Məhkəmə qərarları › İş №1(007)-191/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-191/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-191/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxx 1972-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 08 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 15:35 dəqiqədə Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 23/82 ünvanında yerləşən “Gold Center” ticarət mərkəzinə müştəri kimi daxil olub orada Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi qızıl məmulatlarının satışı şöbəsində olan satıcı X4 başqa müştəriyə qızıl-zinət əşyalarının satışı ilə bağlı danışmasından istifadə edərək şüşəli vitrində olan qara rəngli karton qutunun içərisindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 375 manat dəyərində 585 əyarlı 4,17 qram çəkidə qadın qızıl boyunbağını, 01 ədəd 210 manat dəyərində 585 əyarlı 2,33 qram çəkidə digər qadın qızıl boyunbağını və 01 ədəd 165 manat dəyərində 585 əyarlı 1,84 qram çəkidə 1 cüt qadın qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 750 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab olunan 01 ədəd atəşə yararlı və texniki cəhətdən saz vəziyyətdə olan nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal edilmiş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan 01 ədəd 9x18 mm kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi-darağını, 2010-cu ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd atəşə yararlı ştat patronunu əldə edib, 01 ədəd atəşə yararlı və texniki cəhətdən saz vəziyyətdə olan nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapançanı, 01 ədəd 9x18 mm kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi-darağını, 07 ədəd 9x18 mm kalibrli patronunu bir ədəd göy rəngli sellofan paketə bükərək ünvan 2 ünvanında yerləşən qəbiristanlıqda olan qəbirlərin birində gizlətmiş, bir ədəd 9x18 mm kalibrli patronu isə üzərində daşıyaraq gəzdirmiş, 08 noyabr 2023-cü il tarixdə saat 12:50 dəqiqədə Bakı şəhəri Yasamal rayonu ərazisində metronun “Nizami” stansiyasının yaxınlığında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlamaqda şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən sağ ayağında olan qara rəngli ayaqqabısının içərisindən 2010-cu ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” PM və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 01 ədəd atəşə yararlı ştat patronu aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə ünvan 2 ünvanında yerləşən qəbiristanlığa baxış keçirilən zaman orada olan qəbirlərdən birinin içərisində gizlətdiyi bir ədəd göy rəngli sellofan torbaya bükülmüş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, yivli odlu silah hesab olunan 01 ədəd atəşə yararlı və texniki cəhətdən saz vəziyyətdə olan nömrəsi silinmiş “Makarov” konstruksiyalı tapança, zavod üsulu ilə istehsal edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan 01 ədəd 9x18 mm kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 2010-cu ildə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” PM və “Steçkin (APS)” konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 07 ədəd atəşə yararlı ştat patronu aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1 və 228.1-ci maddələri ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 01 noyabr 2023-cü il tarixdə qızıl zinət əşyalarının satıldığı “Gold Center” adlı ticarət mərkəzinə daxil olmuşdur. Ticarət mərkəzinin daxilində qızıl satışı və alışı yerində xanım satıcının bir qadın müştəriyə qızıl əşyalarını göstərmək üçün içərisində qızıl əşyaları olan qutunu vitrinin üzərinə qoyduğunu görmüşdür. Həmin vaxt satıcı orada olan müştəriyə qutudan qızıl əşyaları seçib göstərmişdir. O həmin vitrinə yaxınlaşmış və satıcının müştəri ilə məşğul olmasını, diqqətinin onda olmamasından istifadə edib həmin qutudan 02 ədəd qızıl boyunbağını və 1 cüt qızıl sırğanı oğurlayaraq cibinə qoymuş və ticarət mərkəzini tərk etmişdir. Həmin gün metronun “28 May” stansiyasının yaxınlığında yerləşən qızıl qəbulu və satışı ilə məşğul olan mağazaların birinə oğurladığı qızıl zinət əşyalarını ümumilikdə 360 manata satmışdır. O, 2023-cü ilin oktyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə günorta saatlarında “Şərq Bazarı” ticarət mərkəzinin yaxınlığında ağaclıq olan sahədən 01 ədəd göy rəngli sellofan torbanın içərisində 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd tapançanın darağı və 08 ədəd patron tapıb götürmüşdür. Həmin gün ünvan 3 ünvanda yerləşən qəbiristanlıqda qəbirlərdən birinin içərisində həmin sellofan torba ilə birlikdə tapançanı, onun darağını və 07 ədəd patronu gizlətmişdir. Həmin patronlardan birini özündə saxlamışdır. 08 noyabr 2023-cü il tarixdə metronun “Nizami” stansiyasına daxil olarkən cibində saxladığı həmin patronu sağ ayağında olan ayaqqabının içərisində gizlətmişdir ki, metronun girişində yoxlama aparan polis əməkdaşları ilə problem yaşamasın. Metroya daxil olduqda mülki geyimdə polis əməkdaşları onu saxlayıb, oğurluq hadisəsində şübhəli olduğunu demiş və onu Nizami RPİ-nin 24-cü PŞ-nə gətirmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən sağ ayağında olan ayaqqabının içərisində saxladığı 01 ədəd patron aşkar edilmişdir. Bundan sonra o, polis əməkdaşlarına qəbiristanlıqda tapança, onun darağı və patronlar gizlətdiyini bildirmişdir. Polis əməkdaşları və vəkili ilə birlikdə ünvan 3 ünvanda yerləşən qəbiristanlığa getmişlər. Orada o, polis əməkdaşlarına tapançanı, onun darağını və 07 ədəd patronu gizlətdiyi yeri göstərmişdir. Polis əməkdaşları orada onun gizlətdiyi torbada olan tapança, onun darağını və 07 ədəd patronu aşkar edib götürmüşlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ünvan 4 ünvanda yerləşən “Gold Center” ticarət mərkəzində icarəyə yer götürərək qızıl məmulatlarının alışı və satışı ilə məşğul olur. X1. 01 noyabr 2023-cü il tarixdə saat 16 radələrində satıcı Vüsalə Hüseynova onun mobil telefonuna zəng edərək başının müştəriyə qarışıq olmasından istifadə edərək naməlum şəxsin vitrindən iki ədəd qızıl boyunbağını və bir cüt qızıl sırğanı oğurladığını bildirmişdir. O, ticarət mərkəzində quraşdırılmış videomüşahidə kameralarına baxan zaman naməlum şəxsin satıcının digər müştəri ilə söhbət edən zaman başının qarışıq olmasından istifadə edərək 375 manat dəyərində 1 ədəd 585 əyarlı qadın qızıl boyunbağını, 210 manat dəyərində 1 ədəd 585 əyarlı qadın qızıl boyunbağını və 165 manat dəyərində 1 ədəd 585 əyarlı 1 cüt qadın qızıl sırğanı oğurladığını görmüşdür. Oğurluq nəticəsində ona ümumilikdə 750 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs bağışlayır, ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 02 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs 24-cü PŞ-nə müraciət edərək 01 noyabr 2023-cü il tarixdə saat 16 radələrində icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən “Gold Center” ticarət mərkəzində qızıl şöbəsindən ümumi 750 manat dəyərində bir cüt qızıl qadın sırğasının və iki ədəd qızıl qadın boyunbağının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bununla bağlı şöbə rəhbərliyinin göstərişinə əsasən oğurluq edən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilməyə başlanılmışdır. Tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. 08 noyabr 2023-cü il tarixdə saat 12:50 radələrində metronun “Nizami” stansiyasının qarşısında həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib ona oğurluq etməkdə şübhəli olduğunu bildirərək 24-cü PŞ-nə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə “Gold Center” ticarət mərkəzindəki qızıl şöbəsindən bir cüt qızıl sırğa və iki ədəd qızıl boyunbağı oğurladığını və həmin qızılları metronun “28 May” stansiyasının yaxınlığında qızıl mağazasına 360 manata satdığını etiraf etmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun sağ ayağına geyindiyi qara rəngli ayaqqabının içərisindən bir ədəd patron aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin patronun “Makarov” tipli tapançaya aid olduğunu, təxminən 2 həftə bundan əvvəl “Şərq Bazarı” ticarət mərkəzinin yaxınlığında ağaclıq olan sahədən bir ədəd “Makarov” tipli tapança və həmin tapançaya aid 08 ədəd patron tapdığını, həmin patronlardan bir ədədini özündə saxladığını, qalan 07 ədəd patronu və bir ədəd “Makarov” tipli tapançanı ünvan 2 ünvanında yerləşən qəbiristanlıqda gizlətdiyini bildirmişdir. Bundan sonra tədqiqatçının qərarı ilə Təqsirləndirilən şəxs dediyi Mikayıl Əliyev küçəsi 76 ünvanında yerləşən qəbiristanlığa polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq baxış keçirilmişdir. Təqsirləndirilən şəxs qəbiristanlıqda olan qəbirlərdən birinə yaxınlaşıb həmin qəbirin içərisində bir ədəd “Makarov” tipli tapança və həmin tapançaya aid 07 ədəd patron olduğunu bildirmişdir. Həmin qəbirin içərisinə baxdıqda qəbirin içərisindən bir ədəd göy rəngli sellofan paketə bükülmüş 01 ədəd “Makarov” tipli tapança, həmin tapançaya aid bir ədəd daraq və 07 ədəd patron aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2, polis sahə inspektoru Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin təhqiqatçısı Şahid4 ibtidai istintaqda Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə ünvanlanmış 02 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, 01 noyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində icarə əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi 23/82 ünvanında yerləşən “Gold Center” mərkəzdə vitrindən naməlum şəxsin 02 ədəd qızıl sepi və 01 ədəd qızıl sırğanı oğurlandığını aşkar etdiyini bildirmiş və həmin şəxsi müəyyən edib cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ ayağına geyindiyi qara rəngli ayaqqabının içərisindən 01 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin patronun “Makarov” tipli tapançaya aid olduğunu, təxminən 2 həftə bundan əvvəl “Şərq Bazarı” ticarət mərkəzinin ətrafında meşəlikdən tapança və 08 ədəd patron tapdığını, həmin tapançanı və 07 ədəd patronu 8ci kilometr bazarı yaxınlığında yerləşən qəbiristanlıqda gizlətdiyini və 01 ədəd patronu üzərində saxladığını bildirmişdir. - baxış və götürmə aparılması haqqında 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində yerləşən qəbiristanlıqda odlu silah gizlətdiyini etiraf etdiyi üçün həmin ünvanda yerləşən qəbiristanlıqdakı göstərdiyi yerə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin qəbiristanlıqda olan üzərində ad soyad qeyd edilməyən qəbirlərdən birini göstərərək həmin yerdə odlu silah gizlətdiyini bildirmişdir. Həmin yerə aparılan baxış zamanı 01 ədəd göy rəngli sellofan torbada seriya və nömrəsi silinmiş “Makarov” tipli tapança, həmin silahın içərisində 01 ədəd daraq, silahın yanındakı şəffaf sellofan bükümdə 07 ədəd patron aşkar edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 09 noyabr 2023-cü il tarixli 23/826R saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə Azərbaycan Respublikasında 2010-cu ildə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM), “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. - diskə baxış keçirilməsi haqqında 10 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 1 ədəd “DVD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 01 noyabr 2023-cü il tarixdə saat 15:35 dəqiqədə bir nəfər əynində qara rəngli gödəkçə olan orta boylu, qarabuğdayı, başının orta hissəsi keçəl olmaqla kənar tərəfləri ağ rəngli saçları olan şəxs “Gold Center” ticarət mərkəzində Zərərçəkmiş şəxs məxsus qızıl şöbəsində olan vitrinə yaxınlaşıb satıcının müştəri ilə danışmasından istifadə edərək vitrinin üzərində qızıllar olan qutunun içərisindəki qızıllardan bir cüt qızıl sırğanı götürüb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyur və sonra yenidən həmin vitrində qızıllar olan qutudan 02 ədəd qızıl boyunbağını götürüb əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq oradan uzaqlaşır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu bildirmişdir. - maddi sübut kimi tanıma haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalan 01 ədəd “Makarov” tipli tapança, 01 ədəd ona aid daraq, 05 ədəd patron maddi sübut kimi tanınmış və maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - maddi sübut kimi tanıma haqqında 11 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 02 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir...” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.” “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü, 5-ci və 8-ci bəndlərinə əsasən döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır; döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında kalibri 4,5 millimetrdən çox olan, gülləsinin uçuş sürəti saniyədə 150 metrdən çox olan pnevmatik silahın, habelə odlu və soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24 noyabr 2023-cü il tarixli tələbnamədən, Neftçala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 1(053)- 82/2021 nömrəli hökmündən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 7(011)-133/2022 nömrəli və 05 iyun 2023-cü il tarixli, 7(011)-288/2023 nömrəli qərarlarından görünür ki, Məmmədov X3 Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, həmin məhkəmənin 05 iyun 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikası CMnin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 08 noyabr 2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 9x18 mm kalibrli 05 ədəd patron müsadirə edilməli və Azərbaycan Respublikası DİN-ə təhvil verilməli, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış fiziki şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 16 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 96 manat (16x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza - 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 noyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, “Makarov” konstruksiyalı tapança, həmin tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və 9x18 mm kalibrli 05 ədəd patron müsadirə edilsin və Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs 16 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 96 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar