Məhkəmə qərarları › İş №1(007)-20/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-20/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-20/2021 19.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin bilavasitə tabeçiliyində olan Yol patrul xidməti alayının 13cü tağımının yol-patrul xidməti inspektoru vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Xoruzlu kəndində qeydiyyatda olmaqla yaşayan, xx xxxxxx 2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, o, xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin bilavasitə tabeçiliyində olan Yol patrul xidməti alayının 13-cü tağımının yol-patrul xidməti inspektoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanıdığı Kəlbəcər rayonu, Susuzluq kənd sakini Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi almağında köməklik edəcəyini yalandan vəd verərək sonuncudan xx xxx 2019-cu il tarixdə Baş Dövlət Yol Polisi İdarəsinin Bərdə rayonu ərazisində olan Yevlax-Ağdam-Laçın yolunun 17-ci kilometrliyində yerləşən stasionar postunun yanında 850 manat məbləğində pul vəsaiti alaraq şəxsi ehtiyaclarına xərcləməklə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə, Yevlax şəhəri, ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin bilavasitə tabe olan Yol patrul xidməti alayının 13-cü tağımının yol-patrul xidməti inspektoru kimi təqdim edib etibarlı şəxs görüntüsü yaradaraq, onu “Azersun Holding” şirkətlər qrupuna dispetçer vəzifəsinə işə düzəldəcəyini yalandan vəd verib aldatmaqla, bununla bağlı razılaşdırılmış pul vəsaitini tanışı Şahid1 olan sonuncunun babası X2 məxsus ******************** saylı plastik kart hesabına köçürülməsini tapşırmış və Zərərçəkmiş şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə Yevlax şəhəri, Nizami prospektində yerləşən “EL STORE” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə həmin hesaba köçürdüyü 400 manat, xx xxxxxxx 2019-cu ıl tarixdə Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən “3 Qardaş” marketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə həmin hesaba köçürdüyü 100 manat, xx xxxxxx 2019-cu il tarixdə sonuncunun tanışı Şahid4 vasitəsi ilə Yevlax şəhərində yerləşən “xxxx” ASC-nin Yevlax şəhəri, H.Əliyev prospekti, 20 ünvanında yerləşən “Yevlax” filialı vasitəsilə həmin hesaba köçürdüyü 200 manat, xx xxxxxx 2019-cu il tarixdə özünün ünvan 4 ünvanında yerləşən “Xalisa” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə həmin hesaba köçürdüyü 200 manat olmaqla, ümumilikdə həmin hesaba köçürülmüş 900 manat məbləğində pul vəsaitini Şahid1 götürdüyü həmin plastik kart vasitəsilə eyni tarixlərdə, yəni xx xxxxxxx 2019-cu il, xx xxxxxxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixlərdə “xxxx” ASC-nin Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 10A ünvanında yerləşən “Nizami” filialı və həmin Bankın Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 44D ünvanında yerləşən “Neftçilər kart mərkəzi”ndən nağd şəkildə çıxarmaqla şəxsi ehtiyaclarına xərcləyib etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci ilin yanvar ayından xx xxxxxx 2019-cu il tarixə kimi olan dövr ərzində Azərbaycan Respublikası daxili işlər orqanlarında, ilk öncə Tərtər RPŞ-də, daha sonra Hacıqabul RPŞ-də, YPX Alayının 12-ci tağımında, xx xxxxxx 2018-ci il tarixdən isə YPX Alayının 13-cü tağımında yol-patrul xidməti inspektoru vəzifəsində işləmiş, polis serjantı olmuşdur. xx xxxxxx 2019-ci il tarixdə o, könüllü olaraq öz ərizəsi ilə işdən çıxmışdır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, heç bir düşmənçilik və ya dostluq münasibətləri olmamışdır. xx xxx 2019-cu il tarixdə saat təxminən 15-16 radələrində o, Bərdə rayonu ərazisində “BMW” markalı **-YP-*** dövlət nömrə nişanlı avtomobillə ekipajda Ehtiram Abbasovla birlikdə xidmət aparan zaman qara rəngli “VAZ 21015” markalı avtomobilin sürücüsü sərxoş olduğu üçün Bərdə rayonu ərazisində avtomobili saxlatmış və inzibati protokol tərtib edilməsi, həmçinin nəqliyyat vasitəsinin duracağa qoyulması üçün avtomobili posta aparmalı olmuşlar. Həmin vaxt Ehtiram Abbasov yoldan keçən “VAZ 2106” markalı avtomobili saxlatmış, avtomobildə tanımadığı, sonradan adının Fədai olduğunu öyrəndiyi təxminən 28-29 yaşlı sürücü və yanında sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu öyrəndiyi 25-26 yaşlı bir sərnişin olmuşdur. X4 tanışları olmuşlar. Ehtiram Abbasov sərxoş sürücünü xidməti avtomobilə əyləşdirərək posta apardıqdan sonra o, “VAZ 21015” markalı avtomobilin mühərrikini işə sala bilməmiş, bu səbəbdən “VAZ 21015” markalı avtomobili “VAZ 2106” markalı avtomobilə qoşaraq posta gətirmişdir. Posta gələn zaman yanında əyləşən Zərərçəkmiş şəxs1 ona avtomobilinin olmasını, lakin sürücülük vəsiqəsi olmadığı üçün idarə edə bilmədiyini demiş, o da əgər istəsə mülki şəxs olan Nicat adlı tanışı vasitəsilə 850 manat müqabilində sürücülük vəsiqəsi almağında köməklik edə biləcəyini demişdir. Qürbətin yanında guya Nicata zəng vurub “dostuma sürücülük vəsiqəsi almağımda mənə köməklik edə bilərsənmi?” deyə danışıq etdikdən sonra sağollaşmış və Qürbətə guya Nicatın ona köməklik edəcəyini deməsini bildirmişdir. Qürbət çıxıb getdikdən təxminən 3-4 saat sonra yenidən “VAZ 2106” markalı avtomobildə Fədai ilə birlikdə posta qayıtmış, hər ikisi avtomobildən düşərək onun yanına gəlib 850 manat məbləğində pulu ona vermiş, o da 850 manat məbləğində pulu alan zaman “sənin sənədlərini bir aydan sonra hazırlayacam” demişdir. Qürbət pulu hər hansı vəzifəli şəxsə rüşvət kimi vermək üçün deyil, onun tanışı mülki şəxs olan Nicata çatdırmaq üçün verdiyini və sonuncunun da öz vasitəsilə işi həll edəcəyini zənn etmişdir. O, Qürbətdən pulu aldıqdan sonra öz şəxsi ehtiyacları üçün xərcləmiş, lakin sonra Qürbət ondan əvvəlcə sürücülük vəsiqəsini, daha sonra isə pulunu geri istəyəndə pulu qaytara bilmədiyi üçün Qürbət ondan şikayət etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, digər Zərərçəkmiş şəxs2 ilə xx xxxxxxx 2019-cu il tarixdə avtomobillə Rusiya Federasiyasından qayıdanda yolda tanış olub birlikdə Bakı şəhərində yemək yeyən zaman sonuncu ona işsiz olduğunu demiş, bu zaman o, Elçinin etibarını qazanmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin bilavasitə tabe olan Yol patrul xidməti alayının 13-cü tağımının yol-patrul xidməti inspektoru kimi təqdim etmiş, Elçin də ondan işə düzəlməkdə köməklik edə biləcəyini soruşmuşdur. Daha sonra o, Elçinlə “Whatsapp” proqramı vastəsi ilə əlaqə saxlayaraq “xxxx” şirkətində dispetçer işi olduğunu, həmin işə düzəlmək üçün 1000 manat məbləğində pul lazım olduğunu demişdir. O, Elçinə guya “xxxx” MMC-də müavin vəzifəsində işləyən bir tanışının olduğunu və həmin şəxsdən Elçini işə düzəltməsini xahiş edəcəyini, həmin şəxsin də Elçini işə düzəldəcəyini demiş, pulu isə Elçindən xahiş etməsi müqabilində özü üçün istəmişdir. Əslində isə onun “xxxx” MMC-də işləyən hər hansı tanışı olmamış və ümumiyyətlə o, “xxxx” MMC-nin strukturunu da bilmir. Onun Elçini işə düzəltmək niyyəti olmamış və Elçinin ona olan etibarından sui-istifadə edib aldatmaqla pulunu ələ keçirmək istəmişdir. Elçin həmin məbləğdə pulunun olmadığını, bu səbəbdən 500 manat göndərə biləcəyini demişdir. O, həmin vaxt Şahid1 adlı tanışı ilə Bakı şəhəri, Babək prospektində yerləşən “KOMETA” restoranında yemək yeyərkən İlkinə qardaşının ona pul göndərəcəyini, lakin üzərində kart olmadığını demiş, İlkin də üzərində babası İmran Vəliyevin pensiya kartını gəzdirdiyi üçün həmin hesaba pul göndərə biləcəyini bildirmişdir. Ümumiyyətlə, o, İmran Vəliyev adlı şəxsi tanımamış, sonuncunun nəvəsi, DİN-nin Mühafizə Baş Polis İdarəsində işləyən Şahid1 tanıyıb birikdə axşamlar restoranda yeyib-içdiyi üçün münasibəti olmuşdur. Onun Zərərçəkmiş şəxs2 aldadıb pulunu ələ keçirməsi barədə İlkinin heç vaxt məlumatı və kart sahibi İmran Vəliyevin xəbəri olmamışdır. Belə ki, o, İlkindən “xxxx” ASC-yə məxsus “İmran Valıyev” adlı kartı alıb üzərindəki **********946481 hesab nömrəsini “Whatsapp” proqramı vasitəsi ilə Elçinin mobil telefon nömrəsinə göndərmiş və Elçinə həmin kart hesabına “Milliön” ödəmə portalı vasitəsi ilə 500 manat pulu göndərməsini demişdir. Elçin xx xxxxxxx 2019-cu il tarixdə iki dəfəyə, hər dəfə 200 manat olmaqla cəmi 400 manat pulu karta göndərdikdən sonra o, həmin pulu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “xxxx” ASC-nin bankomatından çıxarıb kartı İlkinə qaytarmışdır, İlkinə qardaşının göndərdiyi pulu çıxardığını dediyi üçün sonuncunun pulu Elçinin göndərməsindən xəbəri olmamışdır. xx xxxxxxx 2019-cu il tarixdə o, Elçinə geri qalan 100 manat məbləğində pulu da göndərməsini dedikdən sonra Elçin həmin pulu əvvəlki qaydada “İmran Valıyev” adlı karta köçürmüş və o, kartı İlkindən alıb Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən bankomatdan pulu çıxarmış, lakin bu dəfə plastik kart onda qalmışdır. Bundan sonra o, Elçinlə Bakı şəhərində görüşən zaman əlavə olaraq 400 manat pula ehtiyac olduğunu da demiş və Elçin də xx xxxxxx 2019-cu tarixdə “Milliön” ödəmə terminalı vasitəsi ilə 200 manat, “xxxx” ASC vasitəsi ilə 200 manat məbəğində pul göndərmişdir. O isə, həmin pulu “Neftçilər kart mərkəzi”ndə olan bankomatdan götürüb özü üçün xərcləmiş, ümumilikdə Elçini aldadaraq 900 manat məbləğində pulunu ələ keçirmişdir. Sonradan o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam ödəmiş, onlardan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxslər onunla barışmışlar, ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 il əvvəl tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin BDYPİ-nin Yol patrul xidməti alayında xidmət aparmışdır. xx xxx 2019-cu il tarixdə saat 15-16 radələrində tanışı Fədailin maşını ilə Bərdə şəhərinə gedərkən yolda qara rəngli “VAZ 21015” markalı nəqliyyat vasitəsinin sürücüsünün sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi üçün Ülfətin də həmin avtomobili posta aparmaq istədiyini görmüş, avtomobil nasaz olduğu üçün Ülfət ondan “VAZ 21015” markalı maşını onların avtomobilinə qoşub posta aparmaqda köməklik etməsini xahiş etmiş və onlar da razılaşmışlar. Ülfət “VAZ 21015” markalı avtomobili onların avtomobilinə qoşduqdan sonra həmin avtomobili posta gətirmişlər. Ülfət “VAZ 21015” markalı avtomobilin sükanı arxasında, o da Ülfətin yanında oturmuşdur. Yolda Ülfət ondan “sənin sürücülük vəsiqən varmı?” deyə soruşmuş, o da sürücülük vəsiqəsinin olmadığını dedikdə, Ülfət 850 manata sürücülük vəsiqəsi ala biləcəyini demişdir. Həmçinin, Ülfət bu barədə tanışına zəng vurub məlumat öyrənəcəyini və ona məlumat verəcəyini bildirmişdir. Onlar “VAZ 21015” markalı avtomobili posta qoyduqdan sonra o, Fədailin avtomobilinə minib Bərdə istiqamətində hərəkət etmiş, daha sonra Ülfət xidməti “BMW” markalı avtomobillə onların ardınca gəlib onları yolda saxladaraq haraya getdiklərini soruşmuş, o da evə getdiyini demişdir. Ülfət sürücülük vəsiqəsi alıbalmayacağını soruşanda, 800 manatı olduğunu demiş, Ülfət ondan 850 manat verə biləcəyini soruşmuş, o da Ülfətə sürücülük vəsiqəsi düzələcəyi halda 850 manat verəcəyini bildirmiş, hətta Ülfətdən onu aldatmamasını xahiş etmişdir. Ülfət isə ona “mən gədə deyiləm ki, səni aldadım” demişdir. Ülfətlə razılaşdıqdan sonra evə gedib “Albalı kartı” götürüb kartdan 850 manat pul çıxartmış və posta qayıdıb 850 manat pulu Fədailin yanında Ülfətə vermişdir. Ülfət ona 2019-cu ilin iyun ayının 5-6, yaxud 19-da sürücülük vəsiqəsi verəcəyini vəd vermişdir. O da razılaşıb Ülfətdən ayrılmış, lakin 5 iyunda Ülfətdən xəbər çıxmadıqda zəng vurmuş, Ülfət 19 iyunda sürücülük vəsiqəsini verəcəyini söz vermişdir. O, 19 iyunda Ülfətə zəng edəndə o, sürücülük vəsiqəsini 25 iyunda, 25 iyunda zəng edəndə 29 iyunda verəcəyini bildirmiş, 29 iyunda isə Yevlax rayonunda qeydiyyat imtahan şöbəsinə getməsini demişdir. O, Yevlax qeydiyyat imtahan şöbəsinə gedəndə həmin şöbədə qeydiyyata alınmadığını öyrənmiş və Ülfətə zəng vurub pulunu istəmişdir. Ülfət 150 manatı onu qeydiyyata salmaq üçün verdiyini, 700 manatı qaytara biləcəyini demiş, o isə pulunu tam olaraq geri istəmişdir. O, evə gəlib atası Zöhraba Ülfətin onu aldatdığını deyəndə, atası Fətalı adlı şəxslə birlikdə Ülfətin reyddə olduğu Ağdam rayonuna gedərək Ülfəti yolda görüb maşını saxlatmışlar və atası Ülfətdən 850 manat pulu istəmişdir. Ülfət də öz atasının goruna and içib 150 manatını onu qeydiyyata salmaq üçün verdiyini, qalan 700 manatını qaytara biləcəyini demişdir. Atası Ülfətdən 850 manatı bütöv istədikdə Ülfət 30 iyula kimi vaxt istəmiş, lakin 30 iyulda Ülfətə zəng vuranda o, telefonu açmamışdır. Bundan 1-2 gün sonra posta gedib Ülfətin komandiri ilə görüşüb Ülfətin onu aldatmasını demişlər, Ülfət komandirin yanında pulu ertəsi gün qaytaracağına söz versə də, yenə də qaytarmamışdır. 2-3 gün sonra günorta Ülfətin adını bilmədikləri dayısı onun atasının telefonuna zəng vurub 300 manat göndərəcəyini, qalan pulu 5 gündən sonra verəcəyini demiş və tanımadığı taksi sürücüsü vasitəsi ilə 300 manat göndərmişdir. 5 gündən sonra o, Ülfətin dayısına zəng vuranda həmin şəxs Ülfətin 550 manat pulu verə bilməyəcəyim bildirmişdir. Bundan sonra o, Ülfətin barəsində şikayət etmək qərarına gəlmiş və sonradan Ülfətin öz ərizəsi ilə işdən çıxıb Rusiya Federasiyasına qaçdığını öyrənmişdir. Sonradan istintaqın gedişində Təqsirləndirilən şəxs ona vurduğu 750 manat maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Moskva şəhərindən Azərbaycana qayıdanda Tərtər rayonu, Xoruzlu kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, Ülfət yolda ona Bərdə rayonu ərazisində yerləşən DYP postunda yol-patrul xidməti inspektoru vəzifəsində işlədiyini, polis serjantı olduğunu demişdir. Yolda Ülfət ona bir neçə dəfə birlikdə yemək yeməyi təklif etmişdir. xx xxxxxxx 2019-cu il tarixədək yolda olduqları dövrdə Ülfətlə aralarında dostluq müasibəti yaranmış, xx xxxxxxx 2019-cu il tarixdə Gəncə şəhərinə çatanda Ülfət ona Bakı şəhərinə gedib bir gün istirahət etdikdən sonra avtomobillə onu yola salacağını təklif etmişdir. O da razılaşıb Ülfətlə birlikdə yoldan keçən tanımadıqları taksi ilə Bakı şəhərinə gəlmişdir. O, tanımadıqları restoranda oturub yemək yeyən vaxt Ülfətin yol polisi olduğu üçün ətrafının geniş olduğunu və iş tapmaqda ona rahat köməklik edə biləcəyini düşünərək işsiz olduğunu və münasib iş yeri bilirsə orada işləyə biləcəyini demişdir. Yeməkdən sonra Ülfət onu “Avtovağzal kompleksi”ndən taksi ilə Yevlax rayonuna yola salmışdır. Həmçinin, onun Ülfətlə dostluq münasibəti yarandığı üçün biri-birilərindən telefon nömrəsi alaraq “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışlar. Təxminən 20 gün sonra axşam saat 18 radələrində Ülfət ona “Whatsapp” sosial şəbəkəsində mesaj yazaraq “xxxx” şirkətində dispetçer vəzifəsinə boş yer olduğunu, həmin vəzifədə 1200-1600 manat məbləğlərdə maaş alacağını deyib həmin vəzifədə işləyə bilib-bilməyəcəyini soruşmuş, o da Ülfətə təşəkkür edərək razılaşdıqdan bir neçə dəqiqə sonra sonuncu "Whatsapp” proqramı vasitəsi ilə zəng edərək həmin işə düzəlmək üçün 1500 manat məbləğində pul lazım olduğunu demişdir. Ülfət bir nəfər dostunun “xxxx” şirkətində müavin işlədiyini, onu işə düzəltməyini ondan xahiş edəcəyini və işi həmin şəxsin düzəldəcəyini demiş, pulu isə həmin şəxsdən xahiş etməsi müqabilində özü üçün istəmişdir. O, Ülfətə həmin məbləğdə pulunun olmadığını, ancaq işə düzələcəyi təqdirdə 1000 manat məbləğində pul verə biləcəyini demişdir. Belə olduqda Ülfət ona heç olmasa 500 manat məbləğində pulu tapıb dərhal “İmran Valıyev” adlı ******************** saylı hesab nömrəsinə göndərməsini demişdir. O, Yevlax şəhəri, Nizami prospektində yerləşən “EL STORE” marketindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə Ülfətin ona dediyi hesaba saat 18:30-da 200 manat, saat 18:34-də isə 200 manat olmaqla, cəmi 400 manat məbləğində pul göndərmişdir. Daha sonra Ülfət ona telefonla zəng edərək Bakı şəhərində olduğunu və göndərdiyi 400 manat pulu hesabdan götürdüyünü, ancaq 100 manat pulu da yaxın günlərdə göndərməsini demişdir. O, xx xxxxxxx 2019-cu il tarixdə Yevlax rayonu, H.Əliyev prospektində yerləşən “3 Qardaş” marketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə 100 manat məbləğində pulu da Ülfətin ona bildirdiyi hesaba göndərdikdən sonra Ülfətə zəng edərək pulu göndəriyini demiş, sonuncu da ona bir həftə sonra şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və hərbi biletinin surətlərini Bakı şəhərinə gətirməsini demişdir. O, həmin sənədləri topladıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərinə gedib Ülfətlə “20 Yanvar” ərazisində görüşərək sənədləri Ülfətə təqdim etmiş, sonuncu 1-2 saat sonra görüşəcəklərini demişdir. Təxminən 1 saat sonra ona mobil telefon vasitəsi ilə zəng edərək işinin həll olunması üçün əlavə 400 manat məbləğində pul lazım olduğunu demişdir. O, Yevlax rayonunda yaşayan Şahid4 adlı iş yoldaşına zəng edərək 200 manat məbləğində pulu “Valıyev İmran” adlı kart hesabına göndərməsini xahiş etmişdir. Həmin gün saat 15:42-də Şahid4 “xxxx” vasitəsi ilə “Valıyev İmran” adlı hesaba 200 manat pul göndərmişdir. Həmin gün saat 15:43-də isə o, ünvan 7 ünvanında yerləşən “Xalisa” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsi ilə “Valıyev İmran” adlı hesaba 200 manat məbləğində pulu köçürmüş və sonra isə bir neçə dəfə Ülfətin mobil telefonuna zəng etsə də, o, zənglərə cavab verməyib onu “Whatsapp” proqramında bloka salmışdır. O da belə olduqda DİN-nin 102 xidmətinə zəng edərək Bərdə rayonu ərazisində yerləşən DYP postunda işləyən Ülfət adlı şəxsin onu aldadaraq işə düzəltmək adı ilə 900 manat məbləğində pul aldığı barədə məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurduğu 900 manat maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadə verərək göstərmişdir ki, yol-patrul xidməti inspektoru işləmiş Təqsirləndirilən şəxs ilə ortaq dostları vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “KOMETA” restoranında tanış olub bir neçə dəfə birlikdə oturub yemək yemişdir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 18 radələrində “Kometa” restoranında oturub yemək yeyən zaman Ülfət kimdə “xxxx” ASC-yə məxsus plastik kart olduğunu soruşmuş, həmin vaxt onun üzərində rəhmətlik atası, şəhid polis əməkdaşı olmuş Əli Vəliyevin aylıq 150 manat pensiyasının köçdüyü, babası İmran Vəliyevin adına olan “xxxx” ASC-yə məxsus plastik kart olduğundan bu barədə Ülfətə demişdir. Həmin kart təxminən beş ildir onun özündə olmuş və karta köçürülən pulu da həmişə o, almışdır və babasının karta hansı məbləğdə pul köçməsindən xəbəri olmamışdır. Ülfət qardaşı İsmətin ona pul göndərəcəyini, ancaq pulu karta yükləmək lazım olduğunu demişdir. O, Ülfətə inanıb kartın üzərində olan 16 rəqəmli hesab nömrəsini demiş və Ülfət onun yanında kimləsə telefon əlaqəsi saxlayaraq hesab nömrəsini demişdir. Ancaq o, Ülfətin öz qardaşı ilə danışdığını düşünmüşdür. Daha sonra onun mobil telefonuna karta hər dəfə 200 manat olmaqla, cəmi 400 manat məbləğində pul köçürülməsi məzmunlu mesaj gəlmişdir və o, yaxınlıqda olan bankomatdan pulu çıxarması üçün kartı Ülfətə vermişdir. Ülfət kartı alıb getdikdən təxminən bir neçə dəqiqə sonra yenidən onların yanına qayıdaraq qardaşının ona göndərdiyi pulu aldığını demiş və ona təşəkkür edib kartı qaytarmışdır. Təxminən 2 gün sonra, xx xxxxxxx 2019-cu il tarixdə yenidən “Kometa” restoranının yanında yerləşən çayxanada oturduqları vaxt Ülfət qardaşının ona 100 manat məbləğində pul göndərəcəyini, pulu yenidən onun üzərində olan həmin karta yükləmək istədiyini demiş, o da razılaşmış, lakin təxminən bir saat oturduqdan sonra Ülfətə pul köçmədiyini görüb, kartı ona verərək özü çıxıb getmişdir. Həmin gün Ülfətə 100 manat məbləğində pul köçməsi barədə onun mobil telefonuna mesaj gəlmişdir. Həmin plastik kart təxminən bir neçə gün Ülfətin özündə qalmışdır. xx xxxxxx 2019-cu il tarixdə həmin karta yenidən 200 manat və 200 manat olmaqla, cəmi 400 manat məbləğində pulun köçdüyünü o, telefonuna gələn mesaj vasitəsi ilə bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə o, Ülfətlə görüşüb kartı geri almış, Ülfət ona xx xxxxxx 2019-cu il tarixdə pulu qardaşının göndərdiyini demişdir. Məhkəmə iclasında Şahid2 Rəfael oğlu ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə yol patrul xidməti inspektoru kimi tanımış, aralarında heç bir münasibət olmamışdır. 2019-cu ilin may ayının ortalarında o, Qürbətlə birlikdə onun avtomobili ilə Bərdə şəhərinə gələndə yolda Ülfətin qara rəngli “VAZ 21015” markalı avtomobili saxlatdıqlarını, lakin nasaz olduğu üçün posta apara bilməkilərini görmüşlər. Ülfət həmin avtomobili onun avtomobilinə qoşaraq aparmasını xahiş edəndə razılaşmışlar. Qürbət Ülfətlə birlikdə “VAZ 21015” markalı avtomobildə gəlmişlər və avtomobili posta qoyub Qürbətlə birlikdə şəhərə gedəndə yolda Ülfət xidməti avtomobillə onların ardınca gələrək avtomobili saxlatmış və Qürbətə sürücülük vəsiqəsi almaq üçün fikri ciddidirsə, 850 manat məbləğində pulu hazırlamasını bildirmişdir. O, nə məsələ olduğunu soruşduqda Qürbət Ülfətin ona sürücülük vəsiqəsi düzəltmək üçün 850 manat pul istədiyini demişdir. Qürbət yaşadığı evə gedib kart götürmüş və kartdan pul çıxardıqdan sonra posta qayıdıb, postun yaxınlığında onun iştirakı ilə Ülfətə 850 manat pulu vermişdir. Ülfət Qürbətə “narahat olma, sənin sürücülük vəsiqəni alıb verəcəm” deyib söz vermişdir. O, sonradan Ülfətin Qürbətə sürücülük vəsiqəsi düzəltmədiyini, əksinə Qürbəti aldatdığını öyrənmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli 016-95191-1219 nömrəli məktubundan görünür ki, polis serjantı Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 13-cü tağımının yol-patrul xidməti inspektoru vəzifəsində işləmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq (öz arzusu ilə) Baş Dövlət Yol Polisi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, Ə120ş/h-016-19 nömrəli əmrilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. (i.v. 65) - xx xxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə saat 18:30-da Yevlax rayonu, Nizami prospektində yerləşən “El-store” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kartın ******************** nömrəli hesabına 200 manat pul köçürülmüşdür. (i.v. 100) - xx xxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə saat 18:34-də Yevlax rayonu, Nizami prospektində yerləşən “El-store” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kartın ******************** nömrəli hesabına 200 manat pul köçürülmüşdür. - xx xxxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə saat 18:26-da Yevlax rayonu, H.Əliyev prospektində yerləşən “3 Qardaş” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kartın ******************** nömrəli hesabına 100 manat pul köçürülmüşdür. - xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə saat 15:42-də “xxxx” ASC vasitəsilə “Esedov Ramil” adından “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kartın ******************** nömrəli hesabına 200 manat pul köçürülmüşdür. - xx xxxxxx 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, həmin tarixdə saat 15:43-də ünvan 7 ünvanında yerləşən “Xalisa” marketdə quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kartın ******************** nömrəli hesabına 200 manat pul köçürülmüşdür. -“xxxx” ASC-dən daxil olmuş **********946481 nörməli ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin hesaba xx xxxxxxx 2019-cu il tarixdə saat 18:30-də 200 manat, saat 18:34-də 200 manat pul mədaxil edilmiş və həmin tarixdə saat 19:00-da 396 manat məxaric olunmuş, xx xxxxxxx 2019-cu il tarixdə saat 18:26-da 100 manat pul mədaxil edilmiş və həmin tarixdə saat 18:28-də 99 manat məxaric olunmuş, xx xxxxxx 2019-cu il tarixdə saat 15:42-də 200 manat, saat 15:43-də 200 manat pul mədaxil edilmiş və həmin gün saat 16:34-də 396 manat məxaric olunmuşdur. (i.v. 199-201) -Sənədə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə “xxxx” ASC-dən daxil olmuş “Valiyev İmran” adına qeydiyyatda olan **********946481 nömrəli plastik kart vasitəsilə hesabdan pul çıxarılmasını əks etdirən fotoşəlillər olan diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin fotoşəkillərin hər biri ilə tanış olaraq şəkillərin ona məxsus olduğunu, həmin görüntülərə uyğun olaraq xx xxxxxxx 2019-ci il tarixdə 400 manat, xx xxxxxxx 2019-ci il tarixdə 100 manat, xx xxxxxx 2019-cu il tarixdə 400 manat pulu çıxarıb götürdüyünü bildirmişdir. (i.v. 246-248) -Sənədə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Ülfət Abbasimin istifadəsində olan ***-***-**-** mobil nömrə xx.xx.2019-cu il tarixdə saat 19:02-də və xx.xx.2019-cu il tarixdə saat 18:23-18:32 aralığında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, “Xalqlar Dostluğu” yarmarkası, xx.xx.2019-cu il tarixdə saat 16:37-də Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi 11 adlı antenn dairələrdə qeydə alınmışdır. Bununla da Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan antenn dairələrdə yerləşən “xxxx” ASC-nin “Nizami” filialı və “Neftçilər kart mərkəzi”ndən pul çıxarıb ələ keçirməsi bir daha təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xx.xx.2019-ci il tarixdə saat 10:40-da “SALAM QAQA SEHER FİRAVANİN VAXTİDİ, HARA GELİM, POSTA GELİM”, xx.xx.2019-ci il tarixdə saat 14:42-də “ULFET MENİM PULUMU ÇATİR, VELE OLMAZ, İKİ AYDİ FİRADİN BUYNE SOZ VERMİŞDİN”, xx.xx.2019-cu il tarixdə saat 14:48-də “BUYUN MENİM PULUM ÇATDİR, MENDE APARİM KİRDETMİ BAĞLAYİM, SAHAT DORDE ÇATİR, SEN SOZ DEDİN İNANDİM SEN. GOZDUYREM MEN SEN”, xx.xx.2019-cu il tarixdə saat 09:47-də “BELE OLMAZ SEN BELE DEMEDİN AXİ QAQA”, xx.xx.2019-cu il tarixdə saat 17:10-də “Gelem posta getir menim pulmu ora”, “Ulfet sen sozune duzgun emel elemedin” məzmunlu mesaj göndərmişdir. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 18:10-da “senden artiq derecede xaiw edirem meni yig”, “rufet meni niye bu veziyetde qoydunki axi men sene ilk gunden veziyetimi sene dedimki men bu vezyetde yawayiram heckimden komeyim yoxdu sende meni tezden got gune qoydun bu idi qardawliq corek kestiyimiz men iki balamin agzindan coreyini kesib borca girib sene pul gonderdim sende meni zeyif bildin”, “veliyev imran kimdi pul vurduğum adam”, “rufet bir sozle mene firladinda o pulu sene cox inanmiwdim neyse ama günah menden getdi”, xx.xx.2019-ci il tarixdə saat 13:05-də “rufet sen ki bele eledin 102 yigiram veliyev imran kimdi onun adini verecem mene hence lazim deyil pulum qaytarsim cunki pul onun adina vurulub ceklerde elimdedi günah menden getdi”, xx.xx.2019-cu il tarixdə saat 12:02-də “sen ne deyib heyatda yawayirsan puldan otru adam werefini satmaz sen kiwilikden kenar bir insansa ama qabagima cixma rufet senki meni bu veziyetde qoydun sagliq olsun”, xx.xx.2019-cu il tarixdə saat 19:30-da “hardasan rufet niye meni pis veziyete qoydun ki senden soz daniwdim axi men men cox cixilmaz vezoyetdeyem bawa duwursen rufet men seni bele oğlan kimi tanimamiwdim rufet bor yiyeleri menim qapimdan el çekmir men eve corek ala bilmirem men senin oglanlihina inandim ama sen meni got vezoyetine qoydun yig daniwaqda bir kelme”, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs2 xx.xx.2019-cu il tarixdə saat 19:30-da “Salam qardasim necesen burda deyilem 4 5 gune gelim yigacam ureyim qurban hardasan”, “Qardasin olmuyub cixlmaz veziyetde qalasan gelim yigacam girusek nede lazimdisa gelik hel edecem qardaş”, “Qaqa senol yoxam 1 hediyebdeyecem gel gorusek gotur” məzmunlu mesajlar göndərmişdir. (i.v. 249-250) -Sübutların qiymətləndirilməsi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1, 308, 309 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinə xitam verilmiş, Şahid1 və X1 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, “xxxx” ASC-dən daxil olmuş 1 ədəd disk, “xxxx” MMC-dən daxil olmuş 1 ədəd disk və hesaba pul köçürülməsi barədə bildirişlər iş üzrə maddi sübut kimi tanınmışlar. (i.v. 253-264) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 83) -Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı yazdığı xx xxxxxx 2020-ci il tarixli və məhkəmədə təqdim etdiyi xx xxxxxxx 2020-ci il tarixli ərizələrdən görünür ki, təqsirləndirilən şəxs X3 ona vurduğu 900 manat məbləğində maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. (i.v. 131) -Zərərçəkmiş şəxs1 məhkəmədə təqdim etdiyi xx xxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs X3 ona vurduğu 850 manat məbləğində maddi ziyanı tam ödəmişdir, onunla barışmışdır, heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ayrılıqda təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tam ödədiyini və onunla barışdıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-nin “Neftçilər kart mərkəzi” vasitəsi ilə xx xxxx 2021-ci il tarixdə “Dövlət Xəzinədarlığı Agentliyi”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş maddi ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 2 ədəd CD disk və 5 ədəd mədaxil qəbzi saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaq zamanı və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.1, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 vurduğu 850 manat məbləğində maddi ziyanı və Zərərçəkmiş şəxs2 vurduğu 900 manat məbləğində maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında (437,50 manat) dövlət büdcəsinə ödəniş etdiyi üçün Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar