Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-202/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 16 avqust 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Qasımov küçəsi ev 28, mənzil 7-də qeydiyyatda olmaqla yaşayan, 16 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 oktyabr 2022-ci il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarında narkotik vasitəni əldə edib daşımaqla saxlamış, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitəni yoxlamadan gizlətməklə ötürülməsinə cəhd etmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram olan 04 ədəd metadon həblərini və şəxsi istehlak miqdarında, təmiz çəkisi 0,460 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə saxlayıb daşımış, 16 oktyabr 2022-ci il tarixdə onun cinayətkar niyyətindən xəbərsiz olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami rayonu, Böyükşor dayanacağında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə nüəssisəsində saxlanılan oğlu X1 gətirən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X8”nın 6-cı əlavəsində göstərilmiş siyahı üzrə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların cəzaçəkmə müəssisələrinə daxil olan və oradan çıxan şəxslərə özləri ilə keçirilməsi qadağan olunduğu halda, həmin Qaydaların tələblərini pozaraq gizli ötürülməsini təmin etmək məqsədi ilə qadağan olunmuş əşya olan həmin narkotik vasitələri yoxlamadan gizlədərək cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, lakin 16 oktyabr 2022-ci il tarixdə saat 09:45 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsinə onun tərəfindən gətirilmiş bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan qara rəngli cins şalvarın sağ yan cibindən şəxsi istehlak miqdarında, ayrıayrılıqda təmiz çəkiləri 0,109 qram, 0,310 qram, 0,041 qram, ümumilikdə təmiz çəkisi 0,460 qram olan tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində olan pul kisəsindən şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram olan 04 ədəd metadon həbləri aşkar edilərək götürüldüyündən qadağan olunmuş əşyanı yoxlamadan gizlədərək müəssisəyə ötürməsinə yönəldilmiş hərəkətlərini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş, həmin Məcəllənin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə cəhd etmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, iki oğlu azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdir və cəzaçəkmə müəssisəsində cəza çəkirlər. Oğlu X2 Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını 15 saylı cəzaçəkmə müəssisəsində çəkir. O, təxminən ayda bir dəfə olmaqla Mahir üçün lazım olan ərzaq və qeyri-ərzaq məhsulları aparır. Təxminən bir neçə ay bundan əvvəl o, oğlunun paltarlarına baxdıqda oradan 4 ədəd narkotik vasitə olan metadon həbləri aşkar etmiş və həmin həbləri balaca pul kisəsinə qoymuşdur ki, onları tullasın. Metadonun olduğu pul kisəsini az istifadə etmiş, əsas olaraq böyük olan digər pul kisəsini istifadə etmişdir. 16 oktyabr 2022-ci il tarixdə Mahirə bir neçə sellofan bağlama aparmışdır. Həmin sellofan bağlamalarda meyvə- tərəvəz, çay, buğlama, toyuq, 3 ədəd şalvar və digər məhsullar olmuşdur. Həmin cins şalvarlardan biri göy, biri tünd qara, biri isə qaramtıl rənglərdə olmuşlar. Göy rəngli şalvar Mahirin öz köhnə şalvarı olmuş, digər iki şalvarı isə o, təxminən 2022-ci ilin oktyabr ayının əvvəllərində küçələrinə gələn satıcıdan hər birini 15 manata almışdır. Müəssisəyə apardığı bağlamaları evdə özü yığıb hazırlamışdır. 16 oktyabr 2022-ci il tarixdə saat təxminən 09 radələrində sovqatı Mahirə vermək üçün cəzaçəkmə müəssisəsinin əməkdaşlarına təhvil vermişdir. Sovqata həmin müəssisənin əməkdaşlarının, hal şahidlərinin, oğlu Mahirin və onun iştirakları ilə keçirilmiş baxış zamanı Mahir üçün gətirdiyi 3 ədəd şalvardan birinin, yəni tünd qara rəngli cins şalvarın sağ, gizli cibindən 03 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Daha sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində “forever young” yazısı olan, çəhrayı rəngli pul kisəsinin orta cibindən 4 ədəd metadon həbləri aşkar olunmuş və qablaşdırılmışdır. Baxış zamanı o, əməkdaşlara həmin narkotik vasitə olan qurudulmuş marixuanadan xəbərinin olmadığını, lakin narkotik vasitə olan metadonun pul kisəsində olduğunu bildiyini demişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında əməlindən çox peşman olduğunu, ailə vəziyyətini, qadın olmasını, hazırda demək olar ki, 59 yaşı olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin rejim və nəzarət şöbəsinin nəzarətçisi Şahid1 ifadəsində göstərmişdir ki, 16 oktyabr 2022-ci il tarixdə təxminən saat 09:45 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən 15 saylı cəzaçəkmə müəssisəsinin görüş otağında həmin müəssisənin 3 saylı dəstəsində qeydiyyatda olan məhkum X5 yanına qısamüddətli görüşə gəlmiş anası Təqsirləndirilən şəxs üzərinə və gətirdiyi əşyalara hal şahidlərinin və digər nəzarətçi Şahid2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs gətirdiyi göy rəngli sellofan torbadakı qara rəngli cins şalvarın sağ yan cibinin içərisində olan kiçik cibdən 03 ədəd bükümdə yaşıl rəngli, spesifik iyə malik, ot şəklində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı ona məxsus pul kisəsinin içərisindən üzərində “Metadon” yazısı olan 04 ədəd psixotrop maddəyə bənzər həblər aşkar olunmuşdur. Aşkar olunmuş maddələr tədbirin keçirilməsində iştirak edən şəxslərin iştirakları ilə götürülərək iki ədəd zərfə qoyulub qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş, həmin protokol ucadan oxunmuş, bütün iştirakçılar protokolun doğruluğunu imzala ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qadın olduğuna görə, ona kömək məqsədi ilə, oğlu üçün gətirdiyi əşyaların olduğu sumkaları görüş otağına aparmışdır, lakin həmin vaxt Təqsirləndirilən şəxs özü orada olmuşdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsinin rejim və nəzarət şöbəsinin nəzarətçisi Şahid2 məhkəmə iclasında dindirilməsi mümkün olmamışdır, o, ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar (hamilə olduğundan) məhkəmə iclasınd iştirak edə bilmədiyini, verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar Şahid3 və Şahid4 müəssisə rəhbərliyinin məktubu əsasında təqdim edilmiş ərizələrindən görünür ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Bununla əlaqədar həmin şahidlərin ifadələri məhkəmə iclasında elan olunub tədqiq edilərkən onların Şahid1la eyni məzmunlu ifadələr verdikləri müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 16 oktyabr 2022-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə təxminən saat 09:45 radələrində daxil olmuş əməliyyat məlumatına əsasən 15 saylı cəzaçəkmə müəssisəsinin nəzarət-buraxılış məntəqəsində hal şahidləri və digər ədliyyə qulluqçularının iştirakı ilə aparılmış baxış zamanı həmin müəssisədə cəza çəkən məhkum X6, anası Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş göy rəngli sellofan torbadakı qara rəngli cins şalvarın sağ yan cibinin içərisində olan kiçik cibdən 03 ədəd bükümdə yaşıl rəngli, spesifik iyə malik, ot şəklində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı ona məxsus pul kisəsinin içərisindən üzərində “Metadon” yazısı olan 04 ədəd psixotrop maddəyə bənzər həblər aşkar olunmuş, həmin maddələr hal şahidlərinin və digər ədliyyə qulluqçularının iştirakı ilə götürülərək zərfə qoyulub qablaşdırılmışdır. (i.v. 4-7) - 15 saylı cəzaçəkmə müəssisəsindən verilmiş 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X7 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 04 dekabr 2021ci il tarixdən həmin cəzaçəkmə müəssisəsində cəzasını çəkir. (i.v. 14-15) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2022-ci il tarixli 6/5983 nömrəli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “....Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 4 ədəd üzərində “Metadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 4 ədəd açıqqəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,160 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin ümumi sayı 04 ədəd olmuş, tədqiqata 01 ədəd həb sərf edilmiş, 03 ədəd həb qalıq qalmışdır. (i.v. 16-19) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2022-ci il tarixli 7/1183 nömrəli arayışdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... görüşə gəlmiş anası Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilərkən...” sözləri yazılmış zərf 3 ədəd kağız bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: 0,109 qram, 0,310 qram və 0,041 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,460 qramdır. Qeyd: marixuananın ümumi çəkisi 0,460 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,400 qram qalıq qalmışdır. (i.v. 21-23) - 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 29,317-1.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 77-78) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 21 oktyabr 2022-ci il tarixli 6237 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 88-89) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli 7/1228 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş MEM-nə məxsus qəhvəyi rəngli kağız paketdə üzərində “...görüşə gəlmiş anası Təqsirləndirilən şəxs üzərinə və əşyalarına baxış keçirilərkən...” yazılar və imzalar olan zərfdəki 3 ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram, 0,290 qram, 0,21 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 0,400 qramdır. Qeyd: marixuanarın ümumi çəkisi 0,400 qram olmuş, tədqiqata 0,06 qram (hər obyektdən 0,02 qram) sərf edilmiş, 0,340 qram qalıq qalmışdır. (i.v. 98-100) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 6/6220 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Məhkəmə Ekspertiza Mərkəzi Tədqiqat Obyekti №67” möhür əksi, “Arayış № 6/5983...” yazıları olan bir ədəd qəhvəyi rəngli kağız paketin içərisində üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində ümumi qalıq sayı 3 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkiblərində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin ümumi sayı 03 ədəd olmuş, tədqiqata 01 ədəd həb sərf edilmiş, 02 ədəd həb qalıq qalmışdır. (i.v. 101-105) - 06 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 0,340 qram olan narkotik vasitə qurudulmuş marixuana və tədqiqatdan sonra qalmış 02 ədəd narkotik vasitə metadon həbi maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. (i.v. 108-109) - 08 dekabr 2022-ci il tarixli protokoldan və cədvəldən görünür ki, müstəntiq tərəfindən məhkum X5 telefon danışığının qeydiyyat vərəqəsinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, X7 07 dekabr 2021-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək yalnız ***-***- **-** mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır. Sorğu zamanı X7 həmin mobil telefon nömrəsinin arvadı X4 məxsus olduğunu bildirərək yalnız arvadı ilə telefon vasitəsilə danışdığını bildirmişdir. (i.v. 124-125) - 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan metadonu və qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİnin 23-cü PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs pul kisəsindən aşkar olunmuş metadon həblərinin sayı 16 oktyabr 2022-ci il tarixli 6/5983 nömrəli arayışda göstərildiyi kimi, yəni 04 ədəd və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı arayışda göstərildiyi kimi, yəni 0,160 qram kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs X7 üçün apardığı bağlamada narkotik vasitə olan qurudulmuş marixuananın ayrı-ayrılıqda çəkiləri 16 oktyabr 2022-ci il tarixli 7/1183 nömrəli arayışda göstərildiyi kimi, 0,109 qram, 0,310 qram və 0,041 qram, ümumi çəkisi isə 0,460 qram kimi qəbul edilmişdir. (i.v. 138- 146) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir, irəli sürdüyü dəlilləri əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin dəlilləri məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, lakin öz təsdiqini tapmamış, əksinə, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Həmçinin məhkəmədə son sözündə Təqsirləndirilən şəxs ümumilikdə ittiham üzrə əmılindən peşman olduğunu bəyan etmişdir. Müdafiəçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın ittihamdan xaric edilməsi barədə çıxışına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hansı ki, məhkəmə iclasında belə əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 29,317-1.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 34-35) - 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş, Nizami RPİ-nin MSY-dən tutmadan azad olunması qərara alınmışdır. (i.v. 60-62) - 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 63-64) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 87) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 02 noyabr 2022-ci il tarixli xx/xx-14327 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdən həmin publik hüquqi şəxsin təsərrüfat heyətinin kompyuter üzrə operatoru vəzifəsinə qəbul olunmuşdur. 28 iyun 2022-ci il tarixdən o, publik hüquqi şəxsin konsultativ-poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsinə keçirilmişdir. 13 dekabr 2021-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək ona publik hüquqi şəxsin təsərrüfat heyətinin kompyuter üzrə operatoru vakant vəzifəsi üzrə əmək funksiyalarının icrası həvalə olunmuşdur. Təqsirləndirilən şəxs ilə bağlanmış 796 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq öz xahişi ilə 20 oktyabr 2022-ci il tarixdən xitam verilmişdir. (i.v. 84) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 1.1-ci maddəsi ilə törətməyə cəhd etdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla təqsirləndirilən şəxsin qəsdən böyük ictimai təlhükə törətməyən cinayəti törətməyə cəhd etməsini, qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması, həmin Məcəllənin 317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz; 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Qeyd olunanları, işin faktiki hallarını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası müvafiq müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə ona ümumilikdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınanaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə nəzərə alır ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyi, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, dövlət hesabına təyin olunmuş vəkilin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 240 iş saatı müddətinə bərabər tutulub, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat olmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 29,317-1.1-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki gününün bərabər tutulması qaydasında hesablanmaqla, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə islah işləri cəzası 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun, bu cəzanı Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 16 oktyabr 2022-ci il tarixdən 18 oktyabr 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,340 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd “F/M 40” göstəricili narkotik vasitələrin siyahısına aid olan metadon həbi məhv edilsin. Məhkəmə məsrəfi olan cəmi 256,91 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-202/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-202/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver