Məhkəmə qərarları › İş №1(007)-205/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-205/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-205/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, tanışı X4 ilə bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 42 ünvanında yerləşən, ictimai yer olan avtobus dayanacağının arxasında taksi sürücüsü kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs müştəri kimi yaxınlaşan, əvvəllər tanımadığı, şəxsiyyəti istintaqa məlum olmayan qadınla söhbət etməsini bəhanə edib Zərərçəkmiş şəxslə mübahisə etməklə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakılarin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs zor tətbiq edərək Tural Eynullayev əlləri ilə Zərərçəkmiş şəxs arxadan tutub saxlamaqla şərait yaratdıqdan sonra o, yumruqla Zərərçəkmiş şəxs sifətinə vurub sonuncunun sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət, mənbəyi istintaqa məlum olmayan, silah qismində istifadə etdiyi deşici-kəsici əşya ilə isə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq sonuncuya qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirərək qərəzli hərəktləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 74 ünvanında yerləşən “Rahat” marketin qarşısında tanışı Tural Eynullayev ilə dayanıb söhbət edən zaman əvvəllər tanımadığı, sonradan adını bildiyi Zərərçəkmiş şəxs tanımadığı bir qadınla söhbət etdiyini görmüşdür. Az sonra həmin qadın Murtuzdan ayrılıb avtomobil yolunun o biri tərəfinə keçmişdir. Həmin vaxt Murtuz avtomobilinə əyləşib Q.Qarayev prospekti istiqamətində sürmüş və bir qədər irəlidən dönüb həmin qadının dayandığı dayanacağın arxasında saxlayaraq yenidən həmin qadına yaxınlaşmışdır. O, Murtuzun həmin qadını narahat etdiyini güman etmişdir. O, Murtuza yaxınlaşaraq qoluna girib kənara çəkmiş, qadını nə səbəbə narahat etdiyini soruşmuşdur. Murtuz ondan kimliyini soruşaraq DİN-nin 102 xidmətinə zəng vuracağını demişdir. Həmin vaxt qadın onlara yaxınlaşıb Murtuzu çağırmışdır ki, gedib maşınına əyləşsin. Bundan sonra Murtuzla aralarında mübahisə başlamışdır. Murtuz onu söyüb təhqir edən zaman tanışı Tural onların arasına girib onları sakitləşdirməyə çalışmışdır. O, mübahisə zamanı Murtuzun içkili olduğunu hiss etmiş, buna görə də ona öz telefon nömrəsini verərək ayılanda zəng etməyini bildirmişdir. Oradan uzaqlaşmaq istəyərkən Murtuz onun arxasınca gəlib ünvanına söyüş söymüşdür. Bu səbəbdən o, əvvəl yumruqla Murtuzun sifətindən, sonra isə təpiklə onun qarın nahiyəsindən vurmuşdur. Murtuz zərbənin təsirindən arxa-arxaya gedib ağaca dəyərək üzü üstə yerə yıxılmışdır. Həmin vaxt “Rahat” marketdə işləyən Rəşad adlı mühafizəçi gəlib Tural ilə birlikdə onların arasına girib hər birini kənara çəkmişdir. Murtuz yerə yıxılan zaman əlindəki telefonu yerə düşmüş, Tural telefonu götürüb Murtuza verərək onu maşınına ötürmüşdür. Murtuz söyüş söydüyü üçün əvvəl yumruqla sifətindən, sonra isə təpiklə qarın nahiyəsindən vurmuşdur. O, özünü Murtuza polis əməkdaşı kimi təqdim etməmiş, onu hər hansı bir kəsici, yaxud da deşici əşya ilə vurmamışdır. Dalaşdığına görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmədən yetkinlik yaşına çatmamasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “SOCAR Petrolium” şirkətində mühafizə xidmətində işləyir, eyni zamanda işdən sonra özünə məxsus avtomobili ilə taksi kimi fəaliyyət göstərir. xx.xx.2019cu il tarixdə saat 23 radələrində avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətindən “Q.Qarayev” metrostansiyası istiqamətinə gedərkən yol kənarındakı “Rahat” marketə girmək üçün avtomobilini həmin marketin qarşısında dayandırmışdır. Avtomobildən düşən zaman marketdən bir az kənarda dayanmış, tanımadığı orta yaşlı bir qadın ondan taksinin boş olub-olmadığını soruşub, 5-10 dəqiqə onu gözləməsini, onunla gedəcəyini bildirmişdir. O,razılaşmış və marketə girməyib avtomobilinin yanında dayanaraq həmin qadını gözləmişdir. Eyni zamanda marketin yaxınlığında iki nəfərin dayanıb söhbət etdiyini, sonradan onların bir yerdə onun yanından keçib 3-4 metr kənarda dayandıqlarını və arada bir ona tərəf baxdıqlarını hiss etmişdir. Həmin qadın ona oğlanların ona baxdıqlarını, yolu keçib o biri tərəfində gözləməsini bildirmişdir. Sonra qadın özü də yolu keçmişdir. O, avtomobilinə əyləşib bir qədər irəlidən geri dönərək köməkçi yolda, avtobus dayanacağının arxasında dayanmışdır. Avtomobildən düşüb qadına yaxınlaşaraq həmin qadından onunla gedibgetməyəcəyini soruşanda qadın ona bir qədər gözləməsini xahiş etmişdir. Həmin vaxt marketin qabağında dayanmış həmin oğlanlar, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və X4 ona tərəf gəlmişlər, Hikmət ona yaxınlaşaraq onun kəmərinin arxasından tutub dayanacağın arxa tərəfinə çəkmişdir. Hikmət cibindən dəqiq görmədiyi bir sənəd çıxarıb özünü polis əməkdaşı kimi təqdim edərək onunla getməsini tələb etmişdir. O, Hikmətin əlindən çıxıb avtomobilinə tərəf gedib orada mobil telefonunu götürüb DİN-nin 102 xidmətinə zəng edib onun kimliyini öyrənəcəyini demişdir. Həmin vaxt Hikmət onun üzərinə hücum etmiş və onlar əlbəyaxa olmuşlar. Onun mobil telefonu əlindən yerə düşmüşdür. Tural onun müqavimət göstərə bilməməsi üçün arxadan qucaqlamış, Hikmət isə yumruqla bir dəfə onun sifətinə vurmuşdur. Tural onu arxadan tutduğu üçün Hikmətə müqavimət göstərə bilməmişdir. Səs-küyə gələn sonradan adını bildiyi Şahid1 onları sakitləşdirməyə çalışmış və ona avtomobilinə əyləşməsini xahiş etmişdir. Oradakı qadın Hikmət ilə Turala yaxınlaşıb “siz kimsiniz, camaatdan nə istəyirsiniz?” demişdir. Hikmət onun ünvanına nalayiq söyüş söyən zaman o, Turalın əlindən çıxıb Hikmətin üzərinə gedəndə yenidən Rəşad onun qolundan tutaraq sakitləşməsini, gedib avtomobilində əyləşməsini tələb etmişdir. Tural yenə onu arxadan tutub saxlamaqla Hikmətə şərait yaratmış və Hikmət yaxınlaşıb bıçaqla bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, qadının qışqırmasını gürüb səs-küy yaranmasın deyə yerdən mobil telefonunu götürüb avtomobilinə əyləşmişdir. Qadın da onun avtomobilinə əyləşmiş və o, avtomobilini “Neftçilər” metrostansiyası istiqamətində sürmüşdür. Yolda qarın nahiyəsindən qan gəldiyini görüb qadından salfetka alıb yarasına sıxmışdır. Qadın onun yaralandığını görüb avtomobili saxlamasını, onu bu işlərə qatmamasını xahiş edib avtmobildən düşüb getmişdir. Hikmətlə aralarında olan mübahisə zamanı Rəşad və Tural onu vurmamışdır. Hadisə zamanı içkili olmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 39 ünvanında yerləşən “Rahat” marketdə mühafizəçi işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində həmin marketə meyvə-tərəvəz qəbul edən zaman marketin qapısının sağ tərəfində üzdən tanıdığı, marketin daimi müştəriləri olan Təqsirləndirilən şəxs ilə X1 dayanıb söhbət etdiklərini, marketin sol tərəfində isə tanımadığı bir qadının dayandığını görmüşdür. Az sonra isə bir avtomobil gəlib orada dayanmışdır. Marketə mal qəbul etdiyi üçün baş verənlərə dəqiq fikir verə bilməmişdir. 5- 10 dəqiqədən sonra marketin qarşı tərəfində, prospektin o biri tərəfindəki avtobus dayanacağının arxasından mübahisə səslərini eşitmişdir. Orada baş verənləri görməmiş, lakin hər bir halda kömək məqsədilə dayanacağa yaxınlaşmışdır. Dayanacağın arxasında Hikmətlə Turalın başqa bir şəxslə, sonradan adını bildiyi Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini görmüşdür. Bir qədər əvvəl marketin qarşısında dayanmış həmin qadın da orada olmuş və o, Hikmət ilə Turala “Murtuz mənim tanışımdır, uşağımı aparıb-gətirir" deyib mübahisənin qarşısını almağa çalışmışdır. Həmin vaxt tərəflər bir-birilərinə təhqiredici söyüşlər söymüşlər. O, Hikmət ilə Turala acıqlanmışdır ki, çıxıb getsinlər. Murtuzun qolundan tutub avtomobilinə əyləşməsini demişdir. Lakin Murtuz ona qulaq asmayaraq mübahisə etmiş, Hikmətə demişdir ki, ‘'mənə bıçaq atdın, sənin başına oyun gətirəcəm”. Çətinliklə Murtuzu avtomobilinə ötürmüş, həmin qadın da avtomobilə əyləşdikdən sonra Murtuz avtomobilini sürüb getmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış HK-1/2512 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasına dair xx xxxxxx 2019-cu il tarixli, 1287 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın, səthi əzilmiş yara isə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 22/1287 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yara deşici-kəsici əşyanın, ola bilsin ki, bıçağın, səthi əzilmiş yara isə bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yarana bilər, dərəcəsinə görə qarnın ön divarının sol qabırğaaltı nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ almacıq nahiyəsinin səthi əzilmiş yarası sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərini nəzərə alaraq demək olar ki, qarnın ön divarının daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən üzü üstə yıxılması nəticəsində yaranması inandırıcı deyildir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materialları və Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində tanınması haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx xxxxxx 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “ Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli Qərarının 9-cu bəndində göstərilir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah qismində istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur…CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrüfat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. CM-nin 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən və silah qismində istifadə etdiyi deşici-kəsici əşya ilə qarın nahiyəsindən qəsdən vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq cinayətini törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. . Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 15 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 15 iş saatı, cəmi 30 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 180 (bir yüz səksən) manat (30x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (bir yüz səksən) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar