Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-201/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxx 1984-cü il tarixdə Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kondisioner B/Y-nin 1472 K- da qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, B.Süleymanov küçəsi 63-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardən sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs sonuncunun oğlu Şahid Ədliyyə Nazirliyində işləyən nüfuzlu tanışı vasitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə Konvoy əməkdaşı kimi işə düzəldəcəyi ilə bağlı yalan vəd verib aldadaraq 09 aprel 2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs məxsus 14.000 manat pulu onun oğlu Şahid alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 14.000 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs və onun oğlu Şahid X10nın vasitəsi ilə tanımışdır. X10 Zərərçəkmiş şəxs işlətdiyi Xətai rayonunda yerləşən H.Əliyev parkındakı “Nərgiz” adlı kafedə aşpaz işləmişdir. 2023-cü ilin mart ayında anasını görmək üçün həmin kafeyə getdikdə Zərərçəkmiş şəxs oğlu Şahid hüquq mühafizə orqanlarına işə düzəltmək istədiyini öyrənmiş, söhbət zamanı X11 Nazirliyi və Ədliyyə Nazirliyi orqanlarında nüfuzlu tanışlarının olduğunu bildirmiş və həmin orqanlarda, əlavə olaraq SOCAR-ın mühafizəsində işə adam düzəltməyə gücü çatdığını qeyd etmişdir. Zərərçəkmiş şəxs bununla maraqlandıqda o, orada tanışlarının olduğunu bildirmişdir. Bu söhbət zamanı Elgün də onların yanında olmuşdur. Anası isə həmin kafedə işlədiyi üçün arada bir yanlarına gəlib-gedirmiş. Onun bu söhbətləri nə dərəcədə eşitdiyini bilmir. Həmin söhbət zamanı Elgünün 29 yaşının olduğunu onun Polis orqanlarına yox, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində işə düzəltməyin mümkün olduğunu demişdir. Onlar bu barədə maraqlandıqda, onlara həmin orqanda olan nüfuzlu tanışı ilə əlaqə yaradıb məlumat verəcəyini demişdir. Bir neçə gün sonra aprel ayının əvvələrində saat 21 radələrində eyni yerdə olan söhbətləri zamanı Qeyibə bu işin 15000 manata başa gələcəyini demiş, Qeyib bu məbləğin çox olduğunu dedikdə 14.000 manata həll oluna biləcəyini bildirmişdir. Onlar razılaşmış və məlumat verəcəklərini bildirmişlər. Bir müddət sonra o, Qeyib və Elgün ilə həmin kafedə görüşdükdə Qeyib pulun hazır olduğunu 10.000 manatı indi verməyi, 4000 manatı isə iş alındıqdan sonra verməyi təklif etmişdir. Lakin o razılaşmayaraq pulun hamısının tam şəkildə çatmalı olduğunu bildirmişdir. Bundan sonra Qeyib Elgünə evə gedərək evdə olan 4000 manat pulu da 10.000 manata əlavə edib ona verməsini bildirmişdir. O, Elgünlə birlikdə onun idarə etdiyi, nömrə nişanını hazırda xatırlamadığı “Chevrolet” markalı avtomobil ilə ünvan 1 ünvanının yaxınlığına getmişdir. O, avtomobildə gözləmiş, Elgün evə gedib bir neçə dəqiqədən sonra qayıdıb avtomobildə ona 14000 manat pul vermişdir, o, həmin pulu sayıb cibinə qoymuşdur. Növbəti vaxtlarda onlar teztez maraqlandıqlarından ondan şikayət edəcəklərini görüb güya Ədliyyənin işçisi kimi təqdim etdiyi Aqil adlı tanışının nömrəsini ona vermiş və Aqilə bildirmişdir ki, Elgün ilə görüşüb özünü Ədliyyənin işçisi kimi təqdim edərək bəzi toplanmalı olan sənəd siyahını ona versin və həmin sənədləri ondan alsın. Lakin sonradan öyrənmişdir ki, Aqil Elgündən borc kimi 150-200 manat almışdır, onun Aqilə bu cür tapşırığı, təlimatı və ya ondan bu cür xahişi olmamışdır, Aqil bu pulu özü istəyib, özü almışdır. O, etdiyi əməli səmimi şəkildə etiraf edir, onun heç bir orqanda tanışı və ya əlaqəsi yoxdur, həmin vaxtı pula ehtiyacı olduğu üçün yaranmış fürsətdən istifadə edərək Qeyibi aldadıb 14.000 manat pulunu ələ keçirmişdir. İlkin ifadəsində pulu 4000 və 10.000 olaraq aldığımı bildirmişdir, o, bu hadisəni düzgün xatırlaya bilmədiyi üçün belə demişdir, lakin indi xatırlayır, 14.000 pulu bir dəfə olmaqla Elgündən almışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödədiyini, onunla barışdığını və dəymiş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etməsini məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş etdmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təqribən bir ildir ki, X10nın vasitəsi ilə tanımışdır. Belə ki, Nurdanə Quliyeva onun işlətdiyi Nərgiz kafesində 6- 7 il aşpaz kimi işləmişdir. Oğlu Şahid Gürcüstan Respublikası Tiflis şəhərində yerləşən X1 İqtisadiyyat fakültəsində təhsil almış, 2018- ci ildə ali təhsili başa vurub geri qayıtmışdır. Elgün səhhətində olan problemlərlə bağlı 2022-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmış və hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçmişdir. Həmin vaxt o, hərbi xidmətdə olarkən Nurdanənin oğlu Xəyyam bir neçə dəfə anasının xahişi ilə Elgünün görüşlərinə getmiş, buraxılışda onu evlərinə aparmışdır. Nurdanənin bu kimi davranışları səbəbindən onda Nurdanə və ailəsinə qarşı etibar yaranmışdır. Nurdanə kafedə işlədiyi müddətlərdə aralarında olan söhbətlər zamanı digər oğlu Toğruldan da danışır, X4 komandir olduğunu deyirmiş. O da Nurdanənin dediklərinə inanırmış. O, Nurdanəyə oğlu Elgünün hərbi xidmətdən qayıdandan sonra hüquq-mühafizə orqanlarında işlə təmin edilməsini istədiyini bildirmişdir. Bu barədə Nurdanə ilə danışdıqda Nurdanə ona bildirmişdir ki, onun X5 olan oğlu Təqsirləndirilən şəxs geniş əlaqələri vardır, hər yerə əli çatır. Toğrul onun oğlu Elgünü hüquq-mühafizə orqanlarına işə düzəldə bilər. Nurdanənin bu sözləri onun diqqətini çəkmiş və bu barədə ona da köməklik etməsini xahiş etmişdir. Oğlu Elgün 2023-cü ilin əvvəllərində hərbi xidmətdən geri qayıtmışdır. Bundan xəbəri olan Nurdanə yenidən onun yanında olan oğlu Toğrulun hüquq mühafizə orqanlarında tanışlarının olmasından, bu tanışları vasitəsi ilə Toğrulun Elgünü hüquq mühafizə orqanlarında işə düzəldə biləcəyindən danışmışdır. Nurdanə bu cür danışıqları və oğlu X4 komandir işləməsini deməsi ilə onun etibarını qazanmışdır. 2023-cü ilin mart ayında Nurdanədən bu məsələlər ilə bağlı danışmaq üçün onları oğlu Toğrul ilə görüşdürməsini xahiş etmişdir. Həmin ərəfələrdə, həmin kafedə o, qaynı, oğlu Elgün və Toğrul görüşüb oturmuş və danışmağa başlamışdır. Nurdanə həmin kafedə işlədiyi üçün o da gəlib onların yanında oturub bu söhbətə qoşulmuşdur. Söhbət zamanı Toğrul anası Nurdanənin əvvəl dediklərini təsdiq edərək bildirdi ki, onun hüquq mühafizə orqanlarında nüfuzlu tanışları vardır, bu tanışlarından istifadə edərək oğlunu Polis və ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində və ya SOCAR-da mühafizə xidmətinə işə düzəldə bilər. O, bunu bildirdikdən sonra sözünə düzəliş etdi ki, polisə düzəltmək mümkün deyil, çünki Elgünün Polisdə xidmətə daxil olmaq üçün yaş həddi keçmişdir. Elgün ilə bu məsələni öz aralarında qısa müzakirə etdikdən sonra Elgün Penitensiar Xidmətdə işləmək istədiyini bildirmişdir. Onlar fikirlərini həmin söhbət zamanı Toğrula bildirmişlər. Toğrul bu zaman onlara bildirmişdir ki, bu məsələ müəyyən məbləğdə pul qarşılığında düzələcəkmiş, pulun məbləğini Ədliyyə Nazirliyində olan tanışı ilə danışdıqdan sonra bildirəcəkmiş. Növbəti görüş zamanı Toğrul ona bildirdi ki, oğlunun Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Konvoy xidmətində işə düzəlməsi üçün 15000 manat pul lazımdır, o, bu pulun çox olduğunu bildirdikdə 14.000 manata da həll oluna biləcəyini bildirmişdir. Həmin ərəfələr onun sadəcə 4000 manat pulu var imiş. Bu işi həll etmək üçün isə əlavə 10.000 manat lazım olduğundan pul axtarmağa başlamışdır. Bu səbəbdən də bacısının oğlu X2 10.000 manat borc istəmiş, Ziyaməddin isə pulunun olmadığını lakin bankdan kredit götürüb ona pul verə biləcəyini demişdir. Bundan sonra 07 aprel 2023-cü il tarixdə Ziyaməddin Azərbaycan Beynəlxalq Bankından 10.000 manat kredit götürüb borc olaraq ona vermişdir. 09 aprel 2023-cü il tarixdə saat 21 radələrində Toğrul onun işlətdiyi kafeyə gəlmiş, burada o, Toğrula 10.000 manatın yanında olduğunu, həmin məbləği indi verməyi, geri qalan 4000 manatı isə işin həllindən sonra verməyi təklif etmişdir. Lakin Toğrul bu təklif ilə razılaşmamış və pulun tam şəkildə verilməli olduğunu bildirmişdir. O, vəziyyətin belə olduğunu görüb oğlu Elgünə evə gedib evdə olan 4000 manatı da 10.000 manata əlvə edib Toğrula verməsini bildirmişdir. Bundan sonra Elgün və Toğrul Toğrulun idarə etdiyi avtomobilə əyləşib getmişlər. Daha sonra ona məlum olmuşdur ki, Elgün yaşadığı ünvan 2 ünvanının qarşısında Təqsirləndirilən şəxs 14.000 manat pul vermişdir. Toğrul ilə aralarında olan növbəti danışıqlar zamanı o, həmin pulun ona çatığını və Elgünü maksimum iki ay ərzində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində nəzarətçi kimi işə qəbul olacağını bildirmişdir. O, da arxayın şəkildə gözləməyə başlamışdır. Bir neçə gün sonra Toğrulun verdiyi nömrə ilə əlaqə yaradan oğlu Aqil adlı bir şəxs ilə Ədliyyə Nazirliyinin qarşısında görüşmüş, burada Aqil adlı həmin şəxs ondan müəyyən sənədlər tələb etmiş, oğlu Elgün də müəyyən tibbi yoxlanışlardan keçərək həmin sənədləri Aqilə təqdim etmişdir. Bunun üzərindən 4 ay keçməsinə baxmayaraq heç bir nəticə olmadıqda o, Toğrula öz narazılığını bildirmiş, bu narazılıqlardan sonra Toğrul Elgün ilə görüşüb onu Ədliyyə Nazirliyinə aparmış və ona düşüb qapıdan CV verərək qayıtmasını bildirmişdir. Bir neçə vaxtdan sonra oğlu Elgün ilə Ədliyyə Nazirliyindən əlaqə yaradaraq anket məlumatlarının qaydasında olduğunu, lakin Penitensiar xidmətdə xidmətə qəbul üçün yaş həddinin ötdüyünü bildirmişlər. Bundan sonra o, Toğrul tərəfindən aldadıldığımı tam başa düşmüşdür. Bu məsələlərin üzərindən bir il keçməyinə baxmayaraq Toğrul bir il ərzində müxtəlif bəhanələrlə yayınmış, daha sonra telefonlara cavab verməmiş, anası Nurdanəyə bu barədə bildirdikdə o da Toğrulun bu işlə məşğul olduğunu qısa müddətdə nəticəsi olacağını bildirib ona yola vermişdir. Təqsirləndirilən şəxs onun X10 birləşərək oğlu Şahid Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy xidmətində işə düzəldəcəyi ilə bağlı ona yalan vəd verib mənim 14.000 manat pulumu mənimsəyərək ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun X10nın vasitəsi ilə tanımışdır, Nurdanə oğlu X4 komandir olduğunu, hər yerə əli çatdığını, nüfuzlu yerlərdə tanışlarının olduğunu, oğlu Elgünü də hansı hüquq mühafizə orqanına istəsə düzəldə biləcəyini demişdir. Daha sonra onun xahişi ilə Toğrulu onunla görüşdürmüşdür. Toğrul ilə görüşləri zamanı o da nüfuzlu yerlərdə tanışlarının olduğunu, oğlu Elgünü müxtəlif hüququ mühafizə orqanlarında işə düzəldə biləcəyini bildirmişdir. Ona verilən Təqsirləndirilən şəxs Daxili Qoşunlarda işlədiyini güman etməsi ilə bağlı verilmiş suala cavab olaraq Toğrulun anasının ona belə dediyini bildirmişdi. O, bildirmişdir ki, oğlu əvvəllər X5 olmuşdur lakin keçirdiyi xəstəliklə bağlı tərxis edilmişdir. Lakin həmin orqanda və digər orqanlarda nüfuzlu tanışları vardır. O, Toğrulun məhkum olmasını Toğrula pul verdikdən sonra bilmişdir. Bu barədə Nurdanəyə nəyə görə ona demədiyini dedikdə o, oğlunun xidməti işi ilə bağlı keçirilən əməliyyatların birində silahla düzgün davranmadığı üçün əlindən xəta çıxdığını və bu səbəbdən də müəyyən dövr həbsdə olduğunu bildirmişdir. Lakin daha sonra ona məlum olmuşdur ki, Toğrul narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı tutulmuşdur. Ona 14.000 (on dörd min) manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs qismində təqdim etməmişdir. O, bildirmişdir ki, onun bəzi dövlət qurumlarında, o cümlədən Ədliyyə Nazirliyində işləyən tanışları vardır. Toğrulun X10 bildirmişdi ki, Təqsirləndirilən şəxs əvvəllər Daxili Qoşunlarda işləmiş, daha sonra xidmətdən xaric olunmuşdur. Toğrul həmin tanışları barəsində mənə heç nə deməmişdir, onların adını çəkməmişdir. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Gürcüstan Respublikasının Tiflis şəhərində yerləşən Tiflis Humanitar Universitetinin İqtisadiyyat fakültəsində təhsil almış, 2018-ci ildə ali təhsili başa vurub geri qayıtmışdır. Səhhətində olan problemlərlə bağlı 2022-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçmişdir. 2023-cü ilin yanvar ayında hərbi xidmətini başa vurub Bakı şəhərinə qayıtmışdır. Atası Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonunda yerləşən H.Əliyev parkında yerləşən “Nərgiz” adlı kafeni işlədir. Atası ilə olan söhbətləri zamanı atası ona bildirmişdir ki, kafedə aşpaz kimi işləyən Nurdanə adlı qadın ona Toğrul adlı oğlunun geniş əlaqələri olduğunu, onu hüquq mühafizə orqanlarında işə düzəldə biləcəyini bildirmişdir. O, əvvəldən polis olmaq istədiyi üçün bu təklif onda maraq yaratmışdır. Kafedə olan zamanlarda Nurdanə ilə aralarında olan söhbət zamanı Nurdanə ona Toğruldan danışmış, Toğrulun əvvəllər X5 vəzifəsində işlədiyini, lakin xəstəliklə təqaüdə çıdığını, onun X6, Ədliyyə Orqanlarında tanışlarının olduğunu, hər yerə əlinin çatdığını bildirmişdir. Təqribən 2023-cü ilin mart ayında o, atası, dayısı və Nurdanə “Nərgiz” kafesində əyləşib söhbət edirmiş. Toğrul buraya anasının dəvəti ilə gəlmişdir. Toğrul söhbət zamanı atasına özünün hüququ mühafizə orqanlarında nüfuzlu tanışlarının olduğunu bildirmiş və onu (Elgünü) həmin şəxslərin vasitəsi ilə həmin orqanlarda xidmətə qəbul etdirə biləcəyini qeyd etmişdir. Atası da bu işlərin təfərrüatları ilə bağlı ona suallar verir, Toğrul da həmin işləri bilən bir adam kimi danışırmış. Söhbət əsnasında Toğrul onun 29 yaşı olduğunu bilib onun artıq polis orqanlarında işə düzəltməyin mümkün olmadığını, ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə düzələ biləcəyini bildirmişdir.Toğrul bu haqda mənə məlumat verdikdə o, atası ilə məsləhətləşib Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Konvoy xidmətində işləmək istədiyini bildirmişdir. Atası ilə onun arasında olan söhbət zamanı atası ondan bu məsələlərin necə həll olunacağını soruşmuş, Toğrul bu barədə həmin şəxs ilə danışıb məlumat verəcəyini demişdir. Növbəti günlər eyni tərkibdə olan görtüşlər zamanı Toğrul onun atası Qeyibə bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində olan tanışı ilə danışmış, onun həmin orqanda işə düzəlməyi üçün 15000 manat pul lazımdır. Atası bunun çox olduğunu dedikdə, Toğrul bu məsələnin 14.000 manata da həll oluna biləcəyini demişdir. Həmin ərəfələr atamsə Qeyibdə sadəcə 4000 manat pul var imiş, yəni Toğrula verə bilmək üçün 14000manat pul yox imiş. Bu səbəbdən də onlar pul axtarmağa başlamışlar. Bu müddət ərzində o, Toğrul ilə vatsap vasitəsi ilə əlaqə yaradıb bu barədə danışırmış. Toğrul ona yaşının xidmətə qəbul ilə bağlı ötəcəyini, tezliklə qərar verməli olduğunu, bu işi görəcək şəxsə bir söz deməli olduğunu deyirmiş. Lakin, pulu tapa bilmədikləri üçün ona konkret olaraq bir söz deyə bilmirmiş. Vatsap vasitəsi ilə Toğrulun ona və onun Toğrula göndərdiyi səsli mesajları araşdırmaya təqdim etmişdir. Bir müddətdən sonra atası bacısının oğlu X2 borc istəmiş, Ziyaməddin də bankdan 10.000 (on min) manat kredit olaraq götürüb vermişdir. Ziyaməddindən pulu aldıqdan iki gün sonra 09 aprel 2023-cü il tarixdə saat 21 radələrində Toğrul ilə “Nərgiz” kafesində görüşmüşlər. Görüş zamanı atası Qeyib və Toğrulun anası Nurdanə də orada imiş. O, atasının təlimatına uyğun olaraq Toğrula vermək üçün 10.000 (on min) manatı pulu üzərində götürmüşdür. Həmin yerdə atası Toğrula bildirmişdir ki, onun istədiyi 14.000 manat pulun 10.000 manatını indi versin, geriyə qalan 4000 manat pulu isə onun işi həll olduqdan, yəni o, işə qəbul olduqdan sonra versin. Lakin Toğrul bu təklif ilə razı olmamış və bildirmişdir ki, pulu tam olaraq ödəmək lazımdır. Bu səbəbdən də atası ona Toğrul ilə birlikdə evə gedib evdə olan 4000 manatı da götürüb 10.000 manata əlavə etməklə Toğrula verməyini bildirmişdir. Onlar Toğrul ilə onun idarə etdiyi “Chevrolet” markalı avtomobil ilə yaşadıqları ünvan 1 ünvanına getmişlər. Təqribən 15 dəqiqədən sonra mənzil başına çatdıqda Toğrul maşında gözləmiş, o, evə gedib evdə olan 4000 manatı götürüb Toğrulun idarə etdiyi avtomobilə minmiş və avtomobildə 14.000 manatı Toğrula vermişdir. Toğrul pulu sayıb cibinə qoymuş və iki ay ərzində işinin həll olacağını bildirmişdir. Təqribən bir ay sonra Toğruldan işin gedişatı ilə bağlı məlumat aldıqda Toğrul ədliyyə nazirliyinin əməkdaşı kimi bəhs etdiyi bir nəfərin xatırlamadağı mobil nömrəsini verib onunla əlaqə yaratmağını bildirmişdir. O, Toğrula zəng edib Toğrulun dediyi adam olduğunu bildirdikdə özünü ona Aqil müəllim kimi təqdim etmiş və Ədliyyə Nazirliyinin qarşısında görüşməyi təklif etmişdir. Təqribən may ayının ortalarında onun deməsi ilə Ədliyyə Nazirliyinin qarşısında Aqil adlı şəxs ilə görüşmüşdür. Aqil adlı şəxs ona bir siyahı təqdim etmiş və siyahıda qeyd edilən sənədləri toplamağını demiş, onun təlimatı ilə X8, Narkoloji Dispanser, Ruhi əsəb xəstəlikləri dispanserindən keçib sənədləri toplayıb Aqilə vermişdir. Aqil ilə görüş zamanı ondan zəruri ehtiyacları üçün 200 manat pul istəmiş, o, həmin ərəfələr onun təqdim etdiyi xatırlamadığı “Leobank” kart hesabına 180-200 manat pul göndərmişdir. Bundan sonra o, mütəmadi olaraq Toğrul ilə əlaqə yaradıb işin nə yerdə olduğunu maraqlandıqda o, hər dəfə bir bəhanə gətirərək onun başını qatırmış. Sonralar isə Toğrul ümumiyyətlə telefonlara cavab verməmişdir. Beləliklə, Toğrul onu işə düzəldəcəyi ilə bağlı ona və atasına yalan vəd verib atasına məxsus 14.000 manat pulu onun vasitəsiylə alaraq ələ keçirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir. 72-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinə əsasən, bu Məcəllənin 73-1.2, 73- 1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müvafiq olaraq dövlət büdcəsinə cinayət əməli nəticəsində vurulmuş ziyanın 25 faizi - ümumilikdə 3500 manat pul vəsaiti ödənilmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 1 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığından Nizami RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Ayxan Təhməzlinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsə dəymiş ziyanı, dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 168 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-201/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-201/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver