Məhkəmə qərarları › İş №1(007)-193/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-193/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-193/2023 16.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Abdin küçəsi, ev 1-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 36, mənzil 83-də yaşayan, 13 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 sentyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Troya” adlı kafenin yaxınlığında tanışı X1 məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, 1,307 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manat pul müqabilində əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 17:30 radələrində Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən “Troya” adlı kafenin qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,307 qram olan ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin və həmin şalvarın sol yan cibindən 01 ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş daxilində psixotrop maddə metamfetaminin izləri olan şüşə predmet aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə tutulmamışdam təxminən iki ay əvvəl psixotrop maddə metamfetamindən istifadə etməyə başlamışdır. Metamfetamini tanımadığı müxtəlif şəxlərdən müxtəlif qiymətlərə əldə etmişdir. 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonunda yerləşən “Troya” adlı kafenin qarşısında tanışı Elşən İbrahimli ilə birlikdə olarkən, Elşən ona İran vətəndaşından çoxlu bükümdə “patı”, yəni psixotrop maddə metamfetamin aldığını və pulunu vermədiyini, qısa müddətdə onun pulunu vermək üçün həmin bükümləri satmalı olduğunu bildirmişdir. O da istifadəçi olduğu üçün bükümlərdən birini ona verməsini istəmiş, lakin üzərində pul olmadığından pulunu daha sonra verəcəyini bildirmiş və Elşənlə 20 manat qarşılığında razılaşmışlar. Elşən cibindən “Kent” markalı siqaret qutusunu çıxarıb onun içində bilmədiyi sayda olan bükümlərdən birini ona vermiş, daha sonra həmin qutunu cibinə qoymuşdur. Bir qədər sonra elə həmin ərazidə olarkən 3 nəfər şəxs anidən onlara yaxınlaşmış, özlərini polis əməkdaşı kimi təqdim edib narkotik və psixotrop maddələrin dövriyyəsində şübhəli olduqlarını bildirib onları Nizami rayon polis idarəsinə aparmışlar. Orada hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşlarının iştirakları ilə, videoçəkiliş edilməklə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı polislərin təklifi ilə o, əynindəki şalvarın sağ kiçik yan cibində saxladığı 01 ədəd bükümü, şalvarının sol yan cibindən isə metamfetamini istifadə etmək üçün istifadə etdiyi 01 ədəd “müştük”ü təhvil vermiş, metamfetamini hansı qaydada və kimdən əldə etdiyini polislərə bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, qeyd olunan hadisə ilə bağlı saxlanıldıqdan sonra bir daha narkotikdən istifadə etmədiyini, valdieynlərinin onun himayəsində olduqlarını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə Elşən və Kamran adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin əməkdaşları Şahid2 və Şahid1 də tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində Elşən və Kamran adlı şəxsin 13 sentyabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi, 155 ünvanının yaxınlığında olacağı məlum olmuşdur. Həmin gün onların ətrafında bir qədər müşahidələr apardıqdan sonra saat 17:30 radələrində həmin ünvanın yaxınlığında onlara yaxınlaşıb özlərini təqdim etmiş, həmin şəxslərə narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Həmin şəxslər özlərini X4 və Təqsirləndirilən şəxs kimi təqdim etmişlər. Onları Nizami RPİ-nin inzibati binasına apararaq bu barədə raportla məruzə edib təhqiqatçıya təhvil vermişlər. Bir qədər sonra təhqiqatçı tərəfindən onların iştirakları ilə Elşən İbrahimlinin üzərinə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı Elşən İbrahimliyə üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş əşya və maddələri təhvil verməsi təklif edimişdir. Bu təklifdən sonra həmin şəxs əynində olan şalvarın cibindən siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisinə baxan zaman orada 13 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər, kristal formada maddə olan sellofan büküm olduğunu görmüşlər. Sorğu zamanı Elşən İbrahimli bildirmişdir ki, həmin psixotrop maddələri “instagram” vasitəsi ilə tanıdığı şəxsdən 150 manat qarşılığında 15 bükümdə bir gün əvvəl əldə etmişdir, həmin bükümlərin birini istifadə etmiş, birini isə tanışı Kamrana 20 manat qarşılığında satmışdır. Bundan sonra onların iştirakları ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə o, əynində olan şalvarın cibindən 01 ədədə sellofan bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm və 01 ədəd şüşə ucluqlu müştüyə bənzər əşyanı təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümü tanışı Elşəndən 20 manat qarşılığında şəxsi istifadəsi üçün almışdır, narkotik və psixotrop maddələrin satışını həyata keçirməmişdir, təqdim etdiyi müştüyə bənzər əşya vasitəsi ilə psixotrop maddəni istifadə edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 büküm və müştüyə bənzər əşya zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində başqa əşya və ya maddə aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün bütün iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat tədbirlərinin gedişi zamanı Təqsirləndirilən şəxs özünü səmimi apararaq əməlini etiraf etmiş, tərəflərindən də ona qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1, Şahid3la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 14 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) - 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2) - 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində saxlanılmış X3 üzərində həmin tarixdə Nizami RPİ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı əvvəl şübhəli şəxs bu barədə qərarla tanış edilmiş, sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra X4 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Kent” markalı siqaret qutusunu çıxararaq təqdim etmişdir. Baxış zamanı orada 13 ədəd şəffaf polietilen büküm, bükümlərin içərisində isə kristallaşmış maddələr aşkar edilmişdir. Sorğu zamanı X5 həmin bükümdəkilərin narkotik vasitə olan metamfetamin olduğunu, narkotik vasitələri bir gün qabaq İran vətəndaşından 15 bükümdə ümumilikdə 150 manata aldığını, bir bükümü çəkərək istifadə etdiyini, bir bükümünü tanışı Kamran adlı şəxsə 20 manata satdığını bildirmişdir. (i.v. 17-18) - 13 sentyabr 2022-ci il və 28 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, 13 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı Emil Hacıyev tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona edilən təklifdən sonra əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmeti, həmin şalvarın sağ yan cibindən isə 01 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zamanı bükümün içərisində ağ rəngli kristal formada olan, psixotrop maddə metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan maddə metamfetamindir, həmin bükümü 13 sentyabr 2022-ci il tarixdə tanışı Elşən İbrahimlidən 20 manat qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir, uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmetdən isə psixotrop maddə metamfetamini çəkmək üçün istifadə edir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş başqa əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd büküm və uc hissəsinə qara rəngli borucuq quraşırılmış şüşə predmet kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 28 sentyabr 2022-ci il tarixdə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 40-41, 88) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 6/5178 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “iştirak etdi imza Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,307 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamindir. Həmin zərfdə olan bir ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmetin daxilində psixotrop maddə olan metamfetamin izləri vardır. Metamfetamin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək və təqdim edilmiş metamfetaminlər ilə eynilik tədqiqatı aparmaq mümükn deyildir. Üzərində “iştirak etdi...imza Elşən İbrahimli...” yazı və imzalar olan zərfdə 13 ədəd sellofan kəsiyində hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,406 qram, 0,420 qram, 0,482 qram, 0,400 qram, 0,430 qram, 0,410 qram, 0,418 qram, 0,430 qram, 0,448 qram, 0,443 qram, 0,413 qram, 0,451 qram və 0,441 qram olmaqla, ümumi çəkisi 5,592 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin ilə Elşən İbrahimlidən aşkar edilmiş metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib komponenetlərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,307 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,257 qram qalıq qalmışdır. (i.v. 47- 51) - 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Elşən və Kamran” adlı şəxslərlə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 13 sentyabr 2022-ci il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən əsaslı və qanuni hesab edilmişdir. (i.v. 92-93) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 05 oktyabr 2022-ci il tarixli 5765 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 104-105) - 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin tətbiqi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 bükümdə təmiz çəkisi 1,307 qram olan psixotrop maddə metamfetaminin 0,05 qramı tədqiqata sərf edildikdən sonra qalan 1,257 qram psixotrop maddə metamfetamin və daxilində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş şüşə predmeti maddi sübut kimi tanınmış, şəxsi axtarış və götürmə haqqında protokollara əlavə edilmiş 02 ədəd disk maddi sübut qismində tanınmış, cinayət işinin materiallarından ayrıca icraata Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. (i.v. 107-114) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 13 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 31) - 15 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 85-86) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlum yoxdur. (i.v. 95) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, o cümlədən cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış psixotrop maddə, eyni zamanda daxilində psixotrop maddə olan metamfetaminin izləri olan uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş 01 ədəd şüşə predmet məhv olunmalı, maddi sübut olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci (ekspertiza tədqiqatının iki təqsirləndirilən şəxsə aid iş üzrə keçirilməsi nəzərə alınmaqla ümumi 88 manatın yarı hissəsi) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdən 15 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 16 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 1,257 qram psixotrop maddə metamfetamin və daxilində psixotrop maddə metamfetaminin izləri olan uc hissəsinə qara rəngli borucuq birləşdirilmiş 01 ədəd şüşə predmet məhv edilsin. Məhkəmə məsrəfi olan 44 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar