Məhkəmə qərarları › İş №1(007)-201/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-201/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-201/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclasının katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X1 və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxx 1993-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Daş karxanası adlı ərazidə nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində 30 manat pul müqabilində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi ıstehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə ayı-ayrılıqda təmiz çəkiləri 0,490 qram və 0,991 qram, ümumi təmiz çəkisi 1,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,470 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 23 yanvar 2022-ci il tarixdə saat 23:40 radələrində Bakı şəhər Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekt 1029 ünvanda yerləşən metronun “Koroğlu” stansiyasının arxa hissəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhər Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə gətirilmiş və xidmət otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,490 qram və 0,991 qram, ümumi təmiz çəkisi 1,481 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,470 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən və “kokos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir. 23 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu “Karyer” adlandırılan ərazidə təsadüfən tanış olduğu və adını bilmədiyi şəxsdən 30 manata 02 ədəd sellofana bükülmüş içərisində narkotik vasitə olan heroin və 01 ədəd sellofana bükülmüş psixotrop maddə metamfetamin alıb gödəəkcəsinin cibinə qoymuşdur. Həmin gün saat təxminən 23:40 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekt 1029 ünvanda yerləşən metronun “Koroğlu” stansiyasının arxa hissəsində dayanarkən, iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən hər-hansı qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və bundan sonra qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükülünü çıxarıb təqdim etmiş və həmin bükümlərin ikisindən qəhvəyi rəngli tozşəkilli maddə və bir ədəd bükümdən ağ rəngli kristallardan ibarət maddə aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı qanuna zidd hərəkətlər edilməmiş və törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami RPİ-nin PPXB-də polis nəfəri kimi polis serjantı rütbəsində xidmət edir. 23 yanvar 2022-ci il tarixdə Nizami rayonu ərazisində iş yoldaşları ilə xidmət apararkən, təxminən saat 23:40 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekt 1029 ünvanda yerləşən metronun “Koroğlu” stansiyasının arxa hissəsində bir nəfər şəxsin, sonradan şəxsiyyəti müəyyən edilmiş Təqsirləndirilən şəxs özünü şübhəli aparması diqqət çəkdiyindən sonuncuya yaxınlaşıb özlərini təqdim etmiş və S.Şirinbəyovu Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində S.Şirinbəyovun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya üzərində hər-hansı qeyri-qanuni əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuş və bundan sonra S.Şirinbəyov qara rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükülünü çıxarıb təqdim etmiş və həmin bükümlərin ikisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, digər bir ədəd bükümdə isə “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmiş və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün Bakı şəhəri, Qaradağ rayonu “Karyer” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata aldığını demişdir. S.Şirinbəyovun üzərindən aşkar edilərək götürülmüş maddələr qablaşdırılaraq DİN-nin 165 saylı möhürü ilə möhürlənmişdir. S.Şirinbəyov polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən qanuna zidd hərəkətlərə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 işin faktiki hallarına və Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı vermiş olduqları ifadəsi elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli (şəxsi axtarış və götürmə aparılması haqqında) Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ sellofana bükülmüş üç ədəd büküm çıxarıb təqdim edərək, həmin bbükümlərin iki ədədinin içərisində adını “kakos” kimi tanıdığı narkotik vasitə heroin və bir ədəd bükümdə adını “şüşə” kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitələri Qaradağ rayonunda “Karyer” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən ağ sellofana bükülmüş üç ədəd büküm çıxarıb təqdim edərək, həmin bbükümlərin iki ədədinin içərisində adını “kakos” kimi tanıdığı narkotik vasitə heroin və bir ədəd bükümdə adını “şüşə” kimi tanıdığı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitələri Qaradağ rayonunda “Karyer” adlanan ərazidən tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli 6/454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arayışlar üçün N 165 dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs – imza; ...imzalar... Nurlan Talıbov: imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi – 0,470 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və iki ədəd bükümlərdəki təmiz çəkiləri – 0,490 qram, 0,991 qram, ümumi təmiz çəkisi – 1,481 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 862 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 16 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 0,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və iki ədəd təmiz çəkiləri – 0,490 qram, 0,991 qram, ümumi təmiz çəkisi – 1,481 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında protokola əlavə edilmiş 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq qalan 1,381 qram heroin və 0,420 qram metamfetamin saxlanması üçün Bakı şəhəri, Nizami RPİ-nin MSS kamerasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,381 qram heroin və 0,420 qram metamfetamin məhv edilməli, digər maddi sübut - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan 1,381 qram heroin və 0,420 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar