Əliyev izahatında göstərmişdir: “... Zərərçəkmiş şəxs dilənçiliklə məşğuldur, zibillikləri gəzir, zibillikdə nə görürsə gətirib evinə yığır. Onun evindən gələn pis qoxudan bloka girmək mümkün deyil. Qonşuların köməkliyi ilə dolanır. Mən və bütün qonşular onun evində o qədər pul olduğuna və onun pulunun oğurlandığına inanmırıq. Hər halda yaşla əlaqədar onun əqli zəifliyi olduğundan pulunun oğurlandığını düşünür...” . İş materiallarında olan 06.09.2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə rəsmi qaydada müraciət edərək, 17.08.2020-ci il tarixdə yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 45 mənzil 25-dən 13.000 manat pulun oğurlandığı barədə məlumat vermişdir. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində dindirilmişdir. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli Aktdan görünür ki, həmin akt Bakı şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin məsul növbətçisi polis kapitanı Xosrov Hüseyinəliyevin, növbətçi köməkçisi polis baş serjantı Ramin Vəliyevin, polis sahə inspektorları polis mayoru Elxan Cəlilovun, polis kapitanı Cəmil Rəsulovun, əməliyyat müvəkilləri polis mayoru Taleh Cəfərovun və polis leytenantı Bəyəli Orucovun iştirakları ilə tərtib edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və Təqsirləndirilən şəxs şöbəyə daxil olarkən sifətinin sol tərəfində qançır, sol göz, qaş nahiyyəsində şişkinlik və çapıq aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri evdə olarkən yıxılaraq almasını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs faktla bağlı ilkin izahat vermişdir (iş.vər. 35). İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilmişdir. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona ittiham elan olunmuşdur. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 04 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan 28 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İş materiallarında olan 30 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs anası X2 şahid qismində dindirilmişdir. İş materiallarında olan 23 mart 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Kapital Bank” bankından 04 mart 2021-ci tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin bankdan 460 manat təqaüd alır. Həmçinin, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Beynəlxalq Bank” bankından 04 mart 2021-ci tarixli çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs həmin bankdan da 460 manat təqaüd alır. İş materiallarında olan 24 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. İş materiallarında olan 25 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.5-ci maddələri ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 ay 16 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 13 fevral 2018-ci il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.5-ci maddələri ilə ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 16 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhər Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Beləliklə, məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə bəraət verilməlidir. Məhkəmə belə qənaətə gələrkən aşağıda qeyd olunan xüsusatları, habelə cinayətprosessual qanunvericiliyin müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq hüquq normalarını və İnsan Hüquqları və əsas azadlıqları haqqında Konvensiyanın müddəalarını nəzərə alır. Belə ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq qeyd edir ki, qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilməmişdir. Onun sözügedən cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı sənədlərlə kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə ilk öncə vurğulayır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qismən etirafedici ifadə verərək, 17 avqust 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs mənzilinə açıq qapıdan daxil olaraq mənzilin qapısının astanasında yerdə sellafon paketdə bükülü pul gördüyünü və həmin pulu götürüb mənzildən çıxdığını göstərsə də, məhkəmə istintaqı zamanı həmin ifadəsindən imtina etmiş, döyülməsi və məcbur edilməsi səbəbindən belə bir ifadə verdiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini təkzib edən halların müəyyən olunmadığını, əksinə həmin ifadənin səmimiliyinə dəlalət edən xüsusatın müəyyən edildiyini nəzərə alır və qəbul edir. Belə ki, iş materiallarında olan 02 dekabr 2020-ci il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən onun sifətinin sol tərəfində qançır, sol göz, qaş nahiyyəsində şişkinlik və çapıq aşkar edilmişdir. Məhkəmə həmin xəsarətlərin Təqsirləndirilən şəxs yetirilməsini istisna etmir və bu halı sonuncunun döyülməsinə əsaslı şübhələrin olmasının göstəricisi kimi qiymətləndirir. Bundan başqa, Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri ilə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında ziddiyyətli hallar müəyyən edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadələrində yaşadığı mənzilin qıfıl açarının tanımadığı və adını bilmədiyi, lakin üzdən tandığı qonşusu tərəfindən 17 avqust 2020-ci tarixdə təxminən saat 16 radələrində götürüldüyünü və qaytarılmadığını iddia etsə də, bir gün sonra yaşadığı mənzildən 13000 manat pulun və digər əşyaların oğurlandığını göstərmişdir. İttihama görə isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzildən 17 avqust 2020-ci il tarixdə saat 16 radələrində oğurluq etməklə cinayət əməli törətmişdir. Həmçinin, Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı vermiş olduğu 06.09.2020-ci il tarixli izahatında, mənzilindən 13000 manat pulu oğurlamış, lakin adını bilmədiyi qonşusunun məhəllədə olan marketə olan borclarını ödədiyini, habelə verilmiş suala cavab olaraq mənzilindən çay, qənd, konfet, şəkər tozu, yataq dəstləri və paltarlarının oğurlandığını da bildirmişdir. Diqqət çəkən məqam odur ki, Zərərçəkmiş şəxs adını bilmədiyi halda mənzilindən edilmiş oğurluqda şübhələndiyi şəxsin marketə olan borcunu ödədiyini bildirmişdir. Nədənsə bu hal istintaq orqanının diqqətindən kənarda qalmışdır. Məhkəmə habelə qeyd edir ki, Zərərçəkmiş şəxs yaşadığı mənzilin qıfıl açarının tanımadığı və adını bilmədiyi, lakin üzdən tandığı qonşusu tərəfindən götürüldüyünü qeyd etdiyi halda, nədənsə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandıqdan sonra zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməmişdir. Məhkəmə habelə qeyd edir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirildiyi halda, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti keçirilməmişdir. Eyni zamanda, iş üzrə mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ilə (Təqsirləndirilən şəxs anası) X2 arasında üzləşmə istintaq hərəkəti keçirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs yaşadığı mənzildə ona məxsus 13000 manat məbləğində pulun və digər əşyaların mövcudluğunu təsdiq və ya təkzib edən sübutlar müəyyən edilməmişdir. Belə olan halda həmin əmlakların mövcudluğu ilə bağlı ittiham tərəfinin iddiaları ehtimal xarakteri daşımışdır. Belə ki, istintaq orqanının qənaətinə görə Zərərçəkmiş şəxs yaşadığı mənzildən 13000 manat məbləğində pul və digər əşyalar Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı halda sonuncunun həmin məbləği hara xərcləməsi və ya götürdüyü əşyaları kimə və ya kimlərə verməsi və ya satması ilə bağlı təqsirləndirilən şəxsə suallar verilməmiş və həmin əşyaların axtarılması və ya tapılması istiqamətində hər hansı zəruri istintaq hərəkətləri həyata keçirilməmişdir. Halbuki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzildən 13000 manat məbləğində pulun və digər əşyaların oğurlanması ilə bağlı ümumi ittiham verilmişdir. Habelə, ittihama görə Təqsirləndirilən şəxs yaşayış sahəsinə daxil olduğu halda, ittiham aktında saxlanc yerinə daxil olduğu qeyd olunmuşdur. Bundan başqa, istintaq materiallarından göründüyü kimi, Zərərçəkmiş şəxs keçirdiyi gündəlik həyat tərzi onun sağlamlıq durumu ilə bağlı müəyyən suallar doğurmuşdur. Lakin, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham əsasında yaranmış bu kimi şübhəli məqamların aradan qaldırılması istiqamətində cinayət-prosessual qanunvericiliyə uyğun qaydada müəyyən olunmuş əsaslarla hər hansı zəruri tədbirlər görməmiş və bununla da verilmiş ittihamın əsaslı şübhələr doğurmasına zəmin yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrində birinci Qarabağ müharibəsində başından travma aldığını və buna görə yaddaşının çox zəif olduğunu qeyd etmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs keçirdiyi səfil və qeyri-normal həyat tərzi onun ifadəsinin mötəbərliyinə əsaslı şübhələr yaradır ki, bu da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatlar istintaq orqanı tərəfindən təqdim olunmuş digər sübutlarla təsdiq edilməmiş, habelə məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs müəyyən məbləğlərdə təqaüd almasına dair bank çıxarışlarına münasibətdə isə qeyd olunmalıdır ki, həmin təqaüd məbləğlərinin Zərərçəkmiş şəxs tərəfindən mütəmadi olaraq hər ay toplanmasına dair tutarlı əsaslar cinayət işinin materialları ilə, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. İbtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması nəticəsinə gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübuta yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcələnin 139.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Beləliklə, məhkəmə yuxarıda qeyd olunan istintaq materiallarını, habelə zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrini müqayisəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə sübut qismində təqdim edilmiş zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ifadələrində müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqamların digər sübutlarla aradan qaldırılması mümkün olmadığından, həmin ifadələrin ittihamın əsası kimi qəbul edilməsi yolverilməzdir və bu hallar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən təqdim edilmiş ittiham sübutları əsasında, Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 45 saylı evin 25 saylı mənzilində olduğu iddia edilən 13000 manat məbləğində pulun və digər əşyaların Təqsirləndirilən şəxs tərəfindən götürülməsi və ya oğurlanması faktı təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, yalnız ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-nin təqsirsizlik prezumpsiyasından bəhs edən 21-ci maddəsində qeyd olunur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin qeyd olunur ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 4-cü bəndində göstərilir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər təhqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikası CPM-in 25 və 28-ci maddələrinin tələblərinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmçinin hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər, cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Göstərilənləri nəzərə alaraq, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, həmçinin şəxsin cinayət törətməkdə təqsirli olmasına dair qərarın mülahizələrə əsaslana bilməməsini nəzərə alıb işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunan, təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarın əsasını təşkil edən sübutların qərarda göstərilməsinə dair qanunun tələblərini rəhbər tutaraq, məhkəmə qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrində qeyd olunur ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırılması zamanı sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittihamın sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün həmin maddələr üzrə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 56 və 62.1-ci maddələrinin tələblərinə, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Həmin Məcəllənin 353.3.4-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Həmçinin həmin Məcəllənin 356.5-ci maddəsində göstərilir ki, bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri üzrə bəraət alması ilə əlaqədar cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət etmək hüququnun olması Təqsirləndirilən şəxs izah olunmalıdır. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 42, 55, 346, 347,349-350, 352-353, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilsin. Təqsirləndirilən şəxsun barəsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar