Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-206/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təshilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs’’ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 15 fevral 2021ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24 ünvanın yaxmılığında yerləşən dayanacaqda olan Zərərçəkmiş şəxs1 məxsus “Çiller York" markalı kondisionerə aid hissələrin saxlanması üçün qurğuya aid dəmir şitin qapısının kilidini açaraq saxlanc yeri hesab olunan həmin şitə qanunsuz daxil olub içərisində olan mişar dişli bıçaq ilə hər birinin qiyməti 1250 manat ümumi dəyəri 2500 manat olan iki ədəd elektron şitini, hər birinin qiyməti 1500 manat ümumi dəyəri 6000 manat olan 4 ədəd soyudan cihazın mühərrikini, ümumi dəyəri 1500 manat olan mis kabelləri və mis boruları kəsərək özü ilə gətirdiyi iki ədəd kisəyə yerləşdirib gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 10 000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.02.2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs2 icarəyə götürdüyü ünvan 2 ünvanında yerləşən “Siyaqut" şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən ət məhsullarının doğranılması üçün ayrılmış otağına açılan plastik materialdan olan pəncərəsinə əli ilə mexaniki təsir edərək açıb binaya qanunsuz daxil olaraq, həmin otaqdan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 250 manat dəyərində farş üçün aparatı, 01 ədəd 50 manat dəyərində su qızdırıcı aparatı, hər 1 metr uzunluğunun qiyməti 7 manat olan, ümumilikdə 10 metr uzunluğunda ümumi dəyəri 70 manat olan elektrik naqilini və hər birinin qiyməti 70 manat olan ümumi dəyəri 490 manat olan 07 ədəd qazanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilkidə 860 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əlvan metalları toplayıb satış məntəqələrinə satmaqla məşğul olmuşdur. 15 fevral 2021-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24-ün arxasından keçən zaman avtobus dayanacağının yaxınlığında kondisioner olduğunu görüb kondisionerin əlvan metallardan olan hissələrini oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə kondisionerin şitinin içərisində olan mişar dişli bıçaq ilə bir tərəfi kəsik olan 1 metr 50 sm uzunluğunda, 6 ədəd mis kabelin digər tərəfini də kəsib götürmüşdür. Bundan sonra kondisionerin üzərində olan 2 ədəd mis toru da əli ilə qırıb götürmüşdür. Bundan sonra, istifadəsində olan ***-***-**-** mobil nömrədən tanışı Elşad adlı taksi sürücüsünün istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, Elşadı olduğu yerə çağırmışdır. Elşad idarə etdiyi «Mercedes 190» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə onun olduğu yerə gəlmişdir. O, oğurladığı mis kabelləri və mis boruları avtomobilin yük yerinə qoymuş, daha sonra avtomobillə Sabunçu rayonunun 13-cü PŞ-nin yaxınlığına gəlmişdir. Oğurladığı mis kabelləri və mis boruları avtomobildən götürmüş və Elşada 7 manat gediş haqqı verib yola salmışdır. Özü isə oğurladığı kabelləri təmizləmək üçün polis şöbəsinin arxa tərəfində olan boş əraziyə aparmışdır. Orada kabeli yandıraraq təmizləmiş, kabelləri və boruları sellofan torbaya yığıb yolun kənarına gəlmiş və taksisi ilə Dərnəgül adlanan əraziyə «Şeş-Beş» restoranının yaxınlığında yerləşən əlvan metalların alqı-satqısı ilə məşğul alan obyektə gəlmişdir. Oğurladığı kabel və boruları qeyd olunan obyektdə işləyən, əvvəllər də bir neçə dəfə əlvan metal satdığı Fərid adlı şəxsə ümumilikdə 80 manata satmış və həmin məbləği şəxsi ehtiyacları üçün xərcləmişdir. 25.02.2021-ci il tarixdə saat 10 radələrində oğurluq etmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən "Siyaqut" şadlıq sarayının yaxınlığına gəlmişdir. Məqsədi həmin şadlıq sarayından müxtəlif dəmir və mis əşyalar oğurlayıb metal təhvil alma yerlərinə verərək gündəlik çörək pulu qazanmaq olmuşdur. “Siyaqut" şadlıq sarayının ətrafına göz gəzdirmiş və şadlıq sarayının yan tərəfində 1-ci mərtəbədə plastik materialdan olan pəncərənin açıq olduğunu və ətrafda heç kimin olmadığım görüb həmin plastik pəncərədən içəri daxil olmuşdur. Həmin pəncərə şadlıq sarayının ət məhsullarının doğranılması üçün ayrılmış otağın pəncərəsi olmuşdur. Həmin otaqda 7 ədəd aliminium materialdan olan iri həcmli qazanları görüb, həmin qazanlardan iki ədədini götürmüş və daxil olduğu pəncərədən çıxmışdır. Şadlıq sarayının ərazisindən çıxan kimi qazanları ayağı ilə əzərək özündə olan torbalara yerləşdirib getmişdir. Həmin qazanları səyyar metal təhvil alan şəxsə verib əvəzində 12 manat pul almışdır. 05 mart 2021-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları onun yaşadığı ünvana gələrək onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində törətdiyi oğurluq əməlini etiraf etmişdir. Oğurluq cinayətlərini tək törətmiş, “Siyaqut” şadlıq sarayının ət məhsullarının doğranılması üçün ayrılmış otaqdan 2 ədəd aliminium materialdan olan iri həcmli qazan oğurlamış, digər əşya oğurlamamışdır. Törətdiyi cinayət əməllərindən səmimi peşmandır, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, oğurluq hadisəsindən bir ay əvvəl “Ramada’' hotelinə quraşdırılmış “Çiller York” markalı kondisioneri 45000 manata almışdır. Lakin kondisioneri aldıqdan sonra onda bəzi təmir işləri aparıb tam saz vəziyyətə gətirmiş, lakin ondan stifadə edilməmişdir. Buna görə də kondisioneri müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24 ünvanın yaxınılığında yerləşən dayanacaqda saxlamışdır. 15 fevral 2021-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24 ünvanın yaxınılığında yerləşən dayanacağa getdikdə “Çiller York” markalı kondisonerin iki ədəd elektron şitinin, 4 ədəd soyudan cihazın mühərrikinin, mis kabellərin və mis boruların oğurlandığını aşkar etmişdir. “Çiller York" markalı kondisionerin iki ədəd elektron şitinin hər birinin qiyməti 1250 manat, 4 ədəd soyudan cihazın mühərrikinin hər birinin qiyməti 1500 manat, mis kabellərin və mis boruların birlikdə ümumi qiyməti 1500 manat olmuşdur. Oğurluq zamanı ona 10 000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədə, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini qeyd edərək, sonuncuya qraşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən “Siyaqut" şadlıq sarayının 1-ci mərtəbəsində yerləşən ət məhsullarının doğranılması üçün ayrılmış otağı icarəya götürüb işləmişdir. 24.02.2021-ci il tarixdə saat 17:00-da işdən çıxıb evə getmiş, 25.02.2021-ci il tarixdə saat 12:00-da işə gəldikdə ət məhsullarının doğranılması üçün ayrılmış otağa açılan plastik materialdan olan pəncərənin açıq olduğunu görmüşdür. Otağa baxan zaman ona məxsus 01 ədəd 250 manat dəyərində farş üçün aparatın, 01 ədəd 50 manat dəyərində su qızdıcı aparatın, hər 1 metr uzunluğunun qiyməti 7 manat olan ümumilikdə 10 metr uzunluğunda ümumi dəyəri 70 manat olan elektrik naqilinin, hər birinin qiyməti 70 manat olan ümumi dəyəri 490 manat olan 07 ədəd qazanın yerində olmadığını aşkar etmişdir. Oğurluq hadisəsi barədə Nizami RPİ-nin 24-cu PŞ-nə ərizə ilə mürcaiət etmiş və oğurluq zamanı ona cəmi 860 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədə, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qraşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Dərnəgül qəsəbəsində dəmir vaqonda əlvan metal və mislərin alqı-satqısı ilə məşğul olmuş, Elşad adlı şəxsi də dəmir-mis satan kimi tanımışdır. 15 fevral 2021-ci il tarixdə işdə olan zaman Elşad taksi ilə onun iş yerinə gəlmiş, onda mis boruların olduğunu və satmaq istədiyini demiş, o, Elşadın gətirdiyi iki ədəd kisəyə baxmış kisələrdə kondisionerə aid təmizlənmiş şəkildə olan mis boruların və naqillərin olduğunu görmüşdür. Elşad ona mis boruları və naqilləri zibilxanadan yığıb təmizlədiyini demişdir. Elşadın gətirdiyi iki kisə mis boruya və naqillərə görə Elşada 80 manat pul vermişdir. Elşad pulu aldıqdan sonra çıxıb getmişdir. Sonradan Elşadın həmin gün ona satdığı mis borular və naqillərin oğurluq olduğu ona məlum olmuşdur. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, özünə məxsus “Mercedes Benz 190" markalı **-ZN-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, 15 fevral 2021-ci il tarixdə səhər saat 06:20 radələrində tanışı Elşad istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsindən onun istifadəsində olan 070 *** ** ** mobil telefon nömrəsinə zəng edərək taksi lazım olduğunu bildirmiş və ondan ünvan 4 ünvana gəlib-gələ bilməyəcəyini soruşmuş, Elşadın harada olduğunu dəqiqləşdirdikdən sonra Elşadın dediyi ünvana getmişdir. Elşad maşının yük yerinə iki dolu kisə qoymuş və kisələrdəkinin dəmir olduğunu bildirmişdir. Elşadın xahişi ilə həmin kisələri Bakıxanov qəsəbəsində yerləşən 13-cü Polis Bölməsinin yaxınlığına gətirmişdir. Elşad orada kisələri boşaldıb ona 7 manat yol haqqı ödədikdən sonra çıxıb getmişdir. 03 mart 2021-ci il tarixdə Elşadın onun avtomobili ilə gətirdiyi kisələrdə oğurluq metal olduğu ona məlum olmuşdur. İş materiallarında olan 25 fevral 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və fotoşəkillərdən görünür ki, “Siyaqut" şadlıq sarayının 1-ci mərtəbəsində oğurluq hadisəsi baş vermişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, ünvan 5 ünvanın arxasında yerləşən dayanacağa qoyulmuş “Çiller York” markalı kondisonerin bəzi hissələri oğurlanmışdır. İş materiallarında olan 05 mart 2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02.04.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Sabunçu rayon Məhkəməsinin 02.04.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3. 185.2.1, 185.2.2, 185.2.4-cü maddələri ilə ona təyin olunmuş 6 (altı) il müdətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanaraq üzərində qəti cəza 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 02.04.2014-cü il tarixli hökmü ilə ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 9 (doqquz) ay 2 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hal qismində, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal qismində qəbul edir və törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini, barəsində olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07.02.2020-ci il tarixli qərarına münasibətdə azadlıqdan məhrum etmə növündə cəzadan azad edildiyi vaxtdan 2 il müddət keçməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 35 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 05 mart 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-206/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-206/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver