Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-196/2024 07.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,219 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə saat 14:05 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında 24 oktyabr 2023-cü ildə ünvan 3 ünvanda yerləşən “Nuray” marketdən oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,219 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 noyabr 2023-cü ildə saat 18:00 radələrində ünvan 6 ünvanda yerləşən “Elmir” marketə müştəri qismində daxil olub marketdə vitirin soyuducusunun üzərində Zərərçəkmiş şəxs məxsus üzərində 25 manat dəyərində ***-***-**-** nömrə, həmin nömrədə 30 manat dəyərində 60 GB interneti, 15 manat dəyərində ekran qoruyucusu, 25 manat dəyərində mobil telefonun arxasına çəkilmiş vinili, 07 manat dəyərində mobil telefonun arxa kamerası yapışdırılmış iki ədəd süni qaşı, 12 manat dəyərində bir ədəd mobil telefon örtüyündə olan 1200 manat dəyərində bir ədəd iPhone markalı 13 Blue modelli 128 GB yaddaşlı mobil telefonu gizli olaraq talayıb ümimilikdə Zərərçəkmiş şəxs 1314 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, CM-nin 177.1-ci maddəsi ilə özünü təqsirli bilir, ittiham olunduğu oğurluq əməlini törətmişdir, lakin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilmir. Saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. 02 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə iclası yekunlaşdıqdan sonra polis əməkdaşları tərəfindən Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılmışdır. Orada törətdiyi oğurluq əməli CM-nin müvafiq maddəsinin tərkibini yaratmadığı üçün barəsində İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Belə ki, onun oğurladığı həmin telefonun qiyməti təxminən 100 manat civarında olmuşdur. Həmin günü 25-ci PŞ-də onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, lakin daha sonra barəsində həbs qətimkan tədbiri seçilməmiş və o, MSY-dən azad edilmişdir. 06 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində yerləşən “Elmir” marketdən satıcı Zərərçəkmiş şəxs məxsus mobil telefonu pula ehtiyacı olduğu üçün oğurlamış, daha sonra həmin mobil telefonu 100 manata sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 07 noyabr 2023-cü il tarixdə yaşadığı evin qarşısında olarkən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada üzərinə baxış keçirilmiş və üzərində bir büküm maddə aşkar olunmuşdur. Lakin həmin büküm narkotik vasitə olmamış, limon duzu olmuşdur. Həmin maddə ekspertizaya göndərilmiş, ekspert rəyi ilə də narkotik vasitə olmadığı müəyyən olunmuşdur. Etdiyi oğurluq əməlindən peşmandır, maddi çətinlik çəkdiyi və heç yerdə iş tapa bilmədiyi üçün bu əmələ əl atmışdır. Oğurluqla bağlı özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Lakin üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı hissədə özünü təqsirli bilmir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə, saat 08:00-də “Elmir” marketdə işə başlamış və həmin günü saat 18 radələrində o, marketdə müştərinin tərəvəz məhsulunu tərəzidə çəkiyə aparan zaman özünə məxsus bir ədəd iPhone 13 markalı mobil telefonu marketdə vitirin soyuducunun üzərinə qoymuş və tərəziyə tərəf getmişdir. O, tərəzidə çəki işləri görüb qutarandan sonra vitirin soyuducuya tərəf gəlmiş və vitirin soyuducunun üzərində ona məxsus bir ədəd iPhone 13 markalı mobil telefon olmadığını görmüş, dərhal marketin kamerasının videogörüntülərinə baxmış və o, tərəziyə tərəf gedən zaman bir nəfər orta yaşlı, qara geyimdə olan kişinin vitirin soyuducunun üzərindən ona məxsus iPhone 13 markalı mobil telefonu götürərək tez marketdən çıxdığını görmüşdür. Həmin orta yaşlı, qara geyimli kişi 06 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində marketə müştəri qismində girmiş, ondan herkulesin qiymətini soruşmuş və həmin vaxtı mobil telefonunu qulağına qoyub kiminləsə danışırmış. Bundan sonra o, ərtafda olan mağazaların video kamaralarına baxmış və onun mobil telefonunu oğurlayan orta yaşlı kişinin marketdən çıxandan sonra metronun “Neftçilər” stansiyası istiqmətində qaçdığını görmüşdür. Daha sonra o, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzinə zəng vurub mobil telefonun oğurlanması barədə məlumat vermiş, bundan sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin polis əməkdaşları gəlmiş və olan hadisə barədə məlumat vermişdir. Bundan sonra o, 24-cü Polis şöbəsinə gedib mobil telefonun oğurlanması barədə ərizə ilə müraciət etmiş, olan hadisə barədə izahat yazmış və onda olan video görüntüləri polis əməkdaşına təqdim etmişdir. Hazırda İphone 13 markalı mobil telefon ona geri qaytarıldığından təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 ifadəsində göstərmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidməti zəng mərkəzindən ünvan 3 ünvanında yerləşən “Nuray” marketdən X4 məxsus bir ədəd Samsung markalı A72 modelli mobil telefon oğurlanması barədə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə məlumat daxil olmuş və həmin tarixdə X8 mobil telefonun oğurlanması barədə 25-ci Polis şöbəsinə ərizə ilə müraciət etmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin mobil telefonu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, 02 noyabr 2023-cü il tarixdə, saat 14:05 radələrində ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq 25-ci Polis şöbəsinə gətirilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan və müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmadan öncə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümün içərisində qəhvəyi rəngli maddədən ibarət olan narkotik vasitə heroinə bənzər maddəni təqdim edərək maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində saxlanılmış, ona qarşı hər hansı təzyiq və fiziki güc tətbiq edilməmiş, şöbədə üzərində şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, 06 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 102 Xidməti zəng mərkəzindən həmin tarixdə ünvan 7 ünvanında yerləşən “Elmir” marketdən Zərərçəkmiş şəxs məxsus bir ədəd iPhone markalı 13 modelli mobil telefon oğurlanması barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə məlumat daxil olmuş və həmin tarixdə Zərərçəkmiş şəxs 24-cü Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin mobil telefonu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid5 ilə 07 noyabr 2023-cü il tarixdə ünvan 8 ünvanın qarşısında “Elmir” marketdən oğurluq cinayətini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, orada xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmadan öncə üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin varsa, təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli bükümün içərisində ağ rəngli maddədən ibarət olan maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə baxış polis şöbəsində keçirilmiş, özü könüllü surətdə onlarla birlikdə polis şöbəsinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyə Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi, ev 61, mənzil 27-də ailəsilə ailəsilə birlikdə yaşayır. 2010-cu ildən fərdi qaydada mobil telefon alışı və satışı ilə məşğul olur. 2014-cü ildən o, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən dayısı X7 icarəyə götürdüyü mağazada satıcı işləməyə başlamışdır. O, mağazada mobil telefon və mobil telefon aksesuarlarının alışı və satışı ilə məşğul olur. 06 noyabr 2023-ci il tarixdə saat 21:00 ladələrində bir nəfər orta yaşlı kişi cinsli şəxs mağazaya gəlmiş və demişdir ki, bir ədəd iPhone 13 markalı mobil telefon satır, alırsan ? O, mobil telefon alıb baxmış və demişdir ki, alır. O, həmin şəxlə mobil telefonu 750 manata razılaşmış və mobil telefonun qutusunu və adepterım soruşmuşdur. Həmin şəxs demişdir ki, onlar evdə qalıb, səhər gətirər. O, həmin şəxsə demişdir ki, şəxsiyyət vəsiqən üzəridədir ? Həmin şəxs ona demişdir ki, mobil telefonda şəkili vardır. O, həmin şəxsə demişdir ki, yaxınlıqda olan mağazada şəxsiyyət vəsiqənin surətini çıxart və gətir. Həmin şəxs getmiş və təxminən 5 dəqiqədən sonra şəxsiyyət vəsiqəsinin surətini çıxarıb gətirmişdir. O, şəxsiyyət vəsiqəsinin surətinə baxan zaman görmüşdür ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs demişdir ki, mobil telefon kimə məxsusdur ? Təqsirləndirilən şəxs demişdir ki, arvadına məxsusdur, narahat olma. Həmin şəxs şəxsiyyət vəsiqəsinin surətində mobil telefonun özünə məxsus olması və tarix barədə qeyd etmişdir. O, Təqsirləndirilən şəxs demişdir ki, 700 manat indi verib, mobil telefonu alır, səhər mobil telefonun qutusunu və adapretını gətir, 50 manatıda verəcək. Təqsirləndirilən şəxs onunla razılaşmış və o, Təqsirləndirilən şəxs 700 manat verib bir ədəd iPhone 13 markalı mobil telefon almışdır. Səhəri günü Təqsirləndirilən şəxs bir neçə dəfə zəng vursada Təqsirləndirilən şəxs zənglərə cavab verməmişdir. Sonradan Təqsirləndirilən şəxs zəng vuranda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mobil telefonunu söndürübdür. 07 noyabr 2023-cü il tarixdə onu Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə dəvət etmişlər, o, polis şöbəsinə gələn zaman orada ona bir ədəd iPhone 13 markalı mobil telefonu satan Təqsirləndirilən şəxs görmüş və orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mobil telefonu marketdən oğurlayıb və ona satıbdır. Təqsirləndirilən şəxs ona satdığı bir ədəd iPhone 13 markalı mobil telefonu istintaq orqanına könüllü olaraq təqdim etmək stəyir. Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, bir ədəd iPhone 13 markalı mobil telefonu oğurluq olduğunu bilməmiş, əgər bilsəydi həmin mobil telefonu almazdı. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin sahə inspektoru, polis leytenantı Şahid5 ibtidai istintaqa Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 6/5886 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 0,219 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli, 7726 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi həmin ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ RM-nin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “ 8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məhkumluğu ödənilməmiş törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(008)- 728/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı tutulduğu 02 gün ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 15 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan əməlləri 2023-cü ilin noyabr ayında törətmişdir. Beləliklə, o, hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən, ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 66.5-ci maddəsinin sonuncu cümləsi ilə müəyyən edilmiş müddəaya uyğun oğlaraq onun həmin iş üzrə həbsdə saxlanıldığı 02 gün müddət hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmaqla üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan AZ-İV 087384 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 adında 1 uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə, saat 14:05-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixdə, 18:35-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-459/2023 nömrəli qərarı ilə barəsində 2 ay 23 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və xx.xx.2023-cü il tarixdə “Elmir” marketdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, bir ədəd “İphone 13 Blue” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(008)-728/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 09 ay (bir il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 1(008)-728/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 02 gün həbsdə saxlanılma müddəti və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı 02 gün müddət, ümumilikdə 04 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 26 gün (iki il səkkiz ay iyirmi altı gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 220 (iki yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,189 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və xx.xx.2023-cü il tarixdə “Elmir” marketdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İphone 13 Blue” markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-196/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-196/2024
07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver