Məhkəmə qərarları › İş №1(007)-20/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-20/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-20/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, xüsusi ittihamçı X4, onun nümayəndəsi (əri) Nümayəndə, təqsirləndirilən şəxs X5, onun müdafiəçiləri Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X16 iştirakları ilə, təqsirləndirilən şəxs - 28 yanvar 1959-cu il tarixdə Lerik rayonunun Kürdəsər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 201 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi və məktəbin X21 sədri işləmiş, hazırda pensiyaçı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan - X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10, X3, X12, X13, X30, X37 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddə əsasında onların azadlıqdan məhrum edilmələri barədə hökm çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 1(007)-291/2024 nömrəli qərarı ilə həmin xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilmişdir. Qərardan xüsusi ittihamçı X9 tərəfindən apellyasiya şikayəti verilmiş, həmin qərarın ləğv edilərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və 06 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair şikayətin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə hazırlıq mərhələsinə qaytarılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(103)-1340/2024 nömrəli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 1(007)- 291/2024 nömrəli qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar birinci instansiya məhkəməsinə, məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılmışdır. Qərardan barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 1(102)- 2028/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(103)-1340/2024 nömrəli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Yuxarı instansiya məhkəmələrinin gəldiyi qənaətə görə, xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilib-edilməməsinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətinin məzmununu dəqiqləşdirməklə yenidən baxılıb qiymət verilməlidir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən şikayətin məzmunu dəqiqləşdirməklə yenidən verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli 1(007)-20/2025 nömrəli qərarı ilə X4, X5 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmiş, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə məhkəməyə verilməklə iş məhkəmə baxışına təyin edilmiş, X9 iş üzrə xüsusi ittihamçı qismində tanınmışdır. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə hazırlıq iclasında komissiyanın üzvlərinin çıxışlarını dinləyərkən rəydə imza etdikləri fikir və ifadələrin onlara aid olmadıqlarını, yalan və böhtan xarakterli məlumatların komissiyanın sədri Cəbrayılov Valehə məxsus olduğunu müəyyən etmişdir. Cəbrayılov Valehin iş materiallarına elektron kabinet vasitəsilə daxil etdiyi ərizəsində yazdığı böhtan xarakterli məlumatlar da rəydəki məlumatların ona məxsus olduğunu və həmin şəxsin ona qarşı qərəzli münasibətinin olduğunu sübut edir. Cəbrayılov Valehin ona qarşı qərəzliliyinin, qisas və intiqam hissinin səbəbi onun məktəbdə yol verdiyi ciddi qanunsuzluqlar barəsində prokurorluğa məlumat verməyi olmuşdur. Bu mülahizələrə əsasən əvvəl Bakı Apellyasiya Məhkəməsinə, sonra isə Nizami Rayon Məhkəməsinə ərizə verərək şikayət edilən şəxs qismində X5 tanınması barədə ərizə vermişdir. İttihamın mahiyyəti aşağıda göstərdiyi kimidir: 201 nömrəli orta məktəbdə təhsil və maliyyə sahəsində yol verilmiş qanunsuzluqlar nəticəsində külli məbləğdə dövlət vəsaitinin mənimsənilməsi, israf edilməsi faktları ilə əlaqədar Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Prezident Adminstrasiyasına, Elm və Təhsil Nazirliyinə etdiyi çoxsaylı şikayətlər nəticəsində 31 oktyabr 2023-cü il tarixdə Korrupsiyaya qarşı Mübarizə İdarəsində 201 nömrəli məktəbin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanılmış, istintaqla cinayət törədən şəxslərin dairəsi müəyyən edilmiş, dövlətə vurulmuş ziyan onlardan tutulub dövlətə qaytarılmış və xx.xx.2024-cü il tarixində CM-nin 73-1.2-ci və CPM-nin 40.3-cü maddələri ilə cinayət işinə xitam verilmişdir. Etdiyi şikayətlərdən sonra məktəbin direktorunun təqibinə məruz qalmışdır. 2022-2023 tədris ili başlayan kimi onun əmək fəaliyyətini araşdırmaq üçün xx.xx.2023-cü il tarixdə məktəb Həmkarlar Komitəsi Təşkilatının üzvlərindən ibarət komissiya yaratmışdır. O, direktor müavini vəzifəsində işlədiyi üçün vəzifə üzrə Bakı şəhər Təhsil İdarəsinə tabe olduğundan həmin idarənin də Həmkarlar Komitəsi Təşkilatının üzvü olmuşdur. Əmək fəaliyyətini yoxlamaq və hər hansı qərar vermək isə Bakı şəhər Təhsil İdarəsinin müstəsna səlahiyyətinə aiddir. Buna baxmayaraq məktəbin yaratdığı komissiya öz səlahiyyətini aşaraq barəsində yoxlama funksiyasını həyata keçirərək “Komissiyanın Rəyi” adlı sənəd tərtib etmiş və əmrdə adları qeyd edilmiş komissiya üzvləri həmin rəydəki fikir və ifadələrlə razılaşaraq imza etmişlər. 14 sentyabr 2023-cü ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada, həmin komissiyanın üzvlərindən biri-məktəbin ibtidai sinif müəllimi X23, araşdırma komissiyasının üzvü kimi xx.xx.2023-cü il tarixli əmrlə yaradılmış komissiyanın rəyini iclas iştirakçılarına oxumuşdur. Səkkiz komissiya üzvünün imzaları ilə təsdiq etdikləri rəydə qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan aşağıdakı yalan və böhtan xarakterli məlumatlar qeyd edilmişdir: “Svetlana Hüseynovanın məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərini həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfinə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olmuşdur”. Komissiya üzvləri komissiyanın rəyində heç bir dəlil və sübuta əsaslanmadan guya: məktəbin təhlükəsizliyinə xələl gətirməyini, heyət üzvlərinin şəxsiyyətinə zərər verməyini, məktəb və məktəb rəhbərliyi barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu məlumatlar yaydığını imzaları ilə təsdiq etməklə və kütləvi çıxışda səsləndirməkdə məqsədləri onu kollektivin gözündən salmaq, şərəf və ləyaqətini nalayiq formada ləkələmək, vəzifəli şəxs və müəllim kimi ictimai və işgüzar nüfuzuna ağır zərər yetirmək olmuşdur. Komissiyanın rəyini səkkiz nəfər imzalamışdır ki, bu da, rəydə göstərilən nəticənin komissiyanın hər bir üzvünün fikri olduğunu təsdiq edir. Başqa sözlə, rəylə razılaşmayan komissiya üzvü yoxdur və əgər olsaydı o, imza etməməli və imza etməməsinin səbəbini göstərməli idi. Ancaq yekdilliklə imzalanmış rəydə belə hal mövcud deyildir. Bu fakt sübut edir ki, İlahə Mehdiyeva iclasda komissiya üzvü kimi imzalanmış komissiyanın rəyini nümayiş etdirib oxuyarkən bütün komissiya üzvlərinin fikirlərini kütləvi çıxış şəklində səsləndirmişdir. Komissiyanın sədri və üzvləri (idman müəllimləri, laborant, kitabxanaçı və digər ibtidai sinif müəllimləri, o cümlədən məktəbin ibtidai sinif müəllimi İlahə Mehdiyeva və onunla bərabər həmin rəyi imzalamış digər şəxslər) vəzifə baxımından ona tabe olduqları və əmək fəaliyyətini yoxlamaq səlahiyyətləri olmadıqları üçün apardıqları araşdırma və gəldikləri nəticə qanunsuzdur. Təhsil Qanununa və X22 Qaydalarının tələblərinə görə “müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir (maddə 2.1.4), “müəllim rəhbər tərəfindən ona verilən əmrin qanuna zidd olmasına əmindirsə, o, həmin əmri yerinə yetirməkdən imtina edə bilər” (maddə 4.3.2). Direktor müavinlərinin əmək fəaliyyətini yoxlayıb, müzakirə edərək qiymətləndirmək səlahiyyəti ancaq işəgötürən kimi Bakı şəhər Təhsil İdarəsinə (BŞTİ) və Təhsil Nazirliyinə aiddir. Bu fakt haqqında bütün məktəb müəllimləri, o cümlədən məktəb Həmkarlar Komitəsi Təşkilatının sədri Cəbrayılov Valehin məlumatı var idi. Həmçinin həmin şəxs bilirdi ki, o, vəzifə üzrə məktəbin deyil, Bakı şəhər Təhsil İdarəsinin nomenklaturasındadır və həmin idarənin Həmkarlar Komitəsi Təşkilatının üzvüdür. Onun əmək fəaliyyətini təftiş edib araşdırmağa Cəbrayılov Valehin heç bir hüququ yoxdur. Azərbaycan Respublikası CM-nin 40.2-ci maddəsinə görə “Biləbilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur”. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə “Qanunsuz əmrin və sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur”. Yoxlama komissiyasının üzvlərinə rəydə yazılanların məsuliyyətini başa salmadan, bu barədə sübutların olub-olmamasını yoxlamadan direktora yarınmaq üçün həmin rəyi onlara imzalatmış və kütləvi çıxış şəklində pedaqoji şura iclasında səsləndirmişdir. Rəydə yazılan və ünvanına deyilən bütün sözlər ona qarşı qərəz və böhtandan başqa bir şey deyil. Bunlar məktəbin direktoru Afaq Əliyevanın pedoqoji şurada onun ünvanına dediyi şər və böhtan dolu məlumatlardır ki, komissiyanın sədri həmin məlumatlara istinad edərək barəsində həqiqətə uyğun olmayan rəy tərtib etmişdir. O, 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuş, onun 30 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında müəyyən hörmətə və nüfuza malikdir. Hazırda Bakı şəhər Təhsil İdarəsinin müdiri olmuş Mehriban Vəliyeva barəsində Azərbaycan Respublikası CM-nin 308, 309, 313 və 314-cü maddələri ilə cinayət işinin başlanılması üçün xx.xx.2023-cü il tarixdə prokurorluğa müraciət ünvanladığına görə həmin şəxs onu qərəzçiliklə qanunsuz və əsassız olaraq ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmışdır. Hələlik heç bir əmək fəaliyyəti ilə məşğul deyil, yalnız pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəmələrdə özünü müdafiə edir. Əmək Müfəttişliyinə etdiyi şikayət müsbət nəticələnmiş, M.Vəliyeva barəsində inzibati protokol tərtib olunmuş, İXM-nin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə olunmuşdur. İşə bərpa və vurulmuş maddi ziyanla əlaqədar mülki iddiası ilə bağlı iş Nəsimi Rayon Məhkəməsinin icraatında olmaqla ona vurulmuş maddi ziyanın məbləğinin hesablanması məqsədilə Məhkəmə Ekspertiza Mərkəzindədir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində qeyd edilib ki, “Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma” deməkdir. Komissiyanın sədri barəsində “şəxsi mənafeyi və çirkli niyyətlərini həyata keçirmək, əməllərini ört-basdır etmək naminə səlahiyyətlərini aşaraq, müəllimləri öz tərəfinə çəkərək məktəbin direktoru barəsində təhqiramiz ifadələr işlədərək, şər-böhtan dolu söhbətlər aparmaq, şaiyələr yaymaqla məktəbin təhlükəsizliyinə xələl gətirmək, digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq kimi yalan olduğunu bilə-bilə böhtan xarakterli məlumatlardan ibarət sənəd tərtib etmiş və kütləvi çıxış zamanı səsləndirilməsinə nail olmuşdur. Ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini tələb etməsi ilə səlahiyyət həddini aşmışdır. Komissiyanın sədri Cəbrayılov Valehin onun barəsində şərəf və ləyaqətini alçaldan, ictimai və işgüzar nüfuzuna zərər vuran tərtib etdiyi və imzaladığı rəydə ifadə etdikləri fikirlərini və onların kütləvi çıxışda səsləndirilməsini təsdiq edən 2 şahidi vardır: Nizami rayonu Keşlə qəsəbəsi, X51 küçəsi, ev 12 ünvanında yaşayan, 01 noyabr 2023-cü il tarixədək 201 nömrəli məktəbdə coğrafiya müəllimi işləmiş X24; ünvan 4 ünvanında yaşayan, 201 nömrəli məktəbdə tarix müəllimi işləyən X18. Nizami Rayon Məhkəməsinin şikayətindən imtina qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iş yenidən Nizami Rayon Məhkəməsinə məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Bundan sonra Cəbrayılov Valehin verdiyi kassasiya şikayəti Ali Məhkəmə tərəfindən rədd edilmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmçinin qeyd edilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz kim tərəfindən törədilməsinə dair şikayətin məzmunu dəqiqləşdirməklə şikayətin icraata qəbul edilib-edilməməsi məsələsinə yenidən baxılmalıdır. Eyni zamanda kassasiya məhkəmə kollegiyası da qərarının 21-ci bəndində qeyd etmişdir ki, “birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, əsassız və qanunsuz olaraq hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina etməsi barədə nəticəyə gəlmişdir”. Həmçinin həmin qərarının 22-ci bəndində kassasiya məhkəmə kollegiyası açıq və aydın şəkildə qeyd etmişdir ki, “xüsusi ittiham qaydasında şikayətin məzmununa əsasən həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyil”. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin yuxarıda qeyd olunmuş fikirləri ilə tam razıdır və hesab edir ki, həmin göstərişlər direktiv xarakterli olduqları üçün yerinə yetirilməlidir. Qeyd olunanlara əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək həmin maddə əsasında 06 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X4 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X4 məhkəmənin icraatında olan xüsusi ittiham qaydasında şikayəti üzrə təqsirləndirilən şəxs X10 məktəbin direktoru və digər direktor müavinlərinin korrupsiya əməlləri barəsində prokurorluğa şikayət etmiş Hüseynova Svetlana və digərlərinin əmək fəaliyyətini yoxlamaq üçün direktorun əmri ilə yaradılmış araşdırma komissiyasının sədri kimi qisas və intiqam almaq məqsədi ilə bu imkandan maksimum istifadə edərək, Hüseynova Svetlana və digərlərinin şərəf və ləyaqətini ləkələyən, alçaldan böhtan xarakterli məlumatları kütləvi şəkildə yaymışdır. Araşdırma komissiyasının yekun rəyi tərtib olunarkən 9 nəfər komissiya üzvünün həmin rəyin hər bir bəndini kütləvi şəkildə müzakirə etməsi (bu faktı məhkəmə baxışında təqsiləndirilən şəxs Cəbrayılov Valeh özünün çıxışı zamanı və komissiya üzvü Mehdiyeva İlahə şahid qismində ifadə verərkən təsdiq etmişlər) və həmçinin Cəbrayılov Valeh Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya ünvanladığı ərizənin son abzasında etdiyi etiraf (“Bu ərizəni öz adımdan yazsam da AHİK-nin bütün üzvləri ilə müzakirə edib yazmışam. Onlar da öz fikirlərini və rəylərini bildiriblər. Ona görə də komissiyanın bütün 9 üzvü təsdiqləyir və imza edirlər”) Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci: “Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan, onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür” tələbinin təsdiq edilməsidir. Başqa sözlə xüsusi ittihamçı barəsindəki böhtan xarakterli məlumatların komissiya üzvləri tərəfindən müzakirə edilməsi kütləvi çıxış formasında yayılmanın təsdiqidir. xx.xx.2023-cü il tarixdə pedaqoji şuranın iclası zamanı “komissiyanın rəyi” adlı sənəddə göstərilən böhtan xarakterli məlumatların səsləndirilməsi artıq ikinci dəfə həmin məlumatların kütləvi çıxış formasında yayılmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 127.1.1-ci maddəsinin tələblərinə əsasən ittiham tərəfi olaraq təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlinin sübutlarını, o cümlədən Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-Hüquq sistemində islahatların dərinləşdirilməsi haqqənda” 03 aprel 2019-cu il tarixli Fərmanına əsasən yaradılmış və fəaliyyət göstərən “X11” MMC tərəfindən müqavilə əsasında aparılmış ekspertizanın rəyini elektron kabineti vasitəsilə məhkəmə sisteminə yerləşdirmişdir. Həmin Məcəllənin 127.3-cü maddəsinin tələbinə əsasən məhkəmə ekspertiza rəyini qəbul etməzsə bu barədə əsaslandırılmış qərar qəbul etməlidir. Əlavə ekspertiza təyin etmək məhkəmənin səlahiyyətinə aid olduğundan, əgər bu hal baş verərsə, təqsirləndirilən şəxs tərəfindən işlədilmiş aşağıdakı “açar” söz və ifadələr üzrə linqvistik ekspertiza təyin edilməsini, ekspert qarşısında həmin söz və ifadələrin xüsusi ittihamçı Hüseynova Svetlananın şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, alçaldan böhtan xarakterli məlumatlar olub-olmadığını müəyyən etmək vəzifəsinin qoyulmasını xahiş etmişdir: müəllimlərin şantaj və təhdid olunması əsli olmayan şaiyələr yaymaq; mənfi ictimai rəy formalaşdırmaq; təhqiramiz və qeyri-etik ifadələr işlətmək; vəzifəli şəxsi gözdən salmaq; çirkin niyyətlərini həyata keçirmək; işgüzar mühiti pozmaq; yersiz dedi-qodular aparmaq; şər-böhtan dolu söhbətlər aparmaq; məktəbin təhlükəsizliyinə xələl gətirmək; şəxsi mənafeyi naminə vəzifə səlahiyyətlərini aşmaq; müəllimlərin nüfuzuna və şəxsiyyətinə zərər vermək; məktəbin nüfuzuna xələl gətirmək; mənfi rəy formalaşdırmaq; sinif rəhbərlərindən 50 manat pul alır; yalandan bəhanələr tapır, nöqsanlar tapır,izahatlar alır; məni gözümçıxdıya salır; hər gün bir müəllim haqqında şər-böhtan, yalan paylaşır; kollektivi qarışdırır, üz-üzə qoyur, stressdə saxlayır; qışqırıb bağıraraq müəllimə yaraşmayan hərəkətlər edir; etik davranış qaydalarını pozur; müəllimləri təhqir edir, əl silkələyir; məhkəmədə cavab verəcəksiniz deyir; çirkin əməllərindən əl çəkmir; şagirdləri döyür, təhqiramiz ifadələr işlədir; qiymətlərini aşağı salır ki, valideynlər ona yaxınlaşsınlar. Bu ifadələrin bəzilərinin “Azərbaycan dilinin izahlı lüğəti”ndə daşıdığı mənalar aşağıdakı kimidir: “Şantaj” - ifşaedici məlumat, böhtan yayma hədəsi ilə kimdənsə pul və ya başqa şey tələb etmək; “Təhdid etmək” - dinləyənlərə qarşı arzuolunmaz hərəkətlə bağlı xəbərdarlıq etmək, kimisə qorxutmaq, qorxu və hədə altında saxlamaq; “Stressdə saxlamaq” - şəxsin çətin vəziyyətdə bədənini və zehnini təzyiq və gərginlikdə saxlamaq; “Əsli olmayan şaiyələr” - şayiə ictimaiyyətdə yayılan məlumat, əsli olmayan isə yalan mənasındadır, yalan danışmaq insanın daxili keyfiyyəti, xarakteri ilə bağlı xüsusiyyəti ifadə etdiyindən insan haqqında mənfi rəyin formalaşdırılması deməkdir; “Mənfi ictimai rəy formalaşdırmaq” - rəy sözü bir şey haqqında fikir, mülahizə, ictimai rəy-bir qrup insanların bir obyekt barədə eyni mənalı fikirlərinin olması şəklində təzahür edən kütləvi şüur formasıdır; ”Mənfi” - müsbət nəticənin, mülahizənin ziddinə olan deməkdir; “Təhqiramiz və qeyri-etik ifadələr” - şəxsin şərəf və ləyaqətini alçaltmaq, aşağılamaq, normaları aşaraq onun mənəvi dəyərlərinə xələl şətirən etikadan kənar ifadələr işlətmək; “Şər-böhtan dolu söhbətlər aparmaq” -“şər” sözü birini ləkələmək üçün nahaqdan ona pis bir şeyi istinad etmə, böhtan və iftira atmaq, bədnam etmək, olmayan şeylə onu rüsvay və biabır etmək, hörmətdən salmaq, qara yaxmaq mənasındadır; “pul alır” və “hörmət etsinlər” - hər iki ifadə “rüşvət alma” anlamında işlənmişdir. Rüşvət başqa sözlə “korrupsiya” - dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə hallarını nəzərdə tutur”. Korrupsiya sözü rüşvətlə ələ almaq mənasında işlənir. Təqsirləndirilən şəxs Cəbrayılov Valeh tərəfindən kütləvi çıxış formasında işlədilmiş çoxlu ifadələrdən yalnız az bir qisminin daşıdığı mənaların şərhi sübut edir ki, Cəbrayılov Valehin yaydığı məlumatlarda Hüseynova Svetlana barəsində şərəf, ləyaqət və işgüzar nüfuzun alçaldılmasına xidmət edən fikir və ifadələr mövcuddur və bununla da onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyi tam təsdiq edilir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında xüsusi ittihamçı X9 şikayətini elan edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişdir ki, komissiyaya daxil edilmiş şəxslərin onun fəaliyyətini yoxlamağa haqları olmamışdır. O, “facebook” hesabında paylaşım etmiş, sosial şəbəkədə paylaşmış, bundan sonra dövlət orqanları onun məsələsi ilə maraqlanmağa başlamışlar. O, jurnalı təhvil götürə bilməzdi, çünki orada qanunsuzluqlar var idi. 3 nəfəri prokurorluğa çağırmışlar. Həmin komissiyanın rəyi əsasında verilmiş qərarla o, işdən çıxarılmışdır. Jurnalda olan qanunsuzluq olmuşdur. Valeh müəllimin özü ona şəxsən etiraf etmiş, demişdir ki, məktəbin direktoru Afaq Əliyevanın göstərişi ilə o, həmin jurnalı yazmışdır. O, ilin sonunda jurnalı bağlayanda görmüşdür ki, bir nəfər uşaq məktəbə gəlməyə-gəlməyə qiymətləndirilmişdir. Sosial şəbəkə paylaşımları rəydə qeyd edilənlərə sübutdur. İclasda onun 5 orqana şikayət etməyi barədə danışıb, onu təhqir ediblər. Komissiyanın rəyində yazılaraq 14 sentyabr 2023-cü il tarixdə Pedaqoji Şuranın iclasında səsləndirilənlərin hamısını özünə təhqir hesab edir. İclasın səs yazısı var, Valeh Cəbrayılov da rəyi oxuyub. Onu məktəbin nüfuzuna xələl gətirməkdə, kimlərəsə böhtan atmaqda ittiham edib, uşaqları söyüb-döyməyini bildiriblər. Xüsusi ittihamçı X9 məhkəmə çıxışında təqsirləndirilən şəxs X5 törətdiyi cinayət əməlinin tam sübuta yetirildiyini nəzərə alıb, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X4 nümayəndəsi (əri) Nümayəndə təmsil etdiyi şəxsin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, “Komissiyanın rəyi” adlı sənəddəki fikir və ifadələrlə Svetlananın işgüzar nüfuzuna xələ gətirilib. “Rəy”dəki ifadələr 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 201 saylı məktəbdə, bütün məktəb kollektivinin iştirak etdiyi pedaqoji şurada səsləndirilmişdir və onu komissiyanın üzvlərindən biri, məktəbin ibtidai sinif müəllimi X23 iclas iştirakçılarına oxumuşdur. Valeh Cəbrayılovun sədri olduğu səkkiz komissiya üzvünün imzaları ilə təsdiq etdikləri rəydə qəsdlə Svetlananın ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar qeyd edilmiş, qeyd edilmişdir ki, “...Svetlana Hüseynovanın məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərini həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfinə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olmuşdur...” Göründüyü kimi komissiya üzvləri həmin rəydə heç bir dəlil və sübuta əsaslanmadan guya, Svetlananın məktəbin təhlükəsizliyinə xələl gətirməyini, heyət üzvlərinin şəxsiyyətinə zərər verməyini, məktəb və məktəb rəhbərliyi barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu məlumatlar yaydığını imzaları ilə təsdiq etməklə və kütləvi çıxışda səsləndirməkdə məqsədləri onu kollektivin gözündən salmaq, şərəf və ləyaqətini nalayiq formada ləkələmək, vəzifəli şəxs və müəllim kimi ictimai və işgüzar nüfuzuna ağır zərər yetirmək olmuşdur. Komissiya üzvləri “məktəbin təhlükəsizliyinə qəsd edib” deyirlər, hansı ki, bu, terror fəaliyyəti deməkdir. Sual olunur ki, onlar Svetlananın hansı terror fəaliyyətini görüblər, onların şəxsiyyətinə hansı zərər yetirib, Svetlananın orada hansı şəxsi mənafeyi ola bilər? Bütün burada sadalananlarla Svetlananın şərəf və ləyaqətini təhqir ediblər. Svetlananın şərəf və ləyaqəti təhqir edildiyi üçün isə, cinayət əməli törədilmişdir. Cinayətin obyekti Svetlananın şərəf və ləyaqətidir. Obyektiv cəhəti təhqir olunmasıdır. X15. Subyektiv cəhət, motivi isə qərəzli qisas alma cəhdləridir. İyun ayının 14-də jurnallar yoxlanır və təhvil alınır. Svetlana jurnalı təhvil alanda görür ki, bütün səhifələrdə bir şəxsin adı yazılıb və Valehin xətti ilə qiymət yazılıb. Svetlana bütün müəllimləri çağırır, aydınlaşdırır ki, sən niyə dərs bitdikdən sonra bu şagirdin adını yazıb başqa müəllimlərin adından qiymət yazmısan. Sonra yeni dərs ilində Svetlana işə gəlir, direktor tərəfindən əmr verilir, Svetlana və digərləri ilə bağlı komissiya yaradılır. Valehin sədri olduğu belə bir komissiya yaradılır və Svetlana müəllimənin şərəf və ləyaqəti alçaldılır. Svetlana xanım və digər müəllimlərin prokurorluğa şikayət etməsindən sonra qərəzli olaraq başlayıblar təhqir etməyə. Sonra iclas keçirirlər, orada Cəmaləyə töhmət, Rasimə və Svetlanaya şiddətli töhmət verirlər. Bundan sonra düşünürlər ki, artıq Svetlana işdən çıxarılacaq, başlayırlar qaralama aparmağa. Əvvəldən də bildirmişlər ki, rəyi Valeh Cəbrayılov özü tərtib edib, oradakı sözlərin hamısı Valeh Cəbrayılova məxsusdur, o, səlahiyyət həddini aşaraq, Svetlana Hüseynovaya bəslədiyi kini əsas götürərək cinayət törtəmişdir, cinayət tərkibinin bütün əlamətləri vardır. Qeyd olunanlara əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X10 xüsusi ittiham qaydasında şikayət əsasında cəlb edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ilk növbədə onu qeyd edir ki, Məcid Nəcibov adlı şagirdin adı jurnala əvvəldən yazılıb. 30 avqust 2023-cü il tarixli əmrə əsasən yaradılmış Araşdırma Komissiyasının rəyi 8 nəfərin rəyidir. Həmin 8 nəfər iclas keçirib, iclas nəticəsində rəy verilib, hansı ki, həmin rəydə təhqir yox, tənqid var. O, şəxsən heç kəsin şərəf və ləyaqətini aşağı salmamışdır. Svetlana Hüseynova həmin məktəbdə 30 il, o isə, 40 il işləyib. Komissiya şagird, müəlllim və valideynlərin çoxsaylı şikayətləri əsasında yaradılıb. Araşdırıb görmüşlər ki, şikayət çoxdur. Komissiya yeri gələndə direktorun da fəaliyyətini yoxlaya bilər. Svetlana Hüseynova məktəbin işinə zərbə vururdu, bu səbəbdən komissiyada onun barəsində iclas keçirilib. Yeni direktor təyin edildikdən sonra Svetlana Hüseynova başqa-başqa orqanlara yazmağa başlayıb. Dərs ili başlamazdan əvvəl o, demişdir ki, “gəl, birləşək, əl-ələ verib məktəbimizi inkişaf etdirək”, Svetlana Hüseynova bildirmişdir ki, o, Cəmalə Əsgərovanın və Rasimə Hüseynovanın arxasında durmuşdur. Komissiyanın rəyini 14 sentyabr 2023-cü il tarixdə 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında komissiya üzvü İlahə Mehdiyeva səsləndirmişdir. Komissiyanın sədri kimi o, demişdir ki, üzvlərdən biri rəyi oxusun, İlahə Mehdiyeva oxumuşdur. Orada yazılanlar komissiya üzvlərinin ümumi rəyidir. Svetlana Hüseynova bütün müəllimləri bütün günü sosial şəbəkələrdə tənqid, təhqir etməyə başlamışdı. Təhsildə güzəşt Vətənə xəyanət deyilmi yazıb. O da indi sual verir ki, bəs təhsildə rüşvət vətənə xəyanət deyilmi? Müəllimlərin ərizələri var ki, Svetlana Hüseynova rüşvət alıbdır. Komissiyanın sədri kimi görmüşdür ki, məktəbdə qeyd edilən hallar var, qərəzçilik var. Svetlana Hüseynova sosial şəbəkələrdə onların nüfuzunu aşağı salıb. Səlahiyyəti aşma odur ki, təzə gələn müəllimləri qorxudaraq ərizələrini alıb. Sosial şəbəkələrdə müəllimləri təhqir etməsi elə şayiədir. Rəydə qərəz olmayıb, o, rəydə yazılanları tənqid hesab edir, orada yazılanlar təhqir deyil. Şuranın iclasında o, çıxış etmişdir, Nəriman Vəliyev də çıxış etmişdir. Onlar ümumilikdə məktəbdə olan ab-havadan çıxış etmişlər. Amma o, rəyi oxuyub çıxış etməmişdir. Ümumi çıxışda ancaq tənqid edilib, təhqir edilməyib. O, artıq təqaüddədir, 40 il müəllim işləmişdir. İki oğlu Vətən Müharibəsinin iştirakçısıdır. Bunlardan sonra o, gedib cəzaçəkmə müəssisəsində qalmalı deyil. Ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi X10 xüsusi ittihamçı ilə qeyd-şərtsiz barışmağa hazırdır, barışırsa barışsın, barışmırsa heç. Heç bir böhtandan söhbət gedə bilməz, X10 öz işini görüb. Onun əməlində cinayət tərkibi yoxdur. X5 barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 müdafiəçisi X31 hüquqlarını müdafiə etdiyi X5 əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X24 ifadəsində göstərmişdir ki, xüsusi ittihamçı X9 ilə birlikdə Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işləmişlər, o, coğrafiya müəllimidir. Məktəbin direktoru ilə mübahisələri olub, sonra onları iclasda təhqir etmiş, demişdir ki, gedin, hara şikayət edirsiniz, edin. Valeh Cəbrayılov həmkarlara şər-böhtan yazıb, onun işdən azad olunmağına səbəb olub. Şagirdlərə verilən qiymətlərdəki saxtakarlıq barədə prokurorluğa o, şikayət etmişdir. X46 da komissiyanı onlara şər atmaq üçün yaratmışdır. Komissiyanın rəyini Pedaqoji Şuranın iclasında Valeh Cəbrayılovun özü oxumuş, sonra digər müəllimlər də oxumuşdur. X41 “rüşvət alıb, müəllimləri incidir, şagirdləri söyür” yazmışdır. Rəydə o qədər şeylər yazılmışdır, amma tam yadında deyil. Pedeqoji Şura 2023-cü ildə olub, hansı ay, gün olduğunu xatırlamır. Valeh Cəbrayılov tərəfindən Svetlana Hüseynovanın konkret olaraq təhqir edilməsi “məktəbə xələl gətirir, direktoru təhqir edir, paylaşımlar edir” yazılması ilə olub. Şuranın iclasında o da işirak etmişdir, çağırmasalar da gedib iclasları izləmişdir. Eyni rəyi 3 nəfər oxumuşdur. Valeh Cəbrayılovun özü də rəyi oxumuşdur. X35 uşaqları döyür, söyür, məktəbin adına xələl gətirir, məktəbi hüquq mühafizə orqanlarına şikayət edir və s. kimi sözlər yazılmışdır. Məhkəmə iclasında xüsusi ittiham tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X18 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işləyir, tarix müəllimidir. İlk dəfə o, məktəbə işə gedəndə Svetlana Hüseynova rus sektorunda müdir müavini olmuşdur. Məktəbdə heç nəyi araşdırmadan Pedaqoji Şura yaratmışlar, onları, yəni Svetlana Hüseynovanı, Rasimə Hüseynovanı və onu tənqid etmiş, onlara töhmət vermişlər. Onu işdən də çıxarmışlar, sonra məhkəmə qətnaməsi ilə işinə bərpa olunmuşdur. Valeh Cəbrayılov həmkarlarının rəyini iclasda oxumuşdur. Svetlana Hüseynovanı bəzi məsələlərdə günahlandırmış və töhmət vermişlər. X29 Hüseynovanı rüşvət almaqda günahlandırmış, həm də xoş olmayan ifadələr işlətmişlər. Şəxsən onun Valeh Cəbrayılovla qərəzliliyi yoxdur. X52, İlahə Mehdiyeva və Valeh Cəbrayılov oxuyaraq elan etmişlər. Kiməsə pul verilməsi barədə o, bilmir, pul işinə qarşışmır. Sadəcə gedib dərsini keçərək pulunu qazanır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X32 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə işləyir, Azərbaycan dili və ədəbiyyatı müəllimidir. 1988-ci ildən həmin məktəbdə işləmiş, işlədiyi müddətdə Valeh Cəbrayılovu tələbkar, vicdanlı müəllim kimi tanımışdır. 14 sentyabr 2023cü il tarixdə məktəbin Pedaqoji Şurasının iclasında o da iştirak etmişdir. İclasda X29 Hüseynovanın ünvanına böhtan xarakterli söz deməmişdir. X42 təklif etmişdir ki, “gəlin, bu dedi-qodunu yığışdıraq, məktəbimizin adına xələl gəlməsin”. X29 Hüseynovanı təhqir etməyib. Heç bir qərəzçilik olmayıb, hətta barışmağa çalışıb. Məktəbdəki komissiyanı o, yaratmamışdır, niyə yarandığını da bilmir. Şuranın iclasında o, eşitməmişdir ki, söyüş olsun, ya da Svetlana Hüseynova təhqir edilsin. Komissiyanın rəyini 14 sentyabr 2023-cü il tarixli iclasda İlahə Mehdiyeva oxumuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X25 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında Valeh Cəbrayılov belə çıxış etmişdir ki, gəlin, barışaq. Hətta həmin vaxtlar Təhsil İdarəsindən də gəlmişlər ki, məktəbdə barışıq olsun. X29 Hüseynovanı təhqir etməmişdir. Komissiyanın rəyini iclasda İlahə Mehdiyeva elan etmişdir. X29 Hüseynovanı neçə dəfə Naftalana istirahətə yollamışdır, onlar arasında qərəzçilik ola bilməz. X36 rəy oxumamışdır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən X23 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri 201 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. 14 sentyabr 2023-cü il tarixdə 201 nömrəli tam orta məktəbin Pedaqoji Şurasının iclasında komissiyanın rəyini o, elan etmişdir. Həmin iclasda X29 Hüseynovanı təhqir etməmişdir. Onun özü, ondan başqa 7 nəfər rəyə imza etmişlər. Komissiyanın rəyinə üzv olaraq imza etmişdir. O, rəydə sadalanan bütün fikirlər, gəlinmiş rəylə razıdır. Onlar komissiya şəklində müzakirə edib, araşdırmış və rəy vermişlər. Valeh Cəbrayılov iclas zamanı rəyi elan etməmiş, yalnız çıxış etmiş, çıxışında isə sülh yaratmağa çalışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZE seriyalı, 16509939 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 28 yanvar 1959-cu il tarixdə Lerik rayonunun Kürdəsər kəndində anadan olmuşdur, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 102-də qeydiyyatdadır; -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 30 yanvar 2025-ci il tarixli 513 nömrəli arayışından görünür ki, X10 1984-1985-ci tədris ilində 201 nömrəli dövlət ümumtəhsil məktəbində pedaqoji fəaliyyətə başlamış, fiziki tərbiyə müəllimi işləmişdir. Son 10 ildə 201 nömrəli tam orta məktəbin X21 sədri kimi fəaliyyət göstrəmişdir. 2024-2025-ci tədris ilində çalışmanın yaş həddinə çatması ilə əlaqədar X5 əmək müqaviləsinə xitam verilmişdir; -Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, həmin məktəb üzrə iyul, avqust, sentyabr aylarında valideyn, şagird və məktəbin pedaqoji heyətindən daxil olmuş şikayətlərin araşdırılması üçün Həmkarlar İttifaqı üzvlərinin iştirakı ilə aşağıdakı tərkibdə Araşdırma Komissiyası yaradılmışdır: X10 (sədr), X3 (katib), X26 (üzv), X13 (üzv), X37 (üzv), X12 (üzv), X30 (üzv), X38 (üzv), X23 (üzv); -Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrinə əsasən yaradılmış Araşdırma Komissiyasının yekun rəsmi rəyindən görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, VB sinfinin rəhbəri Cəmalə Əsgərovanın işində nöqsanlar çoxdur. Belə ki, o, sinif rəhbəri olduğu VB sinfində Allahverdiyeva Aytəni bilərəkdən sinifdə saxlatdırıb. Aytən Allahverdiyeva dekabrın 22-dən aprelin 27-nə qədər dərsə gəlmişdir. Əsgərova Cəmalə iddia edir ki, Aytən Allahverdiyeva məktəbə gəlməmişdir, valideynlə heç bir əlaqə saxlaya bilməmişdir və bu barədə heç bir kəsə istər direktor müavininə, istərsə də təşkilatçı direktor müavininə və yaxud direktora məlumat verməmişdir. Əksinə sinifdə olan öz nöqsanının başqa müəlliməyə (R.Hüseynovaya) ötürərək məktəb haqqında, məktəbin rəhbərliyinə zərər vurmaq üçün qabaqcadan planlaşdırılmış şikayət məktublarını yuxarı təşkilatlara yazmaqla coğrafiya müəllimi Rasimə Hüseynovaya köməklik etmişdir. Sentyabr ayının 5-də Allahverdiyeva Aytənin atasının tapşırığı ilə Aytənin bibisi və qonşusu Şəlalə adında bir qadın Əsgərova Cəmaləni müdafiə etmək məqsədi ilə məktəbə gəlmişdi. Onlar bildirdilər ki, Cəmalə Əsgərovanın heç bir günahı yoxdur. Aytənin anası onunla əlaqə saxlaya bilməyib və nəticədə Aytən sinifdə qalıb. Sentyabr ayının 8-də Allahverdiyeva Aytənin anası, babası və özü məktəbə gəlmişdir. Onların məqsədi yenidən şikayətə gəlmək idi. Onlar bildirdilər ki, Əsgərova Cəmalə yalan danışır ki, mənimlə əlaqəsi olmayıb. Biz hər gün bir-birimizlə danışırdıq. O, məni arxayınlaşdırdı və sonra dedi ki, Aytən sinifdə qalıb. Allahverdiyeva Aytənin anası Allahverdiyeva Cəmilə bildirdi ki, Allahverdiyeva Aytənin bibisi Lamiyə mənə Şəlalənin səsini atdı. Şəlalə söyləyirdi ki, 5 (beş) dənə gətirməliyəm ki, biz Aytənin işini düzəldək. Mən də kasıb adamam. İmkanım yoxdur. Mən 5 (beş) dənəni hardan tapıram. Biz komissiya olaraq bunların hamısını araşdırmışıq. Cəmalə Əsgərovadan izahat tələb etdikdə, nə üçün izahat verməliyəm deyə imtina etdi. Bu barədə biz akt tərtib etdik. Məktəbin coğrafiya müəllimi Rasimə Hüseynovanın məsələsi isə daha ciddidir. Belə ki, bütün şikayətləri Rasimə Hüseynova özü yazmışdır. Məktəbdə olan-olmayan faktları 5 rəsmi orqana göndərilmişdir. X39 Əsgərova ilə və başqaları ilə birləşərək təşkilatlanmış qaydada bu işi törətmişlər. Bizim üçün çox maraqlıdır ki, öz nöqsanlarını yuxarı təşkilatlara necə yazmaq olar? Biz Rasimə müəlliməni dindirmək üçün iclasa dəvət etdik. O, iclası keçirtməkdən imtina etdi. Bu barədə komissiyanın sədri Valeh müəllim məlumat verdi. İclasın keçirilməməsini də komissiya aktlaşdırdı. Yoxlama zamanı məlum oldu ki, Rasimə Hüseynovanın dərs dediyi siniflərdə keyfiyyət %-i çox aşağıdır. Direktor müavini Nəriman Vəliyevin məlumatında bildirilir ki, Rasimə müəllimə 8 sinifdə dərs deyir 159 şagirddən 19 nəfər “4” və “5” qiymət alıb, VİA sinfində keyfiyyət 17%, VİİÇ- də 30%, VİİİÇ-də 0%, İXA-da 5%, İXÇ sinfində 2%, İXD sinfində 0%, XİA sinfində 0%, XİB sinfində isə Rasimə Hüseynovanın dərs dediyi sinifdə keyfiyyət faizi 35%-i keçməmişdir. Belə bir vəziyyətdə dərs davası eləmək mümkündürmü? Komissiya hər iki müəllim haqqında demək olar ki. öz araşdırmasını bitirmişdir. Hər iki müəllimin ciddi nöqsanları vardır. Necə ola bilər ki, öz işlədiyin məktəb haqqında mənfi rəy formalaşdırasan? Burada məqsədi məktəb və məktəb rəhbərliyinə zərər vurmaq, məktəbə ləkə vurmaq, təzə inkişafda olan məktəbin imicinə xələl gətirməkdir. Araşdırma Komissiyası belə qərara gəlir ki, hər iki müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin və məsələ barədə qərar Pedaqoji Şurada verilsin. Komissiya hesab edir ki, məktəbin müəllimləri Rasimə Hüseynova va Cəmalə Əsgərova bilərəkdən və qərəzli olaraq təşkilatlanmış şəkildə məktəb və məktəb rəhbərinin əleyhinə may, iyun, iyul, ayları ərzində saxta yolla düzəldilmiş “faktlar” hazırlamaqla məşğul olmuşlar. Müvafiq müavinlərdən və məktəb direktorundan məlumatların gizlədilməsi, prokurorluq orqanlarına təqdim edilməsi, Rasimə Hüseynovanın şər-böhtanlarla dolu şikayətlərinə direktor müavini Svetlana Hüseynovam şahid göstərməsi, Svetlana Hüseynovanın, Cəmalə Əsgərovanı şahid göstərməsi aşkar göstərir ki, bu qəsdən düzəldilmiş, təşkilatlanmış əməllərdir. Komissiyanın və Həmkarlar İttifaqının üzvlərinin tələbi budur ki, məktəbin, məktəb heyətinin nüfuzuna xələl gətirən bu əməllərə hüquqi qiymət vermək üçün hüquq-mühafizə orqanlarına təqdim olunsun. Məktəbdə özbaşına, qərəzli, qəsdən video, foto, səs yazısının aparılması qadağan edilməsi barədə Pedaqoji Şura qərar qəbul etsin, çünki bu fəaliyyətlər Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinə ziddir, insan hüquqlarının pozulmasıdır. Video, foto materiallarının hazırlanması, indiyə qədər və bu gündən sonra hansısa məktəb heyətinin əleyhinə hər hansısa çəkilmiş və ya xeyrinə bu materiallar qərəzli olaraq istifadə olunarsa, “whatsap” sosial şəbəkələrdə paylaşılarsa, ictimailəşərsə, həmin şəxs cinayət məsuliyyəti danışır, haqqında görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunsun!. Araşdırma komissiyası olaraq, biz indiyə qədər 15 nəfər müəllimi dindirib, onların şikayətlərinə baxmışıq. 13 sentyabr tarixində iclas keçirərək, müəllimlər Məhsəti Qiyasbəylİni, Şəmsıyyə İslamovanı, Elmira Nəcəfovanı və Nəsimi Əhmədovu dindirmişik. İclasın məğzi, bir sıra orqanlara şikayət yazmaq və məktəbdə, ərazidə məktəb haqqında neqativ söhbətlər aparan müəllimlərin fəaliyyətim yoxlamaqdan ibarət olmuşdur. Məhsəti Qiyasbəylini dindirəndə, siz niyə demisiniz ki, əgər mənə dərs verməsələr məktəbdə “partlayış” olacaq? Siz bunu niyə demisiniz? Məsələyə metodbirləşmə sədri Elmira Nəcəfova müdaxilə edərək, mənimlə Məhsəti arasında belə söhbət olub. Mən də sizin razılığınızla bu söhbəti müdriyyətə çatdırmışam. Məktəbin müdiriyyəli Afaq xanım VC sinfinin həm sinif rəhbərliyini, həm də dərs saatını Məhsəti müəlliməyə vermişdir. İslamova Şəmsiyyə müəllimə isə nəvələrinin məktəbə gəlməmələri ilə bağlı müraciət etmişdir. Biz ona dedik ki, məktəbdə bu məsələlərə necə ciddi münasibət var, siz bilirsiniz. Keçən tədris ilində onsuz da övladlarınız məktəbə müntəzəm gəlmirdilər. Onda niyə icazə alırdınız? İşlərin belə qarışdığı halda belə risk edirsiniz? O, cavab verdi ki, məktəbə xələl gətirən addım atmaram, indi ki, məsələ belə həddə çatıb, onda mən də övladlarımı bu məktəbdən apararam. Şəmsiyyə müəllimə kövrələrək komissiya üzvlərinin gözü qarşısında otağın qapısını çırparaq otaqdan çıxdı. Şantaj etmək üçün səs yazmaq məqsədilə direktorun yanına getdiyini boynuna almadı. Nəcəfova Elmiranın şikayəti zamanı, Elmira müəllimə bildirdi ki, dərs dediyi XD sinfində Svetlana Hüseynova ilə aramızda münaqişə yaşadıq. Svetlana Hüseynova məni sinifdən çıxararaq telefonla mənim videomu və səsimi yazaraq mənə lazımsız suallar verildi: Niyə bu şagird, niyə dərsə gəlmir? Bu kimin adamıdır? Bunun dərsə gəlməməsinə kim cavabdehdir? və s. Svetlana Hüseynova mənim haqqımda çəkdiklərini Rasimə Hüseynovanın vasitəsi ilə orqanlara yaymışdır. Bu məsələ mənim ailəmin dağılmasına səbəb ola bilərdi. Nəcəfova Elmira deyir ki, “gedək Afaq xanımla bu məsələni araşdıraq”. Bu ifadə Svetlana Hüseynovanın xoşuna gəlmədi. O, məni təhqir və təhdid edərək bildirdi ki, “mən səni sürüm-sürüm süründürəcəyəm, səni məktəbdən çıxartdıracağam, sənin başına oyun açacağam”. Məni təhdid edərək, direktorun əleyhinə video və səs yazısı aparmışdır. Komissiya üzvü Ağayeva İradə söhbətə müdaxilə etdi. Mən belə qənaətə gəlirəm ki, Svetlana bizim danışıqlarımızı kəsib-montaj edir. Biz bu gündən sonra qorxa-qorxa yaşamalıyıq. Elmira Nəcəfova bildirdi kı, istəyirəm mənə aid olan bu haqsızlığa son qoyasınız. Məktəbin hərbi rəhbəri Əhmədov Nəsimini səs yazısı ilə bağlı dindirən zaman onun məktəbdə gedən məsələlərdən məlumatı olmadığını bildirdi. Heç nə ilə maraqlanmıram. Komissiya sədri Valeh müəllim ona bildirəndə ki, bizim işimiz komissiya üzvləri məktəbdə yaranan neqativ hallara münasibət bildirməkdir. Nəsimiyə sual verəndə nə üçün telefonu iclas keçirən zalda qoymusan, cavab verdi ki, mən telefonumu otaqda enerji yığmağa qoymuşdum, özümdə otaqdan çıxmışdım. Telefon zəng çalır, komissiya üzvlərindən Sevinc onu çağırır və Nəsimi də gəlir telefonunu götürür. Başqa heç nədən xəbərim və anlayışım yoxdur. Araşdırma komissiyası belə qərara gəlir ki, məktəbdə baş verən bu xoşagəlməz hadisələrlə bağlı müəllimlərimiz də sui-istifadə edərək, məktəbə kömək əvəzinə, məktəbin imicinə xələl gətirirlər. Məhsəti müəllimin dərs verilməzsə “partlayış” olacaq deməsi, Şəmsiyyə müəllimənin direktora nəvələrinin məktəbə gəlməmələrini və yola verməyini deməsi, Svetlana müəllimənin Elmira Nəcəfovanı təhqir və təhdid etməsi, Nəsimi müəllimin telefonu iclas otağında saxlanılması məktəbin işinə və şikayətlərin çoxalmasına və oranı bir az da qarışdırmağa aparan qarşıdurmanı daha da sürətləndirən bir vasitədir. Araşdırma komissiyası öz işini bitirməyib, yoxlamalar davam edəcək. Komissiya üzvləri yuxarıda adları çəkilən müəllimlərə öz rəylərində bildirirlər ki, Məhsəti və Şəmsiyyə müəllimlərə səlahiyyətlərini aşdıqlarına görə yazılı xəbərdarlıq edilsin. Hərbi rəhbər Nəsimi müəllimə əmək funksiyalarının yerinə yetirilməməsinə və araşdırma komissiyasının işinə maneçilik etməsinə görə töhmət elan olunsun. Araşdırma komissiyası belə qərara gəlir ki, məktəbdə baş verən hadisələrə son qoymaq lazımdır. Məktəb öz normal həyatına qayıtmalıdır. Buna görə də aşağıdakı tələbləri irəll sürür və gündəmə gətirir, faktları nəzərə alaraq Pedaqoji Şura tərəfindən müvafiq qərar alınmasını təklif edir: 1. Valideynlərin və şagirdlərin psixoloji təzyiq və zorakılıqlarla bağlı şikayətləri;

2. Müəllim və rəhbər heyətinin Svetlana Hüseynova tərəfindən təhqirlərə, təhdidlərə, şantaj və qısmalara məruz qalması ilə bağlı şikayət və aktlar; Məsələn: R.Məmmədova, E.Ramazanova, A.Zeynalova, A.Qasımzadə, V.Cəbrayılov, E.Nəcəfova, psixoloqlar D.Balaoğlanova, Ş.Avdıyeva və digərləri; 3. Svetlana Hüseynova tərəfindən məktəbin rəhbər heyətinin, müəllimlərin, valideynlərin, şagirdlərin, video səs yazıları, foto çəkilişlərin aparılması haqqında şikayət ərizələri və aktlar (Məsələn Nəriman, Elnurə, Elmira); 4. Məktəbin digər müavinlərinin və müəllimlərinin əvvəlki əməlləri ilə şantaj və təhdid olunması haqqında şikayət ərizələri; 5. Məktəb və məktəbin direktoru haqqında əsli olmayan şayələr yaymaq, vəzifəli şəxs haqqında mənfi ictimai rəy formalaşdırmaq cəhdləri; 6. Məktəb direktoru haqqında digər heyət üzvləri yanında təhqiramiz ifadələr, qeyri-etik ifadələr işlətmək, vəzifəli şəxsi gözdən salmaq cəhdləri; 7. Çirkin niyyətlərini həyata keçirmək uçun digər müəllimləri ətrafına toplamaqla 7 (yeddi) nəfərlik dəstə təşkilatlanmış hərəkətlər etmək; Məktəbdəki sağlam işgüzar mühiti pozmaq, yersiz dediqodular, şər böhtan dolu söhbətlər aparmaqla məktəbin təhlükəsizliyinə və iş prosesinə ciddi xələl gətirmək; 9. Oz mənafeyi naminə tabeliyində olan bir neçə kadrdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşmaq, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin nüfuzuna və şəxsiyyətinə zərər vermək. 10. Məktəb heyətinin yeni tədris ilinə hazırlaşdığı ərəfədə müəllimlər, valideynlər, rəhbər arasında ruh düşkünlüyü, psixoloji gərginlik, emosional dağınıqlıq yaratmaq; 11. Şəxsi mənafeyi naminə məktəbin (xüsusi ilə özünə cəlb etdiyi C.Əsgərova, R.Hüseynovanı) valideynlərlə məqsədli görüşlər, telefon danışıqları aparmaqla, məktəbin nüfuzuna xələl gətirmək, mənfi rəy formalaşdırmaq. Yuxarıda sadalananları nəzərə alaraq, şura üzvlərindən xahiş olunur ki, direktor müavini Svetlana Hüseynova barəsində ciddi tədbir görülməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, işdə qalıb-qalmamasına baxılması üçün BŞTİ-yə təqdimat verilsin. Araşdırma komissiyasının 9 üzvü verdikləri rəyə görə imza edirlər. 1. Cəbrayılov V.A. (imza), 2. Bağıyeva S.Z. (imza), 3. Nəcəfova N.T. (imza), 4. Qasımzadə A.Ş. (imza), 5. Qasımova S. (imza), 6. Ağayeva İ.M. (imza), 7. İmanova S.Q. (imza), 8. Babanlı T.B. (imza yoxdur), 9. Mehdiyeva İ.K. (imza). -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 14 sentyabr 2023-cü il tarixli Pedaqoji Şurasının qərarından çıxarışdan görünür ki, məktəbin şagird, müəllim və rəhbər heyətinin çoxsaylı şikayətləri nəzərə alınaraq direktor müavini Svetlana Hüseynovanın əməllərinə qiymət verilməsi, barəsində tədbir görülməsi tələblərinə əsasən aparılan araşdırma və yoxlamaların nəticələri təqdim olunmuşdur. 5-ci paraqraf: 1. 201 nömrəli tam məktəb üzrə 05 avqust 2023-cü il tarixli 664 nömrəli əmrə əsasən yaradılmış komissiyanın arayışı və sədri Afaq Əliyevanın hesabatı qəbul olunsun. 2. 201 nömrəli tam məktəb üzrə 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrə əsasən yaradılmış Araşdırma Komissiyasının, məktəbin Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin arayışı və təkliflər qəbul olunsun. Yoxlama və araşdırma nəticəsində aşkar olunmuşdur ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevtlana Hüseynova əmək funksiyalarını yerinə yetirməmişdir: Heç vaxt tədris və metodiki işləri tam və müstəqil olaraq həyata keçirməmişdir; tədris planları və proqramların (kurikulumlar) yerinə yetirilməsi üzrə müəllimlərin, fənn birləşmə rəhbərlərinin metodiki fəaliyyətini istiqamətləndirməmişdir; tədris proqramlarında müvafiq qiymətləndirmə nəticələrinə əsasən və ya başqa səbəbdən heç bir təklif verməmişdir; təlim-tərbiyə prosesinin, həmçinin məşğələlərin keyfiyyətli təşkilinin həyata keçirilməsi üçün əməli fəaliyyət göstərməmiş, müəllimlərlə onların zəif cəhətlərini, yol verdikləri nöqsanları konstruktiv olaraq aradan qaldırmaq üçün işləməmişdir; məsuliyyətində olan rus bölməsinin tədris və təlim-tərbiyə məşğələlərinin cədvəllərini tərtib edərək direktora təqdim etməmişdir, onun əvəzinə bu işi həmişə digər müavinlər edir; Metodiki Şurada iştirak edərkən yalnız qeyri-konstruktiv, müəllimləri psixoloji təyziq altında saxlayan, onların cuzi səhvlərinə görə əməkhaqqlarının kəsilməsini vurğulayan, məktəb heyətində hiddət doğuran cəza xarakterli aqressiv təkliflər irəli sürmüşdür; təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədi ilə səmərəli bir layihə verməmiş, hətta təklif belə etməmişdir; qabaqcıl təcrübənin öyrənilməsi, yayılması, gənc müəllimlərlə, valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər görməmişdir; müəllimlərin sertifikasiya hazırlığı zamanı və yaxud təlim prosesində qarşılaşdıqları problemlərin müzakirəsi, inkişafetdirici təlimlərə və ya ixtisasartırmaya cəlb olunmaları üçün nə tədbir görmüş, nə də təklif vermişdir; fənn kurikulumlarının tətbiqi, məktəbdaxili qiymətləndirmə, planlaşdırma, valideynlə iş və digər istiqamətlərdə müəllimləri məlumatlandırmaq, təlimatlandırmaq, təqdimat etmək, seminar və yaxud təlim keçirmək və s. kimi əməli fəaliyyətləri olmamışdır. Belə ki, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, planlaşdırma və qiymətləndirmə ilə bağlı bütün məsələləri direktor özü həll etmişdir, və s.; bir il altı ay ərzində Svetiana Hüseynovanın yerinə yetirdiyi iş yalnız monitorinqiər və yoxlamalar olmuşdut. Bir şərtlə ki, monitorinq meyarlarını, məqsədlərini, indikatorları, statistikanın və nəticələrin təhlilini direktor aparmış, konstruktiv təklifləri direktor vermiş, prosesi isə fənn birləşmə rəhbərləri həyata keçirmişdir. Bu prosesdə S.Hüseynovanın rolu texniki icraçılıqdan başqa bir şey olmamışdır. Bunu müvafiq akt və məlumatlar dav təsdiq edir. Xüsusilə vurğulamaq lazımdır ki, kompüterdə heç bir bacarıqlara malik olmayan müavinin hesabatlarını və təqdimatlarını coğrafiya müəllimi, ona yaxın olan kadrı Məhərrəm Sadıqov icra etmişdir; direktor müavini Sevtlana Hüseynova qanunverici tələblərə uyğun olaraq təlim-tərbiyə işləri üzrə direktor müavininin bilməli olduğu məlumatlara və müasir biliklərə qətiyyən malik deyil (yalnız Cinayət Məcəlləsinin 308-311 maddələrini əzbərlərini əzbərləyib - təhdid üçün), innovasiyalar, fənn kurikulumları, fəal təlim, müasir təlim strategiyaları, şəxsiyyətyönümlülük və şagirdyönümlülük prinsipləri haqqında heç bir anlayışı yoxdur. Müəllim kimi standartəsaslı və nəticəyönümlü dərs qura bilmir; israrla tələb olunmasına baxmayaraq varlığı şübhəli bilinən müvafiq təhsil haqqında diplomu və kurikulum sertifikatını təqdim etmir; “X22 Qaydaları”nı kobud şəkildə pozur. Təhqir, təhdid və şantajdan intensiv olaraq istifadə edir, məktəbdə çaxnaşma, depressiv ab-hava yaradır. Dərs apardığı siniflərdə valideynlər uşaqların döyülməsindən, fiziki şiddətindən, uşaqlara pis təsir və bullinqdən onlarla şikayət var. Daima müəllimlərə təziq etməklə izahat yazdırmaq, kiminsə əleyhinə məlumat toplamaqla böhtan xarakterli “faktlar” toplayır; sosial şəbəkələrdə və “whatsap” üzərindən böhtan, şantaj xarakterli paylaşımlar edir. Video, səs yazıları, foto çəkilişi aparmaqla müəllim və şagirdlərin hüquqlarını pozur. Müəllimlərə təzyiq göstərməklə, müxtəlif bəhanələrlə pul əldə edir. Müəllimləri və həmkarlarını əvvəlki əməlləri ilə təhdid edir. Şəxsi mənafeyini qorumaq üçün ətrafına 6 nəfər keyfiyyətsiz kadr toplamış, məktəb, rəhbər heyəti, müəllimlər və Bakı Şəhəri üzrə Təhsil idarəsi əleyhinə böhtan və qaralama kompaniyası aparmaqla məşğuldur. Pedaqoji Şura qərara alır: Qeyd olunanları nəzərə alaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Svetlana Hüseynovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdimat hazırlansın, işdə qalıb-qalmaması məsələsi müzakirə olunsun. Məhkəmənin baxış iclasında iş materiallarında olan 01 ədəd “CD-R” formatlı diskə əlavə edilmiş səs yazısı dinlənilmiş, həmin səs yazısının Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 14 sentyabr 2023-cü il tarixdə keçirilmiş Pedaqoji Şurasının iclasında qeydə alındığı, Bakı şəhəri 201 nömrəli tam orta məktəbin 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrinə əsasən yaradılmış Araşdırma Komissiyasının yekun rəyinin komissiyanın üzvü X23 tərəfindən elan edilməsi müəyyən edilmişdir. Hansı ki, həmin səs yazısında, xüsusi ittiham qaydasında şikayətin verilməsinə əsas olmuş “Svetlana Hüseynovanın məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərini həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfinə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olmuşdur” ifadələri səsləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 32.2 və 32.2.3-cü maddələrinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir; 138.1 və 138.2-ci maddələrinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir; təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının: 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. 3-cü bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır; 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir; 6-cı bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 vəLingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). 20-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı CPM-nin XLİİ fəslində nəzərdə tutulmuş qaydalara əməl edilməklə keçirilir və xüsusi ittihamçı ittihamdan imtina etmədikdə və ya təqsirləndirilən şəxslə barışmadıqda hökmün (bəraət və ya ittiham hökmünün) çıxarılması ilə başa çatdırılır. Məhkəmənin hökmü CPMnin 349-354-cü maddələrinin tələblərinə cavab verməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosessual Məcəlləsində (bundan sonra-CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin şərəf və ləyaqəti onun fundamental dəyəridir. Bu səbəbdən, şərəf və ləyaqət milli və beynəlxalq hüquqla qorunur və şərəf və ləyaqətə qəsd cinayət və ya mülki məsuliyyətə səbəb olur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs X1 olduğu, 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrə əsasən yaradılmış Araşdırma Komissiyası “Svetlana Hüseynovanın məqsədi şəxsi mənafeyi və çirkin niyyətlərini həyata keçirmək naminə vəzifə səlahiyyətlərini aşaraq, özünə yaxın olan müəllimləri öz tərəfinə çəkib, məktəb və məktəbin direktoru, rəhbər heyəti barəsində təhqiramiz ifadələr, şər-böhtan dolu söhbətlər apararaq məktəbin təhlükəsizliyinə xələl gətirmək, öz əməllərini örtmək üçün digər heyət üzvlərinin şəxsiyyətinə zərər vermək, vəzifəli şəxs barəsində mənfi rəy formalaşdırmaq olmuşdur” məzmunlu yekun rəyə gəlmiş, bu rəy isə Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin məktəb rəhbərliyinin və kollektivin üzvlərinin iştirak etdiyi Pedaqoji Şuranın 14 sentyabr 2023-cü il tarixli iclasında səsləndirilməklə yayılmışdır ki, bu da həmin məlumatların kütləvi çıxış formasında yayılması hesab olunur. Hansı ki, bu sözlər və ifadələr, barəsində işlədilmiş X6 münasibətdə böhtan xarakterli olmaqla, həmin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmişdir. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət məhz Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən, Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin 14 sentyabr 2023-cü il tarixli Pedaqoji Şurasının iclasında böhtan xarakterli məlumatların səsləndirilərək yayılması ilə bağlı verildiyindən cinayət əməlinin törədilmə vaxtı və yeri kimi həmin vaxt və yer göstərilməklə buna dair sübutlar təqdim edilmiş, təqsirləndirilən şəxsin əməlinə bu göstərilənlər və sübutlar əsasında hüquqi qiymət verilmişdir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Nəzərə alınmalıdır ki, böhtan və ya iftira - olmayan bir şeyi olmuş kimi təqdim etmək hesab olunur. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. Bu baxımdan məhkəmə qeyd edir ki, işə baxılarkən ekspertiza təyin edilməsi zərurəti o zaman yarana bilərdi ki, araşdırılan məsələlərin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Hazırkı halda məhkəmə törədilmiş əməldə cinayətin əlamətlərinin olmasını müəyyən edərkən, məhkəmə təcrübəsinə müvafiq olaraq, toplanmış sübutları tədqiq etməklə yanaşı, “Azərbaycan dilinin izahlı lüğəti”nə də nəzər salmış, təqsirləndirilən şəxs X1 olduğu komissiyanın xüsusi ittihamçı X4 barəsində verdiyi və 14 sentyabr 2023-cü il tarixdə məktəbin Pedaqoji Şurasının iclasında səsləndirilmiş rəydə ifadə edilmiş məlumatların məzmun və ifadə tərzi baxımından X4 şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsini xüsusi bilik tələb edilmədən, məhkəmə-linqvistik ekspertizasının keçirilməsinə hər hansı zərurət görmədən, yəni cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla müəyyən etmişdir. Həmçinin, X10 həmin ifadələrin böhtan, yəni yalan olduğunu bilə-bilə X4 şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi çıxışda yaydığını faktiki olaraq etiraf etmişdir, belə ki, o, 28 sentyabr 2023-cü il tarixdə Bakı Baş Təhsil İdarəsinin müdirinə ünvanladığı, demək olar ki, rəylə eyni məzmunlu yazılı müraciətində qeyd etmişdir ki, “Bu ərizəni öz adımdan yazsam da AHİK-nin bütün üzvləri ilə müzakirə edib yazmışam. Onlar da öz fikirlərini və rəylərini bildiriblər. Ona görə də komissiyanın bütün 9 üzvü təsdiqləyir və imza edirlər”. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi baxımından insan ləyaqəti qorunur və ona hörmət edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Eləcə də, İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və 1966-cı il mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda da həmin qaydada fikir ifadə edilmişdir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulur ki, “…mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, …qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən müəyyən olunmuş presedent hüququna görə faktlar və qiymətləndirici mülahizələrin diqqətlə fərqləndirilməsinə ehtiyac var. Faktların mövcudluğu nümayiş etdirilə bildiyi halda qiymətləndirici mülahizənin həqiqiliyi sübut oluna bilən deyil (bax, Lingens v. Austria, judgment of 8 July 1986, Series A no. 103, p. 28/46). İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. “Mülki və Siyasi Hüquqlar haqqında” Beynəlxalq Paktın müqəddiməsinə əsasən bu hüquqlar insan şəxsiyyətinə xas olan ləyaqətdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli Qərarına əsasən şəxsi həyat sirrinin qorunması hüququ ailədə, qohumlar, dostlar arasında əlaqələrdə, insanlar arasında azadlıqda ifadəsini tapır. Düşüncə tərzi, siyasi və sosial dünyagörüş, məşğuliyyət və yaradıcılıq da şəxsi həyatın təzahürlərinə aiddir. İnsanın şəxsi həyatı, şəxsi və ailə sirri, şərəf və təmiz adı qanunun müdafiəsi altındadır. Qanunda nəzərdə tutulduğu hallardan başqa insanın hüquqlarından istifadəsinə müdaxilə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Halbuki, təqsirləndirilən şəxs X1 olduğu komissiyanın verdiyi rəydə xüsusi ittihamçı X6 münasibətdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlar həmin şəxslərin işlədiyi orta məktəbin Pedaqoji Şurasının 14 sentyabr 2023-cü il tarixli iclasında səsləndirilməklə yayılmışdır. Həmin məlumatların əks olunduğu rəyin məhz X10 tərəfindən iclasda səsləndirilməməsi isə, onun xüsusi ittihamçı X6 münasibətdə yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları yaymaması hesab oluna bilməz. Bundan başqa, 30 avqust 2023-cü il tarixli 657 nömrəli əmrə əsasən yaradılmış Araşdırma Komissiyasının qanuni əsaslarla yaradılıb-yaradılmaması ilə bağlı məsələ hazırkı icraatın predmeti olmamaqla nəzərə alınmalıdır ki, qanuni və ya qanunsuz olmasından asılı olmayaraq komissiyanın yaradılmasında məqsəd, Bakı şəhəri 201 nömrəli tam orta məktəb üzrə iyul, avqust, sentyabr aylarında valideyn, şagird və məktəbin pedaqoji heyətindən daxil olmuş şikayətlərin araşdırılması olmuşdur, iş üzrə rəyin verilməsi və gəlinmiş nəticə, orada işlədilən ifadələr isə komissiya üzvlərinə, o cümlədən komissiyanın sədri X7 məxsus olmaqla onlar tərəfindən imzalarla bu barədə rəy təsdiq edilmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı X7 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz X5 aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Bununla da, məhkəmə xüsusi ittiham qaydasında işlə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə iştirak edən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, hesab edir ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ifadələr və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Xüsusi ittihamçı X4 şikayəti əsasında X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə məhkəməyə verilməsi qanuni və əsaslı olmuşdur, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Bununla bağlı məhkəmə qeyd edir ki, baxılan icraat üzrə məhkəmə müşavirə otağına gedənədək həmin əsasla işə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir, belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X5 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 147.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, X5 məhkumluğu haqqında məlumat yoxdur; -Bakı şəhəri üzrə Təhsil İdarəsi 201 nömrəli tam orta məktəbin direktoru tərəfindən 30 yanvar 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, X10 işlədiyi dövr üzrə müsbət xarakterizə olunur; -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 24 yanvar 2025-ci il tarixli 341 nömrəli arayışından görünür ki, X2 qəsəbəsi Subtropik sovxoz küçəsi ev 102 ünvanında pasport qeydiyyatındadır; -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 24 yanvar 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, X10 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. -Vəsiqələrin surətindən görünür ki, baş leytenant X27 “Kəlbəcərin azad olunmasına görə” medalı və hərbi xidmətdə fərqlənməyə görə müvafiq medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxs X5 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri və cinayət əməlinin baş verdiyi dövrdə işlədiyi iş yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə təqsirləndirilən şəxs X5 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmənin qənaətinə görə, bu qeyd edilənlər və işin faktiki halları baxımından təqsirləndirilən şəxsə xüsusi ittiham qaydasında şikayətdə tələb olunan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə əsaslar yoxdur. Buna görə də, təqsirləndirilən şəxsə əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudunda cərimə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X10 hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Məhkəmə qeyd edir ki, X5 təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilməsi zamanı və sonrakı mərhələdə onun barəsində qətimkan tədbiri seçilməmişdir, ona görə hazırda da qətimkan tədbiri ilə bağlı məsələ müzakirə və həll edilmir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır, lakin içərisində səs yazıları olan 01 ədəd disk materialın saxlanma müddəti ərzində işdə saxlanılmalıdır, iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiəsi üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, digər vəkil isə müqavilə əsasında təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirdiyindən qeyd olunan əsasla əmək haqqı ödənilməsi məsələsi müzakirə edilmir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. İçərisində səs yazılarının əks olunduğu “CD-R” formatlı 01 ədəd disk materialın saxlanma müddəti ərzində işdə saxlanılsın. X7 məhkəmə icraatı zamanı 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X19 müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar