Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-200/2021 24.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1986-cı il tarixdə Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, rəsmi nikahda olmayan, faktiki ailə münasibətlərindən 4 azyaşlı uşağı olan, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, ev 131, mənzil 16-da yaşamış, 08 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 oktyabr 2020-ci il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 yanvar 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurlamağa təkrarən cəhd etmiş, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edərək saxlayıb, daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən ikimərtəbəli həyət evinin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb qanunsuz evə daxil olaraq oradan dəyəri 300 manat olan 100 metr 0,15 mm-lik elektrik kabelini, dəyəri 210 manat olan 300 metr 0,06 mm-lik elektrik kabelini, dəyəri 150 manat olan çilingər alətlərini, dəyəri 100 manat olan Bakı istehsalı kondisioneri, ümumilikdə dəyəri 1500 manat olan iki ədəd xarici istehsal olan kondisioneri, ümumilikdə dəyəri 500 manat olan iki ədəd qaz ilə işləyən su qızdırıcısını, ümumilikdə dəyəri 800 manat olan iki ədəd 3 fazalı elektrik mühərrikini və dəyəri 50 manat olan tavan sərinkeşini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3610 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan yay otağından divara bərkidilmiş vəziyyətdə olan 2000 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, hər birinin qiyməti 100 manat olan, ümumilikdə 200 manat dəyərində 2 ədəd dəmir vazanı, daha sonra həyətyanı sahədə olan ikimərtəbəli yaşayış evinin giriş dəmir qapısının kilidini sındırıb qanunsuz olaraq evə daxil olub evin qonaq otağının sol tərəfində televizor altlığının üzərində olan 1500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, evin eyvanında olan 1000 manat dəyərində bir ədəd qədim samovarı, ümumilikdə 400 manat dəyərində olan mis qazanı, kəfkir və məcməyini, evin ikinci mərtəbəsinin dəhlizində olan televizor altlığının üzərindən 500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, daha sonra həyətyanı sahədə evin arxa hissəsində olan 450 manat dəyərində “SPA” markalı su motorunu və həyətyanı sahədə olan 80 manat dəyərində manqalı, ümumilikdə 6130 manat dəyərində malları gizli olaraq talayıb oğurlamaqla həmin gün Sabunçu rayonu ərazisində tanımadığı şəxsə 480 manat pul müqabilində satmış, bundan sonra öz cinayətkar fəaliyyətini davam etdirərək 13 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yenidən Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib, əvvəlcədən oğurlayıb evin həyətyanı sahəsinə yığdığı 500 manat dəyərində 1 ədəd “LG” markalı Kareoke aparatını, 200 manat dəyərində “Samsung” markalı musiqi cihazını və 120 manat dəyərində şirəçəkən cihazı torbaya yığıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 820 manat dəyərində əmlakı gizli olaraq talamaq istəyən zaman həmin bağ evinin gözətçisi Şahid3 tərəfindən hadisə yerində saxlanılmış, Zərərçəkmiş şəxs1 ümumilikdə 6950 manat dəyərində xeyli miqdarda əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, xalis çəkisi 0,476 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 25 yanvar 2021-ci il tarixdə saat 11:20 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 7 saylı binanın zirzəmisində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında yerləşən 24-cü PŞ-nə gətirilmiş və şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülü halda təmiz çəkisi 0,476 qram olan ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən müxtəlif növ narkotik vasitələrdən şprits vasitəsi ilə damarına vurmaqla və falqa vasitəsi ilə iyləməklə istifadə edir. Uzun müddətdir ki, Zığ qəsəbəsində tanımadığı şəxsdən “şüşə” kimi tanıdığı metamfetamin narkotik vasitəni alıb istifadə edir. Həmin şəxsi o, ilk dəfə Zığ qəsəbəsində görmüş və həmin vaxtlardan Zığ qəsəbəsinə gedib həmin şəxsdən narkotik vasitələr alır. Uzun müddətdir ki, narkotik vasitə qəbul etdiyindən özünə məxsus mobil telefonunu sataraq narkotik vasitə alıb istifadə etmiş və sonradan pulu olmadığı üçün mobil telefon ala bilməmişdir. Təxminən 21-22 yanvar 2021-ci il tarixdə axşam saatlarında yenə də Zığ qəsəbəsinə gedib orada narkotik vasitə satan şəxsi tapıb ondan 15 manat pul verib “şüşə” kimi tanıdığı narkotik vasitə almışdır. Bundan sonra həmin narkotik vasitədən az miqdarda istifadə etmiş, qalan hissəsini gümüşü rəngli falqaya büküb üzərində gəzdirmişdir. Gününün çox hissəsini “8-ci kilometr” ərazisində olmuş, həmin ərazidən metal yığıb “Ulduz” metrostansiyasının yaxınlığında olan metal qəbulu məntəqəsinə verərək pul qazanmışdır. 25 yanvar 2021-ci il tarixdə saat 11 radələrində o, tanımadığı, ünvanını sonradan bildiyi Nizami rayonu, Cəmşid ünvan 3rzəmisinə daxil olub orada cibində gəzdirdiyi narkotik vasitəni istifadə etmək istəyən zaman bir neçə nəfər mülki geyimdə şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirib ona öz xidməti vəsiqələrini göstərərək narkotik vasitə istifadəçisi olduğundan şübhəli bilindiyi üçün Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmiş, şöbədə ona hüquq və vəzifələri izah olunduqdan sonra dövlət vəsaiti hesabına vəkil təyin edilmiş və videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli folqaya bükülü vəziyyətdə olan şüşə kimi tanıdığı metamfetamin narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, uzun müddətdir istifadəçisi olduğunu bildirmişdir. Polis işçiləri bu barədə protokol tərtib etmişlər, tərtib edilmiş protokola o da imza etmişdir. Bundan başqa 12 sentyabr 2020-ci il tarixdə gündüz saat 2-3 radələrində Nizami rayonu, Çobanzadə küçəsində yerləşən “Cənnət” restoranının yaxınlığından keçən zaman ikimərtəbəli evi görüb ora yaxınlaşmış, evin pəncərələrinin olmadığını, evdə heç kimin yaşamadığını görüb pəncərədən evə daxil olmuşdur. Evə girdikdən sonra otaqda bir ədəd paltaryuyan maşına aid olan motor, bir ədəd köhnə kondisionerin arxası və 5-7 metr uzunluğunda aliminum kabel olduğunu görmüşdür. Sonra həmin evin giriş qapısına yaxınlaşıb qapısını içəridən açmış, bir qədər orada gözlədikdən sonra evə heç kəsin gəlmədiyini və tam olaraq sahibsiz olmasını yəqin etdikdən sonra evdən götürdüyü əşyaları qapının yaxınlığına gətirmiş, həmin əşyaları tək özü apara bilməyəcəyini görüb istifadəsində olan mobil telefonu götürərək əvvəllər əlvan metal satdığı məntəqə sahibinə zəng edərək bir qədər metalı olmasını bildirmiş və ondan dəmirləri daşımaq üçün bir avtomobil göndərməsini xahiş etmişdir. Həmin şəxs avtomobil göndərəcəyini bildirmiş, təxminən bir neçə dəqiqədən sonra onun mobil telefonuna tanımadığı nömrədən zəng gəlmiş, adının sonradan Ruslan olduğunu bildiyi şəxsə mobil telefonda olduğu evin ünvanını başa salmış, təxminən bir neçə dəqiqədən sonra Ruslan həmin yerə gəlmişdir. Evdən oğurladığı malları Ruslanın köməkliyi ilə həmin şəxsə məxsus avtomobilin yük hissəsinə yerləşdirmişdir. Kabeli evin qarşısından götürən zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq ondan kim olmağını soruşmuş, həmin şəxsə onu ev sahibinin göndərməsini və orada olan bəzi əmlakları daşımağı tapşırmasını bildirmişdir. Həmin şəxs ev sahibinin harada olmasını soruşarkən, ev sahibinin evin arxa hissəsində olmasını demişdir. Həmin şəxs evin arxa hissəsinə keçən zaman əlində olan kabeli də avtomobilin yük yerinə qoyaraq Ruslana avtomobili sürməsini bildirmişdir. Suraxanı rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə gedərək oğurladığı əmlakları 150 manata satmışdır. Əlvan metal qəbulu məntəqəsinin sahibinə oğurluq barəsində heç bir söz deməmiş, yolda olan zaman taksi sürücüsü Ruslana evin özünə məxsus olduğunu və həmin əşyaların köhnəldiyini bildirmişdir. Bundan başqa 13 dekabr 2020-ci il tarixdə təxminən saat 12 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsinə getmiş, orada dəniz yolu ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxt həyət darvazası paslanmış vəziyyətdə olan bir ev diqqətini cəlb etmiş, darvazaya yaxınlaşıb yoxlamış, darvazanın bağlı vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evdə heç kəsin olmadığını dəqiqləşdirmək məqsədilə hasardan boylanaraq ağzına gələn adam çağırmışdır. Səsə cavab verən olmadığına, həyətin tamamilə baxımsız vəziyyətdə olduğuna, uzun müddət adam yaşamadığına, evdə heç kəsin olmadığına tam əmin olduqdan sonra hasardan aşıb həyətə daxil olmuşdur. Əvvəlcə həyətdəki hovuzun baş tərəfindəki taxta otağa yaxınlaşmış, açıq vəziyyətdə olan plastik pəncərəsindən taxta otağa daxil olmuş, orada divardan asılmış televizoru çıxardaraq aparıb həyətə qoymuşdur. Daha sonra ikimərtəbəli evin giriş qapısına yaxınlaşmış, evin qırmızı rəngli dəmirdən olan qapısının tutacağından tutub dartaraq qapını açıb evə daxil olmuşdur. Birinci mərtəbədə oğurlanası bir şey tapmamış, buna görə də pilləkənlə ikinci mərtəbəyə qalxmış, həmin yerdə televizor altlığının üzərində olan bir ədəd televizoru, köhnə əşyalarının yığıldığı otaqdan isə bir ədəd samovar, bir ədəd qazan, bir ədəd kəfkir və bir ədəd məcməyi götürüb həyətə yığmışdır. Daha sonra evdən götürdüyü yapışqan lentlə oğurladığı iki ədəd televizoru bir-birinə bağlayıb parçaya bükmüş, samovarı, qazanı, kəfkiri və məcməyini isə həmin yerdən tapdığı bir ədəd iri ölçülü zənbilin içərisinə yığmışdır. O, evdən musiqi mərkəzi, karaoke aparatı və şirəçəkən cihazı da götürsə də, onları oğurladığı digər əşyalarla birlikdə apara bilməyəcəyindən sonra gəlib aparmaq məqsədilə həyətdə saxlamış, daha sonra həyətin arxa tərəfində olan kiçik ölçülü dəmir qapının kilidini dəmir parçası ilə sındıraraq qapını açıb oğurladığı əşyaları çıxarıb piyada maşın yoluna gəlmişdir. Təxminən həmin yerdə 15-20 dəqiqə dayanıb taksi gözləmiş, sonra yoldan keçən taksilərdən birini saxladaraq Sabunçu bazarına getmişdir. Həmin vaxt bazar bağlı olmuş, orada bir nəfər qadın taparaq əşyaları göstərib, maddi vəziyyəti ilə əlaqədar şəxsi əşyalarını satdığını bildirmişdir. Tanımadığı qadına əşyaların hamısını birlikdə 750 manata satdığını bildirmişdir. Tanımadığı həmin qadın üzərində cəmi 500 manat pulu olduğunu bildirib 20 manatı özünə götürmüş, ona 480 manat pul vermişdir. Əldə etdiyi pul onu qane etməmiş, oğurluq etdiyi evin həyətinə yığdığı və daha əvvəl digər əşyalarla birlikdə apara bilmədiyi musiqi mərkəzini, Kareoke aparatını və şirəçəkən cihazı da götürmək məqsədi ilə həmin gün saat 17 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən oğurluq etdiyi evə qayıtmışdır. Sındırdığı qapıdan həyətə daxil olmuş, musiqi mərkəzini, Karaoke aparatını və şirəçəkən cihazı götürüb torbaya yığarkən tanımadığı bir nəfər kişi ona yaxınlaşaraq kim olduğunu və həyətdə nə etdiyini soruşmuşdur. Həmin şəxsə usta olduğunu, onu ev sahibinin göndərdiyini, qapıların kilidlərini düzəldəcəyini bildirmişdir. Həmin şəxs mobil telefonu ilə kiməsə zəng edərək əvvəlcə özü danışmış, daha sonra telefonu ona vermişdir ki, onunla danışsın. Telefonda onunla danışan şəxs ondan kim olduğunu soruşarkən usta olduğunu, qapıların kilidlərini düzəltməyə gəldiyini bildirmiş, telefonda danışan şəxs bir saata həmin yerə gələcəyini dedikdən sonra, vəziyyətin qəlizləşdiyini görüb heç nə oğurlamadan sakitcə həyətdən çıxaraq qaçıb getmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğurluqları pula ehtiyacı olduğuna görə törətdiyini, narkotiki isə uzun müddətdir istifadə etdiyindən əldə etdiyini, əməllərindən səmimi peşmançılıq çəkdiyini, maddi imkanı olmadığına görə zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəyə bilmədiyini, rəsmi nikahı olmasa da birlikdə yaşadığı həyat yoldaşı ilə birgə münasibətlərindən 4 azyaşlı uşağı olduğunu, uşaqlarının onun himayəsində olduqlarını, ailədə ondan başqa işləyən olmadığını göstərmiş və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Həmin ünvanda yaşayış olmasa da, faktiki yaşadığı evdə istifadə etmədiyi əşyaları gətirib həmin evə yığmışdır. 12 sentyabr 2020-ci il tarixdə Şamaxı şəhərində olarkən qohumu Şahid4 mobil telefon vasitəsi ilə zəng edərək ona məxsus yaşamadığı evdən oğurluq olduğunu bildirmişdir. O, dərhal bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Təxminən bir neçə gün sonra isə hadisə ilə əlaqədar ünvan 5 ünvanında yerləşən evə getmiş, orada olarkən evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, oradan dəyəri 300 manat olan 100 metr 0.15 mm-lik elektrik kabelinin, dəyəri 210 manat olan 300 metr 0,06 mm-lik elektrik kabelinin, dəyəri 150 manat olan çilingər alətlərinin, dəyəri 100 manat olan Bakı istehsallı kondisionerin, dəyəri ümumlikdə 1500 manat olan iki ədəd xarici istehsal olan kondisionerin, dəyəri ümumlikdə 500 manat olan iki ədəd qaz ilə işləyən su qızdırıcısının, dəyəri 800 manat olan iki ədəd 3 fazalı elektrik mühərrikinin və dəyəri 50 manat olan tavan ventilyatorunun, ümumilikdə 3610 manat dəyərində əmlakının oğurlanmasını aşkar etmişdir. Polislər tərəfindən aparılan araşdırma zamanı oğurluğun Təqsirləndirilən şəxs tərəfindən edildiyi müəyyən edilmişdir. Ona vurulmuş maddi ziyan hal-hazıradək ödənilməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə poçt vasitəsilə teleqram göndərərək, səhhəti ilə bağlı gələ bilmədiyi üçün onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu göstərmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində bağ evi vardır. Oruc adlı şəxs aylıq 200 manat əmək haqqı müqabilində bağ evinə baxır, özü isə ayda bir neçə dəfə bağ evinə baş çəkir. 28 noyabr 2020-ci il tarixdə bağ evinə baş çəkmək üçün Mərdəkan qəsəbəsinə getmiş, hər şeyin öz qaydasında olduğunu görmüşdür. 13 dekabr 2020-ci il tarixdə bağ evinə baxan Oruc istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə ona zəng edərək evdə oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Bundan sonra dərhal bağ evinə gəlmiş, evə baxış keçirən zaman həyətyanı sahəsindəki ayrıca otaqda, yəni yay otağında divara bərkidilmiş vəziyyətdə olan 2000 manat dəyərində olan 01 ədəd “LG” markalı televizorun, 1 ədədinin qiyməti 100 manat, ümumilikdə 200 manat dəyərində dəmir vazanın oğurlandığını aşkar etmiş, daha sonra isə həyətyanı sahədə olan ikimərtəbəli evin giriş qapısına yaxınlaşarkən, evin dəmir qapısının kilidinin qırılmasını görmüşdür. Qapının kilidinin qırılması nəticəsində ona 50 manat məbləğində maddi ziyan dəymişdir. Evin giriş qapısından qonaq otağına daxil olmuş, qonaq otağına baxarkən sol tərəfdə televizor altlığının üzərində olan 1500 manat dəyərində “LG” markalı televizorun oğurlandığını, qonaq otağından balkona daxil olarkən balkonda olan 1918-ci ilə aid 1000 manat məbləğində olan samovarın və hər üçü mis materialdan olan 400 manat dəyərində qazan, kəfkir və məcmayının oğurlandığını aşkar etmişdir. Daha sonra evin ikinci mərtəbəsinə qalxmış, ikinci mərtəbənin dəhlizində televizor altlığının üzərindəki 500 manat dəyərində olan “LG” markalı televizorun oğurlandığını bilmişdir. Bundan başqa 500 manat dəyərində 1 ədəd “LG” markalı Kareoke aparatını, 200 manat dəyərində “Samsunq” markalı musiqi cihazını və 120 manat dəyərində şirəçəkən cihazı həyətdə aşkar etmişdir. Daha sonra isə evin həyətyanı sahəsinə gəlmiş, həyətyanı sahəni gəzərkən evin arxa hissəsində olan 450 manat dəyərində “SPA” markalı su motorunun və həyətyanı sahədə yay otağının yanında olan 80 manat dəyərində manqalın oğurlandığını aşkar etmişdir. Evin arxa giriş qapısına baxarkən həmin qapının da kilidinin sındırıldığını görmüş, evin arxa giriş qapısının kilidinin sındırılması nəticəsində ona 50 manat dəyərində maddi ziyan dəymşdir. Qeyd etdiklərindən başqa evindən və həyətyanı sahəsindən hər hansı bir əşya və ya predmet oğurlanmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 6130 manat dəyərində maddi ziyan dəymiş, bundan əlavə 100 manat dəyərində qapı kilidləri qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən bağ evində mühafizəçi işləyir. 13 dekabr 2020-ci il tarixdə səhhəti ilə əlaqədar xəstəxanaya getmiş, həmin gün saat 17 radələrində xəstəxanadan çıxaraq yaşadığı evə gəlib bir qədər dincəldikdən sonra mühafizəçi işlədiyi həmin bağ evinə getmişdir. Evin arxa tərəfindən həyətə daxil olan zaman həyətyanı sahədə tanımadığı bir nəfər şəxsin olduğunu və həmin şəxsin əlində olan çantaya nələrisə yığdığını görmüşdür. Tanımadığı həmin şəxsdən kim olduğunu soruşduqda, evin yiyəsinin bacısı oğlu “Seymur” tərəfindən göndərildiyini bildirmişdir. Bir qədər fikirləşmiş, lakin Zərərçəkmiş şəxs1 “Seymur” adlı bacısı oğlunun olmadığı və evə hər hansı bir şəxs gələrsə mütləq deməli olduğu, buna görə də həmin şəxsin yalan danışdığı qənaətinə gəlmişdir. Həmin şəxsin oğru olmasından şübhələnib mobil telefonla polisə məlumat verdiyini görən tanımadığı həmin şəxs həyətin qapısından çıxıb qaçmış, arxasınca qaçsa da, ona çata bilməmişdir. O, polisə məlumat verən zaman həmin şəxs evi tərk edib qaçdığı üçün həmin vaxt heç bir əşya apamamışdır. Hadisə yerinə yaxın yerləşən “Qostronom” marketin qabağına getmiş, bir qədər əvvəl məlumat verdiyi polis əməkdaşları da ora yaxınlaşmışlar. Polis əməkdaşlarına həmin şəxsin etdiyi əməl barəsində məlumat vermiş, polislərin xidməti avtomobilinə əyləşərək həmin şəxsin qaçdığı istiqamətdə getsələr də, onu tapa bilməmişlər, sonra polislərlə birlikdə hadisə baş verən yerə getmişlər. Bundan sonra baş vermiş hadisə barəsində ev yiyəsi Zərərçəkmiş şəxs1 zəng edərək məlumat vermiş, Zenfira xanım gəldikdən sonra polislər ondan ərizə və izahat almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, uzun müddətdir ustalıqla məşğuldur. 12 sentyabr 2020-ci il tarixdə səhər saatlarında ünvan 6 ünvanında yerləşən mənzillərin birində işləyərkən, həmin ünvanın yaxınlığında qohumu Əli adlı şəxsin özünə məxsus olan evin qarşısında bir ədəd göy rəngli “Opel” markalı avtomobilin dayandığını və iki nəfər tanımadığı şəxsin avtomobilin yük yerinə kabelləri qoymalarını görmüşdür. Onlardan kim olduqlarını soruşarkən həmin şəxslərdən biri ev sahibinin istəyi ilə evdə olan əşyaları maşına yüklədiklərini bildirmiş, ondan ev sahibinin harada olmasını soruşarkən onlardan biri ev sahibinin evin arxa hissəsində olmasını bildirmişdir. Onlardan ayrılaraq evin arxa hissəsinə keçmiş, Əlinin evin arxasında olmadığını görüb, yenidən ora qayıdarkən avtomobilin artıq hərəkət etməsini görmüş, onların yalan danışdıqlarını, evdən oğurluq etdiklərini başa düşüb, mobil telefonla zəng edərək baş vermiş hadisə barədə Əliyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin İŞ-də aparılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə axtarışda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 24-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. 25 yanvar 2021- ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yerləşən binanın zirzəmisində aşkar edilmiş və şübhəli şəxs qismində şöbəyə gətirilmişdir. 24-cü PŞ-nin inzibati binasında dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə axtarış keçirilmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli gödəkçəsinin sağ yan cibindən “Aqro” markalı siqareti, kəməri, eyni zamanda əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş, içərisində ağ rəngli kristal formasında spesifik iyə malik olan “şüşə” kimi tanıdığı maddəni təqdim edərək içərisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni Zığ qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa həmin şəxsin üzərində qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstündən götürülmüş bir ədəd gümüşü rəngli falqaya bükülmüş, içərisində ağ rəngli kristal formasında spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq zərfə qoyulmuş və şöbənin 165 saylı möhürü ilə möhürlənmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış videogörüntü ilə qeydə alınmış və diskə köçürülmüş, tərtib edilmiş protokol və möhürlənmiş zərf bütün iştrakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Şahidlər X4 və Şahid5 məhkəməyə məcburi gətirilmələrinə dair qərarın icrası mümkün olmadığından onların ibtidai istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid X1 ifadəsində göstərmişdir ki, sənəddə adı Tofiq olsa da, onu Ruslan deyə çağırırlar. Təxminən 3-4 aya yaxındır ki, icarəyə götürdüyü **-TV-*** dövlət qeyidyyat nişanlı “Opel Astra” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 12 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində yaşadığlı ünvanda olan zaman qardaşı Nail mobil telefon vasitəsi ilə ona zəng edərək bir nəfərə köməklik etməyini xahiş etmiş və həmin şəxsin mobil telefon nömrəsini ona vermişdir. Həmin mobil telefon nömrəsi ilə əlaqə saxlayan zaman əvvəllər tanımadığı, sonradan adının Zamin olduğunu bildiyi şəxs özünə məxsus lazımsız dəmir əşyasının olmasını və Nizami rayonu, Çobanzadə küçəsi, 28B ünvana gəlməsini bildirmişdir. O, idarə etdiyi avtomobillə qeyd olunan ünvana gəlmiş, ikimərtəbəli yarı tikilinin qarşısında avtomobili saxlayaraq Zamin adlı şəxsə mobil telefonla zəng edərək dediyi ünvanda olmasını bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Zamin adlı şəxs ona yaxınlaşmış, avtomobilin yük yerini açmağını və avtomobili arxaya sürərək göstərdiyi evin qarşısında saxlamağını bildirmişdir. Sonra Zamin adlı şəxs avtomobilin yük hissəsinə bir ədəd köhnə “Bakı” kondisioneri, bir top elektrik kabeli qoymuş, sonda isə onun köməkliyi ilə kondisionerin ventilyatorunu avtomobilin yük hissəsinə qoymuşlar. Bundan sonra avtomobilə əyləşərək Zamin adlı şəxsi gözləmiş, avtomobilin yan güzgüsündən arxaya baxan zaman Zamin adlı şəxsin kiminləsə danışdığını görmüşdür. Bundan sonra Zaminlə söhbət edən şəxs evin arxa hissəsinə keçmiş, Zamin isə qabaq oturacağa əyləşərək avtomobili qardaşı Nailə məxsus olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqəsinə sürməyini bildirmişdir. Məntəqənin qarşısında avtomobili saxlayıb yük yerini açmış, Zamin adlı şəxs ona yol haqqı olaraq 7 manat pul vermiş, sonra oradan uzaqlaşmışdır. Şahid5 sözügedən ifadəsində göstərmişdir ki, təxminən 6-7 ay olar ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ yolu ünvanında yerləşən əlvan metal qəbulu məntəqəsini işlədir. İşlədiyi metal qəbulu məntəqəsinin hər bir sənədləşməsi mövcuddur və daimi olaraq ərazi polis orqanları ilə birgə əməkdaşlıq edərək baş vermiş oğurluq hadisələrinin açılmasında onlara bir neçə dəfə köməkliyi olmuşdur. Zamin adlı şəxs bir neçə dəfə ona köhnə əşyaları gətirərək satmaq istəmiş, hər dəfə ondan həmin əşyaların oğurluq olub-olmaması barədə sorğu-sual etmiş, sonuncunun bütün anket məlumatlarını qeyd edəndən sonra satdığı əmlakı almışdır. 12 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Zamin adlı şəxs mobil telefon vasitəsi ilə zəng edərək özünə məxsus olan ünvanda bir neçə köhnə əşyaları satmaq istədiyini bildirmişdir. Zamindən təkrarən satdığı əşyaların oğurluq olub-olmamasını soruşduqdan sonra ona malları gətirməsini demişdir. Zamin telefonla danışarkən ona avtomobil lazım olmasını və tanış taksinin olubolmamasını soruşmuş, o da taksi fəaliyyəti ilə məşğul olan qardaşı Ruslana (Tofiqə) zəng edərək işinin olub-olmamasını soruşduqdan sonra Zamin adlı şəxsin mobil telelfon nömrəsini qardaşına vermiş və Zamin adlı şəxslə danışmasını ona demişdir. Qardaşının adı sənəddə Tofiq olsa da, hamı onu Ruslan deyə çağırır. Təxminən bir saat sonra Zamin Tofiqin idarə etdiyi avtomobillə metal qəbulu məntəqəsinin qarşısına gəlmişlər. Zamin adlı şəxs Tofiqin avtomobilindən təxminən 20 metr uzunluğunda kabel, bir ədəd köhnə “Bakı” kondisioneri və bir ədəd ventilyatoru ona vermişdir. Zamindən bir daha təkrarən malların oğurluq olub-olmamasını soruşmuş və anket məlumatlarını kitabçasında qeyd etdikdən sonra sonuncuya 56 manat pul vermişdir. Zamin adlı şəxsə 56 manat pulu verdikdən sonra çıxıb getmişdir. Zamin adlı şəxsin ona satmış olduğu əşyaların oğurluq olmasını bilməmiş və Zamin özü də bu barədə ona bir söz deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin təhqiqatçısı tərəfindən 25 yanvar 2021-ci il tarixdə saat 11:30 radələrində ünvan 9 ünvanında yerləşən binanın zirzəmisində saxlanılaraq 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilmişdir. Baxış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olması barədə sual verildikdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq üzərində olan tünd rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Aqro” markalı siqaret, kəmər tarımlayıcısı və boz rəngli papağı, eyni zamanda üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü folqaya bükülmüş, içərisində ağ rəngli kristal toz formasında, spesifik iyə malik olan, “şüşə” kimi tanıdığı psixotrop maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o, həmin bükümdə psixotrop maddə “şüşə” olmasını, psixotrop maddəni Zığ qəsəbəsində tanımadığı şəxsdən aldığını demişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb 24-cü PŞ-nin 165 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. (i.v. 11-12) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2021-ci il tarixli 6/326 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 164” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,476 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,476 qram, tədqiqata 0,05 qram sərf edilmiş, 0,426 qram qalıq qalmışdır. (i.v. 34-37) - 26 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində Nizami RPİ-nin 24-cü PŞ-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə müstəntiq tərəfindən baxış keçirilmişdir. 25 yanvar 2021-ci tarixdə çəkilmiş videogörüntü ilə müəyyən edilmişdir ki, Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq üzərində olan tünd rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Aqro” markalı siqaret, kəmər tarımlayıcısı və boz rəngli papağı, eyni zamanda üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü folqaya bükülmüş, içərisində ağ rəngli kristal toz formasında, spesifik iyə malik olan, şüşə kimi tanıdığı psixotrop maddəni çıxarıb təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bükümdə nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o həmin bükümdə psixatrop maddənin “şüşə” olmasını, psixotrop maddəni Zığ qəsəbəsində tanımadığı şəxsdən almasını demişdir. Bundan sonra axtarışda iştirak edən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. (i.v. 52) - 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 66) - 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 63-64) - 14 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs2 məxsus ünvanda baş vermiş hadisə yerinə baxış keçirilmişdir. (i.v. 71-72) - 09 oktyabr 2020-ci il tarixli protokoldan və qeydlərin surətindən görünür ki, Şahid5 20 metr kabeli, 1 ədəd köhnə kondisioneri və 1 ədəd ventilyatoru Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə aldığına dair kitabçada apardığı qeydləri təqdim etmiş, həmin qeydlərin surəti kitabçadan çıxarılaraq işə əlavə edilmişdir. (i.v. 127-128) - 26 yanvar 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında oğurluq etdiyi yeri əyani olaraq göstərərək oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 139-140) - 14 dekabr 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 175) - 05 mart 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər RPİ-nin İŞ-dən daxil olmuş ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 172-173) - 14 dekabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hal şahidlərinin iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus ünvanda hadisə yerinə baxış keçirilmişdir. (i.v. 180-184) -Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 21 dekabr 2020-ci il tarixli 011-12049-1220 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində yerləşən bağ evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl-barmaq izləri Azərbaycan Respublikası DİN-nin KTİ-nin ADİS-nin məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli təqqiqat nəticəsində əl izlərindən 01 ədəd əl barmaq izinin xx xxxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs sol əlinin adsız barmağının əksi ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. (i.v. 203-204) - 21 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus və hadisə yerindən götürülmüş bir ədəd əl-barmaq izi cinayət işi üzrə maddi sübut hesab edilərək qablaşdırıldığı zərf cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 208) - 13 fevral 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni yaşayış sahəsində oğurluq etdiyi yeri əyani olaraq göstərərək oğurluq əməlini hansı qaydada törətdiyini ifadəsində göstərilən qaydada izah etmişdir. (i.v. 248-254) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 01 aprel 2021-ci il tarixli 934 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 281-283) - 05 aprel 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180 və 186-cı maddələri ilə, Şahid5 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194cü maddələri ilə cinayət işinin başılanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələrində 12 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən evindən bir ədəd paltaryuyan maşın motoru, bir ədəd köhnə kondisioner arxası və 5-7 metr uzunluğunda alüminum kabelini oğurlaması, həmçinin Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən həyətdəki otaqdan 1 ədəd televizor, evin ikinci mərtəbəsindən televizor altlığının üzərindən bir ədəd televizor, bir ədəd samovar, bir ədəd qazan, bir ədəd kəfkir və bir ədəd məcməyini oğurlaması, həmin ünvanlardan başqa əşyaları oğurlamaması barədə gətirdiyi dəlillər toplanmış sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 0,476 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,426 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 evindən götürülmüş əl-barmaq izi və Şahid5 tərəfindən təqdim edilmiş bir vərəqdən ibarət sənəd maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi 0,476 qram psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyənləşdirilməsi məqsədilə cinayət işindən material ayrılaraq araşdırma aparılması üçün Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 284-298) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin maddə ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamla razılaşmayaraq, hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq əməlinə aşağıdakı qaydada hüquqi qiymət verilməklə tövsif olunmalıdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən ikimərtəbəli həyət evinin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb qanunsuz evə daxil olaraq oradan dəyəri 300 manat olan 100 metr 0,15 mm-lik elektrik kabelini, dəyəri 210 manat olan 300 metr 0,06 mm-lik elektrik kabelini, dəyəri 150 manat olan çilingər alətlərini, dəyəri 100 manat olan “Bakı” istehsalı kondisioneri, ümumilikdə dəyəri 1500 manat olan iki ədəd xarici istehsal olan kondisioneri, ümumilikdə dəyəri 500 manat olan iki ədəd qaz ilə işləyən su qızdırıcısını, ümumilikdə dəyəri 800 manat olan iki ədəd 3 fazalı elektrik mühərrikini və dəyəri 50 manat olan tavan sərinkeşini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3610 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan yay otağından divara bərkidilmiş vəziyyətdə olan 2000 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, hər birinin qiyməti 100 manat olan, ümumilikdə 200 manat dəyərində 2 ədəd dəmir vazanı, daha sonra həyətyanı sahədə olan ikimərtəbəli yaşayış evinin giriş dəmir qapısının kilidini sındırıb qanunsuz olaraq evə daxil olub evin qonaq otağının sol tərəfində televizor altlığının üzərində olan 1500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, evin eyvanında olan 1000 manat dəyərində bir ədəd qədim samovarı, ümumilikdə 400 manat dəyərində olan mis qazan, kəfkir və məcməyini, evin ikinci mərtəbəsinin dəhlizində olan televizor altlığının üzərindən 500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, daha sonra həyətyanı sahədə evin arxa hissəsində olan 450 manat dəyərində “SPA” markalı su motorunu və həyətyanı sahədə olan 80 manat dəyərində manqalı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 6130 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlayıb həmin gün Sabunçu rayonu ərazisində tanımadığı şəxsə 480 manat pul müqabilində satmış, bundan sonra öz cinayətkar fəaliyyətini davam etdirərək 13 dekabr 2020-ci il tarixdə saat 17 radələrində yenidən Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlib əvvəlcədən oğurlayıb evin həyətyanı sahəsinə yığmış olduğu 500 manat dəyərində 1 ədəd “LG” markalı Kareoke aparatını, 200 manat dəyərində “Samsung” markalı musiqi cihazını və 120 manat dəyərində şirəçəkən cihazı torbaya yığıb, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 820 manat dəyərində əmlakı gizli olaraq talamaq istəyən zaman həmin bağ evinin gözətçisi Şahid3 tərəfindən hadisə yerində saxlanılmış və Zərərçəkmiş şəxs1 əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında toplanmış və tədqiq edilən sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2020-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən ikimərtəbəli həyət evinin birinci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırıb qanunsuz evə daxil olaraq oradan müvafiq əmlakları gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3610 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsi ilə bağlı əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin təsiri altına düşməklə həmin maddə ilə (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) tövsif edilməlidir, həmin epizodla bağlı əməlin tövsifi hüquqi mübahisə doğurmur. Eyni zamanda, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla bağlı əməli də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin təsiri altına düşməklə həmin maddə ilə tövsif edilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 3 mart 2005-ci il Qərarına əsasən eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Cinayət qanunvericiliyinə görə, vahid davam edən oğurluq eynicinsli olsa da, bir neçə təkrar hərəkətlə törədildiyindən (məsələn, anbardan hər gün xırda partiyalarla ərzaq oğurlanması) təkrar oğurluğa bənzəyir. Lakin bir sıra obyektiv amillər (vahid davam edən oğurluqda cinayət aktlarının eynicinsli olması, bir-birindən qısa zaman fasiləsi ilə ayrılması və ümumiyyətlə, vahid cinayətin ayrı-ayrı epizodları olması) və subyektiv amillər (vahid davam edən oğurluqda təqsirkarın özgənin əmlakını qanunsuz və əvəzsiz götürməyə yönəlmiş vahid məqsədi, ayrı-ayrı cinayət aktlarının vahid kriminal niyyətlə əhatə olunması və s.) nəzərə alınmaqla təkrar oğurluq vahid davam edən oğurluqdan fərqləndirilir. Özgəsinin əmlakına qanunsuz yiyələnmə kimi ümumi bir məqsəd daşıyan, təqsirli şəxsin vahid qəsdi ilə əhatə olunan və öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan özgəsinin əmlakını dəfələrlə qanunsuz talama davam edən qanunsuz talama hesab edilir. Bununla da, təqsirkar vahid qəsdlə əhatə olunan yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamağa cəhd edərsə, onun əməli Cinayət Məcəlləsinin 29-cu maddəsi (cinayət etməyə cəhd) ilə yanaşı həmin Məcəllənin 177-ci maddəsinin müvafiq hissəsi ilə tövsif edilməlidir. Hansı ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin hasarından aşıb yaşayış sahəsinə qanunsuz daxil olaraq həyətyanı sahədə olan yay otağından və ikimərtəbəli yaşayış evinin giriş dəmir qapısının kilidini sındırıb qanunsuz olaraq evə daxil olduqdan sonra müvafiq əmlakları gizli olaraq talayıb oğurlamaqla həmin gün Sabunçu rayonu ərazisində tanımadığı şəxsə pul müqabilində satmış, bundan sonra öz cinayətkar fəaliyyətini davam etdirərək həmin tarixdə saat 17 radələrində yenidən həmin evə gəlib, əvvəlcədən oğurlayıb evin həyətyanı sahəsinə yığdığı əmlakları torbaya yığıb, vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaq istəyən zaman bağ evinin gözətçisi tərəfindən hadisə yerində saxlanılmış, Zərərçəkmiş şəxs1 ümumilikdə 6950 manat dəyərində xeyli miqdarda əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək təkrarən oğurluğa cəhd etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 13 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən oğurluq edilməsi epizodunda təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin (oğurluğun təkrar törədilməsi) tərkib əlamətləri yoxdur, həmin epizod üzrə saat 12 radələrində cinayət əməlinin törədilməsi zamanı Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olma ilə bağlı əməli başa çatsa da, onun yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə özgənin xeyli miqdarda əmlakının gizlin talanmasına yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək oğurluğa təkrarən cəhd etməsi ilə bağlı əməli Cinayət Məcəlləsinin 29,177.2.2, 29.177.2.3 və 29,177.2.4-cü maddələrinin təsiri altına düşür. İbtidai istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən qaydada əsassız ittiham verilərkən nəzərə alınmamışdır ki, özgəsinin əmlakına qanunsuz yiyələnmək üçün törədilən vahid davam edən oğurluq eynicinsli olsa da, onun törədilməsi başa çatmadığından təkrarçılıq kimi qiymətləndirilə və verilmiş ittihamdakı kimi cinayət əməli eyni zamanda həm təkrar, həm də vahid niyyətlə əhatə olunan qəsdlə törədilmiş kimi hesab oluna bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilməli, CM-nin 177.2.4-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 29,177.2.4-cü maddəsi ilə, hər iki epizod üzrə ümumilikdə oğurluqla bağlı cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 99-100) - 09 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 120) - 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 26 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 154-156) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 mart 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 266) - AA2085014 nömrəli, AA2085012 nömrəli, AA2085016 nömrəli və AA2886010 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, müvafiq olaraq X5 23 aprel 2011ci il tarixdə, X7 16 aprel 2012-ci il tarixdə, X3 23 avqust 2013-cü il tarixdə, X6 07 dekabr 2016-cı il tarixdə doğulmuşlar. (i.v. 267-270) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 08 oktyabr 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı sonuncu dəfə tutulduğu 25 yanvar 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 evindən götürülmüş əl-barmaq izi və Şahid5 tərəfindən təqdim edilmiş bir vərəqdən ibarət əlyazma sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 128 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 08 oktyabr 2020-ci il tarixdən 09 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərində axtarış aparılmasını əks etdirən bir ədəd DVD disk, Zərərçəkmiş şəxs1 evindən götürülmüş əl-barmaq izi və Şahid5 tərəfindən təqdim edilmiş bir vərəqdən ibarət əlyazma sənəd cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Bakı şəhəri Nizami RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,426 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin. Məhkəmə məsrəfi olan 109,90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 128 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi 768 manat əmək haqqı "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-200/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-200/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver