Məhkəmə qərarları › İş №1(007)-202/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-202/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-202/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Aşırım küçəsi ev 24-də yaşamış, 02 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satıs məqsədi ilə ümumi təmiz çəkisi 0,280 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, 02 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 1 ünvanında həmin psixotrop maddə metamfetaminin 0,050 qram hissəsini tanışı Şahid1 10 manat pul müqabilində satmış, onun psixotrop maddə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirlmiş əməliyyat tədbirləri nəticəsində həmin tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 1 ünvanının qarşısında o, Şahid1 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,230 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara şalvarının sağ yan cibindən onun satdığı 01 ədəd bükümdə təmiz çəkisi 0,050 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Şahid1 psixotrop maddə satmamışdır, polislər onu döymüş, alçaltmış, demişlər ki, psixotrop maddənin onun üzərindən çıxmasını qəbul etsin və Eldənizə satmasını etiraf etsin, o da buna əməl etmişdir. Çünki polislər demişlər ki, qəbul etməsə gedib evindən bir kilo çıxmış kimi edəcəklər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 04 noyabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, o, təxminən 2-3 il olar narkotik vasitə metamfetamindən istifadə edir, digər narkotik vasiələri 20 ildir qəbul edir, narkotik vasitələri və psixotrop maddələri inyeksiya yolu ilə qəbul edir, təxminən 10-15 gün əvvəl özünü Azərbaycan Respublikası vətəndaşı kimi təqdim etmiş “Eldəniz” adlı şəxslə tanış olmuşdur. Bir neçə gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” adlanan ərazidə “Emin” adlı Azərbaycan Respublikası vətəndaşından 20 manat müqabilində 2 büküm narkotik vasitə olan metamfetamin almışdır. 02 noyabr 2023-cü il tarixdə Eldənizlə əlaqə saxlayıb “Ruslan 93” adlanan marketin, yəni Nizami rayonu, Q.Qarayev prospekti 1 ünvanının yaxınlığında görüşmüşlər. Həmin tarixdə saat 15:00-da Q.Qarayev prospekti 1 ünvanın yaxınlığında Eldənizlə birlikdə olan vaxt mülki geyimdə polis işçiləri yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla birlikdə Nizami RPİ-yə getməyi təklif etmişlər, şübhə yaranmasın deyə təklifi qəbul edərək Nizami RPİ-yə onlarla birlikdə getmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində qadağan edilmiş əşyaları təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızda olan bükümü, sol yan cibindən özünə məxsus mobil telefonu və 10 manat pulu çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə matemfetamin olmasını, həmin maddəni və əlavə olaraq bir bükümü “Emin” adlı Azərbaycan Respublikası vətəndaşından 20 manat müqabilində almasını, digər bükümü 10 manata “Eldəniz” adlı şəxsə satmasını bildirmişdir. Sonra şəxsi axtarış zamanı ondan qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmiş, ondan aşkar edilmiş büküm açılıb baxılmış və içərisində narkotik maddə metamfetamin olması görünmüş, sonra həmin büküm qablaşdırılmış və protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. O, aşkar edilən metamfetamini öz şəxsi istifadəsi üçün “Emin” adlı Azərbaycan Respublikası vətəndaşından əldə etmişdir. Onunla birlikdə saxlanılan Şahid1 üzərindən aşkar edilmiş metamfetamini ona 10 manata satmışdır, üzərimə baxış zamanı aşkar edilmiş 01 ədəd 5 manatlıq və 05 ədəd 1 manatlıq, ümumilikdə 10 manat pul əskinazları Şahid1 ona satdığı psixotrop maddəyə görə verdiyi pul olmuşdur. O, əvvəllər narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən hər hansı bir vasitələrin satışı və dövriyyəsi ilə məşğul olmamış, ilk dəfə pul müqabilində psixotrop maddəni Şahid1 satmışdır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra suallara cavab olaraq göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, ifadəsi müstəntiqin sözləri ilə yazılmışdır, hazırda məhkəməyə verdiyi ifadəni təstiq edir. Polislər tərəfindən döyülməyi barədə şikayət etməmişdir. Üzərində aşkar oldundğu qeyd olunan narkotik vasitə onun ən zəhləsi gedən narkotik vasitədir. Eldəniz yalan deyir, Eldəniz ondan narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təxminən 2-3 il olar ki, narkotik vasitə olan metamfetamindən istifadə edir. 2023-cü ilin oktyabr ayının təxminən sonlarında “Əziz” adlı şəxslə, yəni sonradan tam məlumatlarını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 02 noyabr 2023-cü il tarixdə Əzizlə əlaqə saxlayıb “Ruslan 93” adlanan marketin, yəni Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 1 ünvanının yaxınlığında görüşmüşdür. Həmin gün saat 15:00-da qeyd etdiyi ünvanın yaxınlığında olan Əzizlə birlikdə olduğu vaxt mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, sonra onlarla birlikdə Nizami rayon polis idarəsinə getməyi təklif etmişlər. Şübhə yaranmasın deyə təklifi qəbul edərək onlarla birlikdə Nizami rayon polis idarəsinə getmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş, müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl üzərində qadağan edilmiş əşyalar varsa, təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Suala cavab olaraq həmin bükümdə matemfetamin olmasını və bu maddəni “Əziz” adlı şəxsdən 10 manata almasını bildirmişdir. O, həmin metamfetamini öz şəxsi istifadəsi üçün Əzizdən almışdır, bir büküm metamfetaminin müqabilində Təqsirləndirilən şəxs bir ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq olmaqla, cəmi 10 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Nizami rayonu ərazisində “Əziz” adlı şəxsin mütəmadi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 02 noyabr 2023-cü il tarixdə saat 15:00 radələrində əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən ondan, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid5 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 1 ünvanının qarşısında sonradan şəxsiyyəti onlara Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs müəyyən edilmiş, həmçinin həmin vaxt Təqsirləndirilən şəxs yanında sonradan şəxsiyyəti onlara Şahid1 kimi məlum olmuş şəxs də olmuşdur. Onlara özlərini təqdim etdikdən sonra Nizami rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər, həmin şəxslər etiraz etmədən onlarla birlikdə polis idarəsinə getmişlər. İnzibati binada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra onların və dəvət olunmuş müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız büküm, sol yan cibindən 01 ədəd qara rəngli, “Fly” markalı mobil telefon, 01 ədəd 5 manatlıq, 05 ədəd bir manatlıq kağız pul əskinazlarını çıxardıb təqdim etmişdir. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərindən heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamin olmasını, bir müddət əvvəl tanıdığı Azərbaycan Respublikası vətəndaşı “Emin” adlı şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” qəsəbəsi kimi adlanan ərazidə 20 manat verib özü istifadə etmək məqsədi ilə 02 büküm alıb üzərində saxlamasını, həmin bükümdən birini onunla birlikdə saxlanılan “Eldəniz” adlı şəxsə 10 manata satmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq protokol və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, tərəflərindən həyata keçirilmiş əməliyyat-tədbiri və onların iştirakı ilə aparılmış şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmiş və təhdid edilməmişdir, o, əməlini səmimi etiraf etmişdir. Həmçinin şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Oradan da aydın olur ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə üzərində olan psixotrop maddəni çıxarıb könüllü təqdim etmiş, psixotrop maddənin 02 ədəd bükümdə olduğunu, 01 ədəd bükümü isə 10 manat pulla tanışı Eldənizə satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid5, Şahid2la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 02 noyabr 2023-cü il və 03 noyabr 2023-cü il tarixli protokollardan görünür ki, 11 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən həmin RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü, sol yan cibindən 01 ədəd qara rəngli, “Fly” markalı mobil telefonu, 01 ədəd 5 manatlıq, 5 ədəd 1 manatlıq kağız pul əskinaslarını çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə psixotrop maddə metamfetamin olmasını, bir müddət əvvəl tanıdığı “Emin” adlı şəxsdən Bakı şəhəri, Binəqədi rayonu, “Xutor” qəsəbəsi kimi adlanan ərazidə 20 manat verib özü istifadə etmək məqsədi ilə 2 büküm alıb üzərində saxlamasını, həmin bükümdən birini onunla birlikdə saxlanılan “Eldəniz” adlı şəxsə 10 manata verməsini bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirildikdə içərisində spesifik iyə malik ağ rəngli kristallik maddə aşkar edilmişdir. Aşkar olunmuş maddə içərisi boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 03 noyabr 2023-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 33-34, 91) - 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən Nizami RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Şahid1 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Şahid1 təqdim etdiyi bükümün içərisində “patı” kimi bildiyi psixotrop maddə olmasını, təxminən 10- 15 gün əvvəl tanıdığı və onunla birlikdə saxlanılan “Əziz” adlı şəxsə 10 manat verib alaraq özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. (i.v. 60-61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 noyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5873 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə və üzərində “...Şahid1 aşkar olunmuş...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,050 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 və 2 №-li zərflərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: 1 №-li zərfdəki metamfetaminin təmiz çəkisi 0,230 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,180 qram qalıq qalmışdır; 2 №-li zərfdəki metamfetaminin təmiz çəkisi 0,050 qram olmuş, tədqiqata 0,020 qram sərf edilmiş, 0,030 qram qalıq qalmışdır. (i.v. 71-74) - 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 96) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 22 dekabr 2023-cü il tarixli 8389 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 139-140) - 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxt üzərindən psixotrop maddə metamfetaminin, bir ədəd “Fly” markalı mobil telefonun, bir ədəd 5 manatlıq, beş ədəd 1 manatlıq (cəmi 10 manat) pul əskinaslarının aşkar edilərək götürülməsinə dair videoçəkilişin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə 02 noyabr 2023-cü il tarixdə Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan vaxt üzərindən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkilişin köçürüldüyü 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd “Fly” markalı mobil telefon, 01 ədəd 5 manatlıq, 05 ədəd 1 manatlıq (cəmi 10 manat) pul əskinasları maddi sübut kimi tanınaraq saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, cinayət işi üzrə 02 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,180 qram saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs psixotrop maddəni haradan və kimdən əldə etməsinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması həvalə edilmiş, Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərarın surəti Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 144-154) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı 01 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs əldə etdiyi ümumilikdə 0,280 qram çəkidə psixotrop maddə metamfetaminin 0,050 qram hissəsini tanışı Şahid1 10 manat pul müqabilində satmış, Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən Təqsirləndirilən şəxs satdığı 01 ədəd bükümdə təmiz çəkisi 0,050 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hansı ki, keçirilmiş ekspertiza ilə həmin psixotrop maddə metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə həmin dəlillər təkzib olunmuş, hər hansı əsasının olmadığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı təzyiqlər olması barədə məlumat versə də, bu təzyiqin məhz hansı polis əməkdaşı tərəfindən edilməsi ilə bağlı məsələni dəqiqləşdirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təhqiqat araşdırmasından sonra ibtidai istintaqda həyata keçirilən prosessual və istintaq hərəkətlərində iştirak etmiş, lakin ona qarşı ehtimal olunan təzyiqlər barədə bildirməmişdir. Nəzərə alınmalıdır ki, tutulduğu andan Təqsirləndirilən şəxs vəkillə təmsil olunmuşdur, istər özü fərdi qaydada, istərsə də müdafiəçisi vasitəsi ilə qeyd olunan məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət və ya məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 21) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 02 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 120-122) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Xalq Məhkəməsinin 24 avqust 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən 07 fevral 2021-ci il tarixdə azad edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 may 2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 135-136) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbi baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, törətdiyi cinayətə görə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə metamfetamin məhv edilməli, içərisində videogörüntülər olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Fly” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş, onun narkotik vasitənin satışından əldə etdiyi və maddi subut kimi tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən 10 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 02 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,180 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin, “Fly” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın, içərisində videogörüntülər olan 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəməyədək icraat zamanı maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 10 (on) manat məbləğində pul dövlət nəfinə müsadirə edilsin. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar