Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-199/2021 16.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1964-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, SOCAR Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentində sürücü işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, ev 54, mənzil 7də qeydiyyatda olmaqla yaşayan, 13 aprel 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 18 yanvar 2021-ci il tarixdə saat 16:47 radələrində texniki cəhətdən saz vəziyyətdə olan 17-18 yanvar 2021-ci il tarixli yol vərəqəsi əsasında və “BCD” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinə məxsus “Chevrolet Colorado” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Sabunçu rayonu, ünvan 1 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, idarə etdiyi avtomobili arxaya doğru hərəkət etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyinin təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili arxaya manevr etdirməməli olduğu halda, bu tələblərə əməl etməyərək avtomobili geriyə doğru hərəkət etdirərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs Ağarahim qızını avtomobilin arxa hissəsi ilə vuraraq yıxıb üstündən keçməklə, sonuncuya ehtiyatsızlıqdan dərəcəsinə gorə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan sol bazu sümüyünün cərrahı boyunu, sol tərəli İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların qapalı qəlpəli yerdəyişmiş sınıqları, sol ağciyərin zədələnməsi, bədənin yumşaq toxumalarının qançır və sıyrıqları xəsarətlərini yetirmiş, bu xəsarətlərdən skelet sümüklərinin çoxsaylı sınıqları və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 30 il müddətdir ki, Dövlət Neft Şirkətinin 5 saylı Nəqliyyat Departamentində sürücü işləyir. “Chevrolet Colorado” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobili şirkət tərəfindən verilmiş yol vərəqəsi ilə idarə edir. 18 yanvar 2021-ci il tarixdə iş yoldaşı Bəxtiyarla birlikdə şirkətdən verilən təlimat uzrə Bakıxanov qəsəbəsi istiqamətində getmişdir. Saat 17:40 radələrində 20-30 km/saat sürətlə hərəkət edərkən, ünvan 2 ünvanında olan işıqfora təxminən 20 metr qalmış avtomobilin sağ arxa qapısına bir nəfər şəxs dəyərək yerə yıxılmışdır. O, avtomobili dayandırıb arxaya idarə etmiş və səkinin kənarında dayandırmışdır. O və Bəxtiyar avtomobildən endikdə, avtomobilin yanında bir nəfər qadının yerdə asfaltın üzərində uzandığını görmüşlər. Həmin vaxt ətrafda olan tanımadığı bir neçə nəfər ora toplaşmışlar və polis əməkdaşları da gəlmişlər. O, həmin yerə yığışan şəxslərdən təcili yardıma zəng vurmalarını xahiş etmişdir. Həmin vaxt polis əməkdaşları təcili yardıma zəng vurub məlumat vermişlər. Təxminən 15 dəqiqə sonra təcili yardımın həkim briqadası gəlmiş, sonradan adını bildiyi Zərərçəkmiş şəxs 3 saylı şəhər klinik xəstəxanasına aparmışlar. Lakin həmin qadın artıq ölmüşdür. Onun avtomobilində hər hansı iz olmamışdır, onun avtomobilini arxaya verərkən qadını vurmasına dair hər hansı sübut yoxdur. Hadisə yerində piyada keçidi olmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözündə göstərmişdir ki, hadisə ehtiyatsızlıqdan baş vermişdir, əməlindən səmimi peşmandır, o, mərhumun dəfn və digər xərclərini ödəmiş, mərhumun oğlu olan hüquqi varisi ilə barışıq əldə etmişdir, hüquqi varisin ona qarşı şikayəti və tələbi yoxdur. Bundan başqa o, uzun illərdir sürücü işləyir, ailəsinin yeganə dolanacaq mənbəyi onun işidir, həyat yoldaşı isə onkoloji xəstədir. Qeyd etdiklərinin nəzərə alınıb, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. 18 yanvar 2021-ci il tarixdə saat 18 radələrində həyat yoldaşı X1 onunla əlaqə saxlayaraq anası Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini bildirmişdir. Anasını dəfn etmişlər, hadisənin hansı qaydada baş verməsi ilə maraqlandıqda, ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs Bakı şəhəri, R.Rüstəmov küçəsində avtomobili geriyə doğru hərəkət etdirərkən, yolu sağdan sola keçən anasını avtomobilin arxa hissəsi ilə vuraraq yıxıb üstündən keçməklə, ona xəsarət yetirmiş, nəticədə anası vəfat etmişdir. Hesab edir ki, hadisə qəsdən törədilməmişdir, Təqsirləndirilən şəxs ilə aralarında hər hansı bir ədavət olmamışdır. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanı ödəmiş, baş vermiş hadisəyə görə üzrxahlıq etmişdir, ona görə onunla barışmışdır, hər hansı bir şikayəti, iddiası və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X3 Təmir Tikinti İdarəsində çilingər vəzifəsində çalışır. Təqsirləndirilən şəxs isə SOCAR Nəqliyyat İdarəsində sürücü işləyir. Təqsirləndirilən şəxs həmin idarəyə məxsus “Chevrolet Colorado” markalı ** PB *** dövlət nömrə nişanlı avtomobili idarə edir. 18 yanvar 2021-ci il tarixdə Səmədlə birlikdə şirkətdən verilən təlimat uzrə Bakıxanov qəsəbəsi istiqamətində getmişlər. Həmin vaxt o, avtomobilin sağ ön oturacağında əyləşmişdir. Saat 17:40 radələrində Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə 20-30 km/saat sürətlə hərəkət edərkən R.Rüstəmov küçəsi, 74 ünvanında olan işıqfora təxminən 20 metr qalmış avtomobilin sağ arxa qapısına bir nəfər şəxs dəyərək yerə yıxılmışdır. Səməd avtomobili dayandırıb arxaya idarə etmiş və səkinin kənarında dayandırmışdır. Onlar avtomobildən endikdə avtomobilin yanında bir nəfər qadının yerdə asfalt örtüyünün üzərində uzandığını görmüşlər. Ətrafda olan tanımadığı bir neçə nəfər ora toplaşmış, daha sonra polis əməkdaşları gəlmişlər. Səməd ora yığışan şəxslərdən təcili yardıma zəng vurmalarını xahiş etmişdir. Polis əməkdaşları təcili yardıma zəng vurub məlumat vermişlər, təxminən 15 dəqiqə sonra hadisə yerinə təcili yardımın həkim briqadası gəlmiş və yaralı qadını xəstəxanaya aparmışlar. Lakin sonradan ona məlum olmuşdur ki, qadın aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 yanvar 2021-ci il tarixdə taksi kimi idarə etdiyi “VAZ 2104” markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, R.Rüstəmov küçəsində hərəkətdə olarkən, həmin küçədəki 74 nömrəli ünvanın yaxınlığında yerləşən işıqfora təxminən 4-5 metr qalmış yolun kənarında “Picap” avtomobilinin dayandığını, avtomobilin yanında 10-15 nəfər tanımadığı şəxslərin olduğunu görmüşdür. Avtomobilini saxlayaraq düşüb həmin yerə yaxınlaşanda həmin avtomobilin sağ ön təkərinin arxa hissəsində bir nəfər qadının yerdə asfaltın üzərində uzandığını, ətrafda olan şəxslərin ona kömək etməyə çalışdıqlarını görmüşdür. Bundan sonra hadisə yerini tərk edərək getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 18 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 18 yanvar 2021-ci il tarixli 2/1252 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 21) -SOCAR Nəqliyyat İdarəsinə məxsus yol vərəqəsindən görünür ki, hadisənin baş verdiyi 18 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi ilə idarə etmişdir. (i.v. 24) -SOCAR Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamentinin 22 yanvar 2021-ci il tarixli AƏ-01-05/47 nömrəli məktubundan görünür ki, 18 yanvar 2021-ci il tarixdə Nizami rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Departamentə məxsus “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməmişdir. (i.v. 56) -Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 28 yanvar 2021-ci il tarixli 016-10280-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2016-cı il tarixdə (23 iyul 2026-cı il tarixədək müddətə etibarlı olan) AC 529897 nömrəli “BCD” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 57) - 28 fevral 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Akay” ehtiyat hissələri satışı mağazasının təhlükəsizlik kamerasından götürülmüş videogörüntüyə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Chevrolet Colorado” markalı avtomobil yolun hərəkət hissəsində dayanır və daha sonra geriyə doğru hərəkət edir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək başqa görüntü müşahidə olunmur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə hərəkət edən “Pikap” tipli avtomobil onun idarə etdiyi avtomobil olmuşdur. (i.v. 81) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə kriminalistik, lifli materialların, sürtkü materialları və mikrohissəciklərin tədqiqi ekspertizasının 15 mart 2021-ci il tarixli 6/596-597-598, 8/315 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında geyim əşyalarının (01 ədəd palto, 01 ədəd alt şalvarı, 01 ədəd xalat, 01 ədəd jilet, 01 ədəd mayka, 02 ədəd alt tumanı, 01 ədəd corab, 01 cüt ayaqqabı) tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri yoxdur. Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində avtonəqliyyata aid boya mikrohissəcikləri və ya lak-boya örtüyünün sürtünmə izləri olmadığından “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin lak-boya örtüyündən götürülmüş nümunələrlə müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim olunmuş 01 ədəd karton qutuda aşkar edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan paltarların üzərində sürtkü materiallarına məxsus izlər yoxdur. Təqdim edilmiş “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapı üzərində olan səthi batıq zədəsi hər hansı bərk və bərk olmayan predmetlə, maneyə ilə kontakda olması, dəyməsi nəticəsində yarana bilər. Lakin zədə kənarında xususi əlamətlər aşkar edilmədiyindən həmin zədənin piyada (insanla) kontakda olması nəticəsində yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində piyadanın (insanın) üzərindən keçməyə xarakterik xüsusi əlamətlər aşkar edilmədi. Təqdim edilmiş geyim əşyalarından şalvarın üzərində eyniləşmə tədqiqatına yararsız olan nəqliyyat vasitəsinə məxsus təkər şinin protektor naxış izi vardır. (i.v. 87-91) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 18 fevral 2021-ci il tarixli 06 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs meyidi məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: sol bazu sümüyünün cərrah boynunun, sol tərəfli İİ,İİİ,İV,V,Vİ,Vİİ qabırğaların qapalı qəlpəli yerdəyişmiş sınıqları, sol ağciyərin zədələnməsi, bədənin yumşaq toxumalarının qançır və sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl, yəni 18.01.2021-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən yol-nəqliyyat hadisəsi zaman avtomaşınla vurulma nəticəsində əmələ gələ biiərlər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat uçun təhlükəli olar sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə skelet sümüklərinin çoxsaylı sınıqları və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan kəskin qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 12-18 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. (i.v. 94-96) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2021-ci il tarixli 8/487 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 98-101) -Sübutların qiymətləndirilməsi haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, “Chevrolet Colorado” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil və hadisəni özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (i.v. 104-107) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin Xİİİ hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulmuş əməllər (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinə ünvanladığı, 22 yanvar 2021-ci il tarixdə notarial qaydada təsdiq edilmiş, habelə məhkəməyə təqdim etdiyi 16 iyul 2021-ci il tarixli ərizələrindən görünür ki, 18 yanvar 2021ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə anası Zərərçəkmiş şəxs xəsarət yetirmiş və bunun nəticəsində anası dünyasını dəyişmişdir. Baş vermiş hadisənin qəsdən törədilmədiyini, aralarında hər hansı bir ədavətin olmamasını, eləcə də dəymiş maddi ziyanı ödəməsini, baş vermiş hadisədən səmimi peşmançılıq hissi keçirməsini və üzrxahlıq etməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir şikayəti, iddiası, tələbi yoxdur, bundan sonra da olmayacaqdır. (i.v. 53) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 aprel 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancından 20% dövlət nəfinə pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 108-113) - 13 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 136-137) -Məhkəməyə təqdim edilmiş xəstəlik tarixindən çıxarışdan (epikriz) görünür ki, X7 (təqsirləndirilən şəxsin həyat yoldaşı) “C50-Süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yenitörəməsi pT4N3M0 mərhələ İİİC G3; Sağ sad vəzin xərçəngi. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət. Proressivləşmə. Sümüklərə metastaz. rpTxNxM1 (İV mərhələ) diaqnozu ilə Milli Onkologiya Mərkəzində müayinə və müalicədə olmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə məhkumluğunun ödənildiyini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.1 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1.10-59.1.14-cü maddələrinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması; cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə həmin maddənin tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulmamış, həbsdə saxlanılmamışdır, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası Cinayət Məcələsinin 45-ci və Cəzaların İcrası Məcəlləsinin 154-cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxsin hüquqi varisi məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, o, ərizə verərək dəymiş maddi ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin SOCAR Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə təhvil verilməsi nəzərə alınmalı, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış “Chevrolet Colorado” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin SOCAR Nəqliyyat İdarəsinin 6 saylı Texnoloji Nəqliyyat Departamentinə təhvil verilməsi nəzərə alınsın, 02 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan cəmi 300,40 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-199/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-199/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver