Məhkəmə qərarları › İş №1(007)-194/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-194/2025

02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-194/2025 02.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1982-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam şəhəri Füzuli küçəsi, ev 135-də qeydiyyatda olan, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 18, mənzil 43-də yaşayan, 15 oktyabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədi ilə 27 avqust 2024-cü il tarixdə saat 15:50 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs bankomatda əməliyyat apardıqdan sonra oradan uzaqlaşıb getdiyini, bank kartının bankomatda qalmaqla monitorda əməliyyatın açıq və hesabda 720 manat pul olduğunu görüb sonuncunun oradan uzaqlaşmasından istifadə edərək bankomatın təsdiq düyməsini sıxıb elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan 720 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 720 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 27 avqust 2024-cü il tarixdə saat 15 radələrində ünvan 2i rayonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “Maklerlər bağı” adlanan parkda bir neçə saat əvvəl tanış olduğu və ona özünü “Mələk” kimi təqdim edən xanımla gəzib söhbət etmişdir. Üzərində nağd pul olmadığı üçün parkdan Mələklə çıxıb təxminən saat 15:40-15:50 radələrində yaxınlıqda yerləşən sonradan ünvanını bildiyi ünvan 2i rayonu R.Rüstəmov küçəsi, 44D ünvanında quraşdırılmış "xxxx"a məxsus bankomat aparatına yaxınlaşmışdır. Ondan öncə bankomat aparatının önündə basqa bir şəxs dayanıb aparatda əməliyyat etdiyi üçün bir neçə metr kənarda dayanıb bir neçə dəqiqə orada gözləmişdir. Həmin şəxs bankomat aparatının qarşısından uzaqlaşıb getdikdə bankomat aparatına yaxınlaşıb plastik kartını aparatın üzərində olan sensoruna qoyub hesabından pul vəsaitini çıxatmaq üçün aparatda əməliyyat etməyə başlamışdır. Həmin vaxt bankomatın monitorunda hər hansı bir əməliyyat aparılması vəziyyəti göstərilməmişdir. Bu vaxt onun bank kartı yerə düşmüş və o, kartını yerdən götürüb yenidən sensorun üzərinə qoymuşdur. Aparatda isə “Azərbaycan manatı” adlanan düyməni sıxmış və aparatdan 720 manat pul və bank kartı çıxmışdır. 720 manat pulu aparatdan çıxartmış və tanımadığı şəxsə məxsus olan "xxxx" kartını da götürüb yaşadığı evə getmişdir. Həmin vaxt 720 manat pulu və "xxxx" kartını yaşadığı evdə saxlamışdır. Evə getməmişdən əvvəl isə dərman alıb getmişdir. 30 avqust 2024-cü il tarixdə ünvan 2i RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən yaşadığı ünvan müəyyən olunaraq polis şöbəsinə aparılmışdır. 31 avqust 2024-cü il tarixdə isə zərərçəkmiş şəxs, sonradan adını Vəliyyədin kimi təqdim edən şəxsə 720 manat pulunu və "xxxx" kartını qaytarmışdır. Bank kartı və 720 manat pulu qaytarmaq üçün əvvəlcə “196 qaynar xətti”nə zəng etmiş, qaynar xəttin operatoru tərəfindən onunla əlaqə saxlanılacağı deyilmişdir. Bundan sonra "xxxx" ASC-nin “Neftçilər” filialına yaxınlaşarkən oranın əməkdaşı ona üzərində şəxsiyyət vəsiqəsi olmadan bank kartı və pul vəsaitini təhvil ala bilməyəcəklərini demişdir. O, əvvəllər polis əməkdaşı olmuşdur, bilir ki, itmiş əşyaları polisə aparıb vermək lazımdır. Lakin itmiş əşyanı aparıb polisə verməyi çatdırmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, onun niyyəti oğurluq olmamışdır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 avqust 2024-cü il tarixdə saat 15 radələrində hesab nömrəsi 4169-7416-6652-7062 olan "xxxx" plastik kart hesabından içərisində olan 870 manat pul vəsaitinin 150 manat hissəsini nağdlaşdırmaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən "xxxx"a məxsus bankomata yaxınlaşmışdır. Əvvəlcə plastik kartını bankomata daxil etmiş, daha sonra 4 rəqəmli məxfi kodu yazaraq balansından 150 manat pul vəsaitini çıxartmışdır. Bundan sonra onun balansında 720 manat pul vəsaiti qalmış, lakin hesabda 720 manat pulun qalması barədə qəbzi aparatdan götürmək üçün digər düymələri sıxmaqla əməliyyat etsə də, aparatın monitorunda qəbzin verilə bilməməsi ilə əlaqədar yazının gəldiyini görmüş, diqqətsizliyi ucbatından əməliyyatı sonlandırmadan, kartını bankomatdan götürmədən oradan uzaqlaşıb getmişdir. 28 avqust 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evdə plastik kart hesabını axtarsa da, tapa bilməmişdir. Mobil telefonda plastik kartının mobil tətbiqinə daxil olub hesabına baxış keçirən zaman plastik kart hesabından 27 avqust 2024-cü il tarixdə saat 15:53-də ünvan 2i rayonu R.Rüstəmov küçəsi, 44D ünvanında yerləşən "xxxx"a məxsus bankomat aparatından 720 manat pul vəsaitinin çıxarıldığını aşkar etmişdir. Bu zaman 27 avqust 2024-cü il tarixdə saat 15:50 radələrində özünə məxsus "xxxx" tərəfindən veriliş plastik kartı ilə 150 manat pulun çıxarılması ilə əlaqədar aparatda əməliyyat etdikdən təxminən 1- 2 dəqiqə sonra plastik kart hesabında qalıq məbləği öyrənmək məqsədi ilə plastik kartı yenidən aparata salaraq dörd rəqəmli şifrə ilə hesabına daxil olub hesabına baxış keçirtdikdən sonra əməliyyatı sonlandırmadan kartı bankomat aparatında unutmasını xatırlamışdır. Başa düşmüşdür ki, o, getdikdən sonra naməlum şəxs bankomata yaxınlaşaraq 720 manat pul vəsaitini çıxartmışdır. Baş vermiş hadisə barədə ünvan 2i RPİ-nin 24-cü polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin şəxsin saxlanılması barədə ona məlumat verildikdən sonra o, 24-cü PŞ-nə yaxınlaşmış və həmin şəxsin Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin pulun onun öz şəxsi hesabında olan pul zənn etdiyini bildirmiş və ona dəymiş 720 manat maddi ziyanı tam olaraq ödəmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 30 avqust 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, hadisə ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC-yə məxsus bankomat aparatında baş vermişdir. (i.v. 3-5) - 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 10 sentyabr 2024-cü il tarixli 2024/111/24763 nömrəli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış zamanı Zərərçəkmiş şəxs bankomat aparatının qarşısından getdikdən sonra Təqsirləndirilən şəxs bankomat aparatına yaxınlaşaraq əməliyyat aparması müəyyən edilmişdir. (i.v. 23) - 30 oktyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə, "xxxx" ASC-dən 18 oktyabr 2024-cü il tarixli 22024/111/28576 nömrəli məktubla daxil olmuş 01 ədəd DVD diskə baxış zamanı “ünvan 2i RPİ 24-cu PS BR ******* 2024-19685” adlanan qovluq açıldıqda “41697...7062” adlanan digər bir qovluq olması müəyyən edilməklə qovluğun içərisində 19 ədəd fotoşəkil və 01 ədəd videogörüntü daxil edilmiş, həmin fotoşəkillərin 27 avqust 2024cü il tarixə aid olması müəyyən edilmişdir. Fotoşəkillərdə əynində ağ rəngli və gözündə eynək olan zərərçəkmiş şəxs X2, digər fotoşəkillərdə isə ağ rəngli qısaqol köynəkdə Təqsirləndirilən şəxs görünmüşdür. Təqsirləndirilən şəxs həmin şəxsin özü olduğunu, 720 manat pul vəsaitini bankomatdan götürüb daha sonra hadisə yerini tərk etdiyini bildirmişdir. (i.v. 103-107) - 10 noyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk və 02 ədəd DVD disk maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 112-113) - 05 dekabr 2024-cü il tarixli protokoldan və “Ödəniş kartı üzrə çıxarış”dan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC-dən verilmiş çıxarışda 27 avqust 2024-cü il tarixdə 720 AZN məbləğində məxaric əməliyyatı aparılmışdır. (i.v. 122-123) - 05 dekabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən zərərçəkmiş şəxs X1 ifadəsi yerində yoxlanılarkən o, hadisə yerini əyani olaraq göstərib hadisə barədə ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 125-127) - 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, "xxxx" ASC tərəfindən 10 sentyabr 2024-cü il tarixli 92024/111/24763 nömrəli məktubla birlikdə daxil olmuş 01 ədəd CD disk, 10 sentyabr 2024-cü il tarixli “Baxış və götürmə aparılması haqqında protokol”a əlavə edilmiş 01 ədəd DVD disk və "xxxx" ASC tərəfindən 18 oktyabr 2024-cü il tarixli 2024/111/28576 nömrəli məktubla birlikdə daxil olmuş 01 ədəd DVD diskin maddi sübut kimi tanınması nəzərə alınmış, Zərərçəkmiş şəxs təqdim etdiyi "xxxx" ASC ödəniş kartı üzrə çıxarışda 27 avqust 2024-cü il tarixdə 720 AZN əməliyyat aparıldığından cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilməməsi, bank kartı və 720 manat pulu qaytarmaq üçün əvvəlcə “196 qaynar xətti”nə zəng etməsi, “qaynar xətt”in operatoru tərəfindən onunla əlaqə saxlanılacağının söylənilməsi, bundan sonra "xxxx" ASC-nin “Neftçilər” filialına yaxınlaşarkən oranın əməkdaşı tərəfindən ona üzərində şəxsiyyət vəsiqəsi olmadan bank kartı və pul vəsaitini təhvil ala bilməyəcəklərini söyləməsi, həmin əşyaları polis orqanlarına təhvil verməyi unutmasını bildirməsi özünü müdafiə kimi qiymətləndirilmişdir. (i.v. 128-134) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin hazırki iş üzrə irəli sürdüyü dəlillər ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi əməl qəsdlə törədilməmişdir, təqsirləndirilən şəxs özünə məxsus pulun bankomatdan çıxarılması ilə bağlı özünün bildirdiyi kimi müvafiq əməliyyatları edərkən iş üzrə zərərçəkmiş şəxsə məxsus pul məbləği bankomatdan çıxmış, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə məxsus kart və pin nömrə öncədən hər hansı bir formada əldə edilməmiş, eləcə də, təqsirləndirilən şəxs tərəfindən iş üzrə zərərçəkmiş şəxsə məxsus pul məbləği elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə gizli olaraq talanmamışdır. Halbuki, bu dəlillərin hüquqi əsası yoxdur, iş üzrə toplanaraq məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib edilmişdir. Belə ki, işin faktiki müəyyən olunmuş halları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus bankomatın qarşısına gələrək həmin vaxt qeyd edilən banka məxsus bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs bankomatda əməliyyat apardıqdan sonra oradan uzaqlaşıb getdiyini, bank kartının bankomatda qalmaqla monitorda əməliyyatın açıq və hesabda 720 manat pul olduğunu görüb zərərçəkmiş şəxsin oradan uzaqlaşmasından istifadə edərək bankomatın təsdiq düyməsini sıxıb elektron məlumat daşıyıcısından istifadə etməklə bankomatdan 720 manat nağd pulu gizli olaraq talamış, yəni, bankomat qarşısına yaxınlaşanda orada pulun çəkilməsinə dair əməliyyatın aparılmasından imtina etməyərək 720 manat pulun çıxarılmasına dair əməliyyatı davam etdirmiş, nağd pul vəsaitini və bank kartını götürərək özü ilə aparmışdır. Bundan sonra isə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin müvafiq polis orqanına şikayət etməsindən sonra onun polis əməkdaşları tərəfindən müəyyən edilməsinədək özgə əmlakı olan pulu və bank kartını qaytarmaq məqsədi ilə zərərçəkmiş şəxsin tapılması üçün hər hansı real hərəkət etməmiş, məhz polis əməkdaşları tərəfindən müəyyən edildikdən sonra 720 manat pulun və bank kartının zərərçəkmiş şəxsə qaytarılması təmin edilmişdir. Təqsirləndirilən şəxs 720 manat pulu və bank kartını qaytarmaq üçün banka məxsus “196 qaynar xətti”nə zəng etməsi, “qaynar xətt”in operatorunun onunla əlaqə saxlanılacağını bildirməsi, onun "xxxx" ASC-nin “Neftçilər” filialına yaxınlaşarkən naməlum əməkdaşın ona üzərində şəxsiyyət vəsiqəsi olmadan bank kartı və pul vəsaitini təhvil ala bilməyəcəklərini göstərdikləri isə, öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd olunan maddənin dispozisiyasında iki əməl müəyyənləşdirilmişdir: oğurluğun elektron məlumat daşıyıcılarından istifadə edilməklə törədilməsi; oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi. Bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bank-emitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Bununla da, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama kimi düzgün tövsif edilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin təsiri altına düşür, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 15 oktyabr 2024-cü il tarixli qərardana görünür ki, Bakı şəhəri ünvan 2i RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 84) -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 04 oktyabr 2008-ci il tarixdə, X4 01 yanvar 2011-ci il tarixdə doğulmuşlar. (i.v. 87-88) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsi və CM-nin 69.3-cü maddələrinin tələbləri baxımından hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı həmin müddəaların tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdurr; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış içərisində videogörüntülərin əks olunduğu 01 ədəd CD və 02 ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması nəzərə alınmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas verəcək ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış içərisində videogörüntülərin əks olunduğu 01 ədəd CD və 02 ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri ünvan 2i Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar