Məhkəmə qərarları › İş №1(007)-201/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-201/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-201/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X4 iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1995-cı ildə Samux rayonunun Zazalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində üç azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu Zazalı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29.12.2020-ci il tarixdə 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 65 nömrəli ünvanda, “Neftçilər” metrosunun yaxınlığındakı avtobus dayanacağında Zərərçəkmiş şəxs arxadan yaxılaşaraq sonuncunun sağ qolunda tutduğu çantasına əlini salaraq oradan içərisində 570 manat nağd pul, 1 ədəd “Bank of Baku” bank kartı, 1 ədəd “Yellov Bank” bank kartı və 1 ədəd alış-veriş kartı, 10 manat dəyərindəki pul kisəsini gizli olaraq çıxarmaqla ələ keçirib Zərərçəkmiş şəxs ümumlikdə 580 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 azyaşlı övladı ilə birlikdə yaşayır. Gündəlik tələbatını ödəmək üçün Bakı şəhərinin müxtəlif yerlərində ən çox da Bakıxanov qəsəbəsi ərazisində dilənçiliklə məşğul olmuşdur. Maddi vəziyyəti pis olduğu üçün 29 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Nizami rayonu, Neftçilər metrosunun yanındakı avtobus dayanacağında təsadüfən bir nəfər qadının avtobus gözlədiyini görmüş, sonuncuya yaxınlaşmış və əl çantasının açıq olduğunu görmüşdür. Həmin qadının əl çantasının içərisində pul olduğunu guman edib, əlini çantaya gizli salaraq oradan pul kisəsini götürmüşdür. Bundan sonra avtobusa əyləşib Bakıxanov qəsəbəsinə getmişdir. Sonradan pul kisəsini götürdüyü çantanın sahibinin Zərərçəkmiş şəxs olduğunu bilmiş, çantadan götürdüyü pul kisəsinin içərisində olan 570 manatı şəxsi ehtiyacları üçün xərcləmiş, plastik kartları isə tullamışdır. Törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəyəcəyinə söz verir, ailə vəziyyətinin ağır olmasının və himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29.12.2020-ci il tarixdə 19 radələrində Nizami rayonu, “Neftçilər” metrosunun yaxınlığında 1 nömrəli avtobusu gözləyərkən, bir nəfər qadının ona çox yaxınlaşdığını və sağ qoluna toxunduğunu hiss edib kənara çəkilmişdir. Daha sonra avtobus gəlmiş o, avtobusa əyləşib Koroğlu metrosunun yaxınlığında avtobusdan düşmüşdür. Orada isə 204 nömrəli avtobusa əyləşən zaman çantasının açıq olduğunu görmüş və çantaya baxarkən pul kisəsinin yerində olmadığını görmüşdür. Pul kisəsində 570 manat pul, 1 ədəd “Bank of Baku” bank kartı, 1 ədəd “Yellov” bank kartı və 1 ədəd adını xatırlamadığı alış-veriş kartı olmuşdur. Dərhal DİN-nin 102 xidmətinə zəng etmiş, daha sonra polis idarəsində videogörüntüyə baxarkən “Neftçilər” metrosunun yaxınlığında avtobus gözlədiyi yerdə bir nəfər qadının ona yaxınlaşaraq çantasına əlini saldığını və pul kisəsini götürdüyünü, həmin qadının sonradan adının Kristina olduğunu bilmişdir. Bank kartlarında pul olmamış, həmin kartları yenidən bərpa etdirmişdir. Ona 570 manat məbləğində nağd pul, 10 manat pul kisəsinin dəyəri müqabilində ziyan dəymiş, plastik kartlara görə isə ziyan dəyməmişdir. Ümumilikdə ona 580 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. İşdə olan «Diskə yerində baxış keçirilməsi haqqında» 30 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşir. İşdə olan “Neftçilər” metrostansiyası yaxınlığındakı müşahidə kamerasının videogörüntüsünə «baxış keçirilməsi haqqında» 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, 29 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 65 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs dayanacaqda olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşmış və əlini onun çantasına salaraq nə isə götürüb hadisə yerindən uzaqlaşmışdır. İşdə olan “Neftçilər” metrostansiyasının yaxınlığındakı adsız mağazadan götürülmüş hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2021-ci tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçiımiş və həbsetmənin əvvəli 02 fevral 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinə verdiyi ərizədən görünür ki o, azyaşlı övladlarının (X1, X3 və X2) anasının himayəsinə verilməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşağının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İşdə olan sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən 02 fevral 2021-ci il tarixdə tutulmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 05 fevral 2021ci tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçiımişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdə tutulduğu və 29 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut bir ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı 02 fevral 2021-ci il tarixdən 29 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Samux rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 (iki yüz on) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar