Məhkəmə qərarları › İş №1(007)-198/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-198/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-198/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada işləmiş, Bakı şəhəri ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,180.1-ci maddələri ilə CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 10 iyul 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 07 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində daha əvvəl seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmış, törətdiyi digər cinayət əməli ilə bağlı 08 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 yanvar 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,679 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 07 avqust 2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,679 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,258 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 20 avqust 2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 6 ünvanının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq ünvan 7 ünvanında yerləşən Nizami RPİyə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,258 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-in 177-ci və 234.1-ci maddələri ilə məhkum edilmişdir. 2023-cü ilin iyul ayında cəzaçəkmə müəsissəsindən azad olunmuş, əvvəllər narkotik vasitələr istifadə etsə də, sonradan bunu dayandırmışdır. 2024-cü ilin avqust ayından təxminən bir neçə ay əvvəl yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən almışdır. 06 avqust 2024-cü il tarixdə şəxsi istifadəsi üçün Yasamal rayonu “Sovetski” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manat pul verərək psixotrop maddə olan “patı” alaraq üzərində saxlamışdır. 07 avqust 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin əməkdaşı olduqlarını bildirmişlər. Həmin şəxslərin sualına cavab olaraq o da özünü təqdim etmişdir. Həmin şəxslər onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək 25-ci polis şöbəsinə dəvət etmişlər. Bölmənin inzibati binasının daxilində ona hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun razılığı əsasında üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl hər kəsin iştirakı ilə üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təhqiqatçı tərəfindən ona təklif olunmuşdur. O da əynindəki tünd göy rəngli cins şalvarın sağ cibindən içərisində “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş, bükülünün içərisində olan maddənin psixotrop maddə olan “patı” olduğunu bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunan bükümə baxış keçirildikdən sonra qablaşdırılmış və möhürləyib ekspert müayinəsinə göndəriləcəyi ona bildirilmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan başqa, 20 avqust 2024-cü il tarixdə şəxsi istifadəsi üçün Xətai rayonu NZS qəsəbəsində yerləşən parkın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul verərək psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. 20 avqust 2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 6 ünvanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla onu tanış edərək Nizami rayon polis idarəsinə dəvət etmişlər. İdarənin inzibati binasının daxilində ona hüquq və vəzifələri izah olunmuşdur. O, dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun razılığı əsasında üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl hər kəsin iştirakı ilə üzərində olan qeyri-qanuni əşyaları təqdim etməyi təhqiqatçı tərəfindən ona təklif olunmuşdur. O da əynindəki boz rəngli cins şalvarının sağ cibindən içərisində “patı” kimi adlandırdığı psixotrop maddə metamfetamin olan 01 ədəd bükümü, sol cibindən isə ona məxsus olan “İtel” markalı mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin psixotrop maddə olan “patı” olduğunu qeyd etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış və üzərindən heç bir maddə aşkar olunmamışdır. Üzərindən aşkar olunan bükümə baxış keçirildikdən sonra qablaşdırılmış və möhürləyib ekspert müayinəsinə göndəriləcəyi ona bildirilmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07 avqust 2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanının yaxınlığında tez-tez görünən, 55-60 yaşlı Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Bununla bağlı tərtib edilmiş əməliyyat qrupunun təşkil edilməsi barədə protokola əsasən 25-ci polis şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 25-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanının yaxınlığına yollanmışlar. Oraya getdikdə əməliyyat mövqeyi seçilmişdir. Həmin gün saat 14:30-da qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər, bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla o, 25-ci polis şöbəsinə aparılmışdır. 25-ci polis şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunmuşdur. Onun üzərinə baxış keçirən zaman hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni Yasamal rayonu “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 30 manat ödəməklə aldığını bildirmişdir. Aşkar edilmiş 01 bükümdə psixotrop maddəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid1lə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 avqust 2024-cü il tarixdə Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinə “Etibar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Aparılmış araşdırmalarla raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 Məftun oğlu ilə birlikdə 20 avqust 2024cü il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 6 ünvanının qarşısına yollanmışlar. Oraya getdikdə əməliyyat mövqeyi seçilmişdir. Həmin gün saat 14:30-da qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir şəxsin piyada gəzdiyi müəyyən edilmişdir. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla o, Nizami rayon polis idarəsinə aparılmışdır. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qızılı rəngli kağıza bükülmüş 01 ədəd bükümü, sol yan cibindən isə qara rəngli “İtel” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli kristallik maddə olduğu müəyyən olunmuşdur. Üzərinə baxış keçirən zaman hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq narkotik aludəçisi olduğunu, həmin bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddəni əvvəllər tanımadığı şəxsdən Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində yerləşən parkın yaxınlığında 20 manata aldığını bildirmişdir. Aşkar edilmiş 01 bükümdə psixotrop maddəyə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid3, Şahid4la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 07 avqust 2024-cü il tarixli və 09 avqust 2024-cü il tarixli protokollardan görünür ki, 07 avqust 2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 18 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra 25-ci PŞ-nin inzibati binasına gətirilmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümündə içərisində ağ rəngli kristallik maddə olan narkotik vasitəyə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, onu tanımadığı şəxsdən Yasamal rayonunda “Sovetski” deyilən yerdən 30 manata aldığını, özünün həmin psixotrop maddədən istifadə etdiyini qeyd etmişdir. Aşkar edilərək götürülmüş həmin maddə maddi sübut əhəmiyyəti kəsb etdiyindən Ekspertiza Mərkəzinə göndərilməsi üçün boş zərfə qoyularaq götürülmüş, zərf möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş digər əşya və ya predmet aşkar olunmamışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 09 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 31-33, 71-72) - 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Etibar” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 07 avqust 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 44) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 08 avqust 2024-cü il tarixli 6/4031 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 165”-li dairəvi möhür əksi, şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,679 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,679 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,629 qram qalıq qalmışdır. (i.v. 48-51) - 20 avqust 2024-cü il tarixli və 22 avqust 2024-cü il tarixli protokollardan görünür ki, 07 avqust 2024-cü il tarixdə saat 14:30-da Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin inzibati binasına gətirilmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə, ağ rəngli, spesifik iyə malik, kristal formasında olan narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütləni, sol yan cibindən qara rəngli “İTEL” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş heç bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 162 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə 22 avqust 2023-cü il tarixdə müstəntiq tərəfindən təqsirləndirilən şəxsin və müdafiəçinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 122-123, 164- 165) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 21 avqust 2024-cü il tarixli 6/4264 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 165”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,258 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,258 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,208 qram qalıq qalmışdır. (i.v. 137-139) - 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, qeyd olunan material ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 133-134) - 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid4 rəhbərliyi ilə “Etibar” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 20 avqust 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 179-180) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 09 avqust 2024-cü il tarixli 5467 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 195-196) - 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 25-ci polis şöbəsinə aparıldıqdan sonra üzərində şəxsi axtarış və götürmə aparılması zamanı kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,679 qram psixotrop maddə olan metamfetamini və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon polis idarəsinə aparıldıqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı kustar üsulla hazırlanmış, təmiz çəkisi 0,258 qram psixotrop maddə olan metamfetamini polis əməkdaşlarının təklifindən sonra könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 0,679 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0,629 qram psixotrop maddə metamfetamin məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 0,258 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertizadan sonra qalan 0,208 qram psixotrop maddə olan metamfetamin saxlanılması üçün Bakı şəhər Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan DVD formatlı disk 02 ədəd maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş 01 ədəd “İTEL” markalı mobil telefon maddi sübut kimi əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayıb ona qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminləri aldığı istintaqa məlum olmayan şəxsin və ya şəxslərin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Bakı şəhər Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 205-215) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə materiallar ayrılmışdır və nəticələrindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 07 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 09 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 76-78) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 09 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 79-80) - 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 113) - 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 172-174) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 22 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. (i.v. 175-176) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 4(007)- 11/2025 nömrəli qərarından görünür ki, müstəntiqin vəsatəi və onunla bağlı prokurorun təqdimatı əsasında, Azərbaycan Respublikası CM-nin 234.1 və 238.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 08 yanvar 2025-ci il tarixdən hesablanmışdır. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 avqust 2024-cü il, 27 fevral 2025-ci il tarixli tələbnamələrdən, hökmün və məlumatın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən həmin cəzanı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,180.1-ci maddələri ilə CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 10 iyul 2023cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 181-193) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Məhkəmə cinayətlərin təkrar törədilməsini və cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlərlə bağlı 07 avqust 2024cü il tarixdən 09 avqust 2024-cü il tarixə və 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmənin 21 fevral 2025-ci il tarixli hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və onun digər cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış psixotrop maddələr məhv olunmalı, maddi sübut olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərcləri təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 18 saat 6 manatdan, 6 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 avqust 2024-cü il tarixdən 09 avqust 2024cü il tarixə və 20 avqust 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək tutulduğu cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə 21 fevral 2025-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra müvafiq olaraq qalan 0,629 qram və 0,208 qram psixotrop maddə metamfetaminlər məhv edilsin, şəxsi axtarış və götürmələr zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 228 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 174 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar