Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-195/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2002-ci il tarixdə Quba rayonu, İİ Nügədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Vişnevka bağ evi, 296 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mobil telefonun “WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra 16 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Şahid3 ilə cinsi əlaqədə olması müqabilində 200 manat, özünün isə 100 manat gəlir əldə edəcəyinə dair sonuncu ilə razılıq əldə edərək Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanında yerləşən “Astoria” hotelində Zərərçəkmiş şəxs müştərisi Şahid3 təqdim etmiş, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 16 dekabr 2023-cü il tarixdə saat 06:50 radələrində qeyd olunan hotelin 120 nömrəli kotecində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Zərərçəkmiş şəxs ilə Şahid3 cinsi əlaqədə olarkən aşkar edilmiş, onların cinsi əlaqədə olması üçün sonuncunun Təqsirləndirilən şəxs verdiyi 300 (üç yüz) manat məbləğində pul əməliyyat tədbiri zamanı götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, 16 dekabr 2023-cü il tarixdə gecə saatlarında “Luna” gecə klubunda münasibətdə olduğu Nicat və Nicatın tanışları Nemət və Rəsul adlı şəxslərlə görüşüb, bir qədər spirtli içki qəbul etdikən sonra Rəsul ondan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməyini xahiş etmiş, Rəsul cinsi əlaqədə olmaq üçün qadına 200 manat, qadını təşkil etdiyi üçün isə ona 100 manat pul verəcəyini bildirmişdir. O, Rəsul ilə razılaşdıqdan sonra Jalə adlı tanışına bu barədə məlumat vermiş, Jalə razılaşmamış,lakin Pərvanə adlı tanışı ilə onu əlaqələndirmiş, o, Jalədən mobil nömrəni alıb, Pərvanə ilə danışmış və Pərvanəyə müştəri ilə cinsi əlaqədə olması üçün 200 manat pul verəcəyini deyib, ona “Astoria” hotelinə gəlməsini bildirmişdir. Gecə saat 04 radələrində “Astoria” hotelinə getmişlər. Orada Rəsulla hotelin 120 saylı kotecinə getmişlər, bir qədər gözləldikdən sonra Pərvanə həmin kotecə gəlmiş, daha sonra Rəsul ona 300 manat pul vermiş, Pərvanə ilə Rəsul cinsi əlaqədə olmaq üçün kotecin 2-ci mərtəbəsinə qalxmışlar. Bir qədər sonra Nemət və Nicat markətə getmişlər. Təxminən saat 06:50-də qapı döyülmüş, o, qapını açdıqda qarşısında bir neçə mülki geyimli şəxsin dayandığını görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları kotecə baxış keçirmişlər, kotecin 2-ci mərtəbəsində Rəsul və Pərvanə yarıçılpaq vəziyyətdə aşkar olunmuşlar. Əməlindən peşmandır, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Şahid1 uzun illərdir ki, tanıyır, Aytacı Jalə vasitəsilə tanımış, Aytacla Jaləyə görə bir neçə dəfə görüşsə də əlaqəsi olmamışdır. Övladı dünyaya gəldikdən sonra maddi vəziyyəti yaxşı olmadığı üçün bir neçə dəfə tanışları ilə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş, bu barədə Jaləyə də bildirmişdir. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində Jalə ona zəng vuraraq Aytac adlı tanışının müştərisi olduğunu, müştəri ilə pul qarşılığında görüşüb cinsi əlaqədə olması üçün qadın lazım olduğunu bildirmişdir. O, razılıq vermiş, bundan sonra Jalə onun nömrəsini Aytaca vermiş, Aytac onunla əlaqə saxlayıb müştərisi olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 300 manat pul alacağını, həmin puldan 200 manat ona verəcəyini, qalan pulu isə ona müştəri təşkil etdiyinə görə özünə götürəcəyini bildirmişdir. O, Aytacla razılaşmış, bundan sonra Aytac onu “Astoria” hotelinə dəvət edərək müştəri ilə birlikdə həmin hoteldə olacağını bildirmişdir. O, Aytacın dediyi kimi həmin hotelə getmiş, Aytac ona 120 nömrəli kotecdə olduqlarını bildirmiş, oraya getdikdə Aytacın sevgilisi onu qarşılamış və kotecə daxil olmuşlar. Həmin vaxt Aytac onu Rəsul adlı müştəri ilə tanış etmiş, orada Aytac, Rəsul və Aytacın sevgilisi bundan başqa bir nəfər də oğlan olmuşdur. Rəsul Aytaca 300 manat pul vermiş, işin sonunda Aytac həmin pulun 200 manatını ona verməliymiş, bundan sonra o, Rəsul ilə kotecin ikinci mərtəbəsində yataq dəsti ilə təhciz olunmuş otaqda cinsi əlaqədə olmuş, daha sonra kotecin yataq otağına Aytacla birlikdə bir neçə mülki geyimli şəxs daxil olmuş, həmin şəxslər xidməti vəsiqələrini göstərək özlərini polis əməkdaşları kimi təqdim etmişlər. O, bu şəraitin onlara Aytac tərəfindən yaradıldığını və Rəsulla 200 manat manat pul müqabilində görüşüb cinsi əlaqədə olduğunu bildirmişdir. Aytac Rəsuldan aldığı 300 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən xx.xx.2023-cü il tarixdən “Astoria Baku” hotelində qeydiyyatçı vəzifəsində işləyir. Onun iş fəaliyyəti hotelə gələn müştərilərin şəxsiyyətini təsdiq edən sənədlərinin surətini çıxarmaq və onları “Elektra” proqramı vasitəsilə kompyuterdə qeydiyyata almaqdan ibarətdir. Koteclərin qiyməti 150 manat təşkil edir. Gələn qonaqlar otaqları əsasən gecəlik olaraq götürürlər. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Rəsul və Aytac adlı şəxslər hotelə yaxınlaşaq qalmaq üçün kotec verilməsini xahiş etmişlər. O, Rəsul və Aytacın sənədlərinin surətini götürüb qeydiyyata almış, Rəsul və Aytaca 120 nömrəli kotecin açarlarını təqdim etmişdir. Bir qədər sonra isə həmin kotecə Pərvanə adlı bir qadın gəldiyi üçün həmin şəxsi də qeydiyyata almış, daha sonra isə həmin şəxslərin otaqlarına sifarişlər verilmişdir. Saat təxminən 07 radələrində iki nəfər oğlan gələrək kotecin pulunu ödəyib getmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bir müddətdir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Aytacla təxminən gecə saat 01:20-də “Luna” adlı gecə klubunda görüşmüş, həmin zaman tanışları Nicat və Nemət də onunla birlikdə olmuş, onlar orada olan zaman Aytacdan ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, Aytac ona Jalə adlı bir nəfərin fotoşəklini göstərmiş və o, həmin qadınla görüşüb cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Aytaca bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün qadına 200 manat, qadını təşkil etdiyinə görə isə ona 100 manat olmaqla ümumilikdə 300 manat pul verəcəkdir. Aytac da onunla razılaşmış, bundan sonra Aytac Jalənin görüşüb cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, daha sonra Aytac ona Pərvanə adlı qadının fotoşəkillərini göstərmiş, o fotoşəkillərə baxdıqdan sonra Pərvanə ilə görüşüb cinsi əlaqədə olmağa razılaşmış, bundan sonra təxminən saat 04:00-də Nicat, Nemət və Təqsirləndirilən şəxs ilə birlikdə “Astoria” hotelinə getmişlər. Hoteldə qeydiyyatdan keçdikdən sonra 120 nömrəli koteci bir neçə saatlıq kirayə götürmüş, bir müddətdən sonra isə Təqsirləndirilən şəxs dəvəti ilə Pərvanə adlı qadın onların olduğu kotecə gəlmişdir. Aytac Pərvanə ilə onu tanış etmiş, o, Təqsirləndirilən şəxs 300 manat pul vermiş, bundan sonra Pərvanə ilə birlikdə kotecin ikinci mərtəbəsində cinsi əlaqədə olmuş, Pərvanə ilə cinsi əlaqədə olduqdan sonra yataq otağına Aytacla birlikdə bir neçə mülki geyimli şəxs daxil olmuş, həmin şəxslər xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmişlər, daha sonra onların anket məlumatlarını dəqiqləşdirmişlər. Sorğu zamanı o, cinsi əlaqədə olmaq üçün qadının Aytac tərəfindən təşkil edildiyini, Aytaca qadını təşkil etdiyi üçün 100 manat, cinsi əlaqədə olmaq üçün qadına 200 manat olmaqla, ümumilikdə 300 manat pul verdiyini bildirmiş, daha sonra Aytac 300 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Nicat və Rəsul adlı şəxsləri uzun müddətdir ki, tanyır, Təqsirləndirilən şəxs isə Nicat vasitəsilə tanımışdır. xx.xx.2023-cü il tarixdə Nicat, Rəsul və o, Aytacla birlikdə təxminən gecə saat 01:20-də “Luna” adlı gecə klubunda görüşmüşlər. Onlar orada bir qədər əyləndikdən sonra Rəsul Aytacdan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini istəmiş, bunun üçün qadına 200 manat, qadını təşkil etdiyinə görə isə 100 manat Aytaca pul verəcəyini bildirmişdir. Aytac da Rəsul ilə razılaşdıqdan sonra Rəsula fotoşəkillər göstərmiş, daha sonra təxminən saat 04:00-də Nicat, Rəsul və Təqsirləndirilən şəxs ilə birlikdə ‘‘Astoria” hotelinə getmişlər. Hoteldə qeydiyyatdan keçdikdən sonra 120 nömrəli koteci bir neçə saatlıq kirayə götürmüşlər. Aytacın hotelə kimi dəvət etməsini o, dəqiq olaraq bilməmiş, çünki Aytac bu danışıqları Rəsulla aparmışdır. Saat təxminən 04:50-də Aytac Pərvanə adlı qadının oraya gəldiyini və Pərvanəni qarşılamağı ondan xahiş etmiş, o, da Aytacı qarşılamış və kotecə aparmışdır. Bundan sonra Rəsul Aytaca 300 manat pul vermişdir ki, həmin pulun 200 manatını Pərvanəyə, 100 manatını isə özünə götürsün. Aytac pulu aldıqdan sonra Rəsulla Pərvanə kotecin ikinci mərtəbəsinə cinsi əlaqədə olmaq üçün qalxmışlar. Bundan sonra siqaret almaq üçün Nicata marketə getməyi təklif etmiş, daha sonra Nicatla birlikdə onun idarə etdiyi avtomobillə açıq olan market axtarmağa getmişlər. Təxminən 1 saat sonra kotecə gəldikdə orada heç kimin olmadığını görmüşlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, 16 dekabr 2023-cü il tarixdə saat 01:00 radələrində Azadlıq prospektində yerləşən “Baku Electronics” mağazasının yanında olarkən mülki geyimdə olan şəxs ona və ondan bir qədər arxada dayanmış şəxsə yaxınlaşaraq xidməti vəsiqəsini təqdim etmiş, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu, əməliyyat tədbiri keçirəcəklərini bildirmiş və onlardan həmin tədbirdə hal şahidi qismində iştirak etməklərini xahiş etmişdir. Onlar razılaşaraq polis əməkdaşı ilə birlikdə yaxınlıqda yerləşən Baş İdarəyə gəlmişlər. Orada polis əməkdaşları onlara izah etmişlər ki, qadınların insan alverinə məruz qalmaları barədə məlumat əldə ediblər. Həmin məlumatın yoxlanılması ilə bağlı əməliyyat tədbiri keçirəcəklər. Saat 03:00 radələrində o, və digər şəxs polis əməkdaşları ilə birlikdə Babək prospektində yerləşən “Astoria” hotelinə gəlmişlər. Saat 04:00 radələrində adlarını sonradan bildikləri Təqsirləndirilən şəxs və Şahid3, təxminən 45-50 dəqiqə sonra isə Zərərçəkmiş şəxs həmin hotelə gəldiyini görmüşlər. Həmin şəxslər hotelin 120 nömrəli kotecinə daxil olmuşlar. Pərvanə gəldikdən bir müddət sonra polis əməkdaşları onun və digər şahidin iştirakı ilə həmin kotecə yaxınlaşıb qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs açmış, polis əməkdaşları xidməti vəsiqələrini həmin şəxsə göstərərək İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı Aytaca təqdim etmişlər. Onların iştirakı ilə kotecin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı kotecin ikinci mərtəbəsində bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə polis əməkdaşları sorğu-sual apararkən kişinin Şahid3, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək Zərərçəkmiş şəxs pul qarşılığında cinsi əlaqədə olması üçün Şahid3 təqdim etdiyini, buna görə Şahid3 300 manat pul aldığını, həmin puldan 200 manatını Zərərçəkmiş şəxs verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üç ədəd 100 manatlıq pul əskinasını təqdim edərək Şahid3 tərəfindən verilmiş pul olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 Şahid7 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid9 ifadəsində bildirmişdir ki, 16 dekabr 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxladığı qadınları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65 B ünvanında yerləşən “Astoria” hotelində cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi Baş İdarəyə dəvət edilmiş və həmin şəxslərə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana yollanmışlar. 16 dekabr 2023-cü il tarixdə saat 03:00 radələrində hal şahidlərinin iştirakı ilə əməliyyat qrupu Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 65 B ünvanında yerləşən “Astoria” hotelini nəzarətə götürmüşlər. Təxminən saat 04:00 radələrində “Astoria" hotelinə Təqsirləndirilən şəxs və bir nəfər kişinin gəldiyini görmüşlər. Həmin şəxslər hotelin 120 nömrəli kotecinə keçmişlər. Təxminən 04:50 radələrində həmin kotecə başqa bir qadının gəldiyini müşahidə etmişlər. Bir müddət sonra onlar hal şahidləri ilə birlikdə həmin kotecə yaxınlaşıb qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs açmış, onlar xidməti vəsiqələrini həmin şəxsə göstərərək Azərbaycan Respublikası DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərarı Təqsirləndirilən şəxs təqdim etməklə həmin qərarın icrası ilə bağlı kotecə baxış keçirilməsinin vacib olmasını izah etmişlər. Təqsirləndirilən şəxs onların təkliflərini qəbul edib, kotecə baxışın keçirilməsinə dair etirazının olmadığını bildirmişdir. Dəvət edilmiş hal şahidləri ilə birlikdə kotecin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı kotecin ikinci mərtəbəsində bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid3, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək Zərərçəkmiş şəxs fahişəliyə cəlb edərək pul qarşılığında Şahid3 təqdim etdiyini, buna görə Şahid3 300 manat pul aldığını, həmin puldan 200 manatını Zərərçəkmiş şəxs verəcəyini, 100 manatı isə özünə götürəcəyini bildirmişdir. Şahid3 və Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, Şahid3 verdiyi 300 manat pulu təqdim etsin. Təqsirləndirilən şəxs üç ədəd 100 manatlıq pul əskinasını təqdim edərək Şahid3 tərəfindən verilmiş pul olduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8 Şahid9 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Pərvanə ilə Şəki şəhər 10 saylı orta məktəbdə birlikdə təhsil almış, həmin zamanlardan Pərvanə ilə münasibətləri normal olmuşdur. Pərvanə ilə mütəmadi olaraq əlaqə saxlamış, Pərvanənin övladı olmasını əvvəlcədən bilmiş, Pərvanə ona bildirmişdir ki, maddi vəziyyəti çətin olduğu üçün pul müqabilində kişi müştərilərlə görüşmək istəyir. Bundan başqa Təqsirləndirilən şəxs da təxminən 3-4 aydır ki, Bakı şəhərində olan gecə klublarında tanımışdır. Aytacla normal münasibəti olmuşdur. 16 dekabr 2023-cü il tarixdə gecə saatlarında Aytac ona yazaraq bildirmişdir ki, sevgilisi ilə birlikdədir. Sevgilisinin yanında olan digər dostu onunla görüşüb cinsi əlaqədə olmaq istəyir. O, Aytaca heç kimlə görüşmədiyini bildirmiş, daha sonra ona zəng edərək bunun müqabilində ona 200 manat pul təklif etsə də o, razılaşmamış, Aytaca heç kimlə görüşüb cinsi əlaqədə olmadığını bildirmişdir. Lakin Pərvanənin təklifi ağlına gəldiyi üçün bu barədə Pərvanəyə bildirmiş, Pərvanə ilə danışdıqda Pərvanəyə pulun məbləğini deyib demədiyini hazırda xatırlamır. Pərvanənin mobil nömrəsini Aytaca göndərmiş və özlərinin danışmasını bildirmişdir. Bundan sonra Aytac və Pərvanənin arasında hansı danışıqların olmasından onun məlumatı olmamışdır. O, fahişəliklə məşğul olmamış və heç kimlə pul müqabilində görüşüb cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs pul müqabilində görüşüb cinsi əlaqədə olması barədə onun məlumatı olmuşdur. Lakin Aytacın qadınların fahişəliyə cəlb edilməsi ilə məşğul olması barədə onun heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs əlaqələndirməkdə onun heç bir marağı olmamışdır. Sadəcə olaraq Pərvanə ona bu barədə məlumat verdiyi üçün o, onları əlaqələndirmişdir ki, özləri danışsınlar. Bundan sonra da aralarında olan danışıqdan onun heç bir məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1704/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi 300 manat məbləğində pul maddi sübut kimi tanınmış, saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 16 dekabr 2023cü il tarixdən 07 may 2024-cü il tarixədək 04 ay 21 gün həbsdə saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsində saxlanılan 300 (üç yüz) manat məbləğində pul dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2023-cü il tarixdən 07 may 2024-cü il tarixədək 04 ay 21 gün həbsdə saxlanılması nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin edilmiş 3000 (üç min) manat miqdarında cərimə cəzası yüngülləşdirilsin və onun üzərində qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin Maliyyə-Plan İdarəsində saxlanılan 300 (üç yüz) manat məbləğində pul dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-195/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-195/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver