Məhkəmə qərarları › İş №1(007)-205/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-205/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-205/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1994-cü il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı şəhəri, Ə.Əliyev küçəsi ev 15-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 41, mənzil 7-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli Əfv Sərəncamına əsasən həmin hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 23 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvana məxsus pəncərəyə quraşdırılmış dəmir barmaqlıqları əli ilə sıxaraq əyib, həmin pəncərənin üzərində olan toru çıxararaq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, mənzilin qonaq otağında olan masanın üzərindən Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində çexol olan 300 manat dəyərində bir ədəd “Redmi Note 8T” markalı mobil telefonunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 310 manat məbləğində zərər vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 may 2023-cü il tarixdə Əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən vaxtıdan əvvəl azad edildikdən sonra işləməmiş və pulu olmamışdır. 19 noyabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman pulu olmadığından oğurluq etmək qərarına gəlmiş və oğurluğu yaşadığı Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı binada olan blokun 1-ci mərtəbəsində yerləşən 3 nömrəli mənzildən etməyi planlaşdırmışdır. Yaşadığı mənzil həmin blokun ikinci mərtəbəsində yerləşmişdir. 20 noyabr 2023-cü il tarixdə saat 07 radələrində yaşadığı binanın həyətinə düşmüşdür. Oğurluq etmək istədiyi mənzildə orta yaşlı rus qadının tənha yaşadığını bilmişdir. Həyətdə bir müddət gözlədikdən sonra həmin mənzildə yaşayan üzdən tanıdığı, adını bilmədiyi həmin rus qadının blokdan çıxıb getdiyini görmüşdür. Bir müddət yenidən gözlədikdən sonra mənzildə heç kimin olmadığına əmin olmaq üçün mənzilin giriş-çıxış qapısını döymüşdür. Təxminən 5 dəqiqə qapını döysə də mənzilin qapısını açan olmamışdır. Mənzildən də səs gəlmədiyindən, mənzildə heç kimin olmadığına əmin olmuşdur. Bundan sonra binanın arxa hissəsinə keçərək pəncərədən mənzilin içərisinə baxmış və həmin pəncərənin qonaq otağının pəncərəsi olduğunu anlamışdır. İçərini müşahidə etdikdə, otaqların işıqlarının sönülü olduğunu və otaqda heç kimin olmadığını görmüşdür. Mənzildə digər şəxsin olmasından şübhə etdiyi üçün, qayıdıb mənzilin giriş-çıxış qapısını yenidən döymüşdür. Ancaq mənzilin qapısını açan olmamış və mənzildən səs gəlməmişdir. Həyətdə bir qədər gözlədikdən sonra saat təxminən 11 radələrində binanın arxa hissəsinə keçərək, mənzilin pəncərəsinə bərkidilmiş dəmir barmaqları əli ilə dartaraq aşağı hissəsindən içəri daxil olmaq üçün əymişdir. Pəncərəyə quraşdırılmış setkanı əvvəlcə çırsa da, daha sonra çıxara biləcəyini görüb çıxardıb mənzilin içərisinə atmış və mənzilin içərisinə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra həmin otağın qonaq otağı olduğuna əmin olmuşdur. Əl-barmaq izləri mənzildə qalmaması üçün əvvəlcədən alıb cibində saxladığı tibbi əlcəkləri əlinə taxmışdır. Mənzil qaranlıq olduğundan otağın işığını yandırmışdır. Pəncərədən içəri daxil olan kimi otağın sol tərəfində olan masanın üzərində “Redmi” markalı mobil telefonu görüb, götürərək cibinə qoymuşdur. Qızıl zinət əşyaları və ya pul axtarmaq üçün mənzilin yataq otağına keçmək istədikdə, yataq otağındakı çarpayıda bir nəfər şəxsin yatdığını görmüşdür. Buna görə də həyəcanlanmış və qonaq otağına qayıdıb, mənzilə girdiyi pəncərədən çölə tullanıb oradan çıxıb getmişdir. Əlinə taxdığı tibbi əlcəkləri mənzildən çıxdıqdan sonra yadında qalmayan yerə tullamışdır. Hadisə yerindən uzaqlaşdıqdan sonra mənzildən götürdüyü mobil telefona baxdıqda “Redmi Note 8T” markalı olduğunu, arxa hissəsində nömrə yerləşdirmək üçün alət-iynə olduğunu görmüşdür. Lakin telefonun içərisində GSM nömrəsi olmamışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra oğurladığı “Redmi Note 8T” markalı mobil telefonu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən “TT-Mobile” adlı mağazaya aparıb, həmin telefonun özünə məxsus olduğunu və satmaq istədiyini, lakin kodunu unutduğunu, pula ehtiyacı olduğundan telefonunu satıb onun əvəzinə ucuz və sadə telefon almaq istədiyini demişdir. Mağazanın işçisi onun təqdim etdiyi “Redmi Note 8T” markalı telefona baxdıqdan sonra həmin mobil telefonu 100 manat dəyərində qiymətləndirmiş, ona 20 manat dəyərində “İnoi” markalı mobil telefon satdıqları üçün alqı-satqı müqaviləsində alış qiymətini 80 manat olaraq qeyd etmişlər. Müqaviləni imzaladıqdan sonra müqavilənin üzərinə əl yazısı ilə “Telefon mənə aiddi, öz istəyimlə satıram” sözlərini yazmışdır. Satdığı “Redmi Note 8T” markalı mobil telefonun kodunu açmaq üçün proqramçı haqqı olaraq 25 manat pul çıxdıqdan sonra ona cəmi 55 manat pul vermişlər. O da pulu götürdükdən sonra mağazanı tərk edərək getmişdir. Əldə etdiyi pulu öz maddi ehtiyacları üçün xərcləmişdir. Hadisədən sonra etdiyi əməldən peşman olduğu üçün 23 noyabr 2023-cü il tarixdə ərazi üzrə Nizami RPİ-nin 24-cü polis şöbəsinə gedərək, qonşusunun mənzilinə daxil olub, oğurluq etdiyini etiraf etmişdir. Oğurluq yolu ilə əldə etdiyi pulla aldığı “İnoi” markalı mobil telefonu təhqiqatçıya təqdim etmişdir. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs özünün könüllü olaraq polisə getdiyini, dəymiş ziyanı ödədiyini, əvvəlki cəzasına görə əfv olunduğunu, əməlindən peşman olduğunu nəzərə alaraq, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 41, mənzil 3 ünvanında anası Yuliya ilə birlikdə yaşayır və özü “Cocord media” şirkətində supervayzer vəzifəsində online formada işləyir. 20 noyabr 2023-cü il tarixdə saat 03:30-da işlərini yekunlaşdırdıqdan sonra yatmaq üçün yaşadığı mənzilin yataq otağına keçib, yatmışdır. Səhərisi gün, yəni 20 noyabr 2023-cü il tarixdə səhər saat 11 radələrində yatağında olarkən mənzilin zal otağında işıqların yandığını və otaqda hərəkət olduğunu hiss etmişdir. Ancaq otaqda olan şəxsin anası olduğunu güman edərək, yatağından qalxmamışdır. Saat 11:30-da yatağından qalxıb, sonra zal otağına keçdikdə zal otağının döşəməsində olan sellofan torbanın içərisindəkilərin dağıldığını və otağın pəncərəsinin açıq olduğunu görmüşdür. Pəncərəyə yaxınlaşdıqda pəncərəyə çəkilmiş torun cırılmış vəziyyətdə yerindən çıxarılaraq otağa atıldığını və pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların əyildiyini görmüşdür. Bundan sonra həmin pəncərədə olan dəmir barmaqlıqları əyərək, mənzilə oğru girdiyini başa düşüb, otaqları nəzərdən keçirdikdə, zalda masanın üzərində olan iki il bundan əvvəl 700 manata aldığı, hazırda dəyəri təxminən 300 manat olan özünə məxsus bir ədəd “Redmi Note 8T” markalı mobil telefonunu və mobil telefonun üzərində olan 10 manat dəyərində çexolun oğurlandığını aşkar etmişdir. Başa düşmüşdür ki, hadisəni törədən şəxs anasının evdən çıxıb getdiyini və mənzildə heç kimin olmadığını düşündüyü üçün, yaşadığı mənzilə oğurluq etmək üçün girmiş, mənzildə onu gördükdən sonra isə qaçıb getmişdir. Lakin özü mənzildən oğurluq edən şəxsi görməmişdir. Mənzildən başqa hər hansı bir məbləğdə pul, eləcə də qiymətli əşya oğurlanmamışdır. Oğurlanmış həmin mobil telefonu ancaq internet üzərindən istifadə etmiş, üzərində GSM nömrəsi olmamışdır. Hadisənin törədilməsində yaşadığı mənzilin blokunda ikinci mərtəbədə ailəsi ilə birlikdə yaşayan, adını sonradan bildiyi Savalan adlı şəxdən şübhələnmiş, bu barədə polislərə də bildirmişdir. Belə ki, Savalan türmədən təzə çıxmışdı və onun narkotik istifadə etdiyini eşitmişdi. Polislərin apardıqları araşdırma ilə oğurluğun həqiqətən də Təqsirləndirilən şəxs tərəfindən törədildiyi təsdiq olunmuşdur. Ona dəymiş maddi ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsdən şikayətçidir, pulunun ödənilməsini tələb edir. Əlavə olaraq göstərmişdir ki, mobil telefonunun oğurlanması ilə ona 310 manat ziyan dəysə də, pəncərədə olan dəmir barmaqlıqların əyilməsi və pəncərəyə çəkilmiş torun cırılması ilə ona həmçinin 100 manat da ziyan dəymişdir, lakin onu istintaq zamanı tələb etməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2013-cü ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvannda yerləşən “TT-Mobile” adlı mağazada satıcı işləyir və mağazada təzə, eləcə də işlənmiş mobil telefonların satışı ilə məşğuldur. Mağazada həm mobil telefonların təmiri ustası, həm də proqramçı vardır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində əvvəllər görmədiyi və tanımadığı kişi mağazaya girərək, özünə məxsus “Redmi Note 8T” markalı mobil telefonu satmaq istədiyini bildirməklə, satmaq istədiyi mobil telefonun kodunu unutduğunu bildirib proqramçı vasitəsilə kodu silmək istədiyini demişdir. Adını sonradan bildiyi Savalan adlı həmin şəxsdən mobil telefonunda GSM nömrəsinin olmadığının səbəbini soruşanda, Savalan adlı şəxs ona mobil telefonu satmağa gətirdiyi üçün GSM nömrəsini çıxardıb evdə qoyduğunu bildirmişdir. Savalan adlı şəxsin ona təqdim etdiyi mobil telefon baxıb, telefonu 100 manata ala biləcəyini demişdir. Onunla razılaşan Savalan adlı şəxs həmçinin özünə sadə telefon almaq istədiyini dediyindən Savalana satışda olan qara rəngli “İnoi” markalı mobil telefonu 20 manata sata biləcəyini bildirmişdir. Savalan da onunla razılaşdığı üçün onunla alqı-satqı müqaviləsi bağlamışdır. Bağladıqları alqı-satqı müvaqiləsində Savalanın ona satdığı “Redmi Note 8T” markalı mobil telefonun dəyərini 80 manat olaraq yazmışdır. Savalan da həmin müqaviləni imzalamaqala, “Telefon mənə aiddi, öz istəyimlə satıram” qeydini yazmışdır. Həmçinin Savalan öz şəxiyyət vəsiqəsinin ksero surətini də həmin müqaviləyə əlavə etmişdir. Savalanın satdığı “Redmi Note 8T” markalı mobil telefonu format edib kodunu açmaq üçün proqramçıya ödənmiş 25 manat pulu çıxdıqdan sonra Savalana ümumilikdə 55 manat nağd pul vermişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin “Redmi Note 8T” markalı mobil telefonu adını, ünvanını bilmədiyi, 25-30 yaşlarında olan kişiyə 140 manata satmışdır. Savalanın həmin “Redmi Note 8T” markalı mobil telefonu oğurluq yolu ilə əldə etdiyindən məlumatı olmamış, Savalan da həmin mobil telefonu oğurluq yolu ilə ələ keçirdiyini ona deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 23 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 noyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 7-8) - 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “İnoi” markalı mobil telefon ondan götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin mobil telefonu 20 noyabr 2023-cü il tarixdə Nizami rayonu, C.ünvan 3 ünvanından oğurladığı bir ədəd “X1 8T” markalı mobil telefonun satışından əldə etdiyi pulun bir hissəsi ilə aldığını bildirmişdir. (i.v. 15) - 24 noyabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, müdafiəçisinin iştirakı ilə hadisə yerini əyani olaraq göstərib oğurluq əməlini hansı qaydada, üsulla törətdiyini ifadəsində bildirdiyi kimi bir daha təsdiq etmiş, daha sonra mənzildən oğurladığı mobil telefon aparatını satdığı mağazanın qarşısına gedərək həmin yeri də əyani olaraq göstərmişdir. (i.v. 42-46) - 24 noyabr 2023-cü il tarixli protokoldan və müqavilənin surətindən görünür ki, müstəntiq tərəfindən Şahid təqdim etdiyi, aşağı hissəsində Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti olan alqı-satqı müqaviləsinin surəti götürülmüşdür, həmin müqavilə ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs “Note 8T” markalı **********44014/00- **********44022/00 imei kodlu mobil telefonu, özünə aid telefon kimi təqdim etməklə, 20 noyabr 2023-cü il tarixdə “TT-Mobile” mağazasına 80 manata satmışdır. (i.v. 51-52) -"xxxx" MMC-nin 25 dekabr 2023-cü il tarixli 29454 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs məxsus “X1 8T” markalı **********44014 və **********44022 imei kodlu mobil telefonu 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrə ilə işlədilmişdir. (i.v. 98) - 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin əlamətləri ilə cinayət təqibinin icraatına xitam verilmiş, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə götürülmüş bir ədəd “İnoi” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanınmış və məhkəmənin mülahizəsinə buraxılması üçün saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 107-113) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 32) - 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 23 noyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 81-84) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və sərəncamın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli Əfv Sərəncamına əsasən həmin hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 85-92) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 82.4-cü maddəsinə əsasən əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edildiyi Əfv Sərəncamında belə məhkumların məhkumluğu götürülməmişdir, ona görə ağır cinayət törətməyə görə məhkum edilmiş həmin təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən onun əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında zərərçəkmişə dəymiş ziyanı ödədiyini qeyd etsə də, bu hal öz təsdiqini tapmamışdır, ona görə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olavaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.2-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri müvafiq əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə olunmalıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət qanunvericiliyinə görə, qanunverici hər hansı hüquq pozuntusu ilə əlaqədar deyil, məhz cinayətin törədilməsi ilə bağlı əldə edilən əmlakın, habelə onların hesabına əldə edilmiş gəlirlərin müsadirəsini müəyyən edir. Deməli, cinayət-hüquqi xarakterli tədbir olaraq xüsusi müsadirə yalnız Cinayət Məsəlləsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi ilə əlaqədar əldə edilən əmlaka və ya bu əmlak hesabına yaranmış əmlaka (gəlirə) tətbiq edilə bilər. Məhkəmə tədqiqi ilə müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus mobil telefon aparatını mobil telefon mağazasına 100 manata satmaqla bağlı razılığa gəlmiş, həmin məbləğin 20 manatı hesabına özü istifadə etmək üçün 01 ədəd “İnoi” markalı mobil telefon almış, qalan 80 manatın 25 manatı satdığı mobil telefonun giriş şifrəsinin açılmasına görə haqq olaraq çıxılmış, qalan 55 manat ona nağd qaydada verilmişdir. Təqsirləndirilən şəxs nağd pulu xərcləmiş, 20 manata aldığı mobil telefon aparatını isə istifadəsi üçün saxlamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs “İnoi” markalı mobil telefon aparatını cinayət yolu ilə əldə etdiyi əmlakın satışından əldə etdiyi pul vəsaiti hesabına aldığından, iş üzrə xüsusi müsadirə tətbiq edilməklə həmin əmlak məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilsin, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakın satışından əldə etdiyi pul vəsaiti hesabına aldığı, hazırda Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd “İnoi” markalı mobil telefon aparatı əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar